Məhkəmə qərarları › İş №1(102)-667/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-667/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-667/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2022-ci il tarixli hökmü ilə Məhkum Azərba ycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli qərarı ilə isə onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2022-ci il tarixli hökmü ilə (hakimlər Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən və məruzəçi), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətən daşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməyən, əvvəllər Suraxanı Rayon Məhkəməsinin 16 sentyabr 2011-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 2700 (iki min yeddi yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən onun ibtidai istintaq zamanı 17 avqust 2021-ci il tarixdən 19 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş ) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, Məhkum xx.xx.2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 3,422 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış naroktik vasitə heroini əldə edərək, üstündə saxlamaqla daşımış və 17 avqust 2021-ci il tarixdə saat 15:00 radələrində Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən «Suraxanı Bazarı»nın qarşısında saxlanılıb ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilərək orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd gümüşü rəngli bükümə bükülmüş narkotik vasitə, təmiz çəkisi 3,422 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda naroktik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) məhkumun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən onun 17 avqust 2021-ci il tarixdən 19 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı T.R.Qəhrəmanov kassasiy a protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: İşin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən və iş üzrə toplanmış və araşdırılmış sübutlara, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarına istinad edən dövlət ittihamçısı T.R.Qəhrəmanov kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış s übutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş, bunun nəticəsi olaraq Məhkum əməli CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilərkən səhvə yol verilmişdir. Dövlət ittihamçısının mövqeyinə görə, Məhkum CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri ilə, şəxsi axtarış və maddi sübutun götürülməsi haqqında protokolla, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə və sair sübutlarla təsdiq olunmuş, lakin üzərinə faktları araşdırmaq və müəyyən etmək vəzifəsi qoyulmuş apellyasiya instansiyası məhkəməsi Məhkum üstündən aşkar edilmiş narkotik vasitənin külli miqdarda olmasını, eləcə də i şin faktiki hallarını nəzərə almadan əsassız olaraq onun əməlini CM-nin 234.1-ci maddəsinə tövsif etmişdir. Kasassiya protestinin müəllifi iş materiallarına istinad edərək qeyd edir ki, Məhkum narkotik vasitə heroini cibinə qoyaraq tutulma təhlükəsini dərk etdiyi halda küçəyə çıxması, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində gəzdirməsi, narkotik vasitə olan heroini şəxsi islehlak miqdarından dəfələrlə artıq miqdarda əldə etməsi faktları əməlin tövsifi zamanı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qeyd edilənlər Məhkum narkotik vasitə olan heroini məhz satış məqsədi ilə əldə etməsini sübut edən amillərdəndir. Çünki narkotik vasitə heroini satış məqsədi ilə əldə etmiş Məhkum istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələş mənin olması, sifarişə uyğun olaraq narkotik vasitə heroinin külli miqdarda əldə etməsi mümkündür və belə hallar istisna olunmamışdır. Göründüyü kimi, məhkəmə iş materialları ilə təsdiq olunan halları nəzərə almadan, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən, mövcud sübutların düzgün təhlili üzrə təqsirləndirilən şəxsin barəsində ona qarşı ibtidai istintaq zamanı irəli sürülmüş ittiham üzrə yekun qərarının çıxarılmasından ibarət nəticəyə gəlməli olduğu halda, hüquqi baxımdan əsaslandırılmamış qərar qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı T.R.Qəhrəmanov kassasiya protestinin təmin edilməsini edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum qanuna müvafiq qaydada və müddətdə məlumatlandı rılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə məhkumun iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırı lmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı T.R.Qəhrəmanovun həmin müraciətinin əsas dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara qanuna müvafiq qaydada hüquqi qiymət verməmiş və məhkumun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Bu dəlillərə əsaslanan dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edlmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.15 maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı T.R.Qəhrəmanovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış və kassasiya qaydasında mübahisələndirilən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasi ya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edi lməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblər inə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tə ləb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. CM-nin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin i ştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolve rilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi hə yati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasın ı isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2022-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətinə məhkəmə istintaqı aparmadan baxmış apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi qərarında ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin iş üzrə gəldikləri nəticədən fərqli olaraq həmin qərarında Məhkum ona elan olunmuş ittiha m üzrə cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri etməsi barədə qənaətə gəlmiş, lakin araşdırılmış sübutlara əsasən narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunduğu əməli məhz satış məqsədilə törətməsini, yaxud da narkotik vasitəni satmasını müəyyən etməyərək onun həmin əməlini CM-nin 234.1-ci maddəsinə tövsif etmişdir. Eyni zamanda məhkəmə araşdırılmış sübutların Məhkum həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Protestdə göstərilən və yalnız ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum satış məqsədi olmadan narkotik vasitə olan 3,422 qram çəkidə olan heroini qanunsuz olaraq əldə etməsinə, daşımasına və saxlamasına dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticənin əksinə olaraq, dövlət ittihamçısı belə qənaətə gəlir ki, Məhkum üzərində daşıdığı şəxsi istehlak miqdarından 23 dəfə, külli miqdardan isə təxminən 2 dəfə çox miqdarda narkotik vasitə olan heroini gəzdirməsi və saxlaması həmin heroini məhz satış məqsədilə əldə edib saxlamasını və daşımasını təsdiq edən haldır. Məhkəmə kollegiyası isə hesab edir ki, Məhkum məhz satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroini əldə edib üzərində saxlayaraq daşıması, onun özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəməkimyəvi ekspertizalarının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında prosessual sənədlərlə, habelə şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum hələ şübhəli şəxs qismində verdiyi izahatında, həmçinin sonralar ibtidai istintaq zamanı və məhkəmə iclasında ardıcıl olaraq verdiyi eyni məzmunlu ifadələrində bir ildən artıq narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini bildirm iş və şəxsi istifadəsi üçün narkotik vasitə əldə etdiyini etiraf etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni satmaq niyyətində olmasına dəlalət edən hər hansı sübutun mövcudsuzluğunda onun qismən etirafedici ifadələri, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış digər sübutlarla üst-üstə düşdüyündən və məntiqi baxımdan həmin sübutları tamamladığından daha mötəbər hesab edilməli və bu baxımdan apellyasiya instansiyası məhkəməsinin bu sübutlara əsaslanaraq məhkumun əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli olması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitənin mə hz satış məqsədi ilə əldə edib saxlaması və daşıması barədə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin ehtimal xarakterli nəticələri apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinin materiallarına əsaslanmaqla və araşdırılmış sübutlar tədqiq edilməklə yoxlanılmış və məhkəmə iş üzrə gəldiyi nəticəni qəbul etdiyi qərarından kifayət qədər, inandırıcı şəkildə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarında onun gəldiyi nəticənin arxasında duran bütün bu sübutlar ətraflı təsvir olunmuş və məhkəmə bununla kifayətlənməyərək hər bir sübutu ayrı-ayrılıqda və məcmu şəkildə qiymətləndirərək Məhkum onun təqsirli bilindiyi, yəni CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinin tam sübuta yetiril məsini hesab etmiş, onun narkotik vasitəni satış məqsədilə əldə edərək üzərində saxlamasına dair isə heç bir sübut əldə olunmamış, kassasiya protestində də belə sübutlara istinad olunmamışdır. Belə vəziyyətdə məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki iş üzrə qanuni və əsaslı qərar qəbul edilərkən aşağıda təsvir olunanlara da əməl edilmişdir. Belə ki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutları n araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Hazırki cinayət işinin materiallarından göründüyü kimi, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasılarında cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmələri üçün bərabər şərait və imkanlar yaradılmış və c inayət işinə baxılarkən yalnız ittiham tərəfinin təqdim etdiyi sübutlar araşdırıldmış, lakin bu araşdırmaların nəticəsi olaraq məhkəmələr Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsif ilə fərqli qənaətə gəlmişlər ona görə ki, məhkum olunmuş şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayətin subyektiv cəhətinə aid olan həmin narkotik vasitəni əldə edib saxlayaraq satmaq niyyətində olmasını təsdiq edən hər hansı sübut ittiham tərəfi olaraq həm ibtidai araşdırma orqanı, həm də dövlət ittihamçıları tərəfindən məhkəmələrə təqdim olunmamış, məhkəmələr də belə sübutları araşdırmamışlar. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və X7 da, hər birisi ayrı-ayrılıqda eyni məzmunlu ifadələr verər ək, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmasını və bununla bağı əməliyyat-axtarış tədbirinin keçirilməsində, sonradan isə sonuncunun üzərində şəxsi axtarışın aparılmasında iştirak etdiklərini bildirmişlər. Qeyd edilən şahidlərin ifadələrindən göründüyü kimi, Məhkum barəsində olan əməliyyat məlumatı onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olmuş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Məhkum buna görə şübhəli bilinərək onlar tərəfindən saxlanılıb polis bölməsinə aparılmış və orada şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman üzərində olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu ifadələrin fövqündə Məhkum onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni satmaq niyyətində olması barədə fikir yürütmək mümkün deyil ona görə ki, həmin ifadələrdə bunu təsdiq edən hər hansı mötəbər sübuta istinad olunmamışdır. Həmçinin cinayət işinin materiallarından görünür ki, Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında da şahid qismində dindirilmiş və onlar verdikləri ifadələrində Məhkum narkotik vasitələrin saxlanmasında və istifadəsində şübhəli bilindiyini qeyd edib verilmiş suallara cavab olaraq sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumatlarının olmadığını, bu istiqamətdə tərəflərindən tədbirlərin davam etdirildiyini göstərmişlər. İbtidai araşdırma zamanı müstəntiq tərəfindən Suraxanı RPİ-nin 31-ci PB-nin rəisinə 23 avqust 2021-ci il tar ixdə ********* saylı cinayət işi üzrə Məhkum narkotik vasitə heroini kimdən, hansı məqsədlə əldə etməsinin, onun narkotik vasitənin satışı ilə məşğul olub-olmamasının, eləcə də narkotik vasitə heroini hardan əldə etdiyinin müəyyən olunması üçün əməliyyat tapşırığı verilmiş və bu tapşırığa əsasən Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-dən verilmiş cavab məktubunda Məhkum narkotik vasitə heroini kimdən, hansı məqsədlə əldə etməsini, onun narkotik vasitə heroinin satışı ilə məşğul olubolmamasını və narkotik vasitələrdən istifadə edib-etməməsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Eyni ilə apellyasiya instansiyası məhkəməsi də məhkəmə-narkoloji ekspertizasının 05 noyabr 2021-ci il tarixli, 4345 saylı rəyinə, yəni Məhkum opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunmasına, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasına əsaslanıb haqlı olaraq bu rəyi də iş üzrə əsas sübutlardan biri kimi qəbul edərək narkotik vasitələrin aludəçisi olan və narkomaniya xəstəliyindən əzab çəkən Məhkum ondan aşkar edilərək götürülmüş heroini özünün istifadə etməsi üçün əldə edərək daşıması barədə qənaətə gəlmiş və bu hal da hər hansı başqa sübutla təkzib olunmamışdır. Bununla yanaşı, satılacaq narkotik vasitənin müqabilində Məhkum kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilibyetirilməməsi məhkum olunmuş şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Göstərilən faktiki halların arxasında duran sübutlarla isə Məhkum CM-nin 234.4.3cü maddəsi ilə təqsirli olması deyil, sonuncunun narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə edib saxlaması müəyyən olunur. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmi şdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və o nun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humani zm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Hazırkı iş üzrə Məhkum ibtidai araşdırma orqanı tərəfindən ittiham olunduğu CMnin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv və subyektiv cəhətinə münasibətdə nəzərdə tutulmuş hal, istintaq orqanının gəldiyi nəticəyə görə, ondan ibarətdir ki, Məhkum 17 avqust 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 3,422 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış naroktik vasitə heroini əldə edərək, üstündə saxlamaqla daşımış və xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərə k Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən «Suraxanı Bazarı»nın qarşısında saxlanılıb ünvan 4 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilərək orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd gümüşü rəngli bükümə bükülmüş narkotik vasitə, təmiz çəkisi 3,422 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda naroktik vasitə heroin aşkar olunaraq götürülmüşdür. İş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, Məhkum külli miqdarda narkotik vasitəni məhz satış məqsədilə əldə etməsini və bu məqsədlə üzərində saxlayaraq daşımasını, habelə məhkum olunmuş şəxsin ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən heç bir mötəbər sübut əldə edilməmişdir. Buna baxmayaraq, yalnız hazırki cinayət işi üzrə törədilmiş əməlin predmeti olan narkotik vasitənin külli miqdarda olması əsası ilə Məhkum qarşı CM-nin 234.4.3-cü maddə ilə ittiham irəli sürülmüş və iş üzrə ibtidai araşdırma yekunlaşdıqdan sonra tərtib edilmiş ittiham aktına əsasən də, iş baxılması üçün məhkəməyə göndərilərkən ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün sübut kimi sonuncunun qismən etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübutlar, bir sıra istintaq hərəkətlərinin aparılması barədə protokollar təqdim olunmuş, işə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində baxılark ən isə dövlət ittihamını müdafiə edən prokurorlar da məhkəmələrə ittihamın təsdiq olunmasına dəlalət edən heç bir əlavə sübut təqdim etməmiş və buna görə də məhkəmələr yalnız təqdim olunmuş sübutların araşdırılması ilə kifayətlənmişlər. Buna görə məhkəmə kollegiyası hesab edir ki, bütün şərh olunanlara qanuna müvafiq qaydada qiymət verib Məhkum əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin aşağıdakı normalarının tələblərinə də əməl etməklə bütün şübhələri onun xeyrinə həll etmişdir. Belə ki, təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən h ər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surət də müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar top lanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum təqsirləndirildiyi CM-nin 234.4.3-cü ma ddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin həmin cinayətin obyektiv cəhətinə aid olan hissəsi mübahisəsiz sübut olunsa da, bunlar sonuncunun əməlində qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət etmir. Belə ki, həmin maddənin dispozisiyasında CMnin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onları müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: şəxs CM-nin 234.1-ci mad dəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir;dir; şəxs belə əməlləri qanunsuz etməlidir; narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsi nin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbayca n Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd olunaraq məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından (əldə edilmiş sübutlardan) göründüyü kimi Məhkum əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – narkotik vasitələrin dövriyyəsi ilə bağlı məhkumun qanunsuz hərəkətlər etməsi (narkotik vasitənin qanunsuz olaraq əldə etməsi və üstündə daşıması) və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, məhkumu n ona istinad əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham isə yalnız narkotik vasitənin külli miqdarda olmasına və onun üzərində axtarışın və götürmənin aparılmasında iştirak etmiş şəxslərin ifadələrinə əsaslanır ki, bu ifadələrin məzmunundan da Məhkum üzərində aşkar edilmiş narkotik vasitəni məhz satış məqəsədi ilə əldə edərək saxlaması və daşıması görünmür, məhkumun belə məqsədinin olmasına dair başqa sübutlar isə əldə edilməmişdir. Məhz əldə olunmuş və araşdırılmış bütün sübutların fonunda apellyasiya instansiyası məhkəməsi Məhkum istinad olunan cinayətin subyektiv cəhətinə aid olan əlamətin olmasının təsdiq edilməsi ilə (narkotik vasitəsini satış məqsədilə əldə etməsi, saxlaması və daşıması) bağlı ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldikləri nəticə ilə razılaşmamış, məhkum olunmuş şəxs tərəfindən yalnız narkotik vasitəni əldə edib saxlaması və daşımasına dair cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin edilməsini müəyyən etmiş və buna görə də əsaslı olaraq sonuncunun həmin əməlini CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini mümkün bilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bütün şərh olunanlara qanuna müvafiq qaydada qiymət verib Məhkum əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin aşağıdakı normalarının tələblərinə də əməl etmişdir. Belə ki, CPM-nin 349.5-ci maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmənin hökmü (apellyasiya insta nsiyası məhkəməsinin iş üzrə qəbul etdiyi yekun qərarı-m.k) əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə isə, məhkəmənin ittiham hökmü (həmin hökmün apellyasiya qaydasında yoxlanılması nəticəsində apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi yekun qərarı-m.k) ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstəri lən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi həm də bu normaların tələblərindən çıxış edib işin faktiki hallarına (araşdırımış sübutlara) əsaslanaraq Məhkum narkotik vasitələri məhz satış məqsədilə əldə edərək saxlamasını və daşımasını müəyyən etmə miş, buna görə ehtimal xarakterli qərar qəbul etməkdən imtina edib bütün şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll edərək onun cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli olması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Təsvir olunanlar, ümumiyyətlə baxılan cinayət işinin materiallarında apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya protesti ilə ehtiva olunan CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməklə Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinay ət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar