Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-561/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1662/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Kərimov Yusif Əli oğlu tərəfindən ayrı-ayrı lıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx xxxx-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 28 noyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 126.2.4, 221.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 27 dekabr 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Bi rinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə X3 şəhərində naməlum vaxt və şəraitdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,299 qram çəkidə narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamış, 18 may 2023-cü il tarixdə, saat 19:50-də Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində o, Ağcabədi şəhəri, Ə.Talıbov küçəsində saxlanılaraq Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi RPŞ-nə gətirilib üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağıza bükülmüş halda təmiz çəkisi 0,299 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan başqa, o, 28 may 2023-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, mərkəzi parkda yerləşən ictimai yer hesab olunan kafedə ofisiant Zərərçəkmiş şəxs1 bakalda gətirdiyi pivənin masaya dağılmasını bəhanə edib heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub cəmiyyətə açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərərək səs-küy salıb, sonuncunun ünvanına uca səslə nalayiq ifadələr deyib üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçağı silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edib həmin bıçaqla bir dəfə vuraraq döş qəfəsinin ön səthinin sağ yarısının döş boşluğuna nüfuz edən, daxili orqanları zədələməyən deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra öz qərəzli hərəkətlərini davam etdirib hadisə yerinə gəlmiş ictimai qaydanın qorunması üzrə vəzifələrini yerinə yetirən kafenin işçisi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 onu sakitliyə dəvət etdikdə o, xuliqanlıq hərəkətlərini davam etdirib həmin şəxslərə müqavimət göstərib bıçağı silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edib vuraraq qarının ön divarının sol yarısında qabırğaaltı nahiyənin qarın boşluğuna nüfuz etməyən, qarının ön divarının yumşaq toxumalarını zədələyən səthi deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa zərər vurmayan olduğuna görə dərəcəsi təyin olunmayan xəsarətlər, həmçinin Zərərçəkmiş şəxs3 üzərində zor tətbiq edib vuraraq sol bazunun orta-aşağı 1/3-nin arxa-iç səthinin cərrahi tikişi və sol əlin V barmağının əsas falanqasının ovuc səthinin cərrahi tikişə ehtiyacı olmayan (səthi) kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmiş və Zərərçəkmiş şəxs1 insan həyatı üçün təhlükəli olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1184/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhr um etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 (iki) gün müddətin ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 29 may 2023-cü il tarixd ən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkumun müdafiəçisi Kərimov Yusif Əli oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi və Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 62 və 65.2-ci maddələrinin tətbiq edilməklə Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrinin sanksiyalarında müəyyən ediləndən daha yüngül cəzanın təyin edilməsinə dair yeni hökmün qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1662/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır C inayətlər Məhkəməsinin 1(101)-1184/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum və müdafiəçisi Kərimov Yusif Əli oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
9. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, məhkumun əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması ibtidai istintaq və məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmələr əsassız olaraq məhkum edilmiş şəxsin istintaq dövründə özünə qarşı verdiyi etirafedici ifadələrini məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlillərini qəbul etməmişlər. Göstərilən lərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1662/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 62 və 65.3-cü maddələrinin tətbiq edilməklə sonuncuya Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrinin sanksiyalarında müəyyən ediləndən daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan və istintaq hərəkətləri keçirmədən ittiham aktında qeyd olunanları əsas götürərək ədalətsiz, qanunsuz, işin faktiki hallarına uyğun olmayan hökm çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi də həm in səhvi təkrarlamışdır. Verilmiş ekspert rəyi əsasında onda narkomaniya xəstəliyi aşkar olunmamış, onun məcburi müalicəyə ehtiyacının olmaması müəyyən edilmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1662/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 62 və 65.3-cü maddələrini tətbiq edib Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrinin sanksiyalarında müəyyən ediləndən daha yüngül cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılma sı üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən gö ründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum və müdafiəçisi ka ssasiya şikayətlərində məhkumun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi üzrə təqsirliliyinin sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri üzrə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etməklə, xahişlərini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişlər.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəl illəri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1662/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Şəxsin əməlində cinayə t tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət t örətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
22. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mö vqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilmədiyinə dair kassasiya müraciətlərinin dəlillərini əsassız hesab edir.
23. Belə ki, məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törət məkdə özünü təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməkdə təqsiri özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı eləcə də şahidlərin məhkəməyədək dövrdə və məhkəmə qarşısında verdikləri ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, maddi sübut və cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
24. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edi lmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığında n, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum ona ittiham edilmiş cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.
26. Məhkəmə kollegiyası kassasiya müraciətlərinin məhkum edilmiş şəxsə Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri üzrə Azərbaycan Respublikası CM-nin 65.3-cü maddəsinə əsasən 62-ci maddəsinin tətbiq edilməsinə dair dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir.
27. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cin ayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (“Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları).
28. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictim ai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
29. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
30. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edil ir.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
32. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınmas ı tələb olunur.
33. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin mənasına görə isə cəzanı yüng ülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
35. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin nəzərdə tutduğu (həmin Məcəllənin 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir ed ib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir.
36. Qeyd olunan cinayət-hüquqi normalarına və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla kassasiya şikayətlərinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisədə yoxlanıldıqda, məhkum barəsində Azərbaycan Resp ublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəzanın təyin edilməsi haqqında iddiaların əsassız olduğu müəyyən edilir.
37. Məhkəmə kollegiyası məhkəmələrin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, məhkəmələr tərəfindən məhkuma təyin edilən cəza onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyasında təhlükəli residivə görə müəyyən edilmiş həddindədir və maddi cinayət-hüquqi normalarına uyğundur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, hazırda fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarını Məhkum cəzasının yüngülləşdirilməsinə (barəsində Azərbaycan Respublikası CM-nin 65.3-cü maddəsinə əsasən Azərbaycan Respublikas ı CM-nin 62-ci maddəsinin tətbiq edilməsi məsələsi daxil olmaqla) imkan yaradan hallar kimi qiymətləndirmək üçün əsas yoxdur.
38. Müvafiq olaraq, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər, məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsaslar aşkar edilmir.
39. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkumlara müdafiələrinin əlverişli qaydada təşkil etmələri və öz mənafelərini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
40. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
41. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1662/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qərarı dəyişdiril mədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və müdafiəçisi Kərimov Yusif Əli oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1662/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.