Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-470/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumun iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, məhkumluğu olmayan, xxx kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2024-cü il tarixli, 1(105)-261/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 1(124)-230/2024 nömrəli hökmü ilə (hakimlər: E.Q.Məmmədov (sədrlik edən), N.N.Hüseynli və N.N.Mirzəyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.G.Rəhimov (sədrlik edən), E.M.Əhmədov və M.Ə.Rzayev) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2024-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirləndirilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əldə edib üzərində saxlayaraq daşımışdı r. Belə ki, Məhkum “Odnoklassniki" sosial şəbəkəsində tanış olduğu özünü İran vətəndaşı kimi təqdim etmiş şəxsiyyəti istintaqa məlum olmayan Hüseyn adlı şəxslə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayaraq satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əldə edilməsi, saxlanması, daşınması və satışı barədə razılaşdıqdan sonra həmin şəxsin istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni 1340,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı müəyyən pul müqabilində Quba rayonundan götürüb Bakı şəhərinə aparması öhdəliyini götürmüş, həmin narkotik vasitənin “Bakı-Quba" avtomobil yolunun Quba rayonu, 2-ci Nügədi kəndi ərazisindən keçən his səsində yerləşən istifadəsiz tikilinin yanındakı dəmir materiallı çəlləyin içərisinə yerləşdirilmiş vəziyyətdə olan 01 ədəd qəhvəyi rəngli çantaya qoyulması barədə x adlı şəxs tərəfindən ona mesaj gəldikdən sonra yaşadığı Bakı şəhərindən çıxaraq, həmin şəxsin “WhatsApp” vasitəsilə göndərdiyi “məkan”a və “şəkil”ə uyğun olaraq qeyd olunan əraziyə gəlmiş və çəlləkdən qəhvəyi rəngli çantanı götürərək əldə edib üzərində saxlamaqla daşımış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 17 mart 2023-cü il tarixdə, saat 06:00 radələrində çantanı götürüb gedən zaman saxlanılaraq həmin yerdə üzərində şəxsi axtarış aparılarkən çantanın içərisindən şəffaf rəngli yapışqan lentlə bükülmüş 02 ədəd qara rəngli sellofan bağlamada ayrı-ayrılıqda xalis çəkiləri 620,0 və 7 20,0 qram olmaqla ümumi xalis çəkisi 1340,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəmə iclasında dövlət ittihamçısı Məmmədov Samir Nazim oğlu Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə irəli sürülmüş ittihamın müdafiəsindən imtina etdiyinə görə onun barəsində CM-nin 234.4.4-cü maddəsi ilə başlanmış cinayət təqibinə 01 mart 2024-cü il tarixli qərarla xitam verilmiş və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona qarşı əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələ ri ilə nəzərdə tutulmuş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, daşınması və saxlanılması cinayətlərinin törədilməsi barədə ittiham irəli sürülmüş, lakin birinci instansiya məhkəməsi tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə o, həmin maddələrlə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası ona aid hissədə hökmü dəyişdirilmədən saxlamışdır. Məhkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətləri olmadığı üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 3 aprel 2024-cü il tarixli qərarını dəyişdirərək, onun əməlinin CM-nin 234.1-1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin no rmalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunduğunu, nəticədə onun əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi onun əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-c ü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəm əsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün on ların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinin dispozisiyalarına görə, həmin normalar (hazırki işin konteksitndə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsinə, saxlanılmasına, daşınmasına və CM-in 234.2ci maddəsində göstərilən digər hərəkətlərə görə cinayət məsuliyy əti nəzərdə tutmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qa nunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa d üşülür. Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. Adı çəkilən 2005-ci il 28 iyun tarixli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı”ya (İ siyahıya) əsasən marixuananın kütləsi 5 qra m təşkil etdikdə xeyli miqdarda, 500 qram olduqda külli miqdarda, 5000 qram olduqda isə xüsusi ilə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların h azırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan hərəkətlərini yuxarıda qeyd olunan normalarla və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayətin tərkibinin olmaması haqqında iddiasının əsassız olduğu, onun əməlində qeyd olunan cinayət tərkibini səciyyələndirən əlamətlərin olması səbəbindən həmin maddələr ilə təqsirli bilinməsinin və cəzalandırılmasının əsaslı və qanuni olduğu müəyyən edilir. Məhkəmələrin həmin halların müəyyən edilmiş sayılmasına, yəni işin həqiqi hallarını təşkil etməsinə dair qənaətləri kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayətmühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən Məhkum və şahidlərin ifadələrinə, "şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokola, Məhkum istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonla 18 dekabr 2022-ci il tarixdən 18 mart 2023-cü il tarixədək olan müddət ərzində götürülmüş məluma tlara (narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması məzmunda yazışmalar aşkar edilmişdir), 17 mart 2023-cü il tarixli, 7/405 nömrəli ekspert rəyinə və digər istintaq hərəkətlərinin protokollarına əsaslanır (hökmdə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında həmin sübutlar ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda yenidən təsvir edilməsini zəruri saymır). Odur ki, məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsi, həmin hallara cinayət qanunu normasının tətbiqi (əməlin hüquqi tövsifi), Məhkum Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi üzrə birinci və apellyasiya instansiyası m əhkəmələrinin çıxardıqları nəticələri şübhə altına almaq üçün heç bir əsas görmür. Məhkum ona təyin olunmuş cəzanın törədilmiş cinayətə uyğun olmaması barədə mövqeyini, onun hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində deyil, 234.1-1-ci maddəsində göstərilən cinayətin tərkibinin olması haqqında dəlillə əsaslandırdığından, bu dəlilin əsassız olduğu isə kassasiya baxışı zamanı müəyyən edildiyindən, kassasiya şikayətində irəli sürülən Məhkum cəzasının yüngülləşdirilməsinə (hətta təqsirli bilindi maddələrlə belə) dair tələb də əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən, həm də onu nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələ üzrə birinci instansiya m əhkəməsinin gəldiyi nəticə yoxlanılarkən məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı yüngülləşdirən hallar – himayəsində iki azyaşlı uşağın olması və cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qər arının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə qarşılıqlı tədqiq edərək, kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib belə qənaətə gəlir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, məhkum tərəfindən verilmiş kassasiya şikayət təmin edilməməli, mübahisələndirilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2024-cü il tarixli, 1(105)-261/2024 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-470/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-470/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver