Məhkəmə qərarları › İş №1(102)-429/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-429/2025

11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-429/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum və onun müdafiəçisi XXX11 Müdafiəçi3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim M.M.Ağalarov, hakimlər F.Ə.Qəniyev və S.İ.Əliyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1969-cu il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan1ndə qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsin in 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsə alınmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 28 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 22 avqust 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.Ə.Mehdiyev, hakimlər E.Z.Əliyev və F.İ.Əyyubovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi1 Qəhraman qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi xaric edilmiş, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilmiş, Məhkum Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza hökmlə Məhkum Cinayət Məcəlləsinin 240.3.2-ci m addəsi ilə təyin olunmuş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış, Məhkum qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti, Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən isə kassasiya şikayəti, habelə kassasiya protestinə qarşı etiraz verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum XX10nın XX11ndə olarkən şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq tərkibində psixotrop və güclü təsir ed ən maddələr olan dərman preparatlarını əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə qaçaqmalçılıq yolu ilə keçirmə barədə razılığa gəlmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 3 qutuda 150 həb tərkibində bromdihidroxlorfenilbenzodiazepin psixotrop maddəsinin miqdarı 0,375 qram olan “Фенозепам 2,5 мг”, 7 qutuda 650 həb tərkibində bromdihidroxlorfenilbenzodiazepin psixotrop maddəsinin miqdarı 0,325 qram olan “Фенозепам 0,5 мг”, 4 qutuda 300 həb tərkibində klonazepam psixotrop maddəsinin miqdarı 0,6 qram olan “Kлонозепам 2,0 мг”, 64 konvolyutda 448 kapsul tərkibində preqabalin güclü təsir edən maddəsinin miqdarı külli miqdar - 67,2 qram təşkil edən “Прегабалин Канон 150 мг”, 9 konvolyutda 31 kapsul tərkibində preqabalin güclü təsir edən maddəsinin miqdarı külli miqdarda 9,3 qram təşkil edən “Прегабалин Канон 300 мг” və 4 qutuda 200 kapsul tərkibində qabapentin güclü təsir edən maddəsinin miqdarı külli miqdar - 60 qram təşkil edən “Габапентин 300 мг” markalı dərman preparatlarını qəsdən əldə edərək özünə məxsus əl yükü olan çantanın içərisinə yerləşdirib saxlamış, U6 8619 saylı XX12 ilə XX10ndan Azərbaycan Respublikasına daşıyaraq 1 yanvar 2022-ci il tarixdə, saat 21 radələrində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı şəhərinin Xəzər rayonunun inzibati ərazisində yerləşən XX15kı “Terminal 1 X11” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə qaçaqmalçılıq yo lu ilə qəsdən keçirmiş və keçirilmiş gömrük yoxlaması zamanı qeyd edilən dərman preparatları aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətinin, habelə kassasiya protestinə qarşı etirazın dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsi tərəfindən cinayət-prosessual qanunun sübutetməyə dair normalarının tələblərinə əməl olunmaqla tədqiq olunmuş sübutlarla Məhkum gömrük yoxlaması zamanı onun çantasından aşkar edilərək götürülmüş tərkibində bromdihidroxlorfenilbenzodiazepin psixotrop maddəsinin miqdarı 0,375 qram və 0,325 qram olan müvafiq olaraq “Фенозепам 2,5 мг” və “Фенозепам 0,5 мг” dərman preparatlarını, habelə tərkibində klonazepam psixotrop maddəsinin miqdarı 0,6 qram olan “Kлонозепам 2,0 мг” dərman preparatını qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiq olunduğu halda, apellyasiya instansiyası məhkəməsi, müstəsna olaraq Məhkum qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində cinayət törətməsinin sübuta yetirilməməsi barədə dəlildən çıxış edərək, əslində sübutlara, işin faktiki hallarına, cinayət və cinayət-prosessual qanunun tələblərinə uyğun olmayan nəticəyə gəlib, ittihamdan CM-in 234.4.1-ci maddəsini ümumiyyətlə xaric etmişdir. Halbuki, hətta Məhkum əməlində “cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi” əlamətinin olmaması ba rədə qənaət əsaslı olduğu halda belə, onun psixtrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olan əməlinə CM-in başqa, məsələn 234.2-ci maddəsi ilə hüquqi qiymətin verilməsi tələb olunurdu. Qeyd olunan pozuntu dövlət ittihamçısının fikrincə o deməkdir ki, Məhkum qarşı irəli sürülmüş ittihamın CM-in 234.4.1-ci maddəsi ilə olan hissəsinə apellyasiya instansiyası məhkəməsi təəfindən sonadək (tam şəkildə) münasibət bildirilməmişdir. Həmçinin, dövlət ittihamçısı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə Məhkum əməlində “cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi” əlamətinin olmaması haqqında nəticəyə gələrkən də qənaətini heç bir şəkildə əsaslandırmamış, nəticədə həmin əməlin hüquqi tövsifi ni Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən 206.2-ci maddəsinə dəyişməklə pozuntuya yol vermişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum təqsirliliyi sübuta yetirilmədiyi və əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 240.3.2-ci maddələri ilə təqsirli bilinr ək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Müdafiəçi Məhkum təqsirsiz olması barədə dəlilini əsaslandırarkən Məhkum ifadəsi ilə yanaşı şahid qismində dindirilmiş X1 ifadəsinə xüsusilə istinad edərək qeyd etmişdir ki, bu sübutlara əsasən A.X8 X6 gömrük yoxlaması zamanı aşkar edilib götürülmüş, tərkibində psixotrop maddələr və güclü təsir edən maddələr olan dərman preparatlarını ona həmin preparatların adını və tərkibini bildirmədən XX11ndə yaşayan həmyerlisi X11 Azərbaycana (XX14na) gətirib qardaşı Şahid3 çatdırmaq üçün vermiş və bir müddət sonra özünün də Azərbaycana gəlib burada olduğu dövrdə həmin preparatlardan xəstəliyinin müalicə olunmasında istifadə edəcəyini Məhkum bildirmişdir. Bu səbəbdən, habelə X11in psixi xəstə olmasını və bununla əlaqədar müalicə almasını bildiyi üçün Məhkum ona verilmiş dərman preparatlarının dövriyyəsi qadağan edilmiş və yaxud məhdudlaşdırılmış preparatlar olduğunu, ümumiyyətlə bu preparatların X11dən götürülüb təyyarə reysi ilə Azərbaycan Respublikasına gətirilməsində hər hansı bir qanunsuzluğun olduğunu bilməmişdir. Müdafiəçi3 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Müdafiəçi3 həmçinin, dövlət ittihamçısının kassasiya protestinə qarşı etiraz verərək, protesti əsassız hesab etdiyi üçün onun təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlər inin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Cinayət kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual normaların tələblərinin pozulduğunu, nəticədə Məhkum tərkibində psixotrop maddələrin, habelə psixotrop maddələrə və ya narkotik vasitələrə aid olmayan güclü təsir edən maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması və qaçalmalçılığı cinayətlərini XX11ndə olarkən həmin əməllərin törədilməsini razılaşdırdığı şəxsiyyəti məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətsə də, həmin töv sifedici əlamətin və onu təsbit edən Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin əsassız olaraq ittihamdan və birinci instansiya məhkəməsinin hökmündən xaric edildiyini, qaçaqmalçılıq cinayətinin hüquqi tövsifinin isə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən 206.2-ci maddəsinə dəyişdirildiyini iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 da kassasiya şikayətində məhkəmələrin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinə əməl etmədiklərini, nəticədə Məhkum XX11ndə yaşayan həmyerlisi X11in xahişi ilə sonuncuya məxsus, tərkibində psixotrop və ya güclü təsir edən maddələrin olmasını bilmədiyi dərman preparatlarını özü ilə XX11ndən Azərbaycan Respublikasına gətirdiyi, yəni əməlində nəinki apellyasiya instansiyası məhkəməsi tərəfindən xaric edilmiş Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin, təqsirli bilindiyi CM-in 206.2 və 240.3.2-ci maddələrinin də tərkibləri olmadığı, irəli sürülmüş ittihamın heç bir bəndi üzrə təqsirliliyi sübuta yetirilmədiyi halda, həmin maddələrlə məhkum olunduğunu iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini dövlət ittihamçısının istinad etdiyi, CPM-in 416.1.2-ci, habelə 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əsaslandırmışdır. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliy yəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, yəni o cümlədən, əməlin Cinayət Məcəlləsinin bu və ya digər maddəsi üzrə tövsifini şərtləndirən halların sübutlara əsasən müəyyən edilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsinin qərarından isə görünür ki, məhkəmə Məhkum ittihamda qeyd edilən bütün dərman preparatlarının, o cümlədən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrlə yanaşı, tərkibində bromdihidroxlorfenilbenzodiazepin psixotrop maddəsinin miqdarı 0,375 qram və 0,325 qram olan müvafiq olaraq “Фенозепам 2,5 мг” və “Фенозепам 0,5 мг” dərman preparatlarının, tərkibində klonazepam ps ixotrop maddəsinin miqdarı 0,6 qram olan “Kлонозепам 2,0 мг” dərman preparatının XX15 gömrük əməkdaşları tərəfindən ona məxsus çantadan eyni bir vaxtda aşkar edilib götürülməsinin, yəni Məhkum həmin preparatlara münasibətdə törətdiyi onların əldə edilməsi, saxlanması, daşınması, gömrük sərhədindən bəyan etməməklə keçirilməsi üzrə hərəkətlərinin hüquqa zidd olmasının sübuta yetirilməsi barədə nəticəyə gəlsə də, hesab etmişdir ki, onun ittihamda və birinci instansiya məhkəməsində hökmündə CM-in 206.3.2, 234.4.1, 240.3.2-ci maddələrində göstərilən cinayətlərin tərkibini yaradan hərəkətlər kimi təsvir olunmuş həmin əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi sübuta yetirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, cinayət təqibi orq anı tərəfindən təqdim edilən, birinci və apellyasiya instansiyası məhkəmələrində araşdırılmış sübutlar Məhkum cinayəti ittiham aktında və hökmdə “şəxsiyyəti istintaqa məlum olmayan şəxslər” kimi qeyd edilən subyektlərlə qabaqcadan əlbir olaraq törətməsi barədə mötəbər və yekun nəticəyə gəlmək üçün kifayət etmir. Həqiqətən də, cinayət işinin materiallarından görünmür ki, ittiham tərəfi nəyə - hansı sübuta (sübutlara) və hər hansı bir sübutla uzlaşdırıla biləcək faktiki hala (hallara) əsasən belə nəticəyə gəlmişdir ki, Məhkum ona isnad edilən cinayətləri digər şəxslərlə qabaqcadan əlbir olaraq (qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində) törətmişdir. Belə ki, Məhkum özü ilk dindirmədən başlayaraq Azərbaycan Respublikasına aparmaq üçün ona XX10nda verilən, gömrük əməkdaşları tərəfində n baqajında aşkar edilmiş dərman preparatlarının tərkibində psixotrop maddələrin və ya güclü təsir edən maddələrin olmasını, ümumiyyətlə onların adlarını belə bilmədiyini izahat və ifadələrində qeyd edərək, istər ilkin izahat və ifadələrində həmin predmetləri ona verən şəxslər kimi göstərdiyi bir neçə nəfər adları ona məlum olmayan azərbaycanlılarla, istərsə də sonrakı ifadələrində həmin dərmanları ona verən şəxs kimi göstərdiyi həmyerlisi – XX11ndə yaşayan XX10nın vətəndaşı X4 ilə əlbirliyi (müvafiq olaraq da cinayət törətməsini) inkar etmişdir. İttiham tərəfinin təqdim etdiyi, yerdə qalan digər sübutlar isə Məhkum çantasından qeyd edilən dərman preparatlarının aşkarlanmasını və götürülməsini, həmin predmetlərin tədqiqini və digər xüsusatları əks etdirən sübutlardır ki, onlar da sözügedən tövsifedici əlamət barədə (Məhkum kiminləsə əlbir olması məsələsinə dair) məlumat yükü daşımayan materiallardır. Cinayət işinin ibtidai istintaq materiallarından, o cümlədən müstəntiqin sübutların qiymətləndirilməsinə dair 23 iyul 2022-ci il tarixli qərarından və hazırkı cinayət işindən başqa cinayət işinin ayrılmasına dair müstəntiqin 25 iyul 2022-ci il tarixli qərarından görünür ki, Məhkum ifadələrində adını çəkdiyi (ibtidai istintaq orqanına şəxsiyyəti məlum olan) yeganə şəxs X2r ki, onu da, cinayət təqibi orqanı hazırkı işdə Məhkumla əlbir olan (“şəxsiyyəti istintaqa məlum olmayan şəxslər”in dairəsinə düşən) şəxs kimi nəzərdən keçirmir. Belə ki, cinayət təqibi orqanı hazırkı işdə X12ə qarşı ittiham irəli sürməmiş və Məhkum qarşı irəli sürdüyü ittihamda onun cinayəti X12lə əlbir olaraq törətməsini göstərməmişdir. Sübutların qiymətləndirilməsinə və hazırkı cinayət işindən başqa cinayət işinin ayrılmasına dair qərarlarda da (müvafiq olaraq qərarların nəticə hissələrinin 5, 6, habelə 1, 6-cı bəndləri) göstərilmişdir ki, Məhkum cinayətlərində “iştirakı olan şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərin barəsində” CM-in 206.3.2, 234.4.1, 240.3.2-ci maddələri ilə cinayət işi ayrılır (qərarların 5 və 1-ci bəndləri), şəxsiyyəti istintaqa məlum olan X1 əməllərinin qiymətləndirilməsi isə hazırkı işdə deyil, ayrılmış (222970086 nömrəli) işdə “məqsədəuyğun hesab edilir” (qərarların 6-cı bəndləri). Hazırki işdən ayrılmış ********* nömrəli cinayət işi üzrə cinayət təqibi orqanının hüquqi yardımın göstərilməsi qaydasında verdiyi tapşırığa əsasən şahid qismində dindirilmiş XX11ndə yaşayan XX10nın vətəndaşı X12in 21 dekabr 2022-ci il tarixli dindirmə protokolu hazırkı (Məhkum aid) cinayət işinə baxan birinci instansiya məhkəməsinin 18 yanvar 2024-cü il tarixli sorğusu əsasında məhkəməyə təqdim olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 31-ci maddəsinə əsasən “iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır”. CM-in 34.2-ci maddəsinə görə “qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edi lməsinə dair” 2022-ci il 6 may tarixli qərarından irəli gələn hüquqi mövqeyə görə iştirakçılıqla, o cümlədən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən əməllər üçün xarakterik olan əsas xüsusiyyət cinayətin həm subyektiv, həm obyektiv cəhətdən bütün iştirakçılar üçün ümumi olması, iştirakçıların birləşmiş (məqsədyönlü), bir-birini tamamlayan səyləri ilə vahid cinayətin törədilməsi, maddi tərkibli cinayətlərdə - vahid ictimai-təhlükəli nəticənin əldə olunmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən “ittiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli qərarında da iştirakçılıqla törədilmiş əməllər üçün cinayətin ümumiliyinin (vahidliyinin) xarakterik olması nəzərə alınmaqla izah olunmuşdur ki, məhkəmə hökmündə iştirakçılıqla törədilmiş cinayətdə təqsirli bilinmiş şəxsin əməli təsvir edilərkən iştirakçılığın forması ilə yanaşı hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunması, onların rolları göstəri lməlidir (31-ci bənd). Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, əlaqə üsulları barədə və s. zəruri məlumatları nəzərdə tutması, cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsində ən azı iki nəfər şəxsin (icraçının) iştirak etməsinin, o cümlədən tərkibində psixotrop və ya güclü təsir edən maddələr olan dərman preparatlarının satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması, qaçaqmalçılığı əməllərinin törədilməsi şəxsə isnad edilirsə, bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur (təsvirdən görünməlidir ki, cinayətlərin obyektiv cəhətini təşkil edən hərəkətlər birgə icra edilmişdir). Məhkum ona isnad edilən cinayət əməllərini qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində törətməsi barədə ittihamın yuxarıda qeyd olunan cinayət və cinayət-prosessual normaların tələblərinə, Ali Məhkəmənin Plenum qərarının müddəalarına cavab verməməsi, o cümlədən cinayət təqibi orqanının Məhkum hər hansı bir şəxslə (şəxslərlə) qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmələrinə və ittihamda göstərilən – tərkibində psixotrop maddələr, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr olan dərman preparatlarını qanunsuz olaraq satı ş məqsədi ilə əldə etmə, saxlama, daşıma, bəyan etməməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmə əməllərini kiminləsə birgə törətməsinə dair məlumata malik olmadan sözügedən tövsifedici əlamət üzrə ittiham irəli sürməsi CM-in 206.3.2, 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təşkil edən faktiki halların ittiham aktında nə cür təsvir edilməsindən açıq-aydın görünür. Belə ki, ittihamda vaxt, yer, üsul göstərilmədən Məhkum “şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs” təşkil etməsi qeyd olunduqdan sonra onun “istintaqa məlum olmayan vaxtda və mənbədən” ittihamda qeyd edilən, tərkibində psixotrop maddələr, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr olan dərman prepar atlarını satış məqsədi ilə əldə etməsi və həmin dərman preparatlarını “XXX15” aviareysi ilə XX10ndan Azərbaycan Respublikasına çantasında daşıması, o cümlədən bəyan etməməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirməsi, yəni müstəsna olaraq Məhkum hərəkətləri (cinayətlərin bir şəxs tərəfindən icra edildiyi) təsvir olunmuşdur. Belə vəziyyətdə (zəruri məlumatlara malik olmadan) cinayət təqibi orqanının Məhkum qarşı cinayətləri qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində (başqa şəxslərlə birgə) törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələr olduğu halda – CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq Məhkum qarşı həmin t övsifedici əlamət üzrə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir. İbtidai istintaq dövründən mövcud olan və cinayət prosesinin məhkəmə icraatı mərhələsində də aradan qaldırılmayan həmin şübhələrin, yəni yuxarıda göstərilən məzmunda formulə edilmiş “ittihamın” və daha əvvəl qeyd edilən digər halların fonunda apellyasiya instansiyası məhkəməsinin Məhkum təqsirli bilindiyi əməlləri müşayiət edən tövsifedici əlamətlər sırasından cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlamətini istisna etməsi və qaçaqmalçılığın hüquqi tövsfini Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən 206.2-ci maddəsinə dəyişməsi əsassız və qanunsuz nəticə kimi, kassasiya protesti verməklə həmin nəticəni mübahisələndirən və Məhkum həmin əlamət üzrə təqsirli bilinməsi üz ərində israr edən dövlət ittihamçısının mövqeyi isə sübutlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinə müvafiq olaraq müəyyən edilmiş işin həqiqi halları, eləcə də cinayət və cinayət-prosessual qanunların tələbləri ilə uzlaşan yanaşma kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsi cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Qeyd olunan normaların tələbləri ilə müqayisə etdikdə, apellyasiya instansiyası məhkəməsinin Məhkum əməllərindən cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlamətini istisna etməsi, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Təsvir edilən h allara görə məhkəmə kollegiyası kassasiya protestinin şərh edilən dəlili ilə razılaşmır. Bununla belə, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestində irəli sürülmüş digər dəlili – apellyasiya instansiyası məhkəməsinin ittihamdan və birinci instansiya məhkəməsinin hökmündən CM-in 234.4.1-ci maddəsini xaric etməsi barədə nəticə ilə onun Məhkum aşkarlanmış tərkibində psixotrop maddələr olan dərman preparatları barədə gəldiyi qənaətin uzlaşmaması, məhkəmənin həmin dərman preparatlarına görə CM-in 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihama natamam qiymət verməsi (faktiki olaraq ittihamın bu hissəsinə münasibət bildirməməsi) barədə mövqeyini əsaslı hesab edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki (həqiqi) halı kimi onu qəbul etmişdir ki, XX15 gömrük yoxla ması həyata keçirilərkən Məhkum çantasından hazırkı qərarın “İşin halları” bölməsində göstərilən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən (ittihamın CM-in 240.3.2-ci maddəsi üzrə hissəsinə aid olan) maddələrlə yanaşı tərkibində psixotrop maddələr olan (ittihamın CM-in 234.4.1-ci maddəsi üzrə hissəsinə aid olan) dərman preparatları da aşkar edilmiş və məhkəmə hər iki növ dərman preparatlarının Məhkum tərəfindən satış məqsədi ilə qanunsuz olaraq XX10ndan Azərbaycan Respublikasına daşınaraq bəyan edilməməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildiyini müəyyən edilmiş faktlar sayaraq, onu həm tərkibində psixotrop maddələr olan dərman preparatlarına, həm də təkibində güclü təsir edən maddələr olan dərman preparatlarına görə CM-in 206.2-ci maddəs i ilə təqsirli bilmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum isnad edilən əməllərlə (CM-in 206.3.2, 234.4.1, 240.3.2-ci maddələri ilə irəli sürülmüş ittihamlarla) əlaqədar cinayət təqibi orqanı və birinci instansiya məhkəməsi ilə müqayisədə müstəsna olaraq o, mövzuda fərqli nəticəyə gəlmişdir ki, Məhkum cinayət əməllərini, o cümlədən tərkibində psixotrop maddələr olan dərman preparatları ilə bağlı olan (CM-in 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamı təşkil edən) cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməmiş, yəni təkbaşına törətmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi işin faktiki halları üzrə gəldiyi bu qənaətin ziddinə olaraq (müəyyən edilmiş saydığı faktiki hallardan çıxış etməklə əməlin hüquqi tövsifi məsələsini həll etmək əvəzinə), CM-in 234.4. 1-ci maddəsini ittihamdan tamamilə xaric etmiş, bu ittiham üzrə müəyyən edilmiş saydığı faktiki halların nə cür qiymətləndirilməli olması haqqında fikir yürütməmiş, nəticədə ittihamın bu hissəsi üzrə müəyyən edilmiş faktiki halların hüquqi dəyərləndirilməsini sonadək aparmadığı üçün, faktiki olaraq CM-in 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihama münasibət bildirilməmiş, yəni yekun qərarın kassasiya qaydasında ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini tələb edən CPM-in 416.1.5-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin şərh edilən dəlilinə görə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməli və apellyasiya baxışının təkrarən keçirilməli olması barədə nəticəyə gəlməklə yanaşı, müdafiəçinin k assasiya şikayətində irəli sürülmüş – məhkəmələrin şahid X1 ifadəsinə qiymət verməməklə sübutların tədqiqinə dair CPM-in tələblərinin pozulmasına yol vermələri barədə dəlili əsaslı hesab edir və CPMin 416.1.2-ci maddəsində göstərilən pozuntunu təşkil edən bu halı da yekun qərarın ləğvini və işin yeni apellyasiya baxışına təyin edilməsini zəruri edən əsas kimi görür. Belə ki, birinci instansiya məhkəməsinin hökmündə X12in məhkəmə istintaqında veridyi ifadəsi əks etdirilərək bu ifadə, onun məzmununa əhəmiyyət verilmədən digər sübutlar sırasında ümumi mülahizə ilə təqsirləndirilən şəxsin dərman preparatlarını ona X11in verməsi, dərmanların tərkibi və adları barədə məlumatının olmaması haqqında ifadəsini təkzib edən sübut kimi qiymətləndirilmişdir. Halbuki, şahid X12 də ifadəsində dərman prepa ratlarını Azərbaycana aparmaq üçün özünün Məhkum verdiyini, Məhkumun dərmanların adı və tərkibi barədə məlumatının olmadığını, ibtidai istintaqda da eyni məzmunlu ifadə veridyini göstərmişdir (hazırkı işdən ayrılmış cinayət işi üzrə hüquqi yardımın göstərilməsi qaydasında cinayət təqibi orqanı tərəfindən verilmiş tapşırığa əsasən XX11ndə 21 dekabr 2022-ci ildə dindirilməsi nəzərdə tutulur). X15in birinci instansiya məhkəməsində veridyi ifadə, o cümlədən onun ayrılmış iş üzrə ibtidai istintaqda da eyni məzmunlu ifadə verməsi barədə məlumata dair hissəsi hökmdə olduğu kimi apellyasiya instansiyası məhkəməsinin yekun qərarında da təsvir olunmuşdur. Lakin cinayət təqibi orqanının tapşırığına əsasən hüquqi yardımın gösətərilməsi qaydasında hazırkı işdən ayrılmış cinayət işi üzrə X11dən alınmış ifadənin (21 dekabr 2022-ci il tarixli şahid qismində dindirmə protokolunun) birinci instansiyada məhkəmə baxışının gedişində cinayət işinin materiallarına əlavə edilməsinə və hazırki cinayət işi üzrə birinci instansiya məhkəməsində dindirilərkən X15in həmin ifadəyə onun məhkəmədə söylədiklərini təsdiq edən mənbə kimi istinad etməsinə və bu halın həmin ifadələrin bir-biri ilə, eləcə də Məhkum cinayət prosesinin müxtəlif mərhələlərində, o cümlədən məhkəmədə verdiyi ifadələrlə detallı şəkildə müqayisə edilməsini tələb etməsinə, bu cür müqayisənin nəticələrindən çıxş etməklə həmin sübutların gerçək məzmunlarının qiymətləndirilməli olmasına baxmayaraq, CPM-in 144, 145, 353.2.2-ci maddələrinin ziddinə olaraq bu vəzifə nə birinci instansiya məhkəməsi, nə də ki, apellyasiya instansiyası məhkəmə si tərəfindən yerinə yetirilməmişdir. Qeyd olunanlarla əlaqədar yekun qərar ləğv edilərək apellyasiya instansiyası məhkəməsində cinayət işinə cinayət-prosessual qanunun tələblərinə əməl olunmaqla yenidən baxılmalı olduğundan, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən bu və digər dəlillərdən irəli gələn başqa məsələlərin (o cümlədən, iş üzrə icraata xitam verilməsi barədə tələbin) hazırkı kassasiya baxışının nəticələrinə görə həll edilməsini mümkün hesab etmir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsinə, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsinə, müdafiəçi və məhkumun isə kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin təmin edilməməsinə dair çıxışlarını dinləyib, şərh edilən əsaslara gör ə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 22 avqust 2024-cü il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 22 avqust 2024-cü il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar