Məhkəmə qərarları › İş №1(102)-618/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-618/2019

15.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-618/2019 15.05.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 618/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "15" may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum, Müdafiəçi – fərdi fəaliyyət göstərən vəkil fəaliyyət göstərən v əkil İslamov Nicat Qurbanəli oğlu, Zərərçəkmiş şəxs iştirakları ilə Masallı rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 dekabr 2018-ci il tarixli qərarından Məhkum, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ilə birlikdə verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Masallı rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Musayev Nemət Əlimusa oğlu) xx xxxxxx 1950-ci il tarixdə Masallı rayonu, Sirəbil kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, dul, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Sirəbil kəndində qeydiyyatda yaşayan Məhkum Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancından dövlət nəfinə 10% məbləğdə pul tutulmaqla 06 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Masallı rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 15 mart 2018-ci il tarixdə saat 16 radələrində yaşadığı evin həyətində torpaq bölgüsü ilə bağlı yaranmış mübahisə zamanı dəmir metaldan hazırlanmış təkərli uşaq arabası ilə bir neçə dəfə qohumu Zərərçəkmiş şəxs sağ qolundan qəsdən vuraraq ona sağ dirsək mil sümüklərinin qapalı sınığı, sağ əlin ikinci barmağının sıyrığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Hökmdən Məhkum v ə Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Cəfərov Rafiq Musa oğlu, hakimlər Camalov Etibar Əli oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 04 dekabr 2018-ci il tarixli qərarı ilə Masallı rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 dekabr 2018-ci tarixli qərarından Məhkum kassasiya şikayəti verərək birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya məhkəməsinin qərarını ləğv edərək əməlində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ilə birlikdə kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini, cinayət əməlinin düzgün tövsif olunmasını və Məhkum azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmələr şübhəli məqamları təqsirləndirilən şəxs kimi onun xeyrinə həll etməli olduğu halda, ziyanına həll etmiş, o, hadisə vaxtı zərərçəkmiş şəxsə qəsdən az ağır dərəcəli bədən xəsarəti yetirməyinə görə ittiham verilsə də, bu zaman məqsədinin ona qəsdən xəsarət yetirilməsinin olması, həmçinin zərərçəkmişin bədəni üzərində olan xəsarətin onun zərbəsinin nəticəsində yaranması ilə bağlı işdə ziddiyyətli məqamlar vardır. Lakin həm birinci insta nsiya, həm də apellyasiya instansiyası məhkəməsi bu şübhəli məqamları xeyrinə tövsüf etməli olduğu halda prosessual normaların tələblərini pozmuş və cinayət qanunu normasını düzgün tətbiq etməmişlər. Həmçinin şikayətdə qeyd edilmişdir ki, onun barəsində cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarılmışdır. İş materialından görünür ki, onun zərərçəkmiş şəxsi vurmağı onun həyətinə keçərək quş damını sökməsinə görə olmuş, zərərçəkmişi həyətindən çıxarmağa çalışsa da, əhəmiyyəti olmamış, o, gözünün qabağında əmlakı olan quş damını sökməyə başlamış, məhz onun bu hərəkətlərinin, yəni əmlakını məhv edib yararsız hala salmasının qarşısını almaq üçün onu vurmaq məcburiyyətində qalmışdır. Göründüyü kimi, hadisə vaxtı əmlakını qorumaq məcburiyyətində qaldığından zəruri müdafiə vəziyyətin də olmuş, zərərçəkmişin bədəni üzərində olan xəsarətin tərəfindən yetirilməsini fərz edilsə belə, həmin vəziyyətdə zərərçəkmişə yetirilmiş xəsarətə görə Azərbaycan Respublikası CM-nin 36-cı maddəsinə əsasən məsuliyyət daşımamalıdır. Yuxarıda göstərilən hallar təqsirliliyinin sübuta yetirilməməsini və əməlində cinayət tərkibinin olmamasını göstəirir. Bu hallar isə Azərbaycan Respublikası CPM-nin 42.1.2 və 42.1.4-cü maddələrində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılması üçün nəzərdə tutulmuş hallardır. Lakin birinci instansiya məhkəməsi cinayət tərkibinin əlamətləri olmadan barəsində ittiham hökmü çıxarmış, apellyasiya instansiyası məhkəməsi də həmin hökmü dəyişdirmədən qüvvədə saxlamaqla qanunvericiliyin tə ləbini pozmuşdur. Bu hal isə Azərbaycan Respublikası CPM-nin 416.0.6-cı maddəsinə əsasən birinci və apellyasiya instansyiası məhkəməsinin hökm və qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq müdafiə tərəfi birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya məhkəməsinin qərarını ləğv edərək əməlində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı Məhkum törətdiyi cinayət əməlinə düzgün qiymət verilməmiş, belə ki, Məhkum cinayət əməli CM-nin 127.1-ci maddəsi ilə deyil həmin Məcəllənin 127.2.3 və ya 221.3-cü maddəsi tövsüf olunmalı i di. Çünki o, onu vurduğu vaxt onunla tək olmamış, həmçinin vurulan zaman ətrafda bir çox insanlar olmuş, bu vəziyyət həmin insanların narahatçılığına səbəb olmuşdur. Eləcə də təqsirləndirilən şəxs onu əlində olan və silah qismində istifadə etdiyi alətlə vurmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında həmçinin qeyd edilmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığı na zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyilli ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. İki nəfərdən artıq insanın bir yerdə olduğu mühit artıq cəmiyyət sayılır. Onlarda Üzeyirlə hadisə baş verən zaman onun həyətində olsalar da belə ikimiz deyil yanımızda Varis və evində ailəsi olmuş və bu hal artıq cəmiyyətin yaranması deməkdir. Buradan da görünür ki, Məhkum əməlində CM-nin 127.1-ci maddəsinin deyil CM-nin 127.2.3 və ya 221.3-ci maddəsinin tərkibinin əlamətləri vardır. Qeyd o lunanları nəzərə alaraq zərərçəkmiş şəxs və onun nümayəndəsi apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini, cinayət əməlinin düzgün tövsif olunmasını və Məhkum azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin öz kassasiya şikayətinin təmin olunması, zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin olunmamasını, zərərçəkmiş şəxsin öz kassasiya şikayətinin təmin olunması, məhkumun kassasiya şikayətinin təmin olunmaması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətl əri təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 dekabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və qərardan görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. Məhkum hərəkəti Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin tərkibini yaratdığı üçün düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticə iş materiallarına, işin faktiki hallarına və qanun tələblərinə tam uyğundur, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, müdafiə tərəfinin və zərərçəkmiş şəxsin kassasiya şikayətlərinin dəlilləri də buna əsas vermir. Belə dəlil lər apellyasiya şikayətlərində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsi apellyasiya şikayətlərinin həmin dəlilləri ilə əlaqədar iş üzrə sübutları təhlil edərək onların məcmusuna əsaslanıb qərarında qeyd etmişdir ki, “...məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə ittiham olunmuş Cinayət Məcəlləsinin 127.1-ci maddəsi üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum edilmiş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət -prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə məhkum edilmiş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq olunmuş ekspert rəyi, işdə olan istintaq hərəkətlərinə dair digər sənədlərlə Məhkum Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, həmin maddələrlə onun təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum qeyd edilən cinayət əməlini törətmə si ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən yuxarıda sadalanan sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim ed ilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və məhkum edilmiş şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər-hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin apelyasiya şikayətinin təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayət əməlinin Cinayət Məcəlləsinin 127.2.3-cü və ya 221.3-cü maddəsi ilə tövsif edilməli olmasından ibarət və məhkum edilmiş şəxsin apelyasiya şikayə tinin əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə bəraət verilməli olmasından ibarət dəlilləri ilə bağlı qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum Cinayət Məcəlləsinin 127.1-ci maddəsində göstərilən cinayət əməlini törətməsi onun özünün, Zərərçəkmiş şəxs, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10, X2, X7, X3, X11, X13, X4, X1, X5 və ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X6 verdikləri ifadələrlə, məhkəmə-tibbi ekspertizasının 17 mart 2018-ci il tarixli, 148 nömrəli rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin apelyasiya şikayətinin və müdafiə tərəfinin məhkum edilmiş şəxsin təqsirli olmamasından və ona bəraət verilməli olmasından ibarət dəlillərini cinayət məsul iyyətindən yayınmaya cəhd kimi qiymətləndirir. Belə ki, məhkum edilmiş şəxs Məhkum birinci instansiya məhkəməsində heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən onlara elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət hadisəsi baş vermişdir və Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin tərkib əlamətləri vardır. İbtidai istintaq orqanı tərəfindən Məhkum əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, işə baxan birinci instansiya məhkəməsi də haqlı olaraq onu həmin maddə ilə təqsirli bilmişdir. Məhkum edilmiş şəxs Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədil miş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetm ə cəzası nəzərdə tutulmuşdur. Məhkum birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancından dövlət nəfinə on faiz məbləğdə pul tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Məhkum edilmiş şəxs Məhkum cəza təyini ilə bağlı məsələnin müzakirəsi zamanı aydın oldu ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum əməlini səmimi etiraf edərək peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar hesab etmiş, cəzasını ağırlaşdıran hal müəyyən etməmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dər əcəsini nəzərə alaraq, onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməyi qanuni və ədalətli hesab etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum yuxarıda göstərilən cəzasını yüngülləşdirən halların məcmusu, yaşlı olması (68 yaş), habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri, cinayətin törədilməsindən sonra davranışı ona Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan nisbətən yüngülünün, yəni islah işləri cəzasının təyin olunmasına əsas verir. Birinci instansiya məhkəməsinin təyin etdiyi bu cəza ədalət və humanizm prinsiplərinə uyğundur. Məhkum daha ağır cəza verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilər kən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və agırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyinetmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik d ərəcəsi, onun şəxsiyyəti, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq, qanuni və ədalətli nəticə çıxarılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti ilə də razılaşır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallar a, həmçinin apelyasiya şikayətləri üzrə apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, Zərərçəkmiş şəxs və məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmədən, Masallı Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 1(050)93/2018 nömrəli hökmü apelyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi məhkumun və zərərçəkmiş şəxsin apellyasiya şikayətlərinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarında göstərmiş, bunlara dair gəldiyi nəticəni toplanmış və tədqiq edilmiş sübutlara (onların məcmusuna), işin digər faktiki hallarına, qanunun normalarına istinad edərək ətraflı şərh etmə klə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Cəza təyini məsələsinə gəldikdə məhkəmə k ollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərd ə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Şikayətdə cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassa siya şikayətləri təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar