Məhkəmə qərarları › İş №1(102)-680/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-680/2020

20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-680/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkumun müdafiəçisi-vəkil Məmmədov Fərhad Möhübbət oğlunun, zərərçəkmiş şəxs x1 iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş x2 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından məhkum x2nun müdafiəçisi-vəkil Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: C.C.Ramazanov (sədrlik edən), X.H.Səmədov və R.İ.Hüseynov) x2 - xx.xx.1993-cü ildə ünvan 1 anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 pasport qeydiyyatında olmaqla tutulana kimi həm in ünvanda yaşamış, Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmlə x3 təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmü ilə x2 və x3, qəsdən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs qismində birləşib silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq ilə bağlı olan basqın edərək zərərçəkmiş hüquqi şəxsə 46 manat ziyanlıq vurmaqla quldurluq etmişdir. Belə ki, onlar quldurluq, yəni qəsdən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub, bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib, əvvəldən cinayət əməlini törətmək üçün hazırlıq görməklə, bir ədəd idman papağında və bir ədəd isti alt geyiminin şalvarının balaq hissəsində gözlük açıb maska düzəldərək həmin maskaları başlarına geyinməklə xx xxxxxx 2018-ci tarixdə saat 03:30 radələrində ünvan 1 ərazisində yerləşən "Petrol Dəhnə" Yanacaq dolurma məntəqəsinə daxil olmaqla silah qismində istifadə etdiyi odun parçası, dəmir parçası, dəhrə və bıçaq ilə basqın edərək hücuma məruz qalmış şəxs x1 həyatı və sağlamlığı üçün zor tətbiq edərək ondan pul tələb etməklə sonuncunun sol ayağının birinci barmağının və hər iki ayaqaltının kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət alması ilə səbəbli şəkildə nəticələnən və zərərçəkmiş hüquqi şəxsə 46 manat maddi ziyan vurmaqla quldurluq cinayətini törətmişlər. Məhkəmənin həmin hökmündən məhkumlar və onların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: M.M.Hüseynov (sədrlik edən), İ.H.Şükürov və R.Ə.Əliyev) apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından məhkum x2nun müdafiəçisi-vəkil Məmmədov Fərhad Möhübbət oğlu kassasiya şikayəti verərmiş dir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçisi-vəkil Məmmədov Fərhad Möhübbət oğlu kassasiya şikayətində göstərmişdir ki, x2 barəsində məhkəmələrin qəbul etdikləri qərarlar ədalətsizdir və əsassız olaraq barəsində son dərəcə ağır qərar qəbul edilmişdir. Belə ki, təqsirləndirilən şəxs ona qarşı sürülən ittihamda özünü qismən təqsirli bilsə də, etdiyi zorakılıq hərəkətlərini quldurluq niyyətilə deyil, xuliqanlıq niyyəti ilə etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs x1 məhkəmə hadisə zamanı x2 ondan heç bir məbləğdə pul istəmədiyini, seyfdə pul olmasına baxmayaraq nə seyfdəki pula, nə də ki, onun üzərində olan pula toxunulmadığını, qeyd olunan hadisəni törədərkən əməlin ona istiqamətləndirildiyini bildirmişdir. Həmçinin zərərçəkmiş şəxs x1 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi x4 notarial qaydada ərizə verərək heç bir şikayət və tələblərinin olmadığını bildirərək, hüquqlarını müdafiə etdiyim şəxs barəsində humanist qərar qəbul edilməsini xahiş etmişlər. Hesab edirəm ki, x2 CM-nin 181.2.1,181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməsi sübuta yetirilmədiyindən, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1 və 221.3-cü maddələrinə tövsif olunaraq cəzalandırılması daha ədalətli qərar olardı. Qeyd olunanlara əsasən Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və məhkum x2nun əməlini CM-nin 186.1 və 221.3-cü maddələrinə tövsif edib, həmin maddələrin sanksiyası həddində cəza təyin edib, CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanın şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xah iş etmişdir. Qeyd olunanları nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsini və x2nun azadlığa buraxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin və zərərçəkmiş şəxsin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqin in düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxl ayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Müdafiəçisi kassasiya şikayətində göstərmişdir ki, təqsirləndirilən şəxs ona qarşı sürülən ittihamda özünü qismən təqsirli bilsə də, etdiyi zorakılıq hərəkətlərini quldurluq niyyətilə deyil, xuliqanlıq niyyəti ilə etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs x1 məhkəmə hadisə zamanı x2nun ondan heç bir məbləğdə pul istəmədiyini, seyfdə pul olmasına baxmayaraq nə seyfdəki pula, nə də ki, onun üzərində olan pula toxunulmadığını, qeyd olunan hadisəni törədərkən əməlin ona istiqamətləndirildiyini bildirmişdir. Həmçinin zərərçəkmiş şəxs x1 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi x4 notarial qaydada ərizə verərək heç bir şikayət və tələblərinin olmadığını bildirərək, hüquqlarını müdafiə etdiyi şəxs barəsində humanist qərar qəbul edilməsini xahiş etmişlər. Ona görə də x2 cinayəti əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1 və 221.3-cü maddələrinə tövsif olunaraq cəzalandırılmasını xahiş etmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs tərəfindən verilmiş eyni məzmunlu kassasiya şikayətinə Ali Məhkəmədə baxılaraq Ali Məhkəmənin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə hüquqi qiymət verilmişdir. Ali Məhkəmənin Cinayət Kollegiyasının həmin qərarında göstərilmişdir ki, cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə iş materiallarından göründüyü kimi, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair Azərbaycan Respublikası CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə məhkumların, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin alınması, keçirilmiş məhkəmə-tibbi və başqa ekspertiza rəyləri, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması zamanı ibtidai araşdırma orqanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və on un məzmununun izah edilməsini tələb edir. Cinayət işinin materiallarına əsasən, faktları müəyyən edən apellyasiya instansiyası məhkəməsi ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə baxışı iclasında isə tam, obyektiv və hərtərəfli araşdırılmış sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, x2 və x3 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 182.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası işin halları ilə yanaşı həmçinin maddi hüquq normalarının tələblərinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli 1 saylı qərarına əsaslanır. Azərbaycan Respublikası CM-in 181-ci maddəsinin dispozisiyasına ə sasən quldurluq özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqındır. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəldiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Basqın o halda quldurluğun tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə-özgə əmlakını ələ keçirməyə yönəlsin. Qeyd edilən normaya əsasən hədənin reallığı hədənin ifadə formasından, onun intensivliyindən, hədələmənin şəraitindən asılıdır. Qanunun mənasına əsasən quldurluq zama nı hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükə real olmalıdır. İş materiallarından görünür ki, x2 və x3un ittihamında şərh olunan cinayəti törətmələri birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq edilmiş sübutlarla, o cümlədən zərərçəkmiş şəxs x1, şahidlər x4, x5, x6, x7, x8, x9, x10, x10, x11, habelə təqsirləndirilən şəxslərin özlərinin qismən etirafedici ifadələri, ekspertlərin rəyləri və digər istintaq protokolları və sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkumlar x2 və x3un əməllərinin CM-nin 221.3 və 186.1-ci maddələri ilə deyil, əsassız olaraq CM-nin daha ağır olan 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri tövsif edilməsinə dair kassasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər apely asiya instansiya məhkəməsinin qərarında müzakirə edilərək rədd edilmiş və məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə olan halda, məhkəmə kollegiyası məhkum x2 zərərçəkmiş şəxs x12 qarşı törətdikləri cinayət əməlini kassasiya şikayətlərində göstərildiyi kimi, Azərbaycan Respublikası CM-in 221.3 və 186.1-ci maddələri ilə tövsif edilməsi üçün heç bir əsas görmür və buna görə də kassasiya şikayətlərinin bu hissəyə aid olan dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilməməsini mümkün bilir. Məhkum еdilmiş şəхslər x2 və x3a cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apelyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apelyasiya instansiy a məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləş dirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakter li hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Cinayət işinin faktiki hallarını, cinayətin ictimai təhlükəlilk dərəcəsini, cinayətin gecə vaxtı və bir qrup şəxs tərəfindən törədilməsi kimi halları nəzərə alaraq x2nun cəza çəkmədən islah olunmasının mümkünlüyünə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, x2nun müdafiə və ədalətli məhk əmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum x2nun müdafiəçisi-vəkil Məmmədov Fərhad Möhübbət oğlunun kassasiya şikayəti təmin edilməsin. x2nun Azərbaycan Respublikası CM-in 181.2.1, 181. 2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar