Məhkəmə qərarları › İş №1(102)-605/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-605/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-605/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxxxx 1979-cu ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə m əhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2022-ci il tarixli, 1(107)-321/2022 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 1(025)-14/2022 hökmü ilə (hakim: E.B.İsayev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum ibtidai istintaq zamanı tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) a y 08 (səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) ay 16 (on altı) gününə bərabər tutulmaqla ona təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 02 (iki) il 07 (yeddi) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2022-ci il tarixli qərarı ilə, (hakimlər: A.M.Eyvazov (sədrlik edən),G.Q.Abbasov və G.İ.Cavadova) apellyasiya protesti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli hökmü verilmiş apellyasiy a protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2022-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə keçmiş SSRİ dövlətində 1960-cı ildə İjevsk silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, H-3615 nömrəli, 28 və 5,6 mm kalibrli, İJ-56-3 (Belka- 3) modelli, çaxmaqlı, kombinə edilmiş hamar və yivli qoşa lüləli 01 ədəd odlu silah ov tüfəngini, 1963-cü ildə Tula silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, 5283 nömrəli, 5,6 mm kalibrli, TOZ-17 modelli, sürgülü özözünə dolan 01 ədəd odlu yivli silah ov karabinini, zavod ü sulu ilə hazırlanmış TOZ-17 modelli karabinin komplekt hissəsi olan 01 ədəd darağı, zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və tOz modelli yivli tüfəngdən atəş açmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı döyüş sursatı hesab edilən 43 ədəd patronu qanunsuz olaraq əldə edib üzərində qanunsuz daşımaqla Qəbələ şəhəri, V.Qəhrəmanov küçəsi, ev 1 ünvanında gizlətməklə qanunsuz saxlamış, Məhkum qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək yaşadığı ünvanda saxlaması və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsin də Məhkum 05 aprel 2022-ci il tarixdə saat 16.20-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3 razılığı və iştirakı ilə həmin gün saat 18.22-dən etibarən keçirilən baxış zamanı evin sol hissəsində yerləşən köməkçi otağın giriş qapısından sol tərəfdəki qaz sobasının arxa hissəsindən 01 ədəd H3615 nömrəli, 28 və 5,6 mm kalibrli, İJ-56-3 (Belka-3) modelli odlu silah yivli qoşa lüləli ov tüfəngi, daha sonra evin birinci mərtəbəsində dəhlizin sağ tərəfində yerləşən otağın giriş qapısından sol tərəfdəki karton qutuların arxasından sarı rəngli parça bağlamada 01 ədəd 5283 nömrəli, 5,6 mm kalibrli, TOZ-17 modelli odlu silah yivli ov karabini, zavod üsulu ilə hazırlanmış TOZ-17 modelli karabinin komplekt hissəsi olan 01 ədəd daraq və 43 ədəd 5,6 mm kalibrli döyüş sursatı hesab edilən patron aşkar edilərək götürülmüşdür. Bununla da Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum əməlindən səmimi peşman olması, təqsirini etiraf etməsi əsassız olaraq, o cümlədən Cinayət Məcəlləsinin 72-ci maddəsində göstərilən “səmimi peşmançılıq” anlayışının ziddinə olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilmiş, ona Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə şəxsiyyətinə, təqsirli bilindiyi cinayətin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına uyğun olmayan həddindən artıq yüngül – azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Dövlət ittihamçısı kassasiya protest ində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kass asiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum cəzasını yüngülləşdirən əlavə hal olmadığı halda, şəxsiyyətinə, törədilmiş cinayətin x arakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2022ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qey d edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həy at şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61- ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Belə ki, Azərbaycan Respub likası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPMin 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” y üngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkararlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum təyin olunmuş cəzanın açıq-aydın yüngül olmasına dəlalət etmədikləri müəyyən olunur. Belə ki, kassasiya protestində qeyd olunduğu kimi Məhkum Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – qanunsuz olaraq odlu silahı və döyüş sursatlarını əldə etmə, saxlama, daşıma və gəzdirmə Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında 2 (iki) ilədək müddətə islah işləri, 1 (bir) ildən 3 (üç) ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 (üç) ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkum isə CM-in 228.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, yəni sanksiya daxilində və Cinayət Məcəlləsinin 42-ci maddəsində əksini tapmış sıralamaya görə islah işləri ilə müqayisədə daha ağır növdə və ən yuxarı həddə cəza təyin edilmişdir. Baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş, Məhkum cinayəti səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himаyəsində 2 azyaşlı övladı olmaqla ailəsinin yeganə qazanc gətirən şəxs olmasını, cəzanı yüngülləşdirən hallar kimi, məhkəmə prosesinin gedişində də təqsirləndirilən şəxsin müsbət fərdi-psixi xüsusiyyətləri, onun, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirməsi isə şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alınmışdır. Məhkəmə kolleg iyası hesab edir ki, Məhkum himayəsində 2 azyaşlı övladı olması cəza təyini zamanı (CM-nin 59.1.4) mütləq nəzərə alınmalı yüngülləşdirici hal olmaqla yanaşı, təqsirkar şəxsin ilk dəfə məhkum olunması, yaşayış yerindən müsbət xarakterizə olunması, cinayət törətdiyinə görə peşman olduğunu bildirməsi də onu kriminal meyilli, əvvəllər məhkum olunmuş və yaxud cinayətə görə özünü məzəmət etməyən şəxslərdən fərqləndirmək üçün ağlabatan əsaslardır. Cinayət Məcəlləsinin 59.2-ci maddəsi isə məhkəmələrə belə halları, onların CM-in 59.1.1-59.1.14-cü maddələrində birbaşa qeyd olunmamasına baxmayaraq, cəzanı yüngülləşdirən hallar qismində nəzərə almağa hüquq verir. Bu səbəbdən, eləcə də müəyyən edilmiş həmin hallar müvafiq sübutlara əsaslandığından, məhkəmələrin onları cəzanı yüngülləşdirən hallar qismi ndə nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası ayrıca olaraq dövlət ittihamçısının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin müddəalarına istinad etməklə səmimi peşmançılığın əsassız olaraq cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasına dair hüquqi mövqeyinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, dövlət ittihamçısının fikrincə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə əsasən səmimi peşmançılıq ancaq cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi halların hamısı mövcud olduqda müəyyən edilmiş sayıla bilər. Həqiqətən də, “Səmi mi peşmançılıqla bağlı cinayət məsuliyyətindən azad etmə” adlanan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsində təsbit olunmuşdur ki, “böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər” Lakin, CM-in 72.1-ci maddəsində səmimi peşmançılığın bütün mümkün olan formaları sadalanmır. Burada səmimi peşmançılığın yalnız şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən təzahür formaları göstərilmişdir. Bunun əksini düşünmək, səmimi peşmançılığın yalnız böyük ictimai təhlükə törətməyən cinayətləri törətmiş şəxslərə xas olan və başqa heç bir insa nın (o cümlədən başqa təsnifatlara aid cinayətləri törədən şəxslərin) keçirmədiyi hiss kimi qəbul edilməsi olardı. Halbuki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti törədən şəxs tərəfindən yaşana və bir çox, o cümlədən CM-in 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Şəxsin cinayət törətdiyi üçün peşman olmasını bildirməsi onun əvvəlki kriminal davranışına tənqidi münasibətini əks etdirən mühüm əlamətlərdən biridir və Cinayət Məcəlləsinin heç bir norması, o cümlədən müstəsna olaraq cinayət məsuliyyətindən azad etmə üçün səmimi peşmançılığın könüllü gəlib təqsirini boynuna alma, cinayətin üstünün açılmasına fəal kömək etmə, cinayət nəticəsində dəymiş ziyanı ödəmə və ya vurulmuş ziyanı aradan qaldırma ki mi fəal hərəkətlərlə müşayiət olunmasını tələb edən 72-ci maddəsi də həmin halın CM-in 59.2-ci maddəsinə əsaslanmaqla cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasının qarşısını almır. Odur ki, məhkəmələrin sözügedən halı və yuxarıda göstərilən digər xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Məhkəmələrin baxılan işdə cəzanı ağırlaşdıran halların olmamasına dair qənaətləri də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Kassasiya protestində məhkuma daha ağır cəzan ın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar da CM-in 61-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər. Kassasiya protestində göstərilən – Cinayət Məcəlləsinin 228.1-ci maddəsində təsbit edilən cinayətin obyektini, ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən əməlin ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə yönəlməsi, qəsdən törədilməsi, az ağır cinayət olması kimi hallar CM-in 228.1-ci maddəsinin sanksiyası müəyyən olunarkən qanunvericinin nəzərə aldığı xüsusiyyətlərdir və onun tərəfindən həmin xüsusiyyətlərlə törədilmiş əməllərə görə nəinki 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası, hətta ondan da yüngül – islah işləri növündə cəzanın təyin edilməsi mümkün görülmüşdür. Qeyd olunan halların fonunda Məhkum birinci instan siya məhkəməsi tərəfindən təyin olunmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən halların, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Məhkəmələrin cəzanın təyini məsələsinə yanaşmaları Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edil məsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halın müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dai r dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində 31 avqust 2022-ci il tarixli, 1(107)-321/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2022-ci il tarixli, 1(107)-321/2022 nömrəli qərarı döv lət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar