Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-64/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum və onun müdafiəçiləri Abşeron rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəll əsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyun 2023-cü il tarixli, 1(104)-29/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum 1 iyul 1956-cı ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, təqaüdçü, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum xx.xx.2020-ci il tarixdə saat 10 radələrində AC 495702 №-li nəqliyyat vasitəsinin qeydiyya t şəadətnaməsinə əsasən özünə məxsus olan MERCEDES BENZE240 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilini AE 345158 №-li «BC» katiqoryalı sürücülük vəsiqəsi ilə idarə edərək Tovuz şəhəri H.Əliyev prospekti ilə park istiqamətinə 50 km/saat surətlə hərəkətdə olub, həmin yolun Qala adlanan ərazisində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, yəni yerdəyişmə və dönmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçılarına maneə yaratmamalı tələblərini, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin, yəni üfüqü nişanlanma xətinin (qoşa bütöv ağ xətti) kəsib keçmək qadağandır tələblərini pozaraq arxası ilə onunla eyni istiqamətdə 60 km/saat surətlə hərəkətdə olan Bakı şəhəri 8-ci mikrorayon Azadlıq prospekti ev 196, mənzil 5-də qeydiyyatda olan, Tovuz şəhəri Eldəniz Quliyev küçəsi ev 15-də yaşayan Zərərçəkmiş şəxs1 AC 020918 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən özünə məxsus olub «AD» 163511 №-li sürücülük vəsiqəsi ilə idarə etdiyi HYUNDAİ GRANDEUR markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında, hərəkət zolağında geriyə dönmək məqsədi ilə sola istiqamətlənib dönmə əməliyyatı aparmaqla HYUNDAİ GRANDEUR markalı avtomobilin hərəkət zolağını dəyişərək hərəkət istiqamətlərinə görə yolun sol hərəkət zolağına çıxmasına və özünündə hərəkətini davam etdirməklə hərəkət istiqamətinə görə yolun sol hərəkət zolağına çıxaraq həmin zolaqda HYUNDAİ GRANDEUR markalı avtomobillə toqquşmuş və nəticədə ehtiyatsızlıqdan HYUNDAİ GRANDEUR markalı avtomobilə 11160 (on bir min yüz altmış) manat maddi ziyan, həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 Murğuz qızına sol bazu sümüyünün diafizinin qəlpəli, vintvari, yerdəyişmiş sınığı ilə müşayət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır bədən xəsarəti yetirmişdir.
3. Tovuz Rayon Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim: X5) 19 avqust 2022-ci il tarixli, 1(062)-1/2022 nömrəli hökmü ilə Məhkum CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Məhkum CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə “8 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqın da” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən xitam verilməsi, ona təyin edilmiş 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən azad edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, mülki iddianın qismən təmin edilməsi, dəymiş ziyanın əvəzi olaraq Məhkum 11.160 (on bir min yüz altmış) manat pulun alınaraq Zərərçəkmiş şəxs1, 7450 (yeddi min dörd yüz əlli) manat pulun alınaraq Zərərçəkmiş şəxs2 Murğuz qızına verilməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi müəyyən edilmişdir.
4. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilərək, məhkum un barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət məhkəmə tərkibində) 1 iyun 2023-cü il tarixli, 1(104)29/2023 nömrəli qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Tovuz Rayon Məhkəməsinin “19” avqust 2022-ci il tarixli, 1(062)-1/2022 nömrəli hökmünün dəyişdirilməsi, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə cəza təyin olunmasına dair müddəaların hökmdən xaric edilməsi, Məhkum barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarın ın tətbiq edilməsinə dair müddəaların hökmdən xaric edilməsi, dəymiş ziyanın əvəzi olaraq Məhkum 9164.0 (doqquz min yüz altmış dörd) manat pul alınaraq Zərərçəkmiş şəxs1 verilməsi, hökmün mülki iddiaya aid qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pulun Məhkum alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, Məhkum tərəfindən CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin 20 avqust 2020-ci il tarixdə saat 13 radələrində törədilməsinin müəyyən edilməsi, Məhkum özünə məxsus “MERCEDES BENZ-E240” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilini hadisə baş verən zaman 30 km/saat surətlə idarə etməsinin müəyyən edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılmas ı qərara alınmışdır.
6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyun 2023-cü il tarixli, 1(104)-29/2023 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Məhkum kassasiya şikayətinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına və cinayət işi materiallarına istinadlar edərək qeyd etmişdir ki, barəsində CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının və məhkəmələrin gəldiyi nəticə əsassız olmaqla, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir.
8. Məhkum cinayət işinin materiallarında ittihamda göstərilən yol nəqliyyat hadisəsinin vaxtının qeyri-müəyyən olmasına istinadən qeyd etmişdir ki, cinayət işinin materiallarında yol nəqliyyat hadisəsinin baş vermə vax tı ilə 3 müxtəlif vaxt göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 Murğuz qızının məhz Məhkum iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində və hər hansı bir hadisə nəticəsində xəsarət alması müəyyən edilməmişdir. Bununla bağlı aşağıda qeyd olunan mötəbər sübutlarla Zərərçəkmiş şəxs2nm Məhkum iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı deyil ondan bir neçə saat əvvəl xəsarət alması sübut olunmuşdur.
9. Bundan əlavə, ona verilmiş ittihamın təsdiqi məqsədi ilə hakimin fota şəkillərə dair qeyd etdikləri ilə bağlı bildirmək istəyir ki, müdafiə tərəfi olaraq belə bir şəkillərin məhkəmə iclasında təqdim olunması və hakim tərəfindən tədqiq olunması halı ümumiyyətlə baş verməmiş, şəkillərin hansı şəraitdə təqdim edilməsi onun üçün qeyrimüəyyən olaraq qalmaqdadır.
10. Həmçinin, hesab edir ki, onun idarə etdiyi avtomobilin hərəkət surətinin hadisə baş verən zaman 30 km/saat surətlə idarə etməsi müəyyən edilməsi ilə bağlı məhkəmənin qərarında qeyd olunanlar tamamilə əsassız olmaqla öz təsdiqini tapmamışdır.
11. Bununla da, törətdiyi əməldə Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət hadisəsinin və cinayət tərkibinin olması, həmin cinayətdə onun təqsirliliyi kifayət qədər sübuta yetirilmədiyini hesab edərək, kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyun 2023-cü il tarixli, 1(104)-29/2023 nömrəli qərarının ləğv edilməsini, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin tərkib əlamətləri olmadığına görə onun barəsində həmin maddələr üzrə cinayət işinə bəraətverici əsaslarl a xitam verilməsi barədə qərar qəbul edilməsini etmişdir.
12. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
13. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum, onun müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 hər biri ayrı-ayrılıqda kassasiya şikayətinin dəlillərini müdafiə edərək, ona uyğun qaydada izahat verib, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdilər.
15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Az ərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.
17. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
18. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
20. Məhkum təqsirli bilindiyi AR CM-in 263.1-ci maddəsi ilə olan əmə linin hüquqi tövsifinin doğruluğunu mübahisələndirmiş, məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsini, lakin birinci instansiya və apellyasiya instansiyalarında sübutların tədqiqindən əsassız imtina olunduğunu qeyd edərək tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
21. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyun 2023-cü il tarixli, 1(104)-29/2023 nömrəli qərarın ın qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
22. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
23. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nə zərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
24. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
25. Məhkəmə kollegiyası Məhkum barəsində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən Cinayət-Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair arqumentini əsassız hesab edir.
26. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddə sində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
27. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
28. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
29. Cinayət iş i materiallarından və apellyasiya instansiya məhkəməsinin qərarından müəyyən edilir ki, Məhkum barəsində bəraət hökmünün çıxarılması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə Tovuz Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 1(062)-1/2022 nömrəli hökmü təqsirli bilinərək məhkum edilməsini qanuni və ədalətli hesab etmişdir.
30. Apellyasiya instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün məhkəmə baxışını qismən məhkəmə istintaqı aparılmaqla keçirdib, bu məqsədlə məhkum və Zərərçəkmiş şəxs1, həmçinin cinayət işinin istintaqını aparmış müstəntiqi dindirib, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edib, müvafiq sorğular verib və işdə olan digər sü butlar tədqiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.
31. Bununla yanaşı məhkəmə ko llegiyası məhkumun kassasiya şikayətində göstərdiyi dəlilləri ilə əlaqədar olaraq bildirir ki, həmin dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir, hansı ki, həmin dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən qismən məhkəmə istintaqı keçirilməklə əldə edilmiş sübutlar və cinayət işi materiallarında olan digər sübutlarla əlaqəli şəkildə bir-bir təhlil edilərək araşdırılıb qiymət verilmişdir.
32. Məhkum kassasiya şikayətinin dəlilləri qismində məhkəmələr tərəfindən qanunsuz və əsassız ittiham hökmü çıxarılmasını qeyd etsə də, mübahisələndirdiyi Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyun 2023-cü il tarixli, 1(104)29/2023 nömrəli qərarının qanunsuzluğuna və ya əsassızlığına dəlalət edən dəlil və əsasla rı izah edə bilməmişdir.
33. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
34. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
35. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumun, onun müdafiəçilərinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyun 2023-cü il tarixli, 1(104)-29/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tö rədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyun 2023-cü il tarixli, 1(104)-29/2023 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.