Məhkəmə qərarları › İş №1(102)-643/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-643/2019

22.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-643/2019 22.05.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 643/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "22" may 2019-u il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Səmədov Zaman Afr ad oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Səmədov Zaman Afrad oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əliyev Samir İmamverdi oğlu, hakimlər Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə) xx xxxxx 1992-ci il tarixdə Cəlilabad rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləmə yən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Təzəkənd kəndində yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, tanışı X1 özündən yaşca balaca olan şəxsiyyəti istintaqa tam məlum olmayan şəxslə yaxın sevgi münasibəti saxlamasını, eləcə də, həmin şəxslə birlikdə alt paltarında çəkilmiş fotoşəkilləri X1 həyat yoldaşına, oğluna və yaxın qohumlarına mobil telefonun "Watstap" proqramı vasitəsilə göndərəcəyini bi ldirib barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə sonuncudan xeyli miqdarda, yəni 15.000 manat pulu hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə etmiş olduğu müraciəti əsasında qeyd olunan idarənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 27 mart 2018-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Abbas Fətullayev küçəsində yerləşən 24 saylı xəstəxana və 31 saylı poliklinikanın binasının, qarşısında olan sahədə Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə xeyli miqdarda 10.000 manat nağd pulunu tələb edib hədə-qorxu ilə ələ keçirdikdən sonra saxlanılmış və həmin pul vəsaiti, h əmçinin fotoşəkillərin olduğu yaddaş kartı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Səmədov Zaman Afrad oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Babayev Qədim Xalid oğlu, hakimlər Səfərov Rizvan Kamal oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə) 20 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Səmədov Zaman Afrad oğlu kassasiya şikayəti verərək, apellyasiya məhkəm əsinin qərarını ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Səmədov Zaman Afrad oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs CM-nin 182.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməmiş, belə ki, məhkəmə istintaqı zamanı təqdim edilmiş vəsatətdə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında telefon mesajlarının siyahısının çıxarılması, «WhatsApp» yazışmalarının tədqiq edilməsi xahiş edilsə də, həmin vəsatətlərə ümumiyyətlə hüquqi qiymət verilməmiş, apellyasiya instansiyası məhkəməsi isə verilən vəsatətləri heç bir əsas olmadan təmin etməmişdir. Həmçinin cinayət işinin materi allarında mobil telefonun yaddaşında məlumatlara baxış keçirilməsi barədə ümumiyyətlə protokol yoxdur, əgər belə protokol olsaydı hədə-qorxu ilə tələb etmə cinayətinin tərkib əlamətlərini özündə əks etdirən mesajların olmadığı müəyyən edilərdi. İttiham aktı və məhkəmə hökmləri yalnız zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə əməliyyat keçirən polis əməkdaşlarının verdiyi ifadələr üzərində qurulmuş, cinayət işi üzrə hədəqorxu ilə ehtiva olunan yazışmalar mövcud olmamaqla yanaşı, iş materiallarında məhkum Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən öz borcunun tələb etməsi ilə yazdığı yazılar mövcuddur. Həmin «WhatsApp» yazılarında təqsirləndirilən şəxs borcunu istəyir, Zərərçəkmiş şəxs isə həmin yazılara cavab verməməklə yanaşı sonda borcunu qaytarmamaq üçün polisə şikayət edir. Göründüyü kimi, məh kəmə tərəfindən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı hədə-qorxu ilə tələb etmə cinayətinin törətməsi barədə nəticəyə gələrkən yalnız zərərçəkmiş şəxsin ifadəsinə əsaslanmış, başqa sübutlarla təsdiq olunmadığı halda, zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ziddiyyətli ifadələri təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın təsdiqi üçün mötəbər sübut növü kimi qiymətləndirilmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Şikayətdə həm də qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin bildirdiyinə görə, onun müdafiə hüququ ibtidai araşdırmanın ilkin mərhələsində dəfələrlə kobud surətdə pozulmuş, o, şübhəli şəxs qismində tutulub gətirilən zaman ona real olaraq müdafiəçi təqdim edilməmiş və müdafiəçinin iştirakı ilə dind irilməmiş, polis əməkdaşları onu tutan zaman onu döymüş və ona müxtəlif xəsarətlər yetirmiş, ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi izahatları və ifadələri qorxu, aldatma və zor tətbiqi altında vermiş və müxtəlif sənədlərə imza etmişdir, polis əməkdaşları tərəfindən tutulduğu halda ona müdafiəçi bir gün sonra təqdim edilmişdir. İstintaq orqanı tərəfindən cinayət işi üzrə işin bütün faktiki halları, hadisənin səbəbi və onun baş verdiyi şərait və mexanizmi, hadisədən əvvəl və hadisədən sonra müdafiəçisi olduğum şəxslə zərərçəkmişlə arasındakı münasibətlərim xarakteri düzgün müəyyən edilməmiş və həmin hallara düzgün hüquqi qiymət verilməmişdir. Bundan başqa, şikayətdə göstərilmişdir ki, hökmdə tamamilə qanuni və əsaslı olaraq Təqsirləndirilən şəxs əməlində ağırlaşdırıcı hallar müəyyə n edilməmiş, CM-in 60-cı maddəsinə görə, Bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yöngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə cəza təyin edərkən qanunun bu normasına da əhəmiyyət verməmişdir. Qanunvericiliyə görə, məhkəmə həmçinin cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Qeyd olunanları nəzərə alaraq müdafiə tərəfi apellyasiya məhkəməsinin qərarını ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya in stansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tə ləblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından (hökmdən və apellyasiya məhkəməsinin qərarından) görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla hökm və qərarda göstərilmişdir. Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Apellyasiya məhkəməsinin bunlara dair gəldiyi nəticə iş materiallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında aşağıdakılar qeyd olunmuşdur: “... məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri özünün ifadəsi ilə yanası, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və işin digər materialları ilə təsdiq olunaraq, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməllərini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə tövsif etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə baxışı və ibtidai istintaq zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların araşdırılmaması iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın on un islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddən də az cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cina yət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq «olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1 -ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun cəza təyin etmiş, onun barəsində bəraət hökmü çıxarılması üçün zəruri əsaslar mövcud olmamışdır. Bu səbəblərdən də, apellyasiya şikayətinin dəlilləri əsassız hesab olunmaqla təmin olunmamalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi qərarında apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini göstərmiş, gəldiyi nəticəni işin faktiki hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaş ır və kassasiya şikayətinin apellyasiya şikayətində göstərilənlərə uyğun dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs təqsirinin mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Təqsirləndirilən şəxs təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətində ittihamın mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırıldığı, ibtidai araşdırma zamanı kobud prosessual səhvlərə yol verildiyi iddia edilsə də, bunların konkret nədə ifadə edildiyi açıqlanmamışdır. İş materiallarında da belə bir məlumat yoxdur ki, sübutların mötəbər olmadığı, qanunsuz toplandığı və tədqiqində qanun pozuntusuna yol verildiyi qənaətinə gəlməyə əsas versin. Cəza təyini məsələsi ilə əlaqədar çəhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olun muş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkum Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar