Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-436/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2022-ci il tarixli, 1(106)-647 /2022 nömrəli ilkin baxış qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1986-cı il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Ağcabədi şəhəri M.Ə.Rəsulzadə küçəsi, ev 303-də qeydiyyatda olan və faktiki olaraq Ağcabədi şəhəri M.Aranlı küçəsi ev 11-də yaşamışdlr.
2. Saatlı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 1(055)-24/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə on beş faiz məbləğ də pul tutulmaqla 01 (bir) 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir.
3. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum tərəfindən apelyasiya şikayəti verilmişdir.
4. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2022-ci il tarixli qərarı ilə Mehdiyev Elnad Vidadi oğlunun Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə məhkum edilməsinə dair Saatlı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli hökmündən verdiyi apellyasiya şikayəti verilməmiş hesab edilmiş və baxılmamış saxlanılmışdır.
5. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2021-ci il tarixli ilkin baxış qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və şikayətə qarşı etirazlar
6. Məhkum kassasiya şikayətin i onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli hökmü çıxarıldığı vaxtdan uzun müddət sonra, yəni dəfələrlə tələb etdikdən sonra ona təqdim edilmiş, hökmün surətini aldıqdan sonra isə 20 gün müddət tamam olmamış hökmdən apellyasiya şikayəti verərək Saatlı Rayon Məhkəməsinə təqdim etmişdir. Apellyasiya şikayətini hökmü aldığı gündən 20 gün müddət tamam olmadan verdiyi üçün apellyasiya şikayətinin Saatlı Rayon Məhkəməsi tərəfindən qəbul edilərək baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bunları nəzərə alaraq Məhkum, Şirvan Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, Saatlı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin Şirvan Apellyasiya Məhkəməsinin Cinayət K ollegiyası tərəfindən icraata qəbul edilərək mahiyyəti üzrə baxılması barədə qərar çıxarılmasını xahiş etmişdir. III. Hüquqi məsələlər
7. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
8. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Pr osessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 9.. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
10. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyas iya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
11. Təqsirləndirilən şəxs Məhkum apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası CPM-nin 391.4-cü maddəsinə əsasən qəbul etdiyi, apellyasiya şikayətinin hərəkətsiz saxlanılması haqqında qərarını mübahisələndirdiyindən (Azərbaycan Respublikası CPM-nin 416.1.20-ci maddəsində göstərilən hal), məhkəmə kollegiyası onun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2022-ci il tarixli, 1(106)-647/2022 nömrəli ilkin baxış qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
12. Azərbaycan Respublikası CPM-nin 384.1 və 384.1.1-ci maddələrinə görə, apellyasiya şikayəti vermək hüququna malik olan şəxslər ittiham hökmündən onun elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti verə bilər.
13. Cinayət-Prosessual Məcəlləsinin 203.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər (yəni, o cümlədən hökmdən apellyasiya şikayətinin verilməsi və həmin şikayət üzrə apellyasiya icraatının başlanılması) müddət bərpa edilməmişsə, etibarsız sayılır.
14. Həmin Məcəllənin 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır.
15. A zərbaycan Respublikası CPM-nin 386-cı maddəsi də birinci instansiya məhkəməsinin hökmündən və yaxud qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxıldıqda, bu aktlardan şikayət verilməsi imkanını müddətin üzrlü səbəblərdən buraxılması və CPM-nin 386.2-ci maddəsində nəzərdə tutulmuş prosedur daxilində bərpa edilməsi ilə şərtləndirmişdir.
16. Həmin Məcəllənin 391.4-cü maddəsinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq, cinayət işinin materiallarında olan xəbərnamədən müəyyən edilir ki, Məhkum Saatlı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 1(055)-24/2022 nömrəli hökmünün surətini 29 may 2022-ci il tarixdə şəxsən imza atmaqla qəbul eləmişdir (cild 3, səh. 61).
18. Belə olan halda (prosessual müddət keçdiyinə və hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət verilmədiyinə görə) Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 senyabr 2022-ci il tarixli, 1(106)-647/2022 nöm rəli ilkin baxış qərarı ilə Azərbaycan Respublikası CPM-nin 391.4-cü maddəsinə müvafiq olaraq Məhkum Saatlı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 1(055)-24/2022 nömrəli hökmündən verdiyi apellyasiya şikayəti üzrə həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə əməl edilməsi, yəni müvafiq vəsatət verilməklə buraxılmış prosessual müddətin bərpa edilməsi məsələsinə baxılması üçün 20 gün vaxt təyin edərək apellyasiya şikayətini hərəkətsiz saxlaması, əsassız və qanunsuz nəticə kimi qiymətləndirilə bilməz.
19. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2022-ci il tarixli, 1( 106)-647/2022 nömrəli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 senyabr 2022-ci il tarixli, 1(106)-647/2022 nömrəli ilkin baxış qərarı Məhkum münasibətdə dəyişdirilmədən saxlanılsın.