Məhkəmə qərarları › İş №1(102)-44/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-44/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-44/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1101/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli hökmündən Dövlət ittihamç ısı3 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum tərəfindən verilən kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi I. İşin halları

1. Məhkum 05 noyabr 1993-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında faktiki yaşamışdır. 2. 30 dekabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 25 yanvar 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum özgənin əmlakını aldatma və etibardan sui- istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs özünü Gəncə Apellyasiya Məhkəməsinin sədri Mirbahəddin Hüseynovun qohumu kimi təqdim edərək sonuncunun vasitəsi ilə Gəncə Hərbi Məhkəməsinin icraatında olan Zərərçəkmiş şəxs oğlu Şahid4 Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirəndirilməsinə dair cinayət işi üzrə Şahid4 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etdirəcəyinə və Gəncə Hərbi Məhkəməsinin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən şikayət veriləcəyi halda hökmün qüvvədə saxlatdıracağına dair yalan vəd verib Azərb aycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən birinci instansiya məhkəməsi kimi Şahid4 Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə cəza təyininin aidiyyəti Gəncə Hərbi Məhkəməsinin səlahiyyətində olduğu halda qanunla nəzərdə tutulmuş müddətdən az müddətə cəza təyin edilməsi üçün guya qohumu olan Gəncə Apellyasiya Məhkəməsinin sədri vəzifəsində işləyən Mirbahəddin Hüseynova rüşvət qismində 15000 manat verilməli olduğunu bildirməklə aldadaraq vəzifəli şəxsə rüşvət qismində verilməsi üçün Nəzər Qurbanovdan 15000 manat pul istəmiş və 2021-ci ilin fevral aymın sonlarında sonuncuya guya Gəncə Apelyasiya Məhkəməsinin sədri vəzifəsində işləyən Mirbahəddin Hüseynov ilə görüşdüyünü, həmin iş üzrə zərərçəkmiş şəxslərlə danışaraq notarial kontor da barışıq ərizələrini aldığını, ümumilikdə 20000 manat müqabilində Şahid4 barəsində azadlığın məhdudlaşdırılması cəzasını təyin etdirəcəyinə inandıraraq Zərərçəkmiş şəxs ilkin olaraq 14 yanvar 2022- ci il tarixdə ünvan 2 ünvanda 4000 manat, sonra Zərərçəkmiş şəxs bacısının əri onun cinayətkar niyyətindən xəbərsiz olan Şahid1 vasitəsi ilə sonuncunun adına olan "xxxx" MMC-yə məxsus kart hesabından onun "xxxx" MMCyə məxsus 4169 7385 0247 6942 nömrəli kart hesabına 27 yanvar 2022-ci il tarixdə köçürtdüyü 300 manat, 31 yanvar 2022-ci il tarixdə köçürtdüyü 1800 manat, 31 yanvar 2022-ci il tarixdə köçürtdüyü 1000 manat, 31 yanvar 2022-ci il tarixdə köçürtdüyü 200 manat, 01 fevral 2022-ci il tarixdə köçürtdüyü 400 manat, 03 fevral 2022-ci il tarixdə köçürtdüyü 640 manat, 07 fevral 2022- ci il tar ixdə köçürtdüyü 505 manat, 2022-ci ilin fevral aymın əvvəllərində ünvan 3 ünvanında yerləşən “Rəvan” avtoservisin otağında Zərərçəkmiş şəxs bacısının əri Şahid1 vasitəsi ilə ona göndərdiyi 4000 manat, 2022-ci ilin fevral aymın sonlarında ünvan 3 ünvanında yerləşən “Rəvan” avtoservisin otağında Zərərçəkmiş şəxs bacısının əri Şahid1 vasitəsi ilə ona göndərdiyi 5900 manat, 03 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs bacısının əri Şahid1 vasitəsi ilə sonuncuya məxsus "xxxx" MMC-yə aid kart hesabından onun "xxxx" MMC-yə aid 4169 7385 0247 6942 nömrəli kart hesabına köçürtdüyü 500 manat, 04 may 2022-ci il tarixdə köçürtdüyü 500 manat, sonuncu dəfə isə 10 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs bacısının əri Şahid1 vasitəsi ilə ünvan 3 ünvanında yerləşən “Rəvan” avtoservisdə mobil telefonun "xxxx" mobil tətbiq vasitəsi ilə onun kart hesabına köçürtdüyü 120 manat, ümumilikdə isə 19.865 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə ələ keçirərək dələduzluq etmiş və Gəncə Hərbi Məhkəməsinin hakiminin xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs övladı Şahid4 xeyrinəedəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özünün vasitəsilə dolayı yolla Gəncə Apellyasiyası məhkəməsinin sədrinin köməkliyi ilə maddi nemət olan pulu rüşvət qismində verməyə Zərərçəkmiş şəxs təhrik etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-719/2023 nömrəli, 07 mart 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4,312.2ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədil məsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə 3 (üç) il müddətə və Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CMnin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaqla ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 13 oktyabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verərək cinayət işinə yenidən baxılmasını və barəsində daha yüngül qərar qəbul edi lməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1101/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli hökmü ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-719/2023 nömrəli, 07 mart 2023-cü il tarixli hökmü ləğv edilmiş, təqsirliliyi sübuta yetirilmədiyi üçün Məhkum Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 13 oktyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin hə min hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti, məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

9. Kassasiya protestində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və qiymətləndirilməmiş, eləcə də cinayət və cinayət-prosessual qanunvericilik normaları düzgün tətbiq edilməmişdir. Nəticədə, Məhkum verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddələri xaric edilməli olduğu halda, əsassız olaraq əməldə cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1101/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

10. Kassasiya şikayətində Zərərçəkmiş şəxs dəymiş ziyanın tamamilə ödənildiyi və sonuncu ilə notarial qaydada təsdiq edilmiş barışıq əldə edildiyi (müvafiq ərizə əlavə edilmişdir) qeyd edilməklə, Məhkum daha yüngül cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

11. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunveri ciliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. D övlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə Məhkum səhv cinayət prosessual-hüquqi normaya əsaslanmaqla bəraət verildiyini iddia edərək, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

17. Məhkum verdiyi kassasiya şikayətində ona daha yüngül cəza təyin edilməsini xahiş etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyas ı kassasiya protestini və kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan müraciətlər kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1101/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cina yət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkre t sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

23. Məh kəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsinin dispozisiyasına görə, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə külli miqdarda ziyan vurmaqla törədildikdə müvafiq cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas hesab edilir.

24. Azərbaycan Respublikası CM-nin 312.2-ci maddəsini dispozisiyasında isə rüşvət vermə vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvətin verilməsində və ya təkrar rüşvət verilməsində ifadə olunur.

25. Baxılan cinayət işində ibtidai istintaq orqanı və məhkəmələr belə nəticəyə gəlmişlər ki, Məhkum zərərçəkmiş şəxsə sonuncunun xahişinin həll edilməsi üçün vəzifəli şəxsə rüşvət qismində pul verilməsi zərur i olduğunu bildirməklə onları aldadıb, həmin pul vəsaitlərini alaraq ələ keçirməklə dələduzluq etmiş və zərərçəkmiş şəxsləri vəzifəli şəxsə rüşvət qismində pul verilməsinə təhrik etmiş, bununla da Azərbaycan Respublikası CM-nin 312-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd etmişdir.

26. İbtidai istintaq orqanının Məhkum ittiham elan etdiyi Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi “dövlət hakimiyyəti əleyhinə cinayətlər” bölməsinin “korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmaqla onun dispozisiyası vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona təkrar rüşvət verməyə təhrik etmə kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yer aldığı bölmə və fəslin adından da a ydın olduğu kimi, rüşvət vermə cinayətinin obyektini dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər təşkil edir.

27. Məhkum irəli sürülmüş ittihamdan isə aydın görünür ki, o, zərərçəkmiş şəxsi aldadaraq, onun hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş məsələsinin həll etməkdən ötrü vəzifəli şəxsə çatdırmaq adı ilə ondan pul alıb ələ keçirmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli Plenum Qərarına istinad edərək hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməli dir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun qəbul edilmiş qərarları yeni məhkəmə təcrübəsinin formalaşmasına əsas yaratmışdır. Məhkəmə kollegiyası həmin qərarlardan çıxış edərək Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 32.4,312-ci maddəsinin dispozisiyası ilə uzlaşan tərkib əlamətlərinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlərin mövcud olub olmamasına, qeyd olunan hərəkətlərin “rüşvət verməyə təhrik” və ya “dələduzluğun üsulu” kimi çıxış etməsinə qiymət verilməsini zəruri hesab edir.

30. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müəyyən etdiyi hüquqi mövqeyə görə yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki y alançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Başa çatmamış cinayətdə iştirakçılıq həm də onu nəzərdə tutur ki, bu hallar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir. Sözügedən halda isə cinayətin başa çatmamasının səbəbi yalançı vasitəçinin hərəkətləridir ki, onun əməlləri rüşvət verən şəxsin başa çatmış cinayəti törətməsi ehtimalını istisna edir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarı).

31. Məhz bu yanaşmadan çıxış edərək və həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək Konstitusiya Məhkəməsi qəbul etdiyi digər qərardadında bir daha qeyd etmişdir ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konst itusiya Məhkəməsi Palatasının 17 aprel 2023-cü il tarixli Qərardadı).

32. Konstitusiya Məhkəməsinin şərhini rəhbər tutan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qəbul etdiyi müvafiq qərarında belə nəticəyə gəlmişdir ki, vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhk əməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviriəsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-nin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-nin 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-nin 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır (“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublika sı Ali Məhkəməsi Plenumunun Qərarı, № 11/2023, 19 may 2023-cü il).

33. Baxılan cinayət işinin materiallarından isə göründüyü kimi, Məhkum tamah məqsədilə fiziki şəxsin qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətsə, eləcə də dələduzluq yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirsə də, faktiki olaraq hər hansı vəzifəli şəxsə pul və ya digər maddi nemət şəklində rüşvət verməmiş, rüşvət verməyə təhrik etmə hərəkətlərindən isə yalnız dələduzluğun üsulu kimi istifadə etmişdir ki, bu da öz növbəsində onun Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi təqsirli bilinib cəzalandırılmasını istisna edir.

34. Təsvir edilənlərə aid aşağı instansiya məhkəmələrin hüquqi mövqeyinə gəldikdə məhkəmə kollegiyası kassasiya protestinin müvafiq dəliləri ilə raz ılaşır və qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.

35. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin əlaqəli Plenum qərarında da qeyd edilir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 15, § 38, 24 dekabr 2021-ci il).

36. Məhkəmə kollegiyası istinad edilən prosessual-hüquqi normanın tələbindən və həmin normanın təfsirindən, işin müəyyən olunmuş faktiki hallarından və araşdırılmış sübutlardan, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul tarixli 2022-ci il tarixli Qərarında və 23 aprel 2023-cü il tarixli Qərardadında, habelə Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli Qərarında əksini tapmış hüquqi mövqedən çıxış edərək belə nəticəyə gəlir ki, kassasiya protestinin müvafiq dəlilləri əsaslı hesab edilməli, məh kəmələrin Məhkum Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddələri üzrə bəraət verilməsinə dair qənaəti yanlış olan nəticə kimi müəyyən edilməli, törətdiyi cinayət əməlinə düzgün şamil edilmədiyindən Cinayət Məcəlləsinin həmin maddələri Məhkum elan edilən ittihamdan xaric edilməlidir.

37. Bununla belə məhkəmə xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsi ilə müəyyən edilmiş ümumi prinsipə görə, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan məhkəmə qərarının yalnız Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilməsi yolverilməzdir.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin zərərçəkmiş şəxsə vurulan ziyanın tam ödənildiyi və sonuncu ilə barışıq əldə edildiyinə görə Mə hkum təyin edilən cəzanın yüngülləşdirilməsi barədə dəlillərini əsaslı hesab edərək aşağıdakıları qeyd edir.

39. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

40. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

41. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşd ıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

42. Cəzanın məqsədini təsvir edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

43. İstinad edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yün gülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

44. Məhkəmə kollegiyası Məhkum cəza təyin edilməsi ilə bağlı məhkumun kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır, lakin hesab edir ki, mübahisələndirilən qərar bu hissədə ümumilikdə götürülməklə maddi hü quq normalarına uyğun qəbul edilsə də, məhkumun zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməsi və sonuncu ilə barışıq əldə etməsi nəticəsində yaranmış yeni hal Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri baxımından onun cəzasını yüngülləşdirən amil kimi nəzərə alınmalıdır.

45. Belə ki, Məhkum kassasiya şikayətinə əlavə etdiyi ərizədən müəyyən edilir ki, o zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş və bu səbəbdən zərərçəkmiş şəxs onunla barışaraq ona qarşı şikayət və tələbinin olmadığını notarial qaydada təsdiqlənmiş ərizə ilə təsdiqləmişdir.

46. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sözügedən yüngülləşdirici halın mövcud olması və hökmlə müəyyən edilmiş digər cəzanı ağırlaşdıran halların olmaması, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsind ə göstərilən digər məsələlər üzrə müəyyən edilmiş hallarla və cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1101/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi üzrə təyin edilmiş cəza hissəsində dəyişdirilməli, ona Cinayət Məcəlləsinin həmin maddəsi üzrə 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.

47. Məhkəmə kollegiyası hesab edir ki, bu cəza vasitəsi ilə də Məhkum islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.

48. Beləliklə, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1101/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli hökmü Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1101/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə təyin edilmiş cəza hissəsində dəyişdirilsin. Məh kum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən 02 (iki) il 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Məhkum 13 oktyabr 2022-ci il tarixdən hal-hazıradək, yəni 01 fevral 2024-cü il tarixədək çəkdiyi 01 (bir) il 03 (üç) ay 18 (on səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə iki gün müddəti ilə hesablanaraq 02 (iki) il 07 (yeddi) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və o, cəzasını çəkmiş hesab edilsin. Məhkum cəzaçəkmə müəssisəsindən azad edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2023-cü il tarixli, 1(103)-1101/2023 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar