Məhkəmə qərarları › İş №1(102)-541/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-541/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-541/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ akimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun iştirakları ilə, xx xxxxxxxx 1975-ci il tarixdə Astara şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Astara şəhəri, Azərbaycan küçəsi, ev 118, mənzil 11-də qeyd iyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar Massivi, nömrəsiz fərdi x yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli, 1(103)-1920/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 1(101)-1391/2022 nömrəli hökmü ilə ( hakimlər S.S.Hüseynov (sədrlik edən), A.Ə.Məcidov və Z.Q.Ağayev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 18 mart 2022-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, hər birisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli qərarı ilə, (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), İ.A.İbrahimli və Z.A.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 avq ust 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 qeyri-rəsmi ailə həyatı qurduğu Təqsirləndirilən şəxs2 və dayısı Məhkum ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 2041,916 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və külli miqdarda təmiz çəkisi 553,5 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə etmiş, həmin narkotik vasitədən külli miqdarda təmiz çəkisi 1995,2 qram n arkotik vasitə olan heroini və külli miqdarda təmiz çəkisi 553,5 qram psixotrop maddə olan metamfetamini yaşadığı evdə saxlamış, həmçinin aralarında olan razılığa əsasən satış məqsədilə üzərilərində saxlaması üçün külli miqdarda təmiz çəkisi 15,889 qram narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs2 və külli miqdarda təmiz çəkisi 14,198 qram narkotik vasitə olan heroini Məhkum vermiş, külli miqdarda təmiz çəkisi 16,629 qram narkotik vasitə olan heroini isə üzərində saxlamaqla daşımış, 18 mart 2022-ci il tarixdə gecə saat 00:30 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindikləri ü çün o, Təqsirləndirilən şəxs2 və Məhkum ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar Massivində yaşadıqları evin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən BNMİ-nin inzibati binasına gətirilib orada üzərilərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkcəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 16,629 qram narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs2 əynindəki gödəkcəsinin sol yan cibindən 1 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 15,889 qram narkotik vasitə olan heroin və Məhkum əynindəki gödəkcəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 14,198 qram narkotik vasitə olan heroin, həmin gün yaşadıqları evə keçirilmiş baxış zamanı yaşadıqları evdə mətbəxdən 1 ədəd göy rən gli çantanın içərisində 2 ədəd bağlamada külli miqdarda ümumi təmiz çəkisi 1995,2 qram narkotik vasitə olan heroin, 1 ədəd bağlamada külli miqdarda təmiz çəkisi 535,5 qram psixotrop maddə olan metamfetamin, həmçinin üzərində heroin və metamfetaminin izləri olan 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə o, irəli sürülmüş ittiham sübuta yetirilmədiyi, əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Məhkum iddia edir ki, o taksi fəaliyyəti ilə məşğul olmuş və heç bir cinayətə a idiyyəti olmamış, onun savadsızlığından istifadə olunmuş, aldatmanın nəticəsində müvafiq prosessual sənədlərə imza etməyə məcbur edilmişdir. Məhkum kassasiya şikayətində (məzmunundan) göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə cinayət təqibini istisna edən halların olmasına baxmayaraq əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilmə si üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum kassasiya şikayətindən görünür ki, o, cinayət törətmədiyini, ittihamda və məhkəmə qərarlarında göstərilən narkotik vasitəyə və psixotrop maddəyə aidiyyətinin olmadığını, istintaqda verdiyi ifadələrin polis əməkdaşları tərəfindən saxtalaşdırdığını iddia etməklə, işdə cinayət təqibini istisna edən halların olmasına baxmayaraq onun barəsində əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsi barədə tələbini işin məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarının inkar edilm əsi və özünün işin faktiki hallarına verdiyi fərqli təsvirlər üzərində qurmuşdur. Bu isə onu göstərir ki, məhkum kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlər inə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası Məhkum kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, cinayət təqibini istisna edən halların olmasına baxmayaraq barə sində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və Məhkum məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Həmçinin məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, məhkum kassasiya şikayətindən fərqli olaraq birinci instansiya hökmündən verilmiş olduğu apellyasiya şikayətində törədilmiş əməli ilə bağlı təqsirsiz olmasını iddia etməmiş, sadəcə ona təyin olunmuş cəzadan narazı olduğu üçün təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkumun birinci ins tansiya məhkəməsinin ittiham hökmündən verilmiş şikayətində ona bəraət verilməsi ilə bağlı apellyasiya şikayətinin dəlili irəli sürməməsi, ittiham hökmünü yalnız cəza təyini hissəsində mübahisələndirməsi, apellyasiya məhkəməsinin qərarın qəbul olunandan sonra isə kassasiya qaydasında şikayətini verərək onun ittiham olunan cinayətlə heç bir əlaqəsi olmamasını iddia etməsi məntiqli və ağlabatan görünmür. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi, həmçinin digər məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı etirafedici ifadələri, polis əməkdaşlarının ifadələri, "şəxsi axtarış və götürmə aparılması haqqında”, "baxış keçirilməsi və götürmə haqqında” və "diskə baxış keçirilməsi barədə” 18 mart 2022-ci il tarixli protokolları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2022-ci il tarixli 6/1561 saylı rəyi, sənədlər, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qa nun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Adı çəkilən və digər sübutlar hökmdə təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkum polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğunu, (məhkum hazırkı kassasiya şikayətində eyni dəlillərlə ilə çıxış edir) onun ifadələrin saxtalaşdırılmasını bildirsə də, bu hal hər hansı sübutla təsdiq edilməmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş mü vafiq olaraq şübhəli və təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmiş və həmin ifadələr yuxarıda sadalanan digər sübutlarla tam təsdiq edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların isə müəyyən edilməməsindən, cəzanın təqsi rkarın islah olunmasına və ailəsinin həyata şəraitinə təsirindən çıxış edib Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya inst ansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum, təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli, 1(103)-1920/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxa rıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 21 oktyabr 2022-ci il tarixli, 1(103)-1920/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar