Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-465/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun iştirakı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məh kum Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Həsənova İlhamə Zakir qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər Abdullayev İlkin Qismət oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1963-cü il tarixdə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, heç yerdə işləməyən, Abşeron Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmünə əsasən CM-n in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, «28 May Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli Qərarının 2.7-ci bəndinə əsasən xx xxxxxx 2016-cı il tarixdə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan ünvan 2də yaşamış, CM-nin 206.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə, CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə, CM-nin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məc musu üzrə təyin olunmuş cəzalar cismən toplamaq yolu ilə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum xx xxxx 2018-ci il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təsir maddəsinin ümumi miqdarı 2 qram təşkil edən sintetik narkotik vasitə olan 50 ədəd metadon dərman həblərini və külli miqdarda, yəni təsir maddəsinin ümumi miqdarı 51,5 qram təşkil edən narkotik və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan 360 ədəd tramadol dərman həblərini əldə etmiş, aşkar edilməsini çətinləşdirmək üçün iki ədəd üzərinə "Pegah" sözü yazılmış xama qabının biri nə narkotik və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol dərman həblərini və digərinə isə sintetik narkotik vasitə olan metadon dərman həblərini ayrı-ayrı bükümlərə yığılmış halda yerləşdirərək saxlamaqla, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, xx xxxx 2018-ci il tarixdə saat 18 radələrində Biləsuvar Gömrük idarəsinin «Qoşa Təpə» gömrük postundan gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Hökmdən Məhkum müdafiəçisi İ.Z.Həsənova tərəfindən verilmiş verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Camalov Etibar Əli oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) xx xxxxx 2019-cu il tarixli qərarı ilə apellya siya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 240.3.2-ci maddəsi il təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) il 6 (altı) ayadək, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş qəti cəzanın müddəti 6 (altı) il 6 (altı) ayadək endirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi İ.Z.Həsənova kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işi yenidən apellyasiya baxışına təyin edilməsi və ya Məhkum əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi, Məhkum əməlində CM-nin 240.3.2-ci maddəsinin tərkibi olmadığı üçün həmin maddə ilə cin ayət təqibinə xitam verilməsi və Məhkum təqsirli bilindiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçisi İ.Z.Həsənova kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi qanunun tələblərini pozaraq məhkəmə istintaqı zamanı düzgün araşdırma aparmamış və nəticədə Məhkumun barəsində ədalətsiz qərar qəbul etmişdir. Kassasiya şikayətinin müəllifi əvvəla bildirir ki, hüquqlarını müdafiə etdiyi şəxsin məhkum edildiyi CM-in 240.3.2 və 234.4.3-cü maddələrinin dispozisiyalarından görünür ki, hər iki maddə özündə törədilmiş əməlin məhz satış məqsədilə törədilməsini ehtiva edir. Lakin hazırki işdə məhkum psixotrop və güclü təsir edən maddələri satış məqsədilə yox, öz şəxsi istehlakı məqsədilə ə ldə etmiş, bunu istintaq zamanı özü də etiraf etmiş, bundan əlavə nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı məhkumun həmin maddələri satış məqsədilə əldə etməsinə dair hər hansı sübut müəyyən olunmamışdır. Bundan əlavə, kassasiya şikayətinin müəllifi qeyd etmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər ha lları nəzərə alınmalıdır. Hazırki iş üzrə nə təqsirləndirilən şəxsin istehlakçı ilə razılıq əldə etməsi, nə də aşkarlanan maddələrin xırda bağlamalarda bükülməsi halları müəyyən edilməmişdir. Həmçinin iş materiallarından görünür ki, istintaq zamanı təqsirləndirilənin bu cür vasitələri yayması və ya yaymaq niyyətində olması kimi halların müəyyən olunması üçün əməliyyat tapşırığı verilmiş, lakin aparılmiş əməliyyat tədbirləri nəticəsində təqsirləndirilən şəxsin bu cür vasitələri yayması, yaymaq niyyətində olması və ya satış məqsədilə hər hansı şəxslə sövdələşməsi müəyyən olunmamışdır. Əksinə, təqsirləndirilən şəxsin özünün narkomaniya xəstəsi olmaqla mütəmadi olaraq kəskin ağrılara məruz qalması bu vasitələri şəxsi istehlakı üçün gətirməsini göstərir. Müdafiəçi hesab ediri ki, qeyd olunan ha llar şəxsin əməlində satış məqsədi olmasını böyük şübhə altına alır. Qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkum və onun müdafiəçisi İ.Z.Həsənova məhkəmə iclasının keçiriləcəyi yer və vaxt barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkum həmin iclasda iştirak etmək arzusunu bildirməmiş, müdafiəçi isə naməlum səbəblərdən həmin iclasda iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası qeyd olunan məsələ ilə bağlı dövlət ittihamçısının rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin (bundan sonra mətndə CPMnin) 519.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə onların iştirakları olmadan baxılması mümkün hesab etmişdir. Hüquqi məsələlər: Göründüyü kim i, işin faktiki hallarını mübahisələndirən müdafiəçisi İ.Z.Həsənova kassasiya şikayətində sübutlara qanuna müvafiq qaydada qiymət verilməyərək Məhkum əməlinin düzgün tövsif edilməməsini, nəticədə isə onun ağır cəzaya məruz qalmasını iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməli olması haqqında tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin (bundan sonra mətndə CPM-nin) 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və y a qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi İ.Z.Həsənovanın şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin təl əblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, s übutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsi ndə təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetiril məsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilər kən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü ma ddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatı nın obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilm əsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətl i halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 2 8.5-ci maddəsi) Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutlar araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya inst ansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş Məhkum heç bir təsir göstərilmədən, müdafiəçilərin iştirakı ilə verdiyi ifadələrlə yanaşı, həmçinin şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Bu sübutların (əsasən də məhkumların və şahidl ərin ifadələrinin) əlaqəli şəkildə təhlilindən görünür ki, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, Məhkum xx xxxx 2018-ci il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində məlum olmayan mənbədən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təsir maddəsinin ümumi miqdarı 2 qram təşkil edən sintetik narkotik vasitə olan 50 ədəd metadon dərman həblərini və külli miqdarda, yəni təsir maddəsinin ümumi miqdarı 51,5 qram təşkil edən narkotik və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan 360 ədəd tramadol dərman həblərini əldə etmiş, aşkar edilməsini çətinləşdirmək üçün iki ədəd üzərinə "Pegah" sözü yazılmış xama qabının birinə narkotik və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol dərman həblərini və digərinə isə sint etik narkotik vasitə olan metadon dərman həblərini ayrı-ayrı bükümlərə yığılmış halda yerləşdirərək saxlamaqla, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, xx xxxx 2018-ci il tarixdə saat 18 radələrində Biləsuvar Gömrük idarəsinin «Qoşa Təpə» gömrük postundan gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirmişdir. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş və məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərin in aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bütün bunlara baxmayaraq, müdafiəçi öz kassasiya şikayətində Məhkum onun barəsində aparılmış cinayət təqibi dövründə həmin psixotrop və güclü təsir edən maddələri satış məqsədilə əldə etməsi barədə fikri olmadığını, narkomaniya xəstəsilikdən əziyyət çəkməsini və kəskin ağrılara məruz qalması səbəbindən həmin maddələri şəxsi istehlakı üçün gətirməsini göstərmiş və buna görə də onun əməinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi, əməlində CM-nin 240.3.2-ci maddəsinin tərkibi olmadığı üçün isə h əmin maddə ilə cinayət təqibinə xitam verilməsi barədə tələb irəli sürmüşdür. Məhkəmə kollegiyasının qənaətinə görə iş üzrə toplanmış sübutlar bu tələbin əsassız olmasına dəlalət edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə ittiham hokmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxs Məhkum qismən etirafedici ifadələrinə, həmçinin şahidlər X15, X8 və X3 ifadələrinə, məhkəmədə tədqiq olunmuş «Malların yoxlanılması haqqında» xx xxxx 2018-ci il tarixli protokola, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli 7012 nömrəli ekspert arayışına, məhkəmə-kimyəvi ekspertizasının xx xxx 2018-ci il tarixli 12259 nömrəli və məhkəmə-narkoloji eks pertizasının xx xxx 2018-ci il tarixli 801 nömrəli rəylərinə, maddi sübutlara və işin digər hallarına istinad edib Məhkum CM-nin 206.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsinə, həmin cinayət əməllərinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına əsaslanmış və sonuncunun göstərilən maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətlərinə görə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, i stehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada, CM-nin 240.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət isə obyektiv və subyektiv cəhətlərinə görə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz külli miqdarda hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satmada ifadə olunur. Cinayət qanunvericiliyinin qeyd olunan normalarına əsasən şəxsin əməlinin CM-nin 234.4.3 və ya 240.3.2-ci maddələri ilə tövsif edilməsi üçün aşağıdakı qeyd olunan üç şərt eyni vaxtda mütləq mövcud olmaldır: - şəxs maddələrin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə etm əlidir; - şəxs maddələrin dispozisiyasında göstərilən əməlləri qanunsuz etməlidir; - narkotik vasitə və ya güclü təsir edən maddə külli miqdarda olmalıdır. Hazırkı iş üzrə məhkum olunmuş şəxsin təqsirliyi bilindiyi CM-nin 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin obyektiv cəhətinə münasibətdə iş üzrə müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal (mübahisəsiz) ondan ibarətdir ki, Məhkum qanunsuz olaraq külli miqdarda sintetik narkotik vasitə olan 50 ədəd metadon dərman həblərini və qanunsuz olaraq külli miqdarda narkotik və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan 360 ədəd tramadol dərman həblərini əldə edib İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirmişdir. Bu hal həm məhkumun etirafedici ifadəsi, həm də digər sübutlarla ta m təsdiq olunur. Məhkum istinad olunan CM-nin 234.4.3 və 240.3.2-ci maddələrində dispozitiv əlamətlərin obyektiv cəhətə aid olan hissəsi mübahisəsiz sübut olunsa da, bunlar sonuncunun əməlində qeyd olunan maddələrdə nəzərdə tutulmuş cinayət tərkibinin yaranmasına kifayət etmir. Belə ki, həmin maddələrin dispozisiyasında motiv və məqsədin konkred göstərilməsi o deməkdir ki, motiv və məqsəd məlum əməlin subyektiv cəhətini xarakterizə edən tərkib alamətidir və əgər bu əlamət çatmırsa, əməldə həmin cinayətlərin tərkibi olmayacaqdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarın dan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-nin 234.4.3 və 240.3.2-ci maddələrinin məzmununa və mənasına görə, şəxsin həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməsi haqda nəticəyə gəlmək üçün onun külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri, habelə bunlara aid olmayan güclü təsir edən maddələri satması ilə yanaşı həmçinin belə vasitə və maddələri satış məqsədilə əldə etməsi, saxlaması, daşıması, gəzdirməsi və ya göndərməsi toplanmış və araşdırılmış sübutlarla təsdiq olunmalıdır. Burada göstərilən maddə və vasitələrin miqdarı, onların daşınması, gəzdirilməsi, saxlanması yerləri, müddəti, şəraiti və üsulu, habelə satışın həyata keçiriməsi üçün müəyyən avadanlığın (məsələn, tərəzinin, qablaşdırmaq üçün üçün avadanlığın) alınması və narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin istifadəçilərinin axtarılması və sair bu kimi halların müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-u bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olun ması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş üzrə müəyyən olunmuş faktiki hallar, yəni məhkum olunmuş şəxs Məhkum şəxsi istehlak miqdarından təxminən 100 dəfə artıq sintetik narkotik vasitə olan 50 ədəd metadon dərman həbləri, habelə küllü miqdarından təxminən 9 dəfə artıq güclü təsir edən maddə olan 360 ədəd tramadol dərman həblərini qanunsuz əldə edib saxlaması, maddələrin iki çeşiddə (həm metadon, həm də tramadol) olması, dərman h əblərinin həm say, nəm də təsiredici miqdarının bir şəxsin müalicəsinə münasibətdə həddindən artıq çox olması, həbləri çeşidinə, formasına və çəkisinə görə ayrı-ayrı bükümlərdə (metadon həbləri bir, ağ rəngli oval-dairəvi formalı və ağ rəngli dairəvi formalı tramadol həblərini ayrıayrılıqda) qablaşdırılması, həmçinin hadisə baş verən vaxta qədər keçən son beş ay ərzində Məhkum demək olar ki, hər ay İran İslam Respublikasına gedib-gəlməsinə, bununla da, onun şəxsi istehlakına (müalicəsinə) yetən sayda, o cümlədən tramadol həbindən külli sayılmayan miqdarda (cinayət məsuliyyəti yaratmayan həddə), yəni həmin maddənin 0,1 qramiıq həbindən 59 ədəd və ya 0,15 qramlıq həbdən isə 39 ədəd qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına gətirməsi imkanına malik olmasına baxmayaraq, sonuncu dəfə külli miqdarda metadon və tramadol həbləri gətirməsi məhkumun qeyd olunan psixotrop və güclü təsir edən maddələri məhz satış məqsədi (niyyəti) ilə əldə edib, daşıyıb, saxlaması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Beləliklə Məhkum yuxarıda göstərilən psixotrop və güclü təsir edən maddələri məhz satış məqsədilə qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirməsi obyektiv olaraq təkcə onun digər sübutlarla təsdiq olunan qismən etirafedici ifadələri ilə deyil, həmçinin obyektiv olaraq dövriyyəsi müvafiq icazə olmadan qadağan edilmiş bu maddələrin miqdarı, onların qablaşdırılması və qaçaqmalçılıq yolu Azərbaycan Respublikasına keçirilməsi üsulu ilə, habelə məhkumun özünün də həmin maddələrdən istifadə etməsini və narkomaniya xəstəliyi ndən əzab çəkməsini təsdiq edən həm məhkumun ifadələri, həm də məhkəmə-narkoloji ekspertizasının rəyi ilə sübuta yetirilir. Bu baxımdan, psixotrop və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuş Məhkum bu əməlləri məhz satış məqsədilə törətməsi barədə birinci və apellyasiya instansiyası məhkəməsinin gəldikləri nəticə ilə kassasiya kollegiyası da razılaşır və hesab edir ki, bütövlükdə məhkumun cinayət əməlləri CM-nin 206.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə, ailə vəziyyətinə və işin digər hallarına, o cümlədən cəzanı yüngülləşdirən hallara uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törət miş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələri ndə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsin ə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkum təqsirli bilinərək məhkum olunduğu CM-nin 206.2, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyalarının təhlili göstərir ki, CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək, CM-nin 240.3.2-ci maddəsinin sanksiyasında dör d ildən səkkiz ilədək, CM-nin 206.2-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarından göründüyü kimi, məhkəmə Məhkum tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı müdafiəçinin kassasiya şikayətində həm göstərdiyi, həm də göstərmədiyi halları – Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlərdə iştirak etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlini qismən etiraf etməsini və peşiman olmasını CM-nin 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü üzr ə məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsini, yəni əməlində cinayətlərin residivi olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi kifayət qədər nəzərə alaraq CM-nin 240.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini 4 (dörd) 6 (altı) ayadək endirmiş, cinayətlərin məcmusu üzrə təyin olunmuş həmin növdə qəti cəzanın müddətini isə 06 (altı) il 06 (altı) ay həddində müəyyən etmişdir. Cinayət işinin materiallarını, kassasiya şikayətində göstərilən halları və müdafiəçinin irəli sürdüyü dəlilləri təhlil edən məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş və həmin məhkəmələrin istinad etdikləri cəzanı yüngülləşdirən hallar müstəsna xarakter daşımır, adı çəkilən məhkum tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar isə müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1-ci maddəsində sadalanan hər hansı pozuntuya yol verildiyini müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 206.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.3 və 240.3.2ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-465/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-465/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver