Məhkəmə qərarları › İş №1(102)-648/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-648/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-648/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli hökm ü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Qəhrəmanov Əkrəm Sabir oğlu) Məhkum, xx xxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməyən, əvvəllər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli hökmü ilə CM-nin 307.1 və 397.3-cü maddələri ilə təqsirli bilinə rək CM-nin 307.1-ci maddəsi ilə 01 (bir) il müddətə, CM-nin 307.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə, CM-nin 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 79.1-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi onun 18 avqust 2011-ci il təvəllüdlü oğlu səkkiz yaşına çatanadək təxirə salınmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qərarı ilə Xəzər rayon İcra və Probasiya şöbəsinin böyük icra məmurun təqdimatı təmin olunaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi 18 avqust 2011-ci il təvəllüdlü oğlu 14 (on dörd) yaşına çatanadək təxirə salınmış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun 26 aprel 2021-ci il tarixdən 28 aprel 2021-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 79.5-ci maddəsinə əsasən, Məhkum Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qərarı ilə müəyyən edilmiş cəza çəkmənin təxirə salınması ləğv edilərək, CM-nin 67.1-ci maddəsinə əsasən, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi xalis çəkisi - 0,315 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinə daşıyaraq üz ərində saxlamışdır. 26 aprel 2021-ci il tarixdə, saat 16:30-da Xəzər RPİ-in NMB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər rayon Polis İdarəsinə dəvət olunmuş və orada üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən siqaretin gümüşü kağıza bükülmüş 01 ədəd bükümdə qeyd olunan çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qaraqurbanlı Ramin Afad oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 31 yanvar 2022-ci il tari xli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi və bu əsasla da apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi onun barəsində 09 dekabr 2021-ci il tarixli hökmün qüvvədə saxlanılmaı barədə qərar qəbul edərkən ədalətsizliyə yol vermiş, onun peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını, sonuncunun sığınacaqda qalmasını nəzərə almamışdır. Qeyd olunanlara ə saslanaraq məhkum onun kassasiya şikayətinin təmin edilərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində, məhkəmələr tərəfindən ona cəzanın təyin edilməsi məsələsi həll olunarkən cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığın iddia edərək ona daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm v ə ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir və həmin maddənin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinə əsasən isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunveri ciliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apel lyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından onlardın biri) olduqda, Ali Məhkəmənin cinayət kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqla rını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Büununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları hər hansı cinayətin törədilməsində təqsirli bilin miş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayətin məzmununa görə, Məhkum öz şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun törətməsinə görə təqsirli bilindiyi əməlinin sübuta yetirilib-yetirilməməsini və bu əməlin hüquqi tövsifini mübasiləndirmir və məhkəmələr tərəfindən onun barəsində cinayət-h üquqi xarakterli tədbirin tətbiq edilməsi ilə bağlı qeyri-humanist və ədalətsiz yekun məhkəmə aktlarının qəbul edilməsini iddia edir. Buna görə də məhkəmə kollegiyası Məhkum təqsirliliyinə dair sübutların şərh edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərp a etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə tə yin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2 və 61.3-cü maddələrinin tələblərinə görə isə cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar, h abelə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal təkrar nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutl ar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu i lə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsrkar barəsində cinayət hüquqi tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zam anı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların t əyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həy ata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və i ctimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərs ə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Hazırki iş üzrə məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarında (birinci instansiya məhkəməsinin hökmündə və bu hökmün qüvvədə saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarında) araşdırılmış sübutlar əraflı şərh edildiyindən məhkəmə kollegiyası hazırki qərarda onların təkrarən təsvirinə ehtiyac görmür və kassasiya şikayətinin dəlilləri ndən asılı olmayaraq qeyd edir ki, Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olması barədə nəticəyə gələrkən həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və ibtidai araşdırma orqanı kimi, sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş, sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş məhz bu sübutlara əsasən Məhkum əməllərinə maddi hüquq normalarını tətbiq edən aşağı instansiya məhkəmələri onun törətdiyi həmin əməli C M-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişlər. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə və ailə vəziyyətinə uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkumun törətdiyi cinayət əməllərinə görə təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin 09 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsi ilə cəza təyin edilərkən məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən halllar kimi qiymətləndir diyi əməlindən səmimi peşmançılıq çəkməsini, əməlini etiraf etməsini, habelə CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağın olmasını, digər tərəfdən isə CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halın müəyyən edilməsini – məhkumun əvvəllər də qəsdən az ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsini və bu halın cinayətlərin residivinin yaratmasını nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, həm cəza təyin etmənin ümumi prinsiplərini, şərtlərini və qaydalarını, həm də törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları və eyni zamanda CM-nin 65.2-ci maddəsinin tələblərin i nəzərə alan birinci instansiya məhkəməsi tatamilə qanuni və əsaslı olaraq Məhkumə təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq bilmiş və apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq həmin məhkəmənin bu nəticəsi ilə razılaşmışdır. Belə ki, cinayət işinin materiallarına əsasən, Məhkum Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli hökmü ilə CM-nin 307.1 və 397.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 307.1-ci maddəsi ilə 01 (bir) il müddətə, CM-nin 307.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-ni n 79.1-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi onun 18 avqust 2011-ci il təvəllüdlü oğlu səkkiz yaşına çatanadək təxirə salınmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qərarı ilə Xəzər rayon İcra və Probasiya şöbəsinin böyük icra məmurun təqdimatı təmin olunaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi 18 avqust 2011-ci il təvəllüdlü oğlu 14 (on dörd) yaşına çatanadək təxirə salınmışdır. CM-nin 83.3.3-cü maddəsinin tələblərinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM- nin 83.1-ci maddəsinin ikinci cümləsinə əsasən cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-nin 18.1-ci maddəsinin tələbindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Bu hallara görə CM-nin CM-nin 65.2-ci maddəsinin müddəaları residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməməsini nəzərdə tutur. Yalnız CM-nin 65.3-cü maddəsində göstərilən əsaslar, yəni CM-nin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, qanunverici residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəzanın CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunmasına imkan verir. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsi ilə müvafiq cəzanın təyin edilməsinin müzakirəsi zamanı CM-nin 65.2-ci maddəsinə əsaslanmalarında hər hansı pozuntuya yol vermələrini müəyyən etmir və qeyd edir ki, həmin məhkəmələr düzgün olaraq məhkumun haqqında CM-nin 65.3-cü maddəsinin tətbiq edilməsini mümkün bilməmişlər ona görə ki, iş üzrə müəyyən olunmuş cəzanı yüngülləşdirən halların müstəsna xarakter daşıması və bu halların törədilmiş cinayətin ictimai təhlükəlilini əhəmiyyətli dərəcədə azaltması barədə nəticəyə gə lmək üçün heç bir əsas olmamışdır. Halbuki, CM-nin 62.1-ci maddəsinə əsasən isə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinə görə isə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərqləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsi r göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-nin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-nin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-nin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-nin 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 62.1 və 62.2 -ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayə tin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə al ınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-nin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Məhkəmə iclaslarında araşdırılmış sübutlarla Məhkum törətdiyi cinayətin və onun özünün ictimai təhlükəliliyini azaldan heç bir hal müə yyən edilmədiyindən apellyasiya instansiya məhkəməsi haqlı olaraq onun barəsində CM-nin 62-ci, nəticə etibarı isə CM-nin 65.3-cü maddəsinin tətbiq edilməsi üçün əsaslar görməmiş və məhkəmə kollegiyası da həmin məhkəmənin bu nəticəsi ilə razılaşaraq vurğulayır ki, məhkum olumuş şəxs özü də kassasiya şikayətində göstərilən maddələrinin tətbiqi üçün əsas ola bilən hər hansı hala istinad etməmişdir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi lazım bilir ki, Məhkumluğu ödənilmədən yenidən cinayət törətməsi onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərdən keçirildikdə, belə nəticə hasil olur ki, o, əvvəlki məhkumluqdan özü üçün müsbət nəticə çıxarmamış və islah olunmamışdır, buna görə də məhkum cinayət törətməyə meyilli olan şəxs hesab edilməlidir. Digər tərəfdən məhkəmə kollegiyası onu da nəz ərə alır ki, Məhkum hökmlərin məcmusu üzrə qəti cəza təyin edən birinci instansiyası məhkəməsi bununla bağlı CM-nin 67-ci maddəsinin tələblərinə də əməl etmiş və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq maddi hüququn bu normasının tətbiqində də hər hansı pozuntuya yol verilməsini müəyyən etməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Məhkum Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli hökmü ilə CM-nin 307.1 və 397.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 307.1-ci maddəsi ilə 01 (bir) il müddətə, CM-nin 307.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və son olaraq Bakı şəhəri Xəzər Rayon Məhkə məsinin 18 sentyabr 2018-ci il tarixli qərarı ilə ona təyin edilmiş həmin cəzanın çəkilməsi 18 avqust 2011-ci il təvəllüdlü oğlu 14 (on dörd) yaşına çatanadək təxirə salınmışdır. Lakin, Məhkum cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır cinayət törətdyinə görə Xəzər Rayon Məhkəməsi düzgün olaraq CM-nin 79.5-ci maddəsinin tələbinə əsasən cəzaçəkmənin təxirə salınmasını ləğv etmiş və ona CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin etmişdir. Belə ki, CM-nin 79.5-ci maddəsinə əsasən, şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. CM-nin 67.1-ci maddəsinin tələbinə görə, h ökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 67.4-cü maddəsində isə təsbit edilmişdir ki, hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Göründüyü kimi, Məhkum əvvəlki hökm üzrə 03 (üç) il azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən və həmin cəzanı çəkmədiyindən məhkəmə yeni hökmlə təyin edilmiş cəzanı həmin cəza ilə qismən birləşdirmiş və ona qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, bu cəzanı da qanunsuz və ədalətsiz hesab etmək olmaz. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutumuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, həmin şikayətin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmaladır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar