Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-443/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov İlqar Xanlar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X7, Bəraət almış şəxs X1 müdafiəçisi –Mehdiyeva İlhamə Əziz qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Ko llegiyasının 26 sentyabr 2024-cü il tarixli qərarından bəraət almış şəxs X4 və müdafiəçisi Mehdiyeva İlhamə Əziz qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim F.A.Qəribov, hakimlər R.Ə.Sadıxov və E.H.Vəliyevdən ibarət məhkəmə tərkibi) X2 (20 aprel 1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 182.3.2-ci maddələri irəli sürülmüş ittiham üzrə cinayət hadisəsi olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən – Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin 42.1.1 və 42.1.4-cü maddələrində nəzərdə tutulmuş əsaslarla bəraət verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2017-ci il tarixli hökmündən dövlət ittihamçısı apellyasiya protesti, Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1 və Zərərçəkmiş şəxs2 isə apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkəmə baxışının gedişində qəbul edilmiş 14 sentyabr 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim S.A.Mirzəyev, hakimlər F.A.Qasımov və E.Y.Şamayevdən ibarət məhkəmə tərkibi) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmış, bəraət almış şəxs X1 barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 14 sentyabr 2017-ci il tarixli qərarından bəraət almış şəxs X1 müdafiəçisi Müdafiəçi3 Hübbət oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), X9 və X3 ibarət tərkibdə) 31 yanvar 2018-ci il tarixli, 1(102)-68/2025 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2017-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkəmə baxışının gedişində qəbul edilmiş 26 sentyabr 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim X10, hakimlər X11 və X5 ibarət məhkəmə tərkibi) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icratın dayandırılmasına əsas verən səbəblər aradan qalxanadək cinayət işi üzrə icraat dayandırılmışdır. Həmin qərardan bəraət lmış şəxs M.M.Məmmədov və müdafiəçisi İ.Ə.Mehdiyeva ayrı-ayrılıqda kassasiya şikayəti vermişdir. Həmin qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Bəraət almış şəxs X4 və onun müdafiəçisi Mehdiyeva İlhamə Əziz qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protesti və apellyasiya şikayətləri ilə əlaqədar cinayət işinə apellyasiya qaydasında baxılıması üçün maneələr olmadığı, o cümlədən bəraət almış şəxsin iştirak etməməsi mə hkəmə baxışının qarşısını almadığı halda, apellyasiya məhkəməsi əsassız və qanunsuz olaraq Mikayıl Məmmədovun barəsində həbs qətimkan tədbiri seçib axtarış elan etmiş və cinayət işi üzrə icraatı dayandırmışdır. Müdafiəçi və bəraət almış şəxs hesab edir ki, apellyasiya məhkəməsi bəraət almış şəxsin barəsində həbs qətimkan tədbirini seçməklə, axtarış elan elan etməklə və cinayət işi üzrə icraatı dayandırıb məhkəmə baxışını davam etdirməkdən imtina etməklə Azərbaycan Respublikası Cinayət-prosessual Məcəlləsinin, “İnsan Hüquqularının və X6 Haqqında” Konvensiyanın tələblərini pozmuş, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent təcrübəsinə zidd olan qərar qəbul etmişdir. Kassatorlar kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 202 4-cü il tarixli qərarının ləğv edilməsini, işin məhkəmə baxışının davam etdirilməsi üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Odur ki, məhkəmə kollegiyası ilk növbədə kassasiya instansiyası məhkəməsinin qeyd olunan normadan irəli gələn səlahiyyətlərinə nəzərən kassasiya şikayətinin mümkünlüyü məsələsinə münasibətini bildirəcəkdir. Hazırki qərarın “Kassasiya şikayətlərinin dəlilləri” bölməsinə qeyd olunduğu kimi, kassasiya şikayətlərində iki məsələ mübahisələndi rilmişdir: 1) apellyasiya məhkəməsi tərəfindən Mikayıl Məmmədovun barəsində axtarışın elan edilməsi və o, tapılanadək cinayət işi üzrə icraatın dayandırılması; 2) apellyasiya baxışında birinci instansiya məhkəməsinin hökmü (qanuni qüvvəyə minməyən məhkəmə aktı) ilə bəraət almış şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi. Cinayət işi üzrə icraatın dayandırılması barədə qərar icraatın gedişatına mane olan qərar olduğundan, cinayət-prosessual qanun, istər bu qərar birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiyası məhkəməsində qəbul edilmiş olsun, ondan müvafiq olaraq apellyasiya şikayəti və apellyasiya protesti, habelə kassasiya şikayəti və kassasiya protesti verilməsi imkanlarını nəzərdə tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1.2-ci maddəsinə əsasən apellyasiya protesti və ya apellyasiya şikayəti vermək hüququ olan şəxslər (yəni, o cümlədən məhkum edilmiş təqsirləndirilən şəxs, bəraət almış şəxs, onların müdafiəçiləri) cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması haqqında qərardan bu qərarın elan olunduğu gündən 20 gün müddətində apellyasiya protesti və ya apellyasiya şikayəti vermək hüququna malikdirlər. Cinayət-Prosessual Məcəllənin 410.1.1-ci maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında qəbul edilmiş, həmin Məcəllənin 391.3-cü maddəsində nəzərdə tutulmuş qərarlardan (CPM-in 391.3.4-cü maddəsində göstərilən, apellyasiya müraciətləri üzrə məhkəmə baxışının təyin edilməsi haqqında qərar istisna olmaqla), yəni, həm də CPM-in 391.3.8-ci maddəsində nəzərdə tutulmuş “cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materialının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması haqqında” qərardan kassasiya şikayəti və kassasiya protesti vermək hüququ olan şəxslər (o cümlədən, məhkum, bəraət almış şəxs, onların müdafiəçiləri) bu qərarların çıxarıldığı vaxtdan 1 ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verə bilərlər. Cinayət-prosessual qanun yuxarıda qeyd olunan əsasdan (icraatın sonrakı gedişatına mane olmasından) çıxış etməklə icraatın dayandırılmasını kassasiya qaydasında mübahisələndirilə bilən mühüm məsələ kimi gördüyündən, qərarı mübahisələndirmək hüququnun yaranması üçün bu məsələnin apellyasiya icraatının hansı mərhələsində həll ed ilməsinin əhəmiyyəti yoxdur. Yəni, icraatının dayandırılması barədə qərarın apellyasiya şikayəti (apellyasiya protesti) üzrə icraatın ilkin baxış mərhələsində deyil, məhkəmə baxışında çıxarılması cinayət-prosessual qanunda göstərilən prosessual şəxsləri (o cümlədən, məhkumu, bəraət almış şəxsi və yaxud onların müdafiəçilərini) sözügedən qərardan kassasiya şikayəti və yaxud kassasiya protesti vermək hüququndan məhrum edən hal kimi nəzərdən keçirilməməli və məhkəmə baxışında çıxarılmış bu cür qərarın kassasiya qaydasında mübahisələndirilməsi və yoxlanılması analogiya üzrə CPMin 410.1.1, 416.0.20-ci maddələrinə müvafiq qaydada tənzimlənməlidir. Bəraət almış şəxs – X4 və müdafiəçisi cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan kassasiya şikayəti vermək hüququna malikdir və kassasiy a şikayətinin verilməsi müddətinə dair tələbə riayət etmişdir. Odur ki, həmin şikayətə kassasiya instansiyası məhkəməsində baxılmasından imtina edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 173.2-ci maddəsinə əsasən “məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz”. Lakin, bu norma hazırki işin hallarına görə bəraət almış şəxsin və müdafiəçisinin icraatın dayandırılması haqqında qərardan verilmiş kassasiya şikayətlərində Mikayıl Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsinin, həbs olunması üçün axtarılmasının mübahisələndirilməsinə həsr olunmuş dəlillər irəli sürməsini və həmin dəlillərə kassasiya məhkəməsində baxılmasını ist isna etmir. İlk növbədə ona görə ki, Mikayıl Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə, axtarışın elan edilməsinə dair müddəalar kassasiya qaydasında mübahisələndirilə bilən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarın elementləri kimi çıxış edirlər. İkincisi, cinayət işi üzrə icraat M.Məmmədov axtarılıb-tapılanadək (yəni, həbs edilənədək) dayandırıldığından, dayandırma həbsin qətimkan tədbiri qismində seçilməsi, axtarışın elan edilməsi ilə sıx bağlı olan məsələdir və bu məsələləri birlikdə yoxlamadan icraatın dayandırılmasının qanuni olub-olmaması barədə nəticəyə gəlmək mümkün deyil. Və nəhayət mübahisə - bəraət alımış şəxsin azadlıq hüququnun məhdudlaşdırılması kimi mühüm məsələyə toxunduğundan, məhkəmə icraatında qətimkan tədbirinin seçilməsi barədə qərard an apellyasiya şikayətinin verilməsinə qoyulan qadağa (yəni, formal əsas) – kassasiya şikayətində də müvafiq dəlillərin irəli sürülməsini və kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmiş məsələnin həlli həmin dəlillərin araşdırılmasından asılı olduqda, onlara da baxılmasını istisna edən norma kimi təfsir edilməməlidir. Çünki, formallığa əməl etmək və yaxud Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş əsas insan hüquq və azadlıqlarına aid pozulmuş hüququ bərpa etmək kimi məsələlər arasında rəqabət yarandıqda, üstünlük ikinciyə verilməlidir. Odur ki, kollegiya bəraət almış şəxsin və müdafiəçisinin kassasiya şikayətlərini CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində cinayət mühakimə icraatının vəzifələri sırasında aşağıdakılar təsbit olunmuşdur: - şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; - həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq; - cinayət törətmiş şəxsi ifşa və cinayət məsuliyyətinə cəlb etmək; - cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Cinayət mühakimə icraatının vəzifələri mühakiməni səmərəli olmağa, əsassız geçikmələrə yol verilmədən məqsədyönlü şəkildə (ittiham olunan şəxsin təqsirini müəyyən etmək və ya ona bəraət vermək üçün) aparılmağa istiqamətləndirdiyi kimi, İnsan Hüquqlarının və X6 Haqında Konvensiyasının ehtiva etdiyi hüquqi müəyyənlik prinsipi və ədalətli məhkəmə araşdırması hüququ da ədalət mühakiməsinin ağlabatan müddət ərzində həyata keçirilib başa çatdırılmasını nəzərdə tutur. Cinayət mühakimə icraatının vəzifələri və hüquqi müəyyənlik prinsipi ilə şərtləndirilən bu tələb apellyasiya icraatı mərhələsində xüsusilə aktual görünür. Çünki, apellyasiya icraatı biri nci instansiya məhkəməsinin qanuni qüvvəyə minməyən hökm və qərarlarının yoxlanılması üzrə icraat olduğundan, apellyasiya icraatının əsassız geçikmələrə yol verilmədən aparılmasından cinayət prosesinin səmərəliliyinin, o cümlədən məhkəmə qərarlarının məcburiliyinin, icraedilənliyinin təmin edilməsi birbaşa asılıdır (apellyasiya icraatı nə qədər çox sürürsə, barəsində icraat aparılan şəxsin, icraatın nəticələrinə dair müstəqil maraqları olan digər şəxslərin hüquqi vəziyyəti, gözləntiləri ilə bağlı qeyrimüəyyənlik bir o qədər çox davam edir). Şübhəsiz ki, cinayət mühakimə icraatının ağlabatan müddətdə aparılmasına və başa çatdırılmasına olan ictimai maraq cinayət mühakimə icraatının ədalətliliyinə, o cümlədən cinayət prosesinin çəkişməli xarakterinə xələl gətirməməli, bunları şərtləndirən ic timai maraqla icraatının tezliyinə olan ictimai maraq arasında tarazlıq gözlənilməlidir. Məhz bu səbəbdəndir ki, qanunverici təqsirləndirilən şəxsin məhkəmə baxışında iştirak etmədiyi hallarda cinayət işi üzrə icraatın təxirə salınmasını və dayanadırılmasını nəzərdə tutmaqla yanaşı, çox məhdud dairədə olsa da, təqsirləndirilən şəxsin iştirakı olmadan, yəni cinayət işi üzrə icraat dayandırılmadan məhkəmə baxışının keçirilməsi əsaslarını müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən “təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan və ya məhkəmədən gizləndikdə”, və yaxud CPM-in 53.1.4-cü maddəsində nəzərdə tutulduğu kimi “təqsirləndirilən şəxsin ağır xəstəliyi və ya Azərbaycan Respublikasının hüdudlarından kə narda olması ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadıqda”, cinayət işi üzrə icraat dayandırıla bilər. Cinayət-Prosessual Məcəllənin 311.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin iştirakı olmadan məhkəmə baxışına yalnız aşağıdakı müstəsna hallarda yol verilir: - “Azərbaycan Respublikasının hüdudlarından kənarda olan təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən qəsdən boyun qaçırdıqda” (maddə 311.2.1); - “cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmamaq şərtilə böyük ictimai təhlükə törətməyən cinayətdə təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihama məhkəmədə onun iştirakı olmadan baxılması barədə vəsatət qaldırdıqda” (maddə 311.2.2). Cinayət-prosessual qanunun 311.3-cü maddəsi təqsirləndirilən şəxs iştirak e tmədiyi həmin hallarda məhkəmə baxışının çəkişməli xarakterinin, təqsirləndirilənin ittihamdan müdafiə olunmaq hüququnun, cinayət prosesinin ədalətliliyinin təmin edilməsi üçün məhkəmə iclasında müdafiəçinin iştirak etməsini tələb edir. Birinci instansiya məhkəməsində aparılan icraata aid həmin qaydalara apellyasiya instansiyası məhkəməsində də əməl olunmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəllənin 392.2-ci maddəsinə görə “apellyasiya şikayətində və ya apellyasiya protestində məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətinin pisləşməsi barədə məsələ qoyulduqda, yaxud məhkəmə istintaqının aparılması apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri hesab edildikdə, məhkum edilmiş və ya bəraət almış şəxs, onların qanuni nümayəndələri apellyasiya instansiyası məhkəməsinin iclasına mü tləq çağırılmalıdırlar. Belə hallarda dövlət ittihamçısı və cinayət prosesində iştirakı məcburi olan müdafiəçilər də çağırılırlar. Apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxsin, habelə apellyasiya instansiyası məhkəməsinin iclasına mütləq çağırılan digər şəxslərin məhkəmə baxışında iştirakı və onların gəlməməsinin nəticələri bu Məcəllənin 311 - 316-cı maddələrinin tələblərinə müvafiq olaraq müəyyən olunur”. Cinayət-Prosessual Məcəllənin 53.1.4 və 311.2.1-ci maddələrinin müqayisəsindən görünür ki, birinci norma cinayət işi üzrə icraatın dayandırılmasının əsası kimi təqsirləndirilən şəxsin (apellyasiya məhkəməsində - həm də bəraət almış şəxsin) məhkəməyə gəlməkdən boyun qaçırmasını deyil, Azərbaycan Respublikasının hüdudlarından kənarda müvəqqəti (yəni, yayınma kimi xarakteri zə edilə bilməyən səbəblərə görə) olmasını göstərdiyi halda, ikinci norma məhkəmə baxışının təqsirləndirilən şəxsin (apellyasiya məhkəməsində - həm də bəraət alımış şəxsin) iştirakı olmadan keçirilməsinin mümkünlüyünü məhz təqsirləndirilən şəxsin (bəraət almış şəxsin) məhkəməyə gəlməkdən qəsdən boyun qaçırması ilə əlaqələndirmişdir. Başqa sözlə, cinayət-prosessual qanuna görə təqsirləndirilən və yaxud bəraət almış şəxs apellyasiya məhkəməsinin iclasına gəlməkdən boyun qaçırmayıb, müvəqqəti xaricdə olduqda, cinayət işi üzrə icraat (zərurət olduqda) CPM-in 53.1.4-cü maddəsində göstərilən əsasla dayandırılır, məhkəmə iclasına gəlməkdən boyun qaçırdıqda isə, CPM-in 311.2.1-ci maddəsinə əsasən onun iştirakı olmadan da məhkəmə baxışı keçirilə bilər. Təqsirləndirilənin və yaxud bəraət almış şəxsi n vəziyyətinin pisləşməsi məsələsi qoyulduqda, habelə məhkəmə baxışı məhkəmə istintaqı aparılmaqla keçirildikdə, CPM-in 392.2-ci maddəsinin onların mütləq qaydada məhkəmə iclasına çağırılmalarını tələb etməsi də təqsirləndirilənin və yaxud bəraət alımış şəxsin iştirakı olmadan məhkəmə baxışının keçirilməsinə qadağanın qoyulması kimi təfsir olunmamalıdır. Çünki, həmin maddənin ikinci cümləsində nəzərdə tutulmuş norma məhkəmə baxışına mütləq çağırılmalı olan şəxsin məhkəmə iclasına gəlməməsi ilə bağlı yaranmış məsələnin CPM-in 311-316-cı maddələrinə müvafiq şəkildə həll edilməsini, o cümlədən həmin şəxsin faktik vəziyyəti CPM-in 311.2.1-ci maddəsində göstərlən halla uzlaşırsa, onun iştirakı olmadan məhkəmə baxışının keçirilməsini nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsinin 26 sentya br 2024-cü il tarixli qərarından isə görünür ki, məhkəmə Mikayıl Məmmədovun faktik vəziyyətini düzgün dəyərləndirməmiş, nəticədə M.Mikayılovun vəziyyətini əks etdirən cinayət-prosessual normadan çıxış etməklə onun iştirakı olmadan cinayət işinə tam hərətərfli və obyektiv baxılmasının mümkünlüyü məsələsini nəzərdən belə keçirməyib, ona şamil edilməli olmayan cinayət-prosessual normadan çıxış etməklə cinayət işi üzrə icraatı dayandırmışdır. Belə ki, bəraət almış Mikayıl Məmmədovun apellyasiya məhkəməsinə göndərdiyi çoxsaylı məktublardan, müqavilə əsasında apellyasiya icraatında onun müdafiəsinı həyata keçirən vəkil İlhamə Mehdiyevanın məhkəməyə müraciətlərindən, məhkəmə iclas protokollarından görünür ki, M.Məmmədov apellyasiya məhkəməsinin cinayət işinə mahiyyəti üzrə baxılmasına dair iki iclasında iştirak etdikdən sonra Azərbaycan Respublikasını tərk edib Böyük Britaniyaya getmiş və bundan sonra Böyük Britaniyada yaşadığı ünvan barədə məhkəməyə məlumat verməklə növbəti məhkəmə iclaslarına gəlməyəcəyini açıq şəkildə bildirib, məhkəmə baxışının onun özü olmadan müdafiəçisinin iştirakı ilə keçirilməsi barədə tələb irəli sürmüşdür. Göründüyü kimi, faktiki yaşadığı ünvan barədə məhkəməyə məlumat vermiş Mikayıl Məmmədovun məhkəmə baxışında iştirak etməməsi müvəqqəti xarakter daşıyan səbəblə bağlı olmadığı, onun məhkəməyə gəlməkdən imtina etməsinin aydın və birmənalı ifadəsi olduğu halda, apellyasiya məhkəməsi düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3 və 53.1.4-cü maddələrini M.Məmmədovun faktik vəziyyətinə tətbiq edilməli olan normalar kimi götürmüş, əslində həmin vəziyyətlə uzlaşan Cinayət-Prosessual Məcəllənin 311.2.1-ci maddəsini isə nəzərindən qaçırıb, müdafiəçi ilə təmin olunduğu vəziyyətdə Məmmədovun özünün iştirakı olmadan cinayət işinə tam, hərətərfli və obyektiv baxılması imkanını nəzərdən keçirməmişdir. Belə olan halda, cinayət işi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilərkən məhkəmə baxışının ədalətliliyinə və məhkəmə baxışının tezliyinə olan ictimai maraqlar arasında tarazlığın qorunduğunu, dayandırmanın gerçəkdən də zərurətdən irəli gəldiyini və qanuna əsaslandığını söyləmək mümkün deyil. Dayandırma həm də ona görə etiraz doğurur ki, buna dair qərar cinayət işinə Mikayıl Məmmədovun iştirakı olmadan tam, hərətəfli və obyektiv baxılmasının qeyri-mümkünlüyü ilə deyil, M.Məmmədovun axtarılıb həbs edilməs inin zəruriliyi (məhz bunlar üçün vaxtın tələb olunması) ilə əsaslandırılmışdır. Halbuki, Mikayıl Məmmədova birinci instansiya məhkəməsinin hökmü ilə bəraət verildiyi üçün onun barəsində bu cür prosessual məcburiyyət tədbiri tətbiq edilə bilməzdi. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 162.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Cinayət-prosessual qanunun 162.3-cü maddəsi həmin Məcəllənin 162.1.1 və 162.1.2-ci maddələrində göstərilən əsaslarla həbsdən azad edilmə barədə qərar qəbul edildikdə, şəxsin dərhal məhkəmə iclasında həbsdən azad edilməsini tələb edir. Cinayət -Prosessual Məcəllənin 353.5.2-ci maddəsinə əsasən bəraət hökmünün nəticəvi hissəsində məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbiri seçildiyi halda, onun dərhal ləğv edilməsi haqqında qərar əksini tapmalıdır. CPM-in 357.0.1-ci maddəsinə görə məhkəmənin hökmü ilə şəxsə bəraət verildikdə, o hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Göründüyü kimi, cinayət-prosessual qanun bəraət almış şəxsin barəsində nəinki həbs, ümumiyyətlə qətimkan tədbirinin tətbiqinə yol vermir və bu qadağa bəraət hökmünün nəticəvi hissəsindəki digər müddəalardan fərqli olaraq dərhal qüvvəyə minir. Odur ki, (qətimkan tədbirinin seçilməsinə qadağanın qoyulması bəraət hökmünün çıxarılması faktı ilə əlaqələndirildiyi üçün) bəraət hökmü təkzib edilməyənədə k, yəni apellyasiya qaydasında ləğv olunmayınca, həmin qadağa öz qüvvəsini saxlayır. Cinayət işi üzrə icraatın gedişatını təmin etmək zərurəti də bəraət alımış şəxsin barəsində həbs və yaxud digər qətimkan tədbirinin seçilməsinə bəraət qazandıran əsas kimi nəzərdən keçirilə bilməz. Çünki, məhkəməyədək icraatdan fərqli olaraq (nə vaxt ki, cinayət təqibi üzrə icraatın aparılmasına olan ictimai maraq CPM-in 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinin tələbinə (bununla bağlı olan ictimai marağa) rəğmən təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılanadək onun həbsdə saxlanılmasına, başqa qətimkan tədbirləri ilə azadlığının məhdudlaşdırılmasına bəraət qazandırır), bəraət hökmünün çıxarılmasından sonra həmin toqquşan ictimai maraqlar arasında tarazlığı göz ləmək zərurəti bəraət alan şəxsin barəsində həbs və yaxud digər qətimkan tədbirinin seçilməsini istisna edir. Bəraət hökmünün çıxarılmasından sonra (hətta hökmün qüvvəyə minməməsinə baxmayaraq) şəxsin vəziyyəti məhkəməyədək icraatda (hökmün çıxarılmasınadək) olan vəziyyətlə müqayisədə əhəmiyyətli dərəcədə (keyfiyyətcə) dəyişir. Ona görə ki, birinci halda artıq irəli sürülmüş ittiham məhkəmə aktı ilə təkzib edilmiş, şəxs isə təqsirsiz elan edilmiş olur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir”. O dur ki, bəraət hökmü qüvvəyə minmədiyi dövrdə belə bəraət almış şəxs təqsirləndirilən şəxslə eyniləşdirilməməli, bəraət hökmü apellyasiya qaydasında (apellyasiya məhkəməsinin ittiham hökmü ilə) təkzib olunmaya qədər, cinayət prosessual qanunun təqsirləndirilən şəxsə münasibətdə mümkün saydığı, lakin bəraət alımış şəxsin barəsində tətbiq edilməsinə qadağa qoyduğu qətimkan tədbirləri, o cümlədən həbs tədbiq olunmamalıdır. Apellyasiya məhkəməsi isə hazırki işdə bəraət almış Mikayıl Məmmədovun barəsində həbs qətimkan tədbirini seçib, həbs edilməsi üçün onun axtarışını elan etməklə və bu müddətdə (tapılıb-həbs olunanadək) cinayət işi üzrə icraatı dayandırmaqla əvvəla həbs qətimkan tədbirinin seçilməsi barədə qərarı əsassız və qanunsuz olaraq çıxarmış, eyni zamanda bu kimi yolverilməz əsasla cin ayət işi üzrə icraatın dayandırılmasını əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd olunanları mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin apellyasiya baxışına qaytarılmasını tələb edən cinayət-prosessual qanunun 416.0.2 və 416.0.20-ci maddələrində nəzərdə tutulmuş hallar kimi qiymətləndirir. Belə ki, məhkəmə Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə (maddə 416.0.2); eləcə də cinayətprosessual qanunun 391.3.2-391.3.5, 391.3.7-391.3.9 və 391.6-cı maddələrində nəzərdə tutulmuş qərarları (yəni, o cümlədən CPM-in 391.3.8-ci maddəsində nəzərdə tutulmuş cinayət işi üzrə icraatın dayandırılması barədə qərarı) əsassız çıxardıqda, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair bəraət almış şəxs M.M.Məmmədovun müdafiəçisi İlhamə Mehdiyevanın, habelə kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, bəraət alımış şəxs və müdafiəçisi Mehdiyeva İlhamə Əziz qızının kassasiya şikayətləri təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X1 barəsində olan 26 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilməli, iş apellyasiya məhkəməsində məhkəmə baxışına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bəraət alımış şəxs X1 və müdafiəçisi Mehdiyeva İlhamə Əziz qızının kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X1 barəsində olan 26 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilsin, iş apellyasiya məhkəməsində məhkəmə baxışına qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-443/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-443/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver