Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-444/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum A zərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2022ci il tarixli qərarından dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Əli Abdulla oğlu (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1992-ci il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, evli, himayəsində dörd azyaşlı uşaqları olan, əvvəllər məhkum ol unmamış, ünvan 1 ünvanda yaşamış, CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə, CM-nin 66.3cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejmli cəzçəkmə müəssisəsində çəkməklə 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 20 fevral 2022-ci il tarixdə İran İslam Respublikasında (bundan sonra İİR) olan digər şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda – 11530,0 qra m narkotik vasitə olan heroin, 4220,0 qram psixotrop maddə olan metamfetamin, 2460,0 qram narkotik vasitə olan tiryək, 10545,0 qram narkotik vasitə olan qurudulmuş marixuana və 4560 ədəd narkotik vasitə olan metadon həblərini satış məqsədilə qanunsuz olaraq əldə edib Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsində köməkçi qismində iştirak etmiş, sonra isə tanışı Şahid1 idarə etdiyi “Mercedes Benz” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunun məlumatı olmadan saxlayaraq daşımış, 20 fevral 2022-ci il tarixdə, saat 23:00 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Astara-Ələt magistral yolunun Masallı rayo nu ərazisində yerləşən, AR DİN-in BDYPİ-nin YPX alayının 726 saylı stasionar postunda saxlanılıb avtomobillə birlikdə Astara RPŞ-yə gətirilmiş, şöbənin duracağında həmin “Mercedes Benz” markalı avtomobilə baxış keçirilən zaman ayrı-ayrılıqda çəkiləri – 4110,0 qram, 3685,0 qram və 3735,0 qram olmaqla 03 ədəd bükümdə ümumi çəkisi – 11530,0 qram narkotik vasitə olan heroin, ayrı-ayrılıqda çəkiləri – 2120,0 qram və 2100,0 qram olmaqla 02 ədəd bükümdə, ümumi çəkisi – 4220,0 qram psixotrop maddə olan metamfetamin, ayrı-ayrılıqda çəkiləri – 500,0 qram, 1265,0 qram, 195,0 qram və 500,0 qram olmaqla 04 ədəd bükümdə ümumi çəkisi – 2460,0 qram narkotik vasitə olan tiryək, ayrı-ayrılıqda çəkiləri – 500,0 qram, 480,0 qram, 115,0 qram, 5300,0 qram və 4150,0 qram olmaqla 05 ədəd bükümdə ümumi çəkisi – 10 545,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, habelə, hər bir həbdə təsiredici miqdarı 0,04 qram olmaqla ümumi təsiredici miqdarı 182,4 qram olan 05 ədəd torbada, 456 konvalyutda hər birində 10 ədəd olmaqla ümumi sayı 4560 ədəd narkotik vasitə metadon həbləri yük yerindən aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı Şabanov Valeh İxtiyar oğlu tərəfindən verilmiş apellyasiya protestinə və məhkumun müdafiəçisi Cəfərov Umud Natiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 10 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2022-ci il tarixli qərarından dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Cinayət cəzalarının təyin edilməsi qaydalarını, əsaslarının və şərtlərini müəyyən edən CM-nin müvafiq normalarına (CM-nin 8, 41, 58 və 59-cu maddələrinə), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı milli və beynəlxalq qanunvericilik aktlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin Plenumunun bir sıra Qərarlarına istinad edən dövlət ittihamçısı E.Ə.Hüsey nov kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, Məhkum təyin edilmiş cəzaların törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun ittiham olunduğu cinayətlərin törədilməsi səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də məhkumun şəxsiyyətinə uyğun olmamasına baxmayaraq, məhkəmə kollegiyası cinayəti təqsirin birbaşa qəsd forması ilə törədilməsini, məhkumun cinayətkar niyyətini sonadək həyata keçirməsini, onun törətdiyi cinayətlər başa çatmış olmaqla az ağır və ağır cinayətlər kateqoriyasına aid olmasını düzgün nəzərə almamış və təqsirli birindiyi hər bir maddə üzrə, habelə cinayətlərin məcmusu üzrə aşağı hədlərdə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsi ilə razıla şmış, bununla da Məhkum gələcəkdə də eyni qəbildən olan cinayətlər törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini və himayəsində 4 azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alaraq əsassız və qanunsuz nəticəyə gəlmiş, o cümlədən nəyə görə həmin halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasını əsaslandırmamış və obyektiv qiymətləndirməmişdir, a pelyasiya intansiya məhkəməsi də həmin cəzanı qüvvədə saxlamaqla eyni nöqsanları təkrarlamışdır. Əvvəla qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsinin, yəni əvvəllər məhkum olunmamasının cinayət qanununun tələbləri baxımından Məhkum münasibətdə cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması qeyri-mümkündür. Belə ki, CM-in 59.1.1-ci maddəsinə əsasən, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən haldır. Həmin maddənin mənasına görə, bu növ cinayətlərin törədilməsi bütün hallarda deyil, yalnız hadisələrin təsadüfi axarı zəminində və ilk dəfə baş verdikdə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən, qanunverici hadisələrin təsadüf i axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsini cəzanı yüngülləşdirən hal qismində nəzərə alması, həmin halın hadisələrin qabaqcadan düşünülən, hazırlaşılan deyil, təsadüf nəticəsində ilk dəfə baş verməsi ilə bağlı olması və cinayəti törədən şəxsin fərdi-mənəvi əlamətlərinə, onun ictimaitəhlükəliliyinə birbaşa təsir göstərməsi ilə əlaqələndirmişdir. Hazırki cinayət işi üzrə isə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin qəsd etdiyi ictimai münasibətlərdən, təqsirinin formasından, əməlin törədilmə forma və üsullarından, habelə ictimai təhlükəlilik dərəcəsindən görünür ki, o, bu cinayəti hadisələrin təsadüfi axarı zəminində törətməmiş, planlı şəkildə birbaşa qəsdlə törətmişdir. Həmçinin Məhkum təqsirli bilindiyi CM-nin 234.4.1 və 234. 4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlləri böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər kateqoriyasına deyil, ağır cinayətlər kateqoriyasına aiddir. Ona görə də, apelyasiya intansiya məhkəməsinin Məhkum ilk dəfə cinayət əməli törətməsinin cəzanı yüngülləşdirən hal kimi nəzərə alması tamamilə əsassız olmuşdur. Bundan başqa, məhkəmə kollegiyası yuxarıda qeyd olunan, cinayət qanununda nəzərdə tutulmamış halı cəzasını yüngülləşdirən hal kimi nəzərə alarkən CM-nin 59.2-ci maddəsinin tələbini pozmuş və bu halı kimi sadəcə göstərməklə kifayətlənmiş, həmin xüsusatların nə ilə sübut olunması, nəyə görə bu halların cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınması və belə bir nəticəyə gəlməsinin səbəblərini, həmin halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin moti vlərini məhkəmə qərarının təsviriəsaslandırıcı hissəsində qeyd etməmişdir. Kassasiya protestində göstərdiyi bu dəlillərə əsaslanaraq dövlət ittihamçısı həmin protestin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun bununla bağlı rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə məhkumun iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiy a instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestinin məzmununa görə, o, öz müraciətində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum açıq-aşkar yüngül cəzanın təyin edilməsini iddia edərək həmin məhkəmə tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqqında qərarın qəbul edilməsi barədə tələb ini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Ə.Məhkumin barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin h üdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkə məsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiya sı məhkəməsinin hökm və ya qərarının dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfind ən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edi lərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Digər tərəfdən o, da vurğulanmalıdır ki, cinayət törətmiş şəxs haqqında bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiqi zamanı işin müəyyən edilmiş faktiki halları ilə yanaşı cinayət törətmiş şəxsi səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran, habelə törədilmiş cinayətin ictimai təhlükəliliyinə bu və ya digr şəkildə təsir göstərən hallar nəzərə alınmalıdır. Belə hallar müəyyən edilmədən, onlar araşdırılmış sübutlar əsasınd a təsdiq edilmədən, həmin sübutlar qiymətləndirilmədən təyin olunmuş cəza qanuni və ədalətli hesab edilə bilməz. Eyni zamanda məhkum olunmuş şəxs barəsində seçilmiş cəza tədbirinin apellyasiya və ya kassasiya qaydasında dəyişdirilməsi (yüngülləşdirilməsi və ya ağırlaşdırılması) barədə qərar da müvafiq sübutların məcmusuna əsasən qəbul edilməli və qanunvericiliyin müəyyən etdiyi kimi, əsaslandırılmalı və sual doğurmamalıdır. Bu qənaət cinayət və cinayət-prosessual qanunvericiliklərinin aşağıdakı normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qəbul etdiyi qərarlarda əksini tapmış izah və tövsiyələrdən irəli gəlir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda birinci instansiya məhkəməsi tərəfindən Məhkum barəsində seçilmiş cinayəthüquqi xarakterli tədbirin yüngül olmasına dair kassasiya protestində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz olmasını müəyyən edir, məhkuma təyin olunmuş cəzanın yüngül hesab edilməsi və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün isə əsaslar görmür. Belə ki, CM-nin 2.2-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələrini həyata keçirmək üçün həmin Məcəllə cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsin i və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin 5.1-ci maddəsində göstərilmişdir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüqu qi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun bu normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqında digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyələndirən, habelə onun cəzasını yügülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kim qiymətləndirilməsinə əsas ola bilər. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törə tməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəza nın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə CM-nin 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəz anı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-nin 9-cu maddəsinin mənası na görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz a zad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi il ə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərili b-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 25-ci bəndində məhkəmələrə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göst ərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaları tövsiyə edilərək qeyd olunmuşdur ki, bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992-ci il oktyabrın 28-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tövsiyələrindən də irəli gəlir. Qanunvericiliyin yuxarıda şərh edilən normaların tələblərindən, Konstitusiya Məhkəməsi P lenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum qərarlarında əksini tapmış tövsiyələrdən çıxış edən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Ə.Məhkum təqsirli bilindiyi CM-nin 32.5,206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək, CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında isə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, həmin işə birinci instansiya məhkəməsində baxılarkən dövlət ittihamçısı öz yekun nitqində Ə.Məhkum təqsirli bilindiyi CM-nin 206.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 6 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olara q 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini təklif etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından göründüyü kimi, məhkəmə haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən məhkum Məhkum CM-nin 32.5,206.2-ci maddəsi ilə orta həddə - 5 (beş) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə həmin maddələrin sanksiyasının yuxarı həddinə yaxın - 11 (on bir) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə razılaşmış, bu zaman maddi hüquq normalarının hər hansı şəkildə pozulmasına yol verməmiş, digər tərəfdən isə gəldiyi nəticəni həm qanunvericiliyin tələblərinə, həm də Konst itusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenum qərarlarındakı izah və tövsiyələrə istinad etməklə kifayət qədər əsaslandırmışdır. Kassasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Protestin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı həmin prote stdə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı əsaslandırma aparmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protestində istinad etdiyi halların ümumilikdə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınması da mümkün deyil ona görə ki, belə halların dairəsi CM-nin 61.1.1-61.1.13-cü maddələri ilə məhdudlaşdırılmışdır. CM-nin 61.2-ci maddəsinə əsasən isə cəza təyin edilərkən həmin maddələrdə göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Ə.Məhkum həm təqsirli bilindiyi maddələrlə, həm də cinayətlərin məcmusu üzrə cəzalar təyin edilərkən tamamilə düzgün olararaq onun himayəsində dörd azyaşlı uşaqlarının olmalarını CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş, məhkumun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, bu hallar isə cinayət işinin materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur və həm məhkumun özünün şəxsiyyətini, həm də ailə vəziyyətini səciyyələndirən hallara addir. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin əsaslandıqları halların cəzanı yüngülləşdirən hallar kimi hesab etmələrində heç bir qanun pozuntusu görmür, çünki onlar elə həm cinayət qanunvericiliyin özündə nəzərdə tutulmuş, həm də qanunun tələb etdiyi kimi, işdə olan sübutlara əsasən müəyyən edilmşdir (CPMnin 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq). Bununla yanaşı, məhkəmə kollegiyası onu da vurğu lamağı lazım bilir ki, Ali Məhkəmənin Cinayət Kollegiyası tərəfindən baxılmış çoxsaylı cinayət işlərinin və həmin işlər üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının öyrənilməsi və təhlili göstərir ki, bu işlər üzrə birinci və ya apellyasiya instansiyası məhkəmələri tərəfindən təqsirləndirilən şəxslərə cəza təyin ounarkən onların da həm ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələri və məhkum olunmaları, həm də yaşayış yerləri üzrə müsbət xasiyyətləndirilmələri buna əsas olduqda (araşdırılmış sübutlarla təsdiq edildikdə) əksər hallarda CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş və cinayət prosesinin iştirakçıları, o cümlədən dövlət ittihamçıları belə qiymətləndirmə ilə razılaşaraq çıxarılmış hökmləri və ya qəbul edilmş qərarları apellyasiya və ya kass asiya qaydasında mübahisələndirməmişlər. Hazırki iş üzrə son olaraq Məhkum cinayətlərin məcmusu üzrə dövlət ittihamçısının təklif etdiyi cəzadan cəmisi iki il altı ay az müddətə cəzanın təyin edilməsində isə məhkəmə kollegiyası heç bir pozuntu görmür və həmin cəzanın məhz açıq-aşkar yüngül hesab edilməsi üçün əsaslar müəyyən etmir. Məhkum Məhkum təyin olunmuş cəzanın onun tərəfindən gələcəkdə də eyni xarakterli cinayət əməllərini törətməsinə əsas yaratması haqda kassasiya protestində göstərilən dəlilə münasibət bildirən məhkəmə kollegiyası həmin dəlili ehtimal xarakterli dəlil kimi qiymtləndirir və belə qənaətə gəlir ki, bu da məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın yüngül hesab edilməsi barədə fikir yürütmək üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin onu da vurğulayır ki, dövlə t ittihamçısının kassasiya protestində istinad etdiyi sənədlərə, o cümlədən beynəlxalq müqavilələrə nəzər yetirildikdə, görünür ki, bu sənədlər əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz yayılması ilə bağlı görülən və görülməli olan tədbirlərə, belə əməllərə qarşı həyata keçirilən mübarizəyə həsr olunmuşdur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınsın. Məhkəmə kollegiyasının qənaətinə görə, belə mübarizə o halda müsbət nəticələrini verə bilər ki, digər tədbirlərin görülməsi ilə yanaşı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz yayılması ilə məşğul olan şəxslər aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilsin və törətdikləri əməllərə müvafiq olaraq cəzalandırılsınlar, digər tərəfdən isə narkomaniya xəstəliyinə duçar ol muş şəxslər vaxtında müalicə olunaraq cəmiyyətə qovuşa bilsinlər və onların bundan sonra göstərilən vasitə və maddələri qanunsuz olaraq əldə edə bilmələri, onlardan istifadə etmək və ya onların satışı ilə məşğul olmaq imkanları aradan qaldırılsın. Belə olan halda da məhkəmə kollegiyası Məhkum onun təqsirli bilindiyi CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə həmin maddələrinin sanksiyalarında nəzərdə tutulmuş və cinayətlərin məcmusu üzrə daha ağır cəzanın təyin edilməsi üçün əsaslar görmür. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin dəlillərini qəbul edilməz sayaraq qeyd edir ki, təsvir edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya protestinin dəlillərini nəzərdən keçirib kassasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməli və Məhkum CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cin ayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-444/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-444/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver