Məhkəmə qərarları › İş №1(102)-518/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-518/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-518/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-550/2024 nömrəli, 08 avqust 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xxxxx-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, x kəndində qeydiyyatda olmaqla yaşayır. 2. 15 mart 2024-cü il tarixli ittiham aktına görə Məhkuma qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 213-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür. 3. 27 mart 2024-cü il tarixdə Biləsuvar Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 18 dekabr 2023-cü il tarixdə “Mercedes Benz Travego” markalı, X-AE-X dövlət qeydiyyat nişanlı avtobusla İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə sərnişin qismində gələrkən 18 dekabr 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən 1 qutusunun dəyəri 7 manat olan 560 manat dəyərində 80 qutu “Marlboro Gold Edge” markalı və 1 qutusunun dəyəri 3,5 manat olan 105 manat dəyərində 30 qutu “Kent Nanotek 2.0” markalı olmaqla ümumilikdə xeyli miqdarda – 665 manat dəyərində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 110 qutu tütün məmulatlarını (siqa retləri) əldə edərək 2 sellofan torbada yerləşdirib satış məqsədi ilə saxlamış, satmaq üçün özü ilə Bakı şəhərinə gətirərkən həmin gün, saat 7 radələrində Biləsuvar rayonunun inzibati ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində əl yükləri gömrük nəzarəti qaydasında əsaslı yoxlanılmış və əsaslı yoxlama zamanı qeyd edilən xeyli miqdarda tütün məmulatları (siqaretlər) aşkar edilərək götürülmüşdür.

5. Biləsuvar Rayon Məhkəməsinin 1(022)-74/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 213-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəza sına məhkum edilməsi, cəzasının əvvəlinin qazancından tutulmalar aparılmağa başladığı vaxtdan hesablanması, iş üzrə maddi sübut olan və “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 76 qutu “Marlboro Gold Edge” markalı və 28 qutu “Kent Nanotek 2.0” markalı siqaretlərin gömrük prosedurları qaydalarına uyğun olaraq Məhkuma qaytarılması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib, Biləsuvar Rayon Məhkəməsinin 1(022)-74/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli hökmünün maddi sübutla bağlı hissədə dəyişdirilməsi və maddi sübutların dövlət nəfinə müsadirə olunmasını, hökmün qalan hissələrdə qüvvəsində saxlanılmasını xahiş etmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-550/2024 nömrəli, 08 avqust 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 1(022)-74/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli hökmü maddi sübutun həll edilməsi hissəsində dəyişdirilmiş, maddi sübut olan və “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 76 qutu “Marlboro Gold Edge” markalı və 28 qutu “Kent Nanotek 2.0” markalı siqaretlərin “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması qaydalarına uyğun ola raq aksiz markası ilə markalandıqdan (məcburi nişanlama), müəyyən edilmiş dövlət rüsumu ödənildikdən sonra Məhkuma qaytarılması qərara alınmış, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya protestində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə maddi sübut olan və cinayətin bilavasitə predmeti olan 76 qutu “Marlboro Gold Edge” markalı və 28 qutu “Kent Nanotek 2.0” markalı siqaretləri məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə etmək əvəzinə onları Məhkuma qaytarmaqla cinayət qanununun normasını düzgün tətbiq etməmiş, apellyasiya intansiya məhkəməsi də həmin hökmü qüvvədə saxlam aqla eyni nöqsanları təkrarlamış və həmin əsassız və qanunsuz nəticə ilə razılaşmışdır. İş üzə məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 213-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti olan və iş üzrə maddi sübut kimi tanınmış tütün məmulatları olan əmlak Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 132-ci maddəsinə əsasən dövlət nəfinə keçirilməli olduğu halda, xeyli miqdarda maddi dəyəri olmasına baxmayaraq dövlət nəfinə keçirilməmiş, bununla da kobud qanun pozuntusuna yol verilmişdir. Bununla yanaşı məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Aksiz tutulanmallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında” 08 yanvar 2001-ci il tarixli, 10 saylı və “Azərb aycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydalarının təsdiq edilməsi haqqında” 14 fevral 2023-cü il tarixli 48 saylı qərarlarının tələblərini də nəzərə almadan iş üzrə maddi sübut kimi tanınmış tütün məmulatlarını müvafiq rəsmiləşdirilmə aparıldıqdan (aksiz vergisi ödənildikdən və s.) sonra təqsirləndirilən şəxsə qaytarılmasına dair qüvvədə olan normativ hüquqi aktlara əsasən gələcəkdə icrası mümkün olmayan qərar çıxarmışdır. Eləcə də hazırkı xüsusat üzrə qanunvericiliyə söykənən, formalaş mış məhkəmə təcrübəsi ondan ibarətdir ki, bu xarakterli ictimai-təhlükəli əməl üzrə cinayətin predmeti olan əmlak dövlət nəfinə alınmalıdır. Artıq bu kateqoriyadan olan cinayətlər üzrə yüzlərlə məhkəmə hökmləri ilə maddi sübut olan tütün məmulatları xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. Lakin məhkəmə hazırkı iş üzrə buna əsas verən hər hansı xüsusi halın olmamasına, o cümlədən qanunvericilikdə heç bir dəyişikliyin, həmçinin Ali Məhkəmənin hər hansı bir qərarında göstərişin və ya tövsiyənin, eləcə də Konstitusiya Məhkəməsinin bu barədə hər hansı şərhinin olmamasına baxmayaraq, mövqeyini əsaslandırmadan mövcud təcrübədən kənara çıxmış, yeni və yanlış məhkəmə təcrübəsi formalaşdırmaq istəmişdir. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 1(106)-550/2024 nömrəli, 08 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə bir inci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məh kəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini, nəticədə xüsusi müsadirənin tətbiq edilməsi hissəsində səhvə yol verildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azər baycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-550/2024 nömrəli, 08 avqust 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Baxılan kassasiya protesti üzrə dövlət ittihamçısı tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi, cinayətin hüquqi tövsifi və təyin olunmuş cəza mübahisələndirilməmiş, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilməməsi nəticəsində cinayətin predmeti olan və maddi sübut kimi tanınan tütün məmulatlarının müvafiq gömrük prosedur larından keçdikdən sonra məhkum Məhkuma qaytarılmasına dair verilmiş qərarın səhv olduğu, həmin tütün məmulatlarının müsadirə predmeti olması iddia edilmişdir.

18. Protestdə qaldırılan bu məsələyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında əvvəllər baxılmış oxşar kassasiya protesti üzrə cinayət işində qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktına təyin edilən fərqləndirici nişanlı, yəni üç ulduzlu qərarında (İnternet ünvanı https://sc.supremecourt.gov.az/storage/Cinayet/2024/1_1206+24.09.2024.pdf) qaçaqmalçılıqla ölkəyə gətirilən tütün məmulatlarının taleyi ilə bağlı mübahisələrin həlli üzrə artıq hüquqi mövqe bildirilmiş, oxşar hallarda cinayət işi üzrə tanınmış maddi sübutun (əşyanın) şəxsin cinayət törədərkən istifadə etdiyi alət və ya vasitə kimi dəyərləndirilməli və həmin əşyanın dövlət nəfinə müsadirə edilməli olduğuna dair ətraflı əsaslandırma və müvafiq qərar verilmişdir.

19. Məhkəmə kollegiyası Ali Məhkəmənin Cinayət kollegiyasının daha əvvəl qəbul etdiyi qərarında müəyyən edilmiş hüquqi mövqedən çıxış edərək hesab edir ki, baxılan cinayət işində həmin hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi üçün hər hansı əsas aşkar edilmir və kassasiya protesti üzrə əlavə araşdırmanın aparılması üçün lüzum yaranmır, bu səbəbdən yekun nəticənin yuxarıda istinad edilən və vahid məhkəmə təcrübəsini tənzimləyən Ali Məhkəmənin əvvəlki qərarında bildirilənlərə əsaslanmaqla verilməsi mümkündür.

20. Odur ki, Azərbaycan Respublikası CPM-nin 416.1.22 və 416.2-ci maddələrində qeyd edilmiş halın baş verməsinə, yəni hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verildiyindən, kassasiya protesti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-550/2024 nömrəli, 08 avqust 2024-cü il tarixli qərarı ləğv edilməli, cinayət iş yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-550/2024 nömrəli, 08 avqust 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi apellyasiya in stansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar