Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-639/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-213/2024 nömrəli, 02 fevral 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı q ərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 10 mart 1985-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, məhkumluğu olmayan, Astara rayonu, Ərçivan kəndində qeydiyyatda olmaqla yaşamışdır.
2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-465/2019 nömrəli, 22 oktyabr 2019-cu il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqd an məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaqla qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 06 dekabr 2018-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
3. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkumun oktyabr 2023-cü il tarixdə verdiyi apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti 19 oktyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur.
4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-465/2019 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərarı i lə məhkum Məhkumun hökmdən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatəti təmin edilməmişdir.
5. Qərardan Məhkum apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-213/2024 nömrəli, 02 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-465/2019 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Məhkum kassasiya şikayətində hökmün surətinin ona rəsmi qaydada təqdim edilmədiyindən qanunvericiliklə müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək hüququndan istifadə edə bilmədiyini əsas gətirərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-213/2024 nömrəli, 02 fevral 2024-cü il tarixli qərarının ləğv olunmasını, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qəra rının elan olduğu andan 20 (iyirmi) gün müddətində ittiham hökmü çıxarıldıqda verilir.
11. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.
12. Baxılan cinayət işinin materiallarından müəyyən edilir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-465/2019 nömrəli, 22 oktyabr 2019-cu il tarixli hökmü məhkum Məhkumun və müdafiəçisinin iştirakı ilə apellyasiya şikayəti vermək hüququ və qaydası da izah edilməklə elan edilmiş, hökmün surəti 25 oktyabr 2019-cu il tarixdə onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmiş və 04 noyabr 2019-cu il tarixdə məhkum tərəfindən qəbzə imza edilməklə qəbul edilmişdir.
13. Bununla belə, məhkum Q.Ş.Nəsirov birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətini və bunun üçün qanunvericiliklə müəyyən edilmiş və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətini oktyabr 2023-cü il tarixində vermiş, 11 oktyabr 2023-cü il tarixdə cəza çəkdiyi Azərbaycan Respublikası Penitensiar Xidmətinin 01 saylı Cəzaçəkmə Müəssisəsindən Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və 19 oktyabr 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur.
14. Nəticədə Məhkum tərəfindən hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən 04 ilə yaxın vaxt keçmişdir.
15. Kassasiya şikayətində hökmün surətinin məhkuma təqdim edilmədiyi və apellyasiya şikayəti verilməsi müddətinin məhz bu səbəbdən ötürüldüyü bildirilsə də, Məhkumun apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdən kənar vaxtda verməsinə dair izahı yuxarıda qeyd edildiyi kimi iş materialları ilə təkzib edilir.
16. Yuxarıda təsvir olunanlardan müəyyən edilir ki, Məhkumun birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir obyektiv və ya subyektiv əsas mövcud olmamış, yəni birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq 30 oktyabr 2023-cü il tarixli və 02 fevral 2024-cü il tarixli qərarlarında müəyyən etdikləri kimi, onun Azərbaycan Respublikası CPM-nin 384.2-ci maddəsinin tələb etdiyi prosessual müddət daxilində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-465/2019 nömrəli, 22 oktyabr 2019-cu il tarixli hökmünü apellyasiya qaydasında mübahisələndirməməsi üzrlü hallardan baş verməmişdir.
17. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkumun verdiyi kassasiya şikayətində üzrlü səbəb olaraq göstərilən hallar heç bir sübuta əsaslanmayan mülahizələrdən ibarət olmaqla, apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün əsas kimi qəbul edilə bilməz.
18. Belə qənaətə gələn məhkəmə kollegiyası müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış hüquqi mövqeyini də nəzərə alır.
19. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə yanaşı, hüquqi müəyyənliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınması daxildir. Bu qayda, eyni zamanda, gələcək şikayətçiyə məhkəməyə müraciət edib etməməsi barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar verməsinə vaxt imkanı verir. Müddət məhdudiyyətinin qoyulması, eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Belə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ərzində davam edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olm ası, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbul etdiyi qərarlarının davamlı olaraq şübhə altında saxlanmasının qarşısının alınması arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (Səbri Günəş Türkiyəyə qarşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 20 12-ci il).
20. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası cinayət işinin məhkəmə baxışı mərhələsində maddi və prosessual cinayət-hüquqi normaların, Məhkumun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması hallarının müəyyən edilmədiyini nəzərə alır.
21. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, baxılan işdə Azərbaycan Respublikası CPM-nin 416.1.20-ci maddəsində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsas müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-213/2024 nömrəli, 02 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-213/2024 nömrəli, 02 fevral 2024-cü il tarixli kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.