Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-569/2023 16.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1275/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dö vlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxx 1980-ci il tarixdə Salyan rayonu, Xalac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi sürücü işləmiş, məhkumluğu olan, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamışdır. 2. 16 fevral 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham verilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 2 noyabr 2021-ci il tarixdə, sa at 4:30 radələrində idarə etdiyi “Ford Transit” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-QazaxGürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən 59,8-ci kilometrliyində Bakı istiqamətində üç zolaqlı yolun orta zolağı ilə 90 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi il digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və onun həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək, sükan arxasınd a yuxuladığından idarə etdiyi avtomobilin qabaq sağ tin hissəsi qarşısında eyni istiqamətdə sağ hərəkət zolağı ilə 30-40 km/saat sürətlə hərəkətdə olan Şahid idarə etdiyi “Howo ZZ3257N3847A” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol tin və sol yan hissələri ilə toqquşmuş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan iki şəxsin ölümünə, yəni “Ford Transit” markalı avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs1 baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan sağ almacıq, alt çənə sümüklərinin sınıqları və başın alın, sağ qaş və sağ göz ətrafı nahiyələrinin, başın sağ gicgah nahiyəsinin əzilmiş-cırılmış yaraları, sağ baldırın orta 1/3- nin dəri defektli əzilmiş-cırılmış yarası ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəl i olan, sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində, Zərərçəkmiş şəxs2 baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan sağ gicgah nahiyəsinin dərialtı hematoması, sağ bazunun qançırı ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran bədən xəsarətləri alaraq xəstəxanaya aparılarkən yolda ölmələrinə, Zərərçəkmiş şəxs3 daxili qanaxma ilə müşayiət olunan qaraciyərin cırılması (cərrahi əməliyyatla bərpası), sağ baldır sümüklərinin yuxarı 1/3-nin qapalı, yerdəyişən sınığı (cərrahi əməliyyatla bərpası), sağ baldırın yuxarı 1/3-nin kəsilmiş yarası ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran bədən xəsarəti almasına, habelə “Howo ZZ3257N3847A” markal ı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs4 6.482 manat maddi ziyan yetirilməsinə səbəb olmuşdur.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-761/2022 nömrəli, 29 aprel 2022ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi hökm edilmiş, hökmlə digər məsələlər də həll edilmişdir.
5. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verib Məhkuma təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində (beş il müddətinə) c əza təyin edilməklə hökmün dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1275/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-761/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
7. Hazırda apellyasiya instansiyası məhkəməsini n həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Kassasiya protestinin əsası kimi qeyd edilmişdir ki, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmaqla Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə məhkum olunmuş Məhkumluğu ödənilmədiyi halda ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkum edildiyi Cinayət Məcəlləsinin maddəsinin sanksiyasının minimum həddinə endirməsi anlaşılan deyildir. Məhkəmə Məhkum təyin edilmiş cəzanı azaldarkən cinayət qanununun normalarının tələblərinə əməl etməmiş, törədilmiş cinayətn xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə əhəmiyyət verilməmişdir. Məhkəmə cinayət qanununun müvafiq normalarının tələb lərini və Ali Məhkəmənin Plenum qərarının tövsiyələrini nəzərə almamış, Məhkum barəsində onun şəxsiyyətinə və törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddə cəza təyin etmiş, yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etməklə həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirməklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1275/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsini və işin yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsini xahiş edir.
9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və y a apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudları nı Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Dövlət ittihamçısı kassasiya protestində Məhkum təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Ba kı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1275/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalət in bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələr inin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
17. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
18. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarak teri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
19. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
20. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərə n əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
21. Kassasiya protestinin dəlilləri yuxarıda qeyd olunan cinayət-hüquqi normalarına əsaslanmaqla baxılan işin müvafiq materialları ilə müqayisə edilib yoxlanildıqda, müraci ətdə irəli sürülmüş tələbin əsaslı olduğu müəyyən olunur.
22. Belə ki, Məhkum ehtiyatsızlıqdan iki nəfərin ölümü, bir nəfərin isə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə (yol hərəkəti qaydalarını pozmaqda) təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
23. Cinayət Məcəlləsinin həmin maddəsində göstərilən cinayətə görə əsas cəza qismində 5 (beş) ildən 10 (on) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərə tutulmuşdur.
24. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələri isə cəzaçəkmə yeri kimi ehtiyatsızlıqdan törədi lmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum edilmiş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrini, beş ildən artıq müddətə azadlıqdan məhrum edilmiş şəxslər üçün isə ümumi rejimli cəzaçəkmə müəssisələrini müəyyən edir.
25. Beləliklə, Cinayət Məcəlləsinin 263.3-cü maddəsi bu maddə ilə təqsirli bilinən şəxslərə beş il və beş ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmək (seçim etmək) imkanlarını nəzərdə tutduğundan, təyin olunmuş cəza müddətindən asılı olaraq, cəzaçəkmə yeri qismində onlara ümumi rejimli cəzaçəkmə müəssisəsi və yaxud ondan daha mülayim saxlanma şərtləri olan, o cümlədən şəxsin cəzaçəkmə müəssisəsindən kənarda olmaqla sərbəst hərəkət etməsini mümkün edən məntəqə tipli cəzaçəkmə müəssisəsi təyin edilə bilər.
26. Bir tərəfdən cinayət qanunu normasında bu cür seçim etmək (şəxsi 5 il müddətə cəza təyin edib məntəqəyə göndərmək və ya 5 ildən artıq müddətə cəza təyin edib ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərmək) imkanının mövcudluğu, digər tərəfdən isə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cinayət cəzasının məhkumun islah edilməsini, sosial ədalətin bərpasını, özü və digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin etməli olan cinayət-hüquqi tədbir kimi təsbit edilməsi onu deməyə əsas verir ki, Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinən şəxsə təyin olunan cəzanın həmin Məcəllənin 41.2-ci maddəsinin nəzərdə tutduğu cəzanın məqsədlərini təmin edə bilib-bilməyəcəyini düzgün qiymətləndirmək üçün yalnız cəzanın müddətindən çıxış etmək kifa yət etmir, bu zaman həmin cəzanın hansı növ cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna da əhəmiyyət verilməlidir.
27. Çünki, məntəqə tipli cəzaçəkmə müəssisəsində və ümumi rejimli cəzaçəkmə müəssisəsində məhkumların saxlanılma şərtləri, xüsusilə də şəxsin azadlıq hüququna və sərbəst hərəkət etmək imkanlarına qoyulan məhdudiyyətlərin dərəcəsi arasında ciddi fərq olduğundan (məntəqə tipli cəzaçəkmə müəssisəsində olan şəxs üçün hətta müəssisədən kənarda sərbəst hərəkət etmək imkanı nəzərdə tutulduğundan), konkret təqsirkarın şəxsiyyətini səciyyələndirən hallardan asılı olaraq, bir məhkum üçün - onun islah edilməsi perspektivləri baxımından - məntəqə tipli cəzaçəkmə müəssisəsi yetərli olduğu halda, digər məhkumun islah edilməsi, onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alı nması üçün həmin növ müəssisənin qaydaları və qoyduğu məhdudiyyətlər kifayət etməyə, onun azadlığının daha ciddi şəkildə məhdudlaşdırılması tələb oluna bilər. Odur ki, belə hallarda cəzanın təyini (təyin olunmuş cəzanın yoxlanılması) məsələlərinə baxılması zamanı təqsirkar şəxs üçün onun islah olunmaq perspektivləri baxımından hansı - ümumi rejimli, yoxsa məntəqə tipli cəzaçəkmə müəssisəsinin daha münasib olması məsələsi təqsirkarın şəxsiyyətini xarakterizə edən hallardan asılı olaraq araşdırılmalı və düzgün həll edilməlidir.
28. Yaxud təqsirkarın törətdiyi cinayətin xarakteri, ictimai təhlükəliliyi, cinayətin törədilmə halları, meydana gətirdiyi ictimai-təhlükəli nəticələr elə məzmun daşıya, ciddi və ağır ola bilərlər ki, cəmiyyətin nəzərində, o cümlədən zərərçəkmiş şəxslərin qohumlarının, yaxınlarının baxışında məhkuma təyin olunmuş, onun məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməsinə, o cümlədən müəssisədən kənarda olmasına səbəb olmuş cəza obyektiv olaraq sosial ədaləti bərpa etməyən tədbir kimi görünə bilər.
29. Belə olan halda həmin cəza digər şəxslərə münasibətdə də öz xəbərdaredici (çəkindirici) rolunu səmərəli şəkildə yerinə yetirə bilməz.
30. Məhkəmə kollegiyasının bu fikirləri ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının yekun qərarını müqayisə etdikdə isə görünür ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinin sanksiyası həddində təyin edilmiş (5 il 06 ay müddətə) azadlıqdan məhrum etmə cəzasının müddətini 05 (beş) ilə dəyişdirərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin nəzərdə tutduğu halları və məhkumun islah olunması, sosial ədalətin bərpa edilməsinin təmin edilməsi, digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından həmin cəzanın və cəzaçəkmə müəssisəsinin növünün törədilmiş cinayətin xarakterinə, ictimai-təhlükəlilik dərəcəsinə, törədilmə hallarına, meydana gətirdiyi ictimai-təhlükəli nəticələrə uyğun olub-olmadığını lazımınca araşdırmamışdır.
31. Belə ki, iş materiallarından göründüyü kimi, Abıyev X4 Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 13 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmişdir. Həmçinin, Məhkum tərəfindən törədilən cinayət nəticəsində iki nəfər ölmüş və bir nəfər isə ağır bədən xəsarətləri almışdır. İşin hallarından göründüyü kimi, hazırki halda cinayətin ictimai təhlükəliliyinin dərəcəsi iki nəfər şəxsin ölümündən və bir nəfərin ağır bədən xəsarəti almasından ibarət olan ağır nəticənin baş verməsidir.
32. Cinayətin ictimai-təhlükəliliyini xarakterizə edən bu halların fonunda apellyasiya instansiya məhkəməsinin Məhkum təyin edilmiş cəzanın dəyişdirməsi onu göstərir ki, məhkəmə təyin olunmuş cəzanın icrası (məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinin) vasitəsi ilə cəza məqsədlərinin təmin edilibedilməyəcəyinə (o cümlədən, cəzanın məhkumun islah edilməsi, sosial ədalətin bərpa edilməsi, digərlərini cinayət törətməkdən çəkindirmək üçün kifayət edibetməməsinə ) lazımi əhəmiyyəti verməmişdir.
33. Təsvir olunanlar onu göstərir ki, kassasiya protesti əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin, eləcə də Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsinin pozuntularına, nəticə etibarı ilə həmin Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən hala yol verilmişdir.
34. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1275/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apell yasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 07 iyul 2022-ci il tarixli, 1(103)-1275/2022 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.