Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-683/2024 27.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Bəraət almış şəxsin və onun müdafiəçisinin iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 1(103)-1092/2023 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı tərəfind ən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 1(101)-145/2023 saylı hökmü ilə (hakimlər: Ə.İ.Məmmədov (sədrlik edən), T.Q.Hüseynov və E.H.İsmayılov) xxxxx Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, üzərində ödənilməmiş məhkumluğu olan, ünvan 1-da qeydiyyatda olan X19 – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 01 fevral 2022-ci il tarixdən 03 fevral 2022ci tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılaraq onun üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin 15 fevral 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxs X19 və onun müdafiəçisi Mirzəyev Fikrət Mustafa oğlu tərəfindən apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 1(103)-1092/2023 hökmü ilə (hakimlər: A.F.İbrahimov (sədrlik edən), M.Ə.Abbasov və R.A.Qaraqurbanlı) verilmiş apelyasiya protesti təmin edilməmiş, apellyasiya şikayətləri isə təmin edilmiş, Bakı Ağır Cinayətlə r Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 1(101)-145/2023 saylı hökmü ləğv edilmiş, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti vermişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X19 ona görə ittiham olunmuşdur ki, o, istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 3,578 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 01 fevral 2022-ci il tarixdə, saat 11:30-da Sabunçu RPİnin 13-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməl iyyat-axtarış tədbirləri zamanı ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq 13-cü Polis bölməsinə aparılmış, orada onun üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümün içərisində saxladığı külli miqdarda, təmiz çəkisi 3,578 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilənlərə əsasən X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə məhkəməyə verilmişdir. Birinci instansiya məhkəməsi X13 yuxarıda qeyd olunan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitənin satış məqsədi və tamah niyyəti olmadan əldə edib daşıması və saxlaması haqqında nəticəyə gələrək onun əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif etmişdır. Apellyasiya instansiyası məhkəməsi X13 narkotik vasitənin qanunsuz olaraq əldə edilməsində, daşınmasında, saxlanılmasında, satılmasında təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəldiyindən, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət vermişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, cinayət işinin materiallarında X13 əməlində CM-in 234.4.3-cü maddəsi ilə təqsirini təsdiq edən kifayət qədər sübutlar olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə əsassız olaraq polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş sübutları qəbul etməyib, müstəsn a olaraq X2in özünümüdafiə xarakterli ifadəsi əsasında sonuncunun təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib ona bəraət vermişdir. Protest müəllifi iddia edir ki, apelyasiya instansiyası məhkəməsi əsassız olaraq ibtidai araşdırma orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş mötəbər sübutları əsassız olaraq görməzdən gələrək, X13 və onun ailə üzvlərinin, ona yaxın olan şəxslərin ifadələri əsasında qanunsuz nəticəyə gəlmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli hökmünün lə ğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində ka ssasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X13 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nə ticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 - 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsasların dan bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təqsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliy inin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsinin yekun hökmündən görünür ki, məhkəmə X13 01 fevral 2022-ci il tarixdə, saat 11:30-da tutulmasından sonra üzərində aşkar edilmiş 3,578 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin ona məxsus olmasına dair məhkəməyədək icraatda verdiyi qismən etirafedici ifadəsini polis orqanında olduğu müddətdə tətbiq edilmiş pis rəftarın təsiri ilə verməsi haqqında nəticəyə gəlib, həmin ifadəni, eləcə də 01 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması və maddi sübutun götürülməsi haqqında protokoldakı məlumatları CPM-in 125.1-ci maddəsinə əsasən, yəni əldə edilmə halları şübhə doğurmayan sübutlar kimi qəbul etməkdən imtina etmiş, iş üzrə toplanmış digər sübutlar isə aşkar edilmiş narkoti k vasitəni X2ə aid olan predmetlər kimi qiymətləndirmək, beləliklə də onu satış məqsədilə həmin narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlaması, daşıması haqqında nəticəyə gəlmək üçün kifayət etməmişdir. Dövlət ittihamçısı apellyasiya məhkəməsinin gəldikləri bu nəticə ilə razılaşmamasını əsaslandırarkən həlledici şəkildə ona istinad etmişdir ki, X13 CM-nin 234.4.3-cü maddəsində göstərilən əməlləri törətməsi X2in ibtidai istintaqın ilkin mərhələsində verdiyi izahat və ifadəsi, sonuncunun üzərindən 3,578 qram narkotik vasitə heroinin götürülməsinə dair “şəxsi axtarış və götürmə barədə” 01 fevral 2022-ci il tarixli protokol ilə, həmin tədbirlər nəticəsində götürülmüş maddi sübutlar (narkotik vasitə) və tədbirlərin həyata keçirilməsində iştirak etmiş polis əməkdaşlarının ifadələri ilə, eləcə də məhkəmə ekspertizalarının rəyləri ilə təsdiq olunsa da, apellyasiya məhkəməsi qeyd edilən izahat və ifadələri, eləcə də X2in üzərindən narkotik vasitənin götürülməsinə dair protokolu mümkün və mötəbər sübutlar kimi qəbul etməmiş, bununla da CPM-in 143-146-cı maddələrinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq X13 narkotik vasitənin qanunsuz olaraq əldə edilməsində, daşınmasında, saxlanılmasında, satılmasında təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gələrək sonuncuya bəraət vermiş, qeyd olunan nəticəni hasil edərkən məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətlər onun xeyrinə həll edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin hökmündə iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin hökmündə verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. Belə ki, X19 birinci instansiya məhkəməsində məhkəməyədək icraat zamanı qismən “etirafedici” izahat və ifadəni polis əməkdaşlarının qanunsuz təsir və təzyiqlərinə, işgəncəyə məruz qalmasına görə verdiyini qeyd edib ifadəsində göstərmişdir ki, öz sahəsi üzrə Azərbaycanda ilk beynəlxalq dərəcəli məşqçidir. O, bir müddətdir ki, Bakı Olimpiya Stadionunda tay boksu üzrə məşqçi işləyir. Onun yetirmələri Avropa və dünya çempionlarıdır, dəfələrlə Azərbaycan Respublikasının bayrağını müxtəlif idman yarışlarında yüksəklərə qaldırmışlar. O, əvvəllər bir dəfə məhkum olunsa da, məhkumluq həyatından sonra peşəkar idmanla məşğul olaraq normal həyata dönmüşdür. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, 01 fevral 2022-ci il tarixdə, səhər saat 07:00- 08:00 radələrində yaşadığı ünvan 1 ünvanında yatmışdır. O, yatdığı vaxt 10-15 nəfər silahlı polis əməkdaşı onun yaşadığı evin həyətinə basqın edərək evə daxil olmuşlar. Polis əməkdaşları onu yatdığı yerdə oyadıb tutmuşlar. Həmin vaxt onun əynində gecə geyimi olan pijama olmuşdur. Polis əməkdaşları onu qanu nsuz şəkildə tutaraq Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə aparmışlar. Polislər onu evdən pijamada çıxartmışlar. Onlar Polis bölməsinə gedərkən polislər onu yolüstü "Razin” kimi adlanan ərazidə fəaliyyət göstərən avtomobillərin yuyulması üçün nəzərdə tutulmuş bir obyektə salmışlar, evdən anasının pal-paltar gətirməsini tələb etmişlər. Sonra onun anası həmin yuyucu məntəqəsinə gələrək onun paltarlarını gətirmiş, o da orada paltarlarını geyinmişdir. Bundan sonra polislər onu Polis bölməsinə aparmışlar. Polis bölməsinə gedərkən adlarını bilmədiyi polis əməkdaşları onu döymüşlər. Onun əllərinə qandal vurulduğuna görə o, idmançı olsa da polislərin qanunsuz hərəkətlərinin qarşısının ala bilməmişdir. O, bir neçə dəfə polislərdən niyə onu tutduqlarını soruşsa da, əvvəlcə ona cavab verən olmamışdır. Sonradan isə bir polis əməkdaşı ona demişdir ki, "sən xuliqanlıq etmisən, silahdan atəş açmısan, ona görə də sən içəri getməlisən”. O, bu məsələyə aidiyyətinin olmamasını bildirsə də, onun sözlərinə məhəl qoyan olmamışdır. Maşında Polis bölməsinə getdikləri vaxt polislərdən biri onun sağ gözünə güclü zərbə vurmuşdur. Həmin vaxt onun gözləri qaralmış və güclü ağrı hiss etmişdir. Lakin o, heç nə edə bilməmişdir. Polis bölməsinə çatdıqdan sonra onu otaqların birinə aparmışlar və orada əllərini-ayaqlarını, habelə gözlərini skoçla bağlamışlar. O, qışqırsa və qanunsuzluğa son qoyulmasını dəfələrlə xahiş etsə də, polislərdən heç kəs onun sözlərinə məhəl qoymamışdır. Polis bölməsində ona demişlər ki, "sən polisə silah çəkmisən”. O, etiraz edərək bildirmişdir ki, belə bir hadisə olmamışdır. Lak in polislər ona inanmamışlar. Polis bölməsində ondan törədilmiş xuliqanlıqla bağlı heç nə soruşmamışlar. Sadəcə olaraq ona demişlər ki, "sən içəri getməlisən”. Polislər ona demişlər ki, "sənin cibinə narkotik vasitə qoyacayıq, boynuna almalısan, boynuna almasan səni də, ailə üzvlərini daha çox narkotiklə yükləyib içəri göndərəcəyik”. Lakin o, narkotik vasitələrə aidiyyətinin olmamasını və narkotik vasitəni boynuna almayacağını bildirmişdir. Bundan sonra Polis bölməsində ona işgəncə vermişlər, döymüşlər və psixoloji təzyiq göstərərək demişlər ki, "sən boynuna almasan, səni də, ailəni də narkotiklə yükləyib içəri göndərəcəyik”. Bütün bunlardan sonra o, məcbur qalıb polislərin onun cibinə qoyduqları narkotik vasitənin ona məxsus olması və polislərin dedikləri məzmunda ifadə vermişdir. Lakin h əmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Çünki onun əynində olan paltarları o, yuyulma obyektində olduğu vaxt anası gətirmişdir. Həmin paltarların cibində narkotik vasitə ola bilməzdi. Polis bölməsində ona xəsarət yetirən polis əməkdaşlarının adları x və x olmuşdur. Lakin həmin polislər ittiham aktında şahid kimi keçməmişlər. Sonra barəsində həbs məsələsinə baxılması üçün onu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə aparmışlar. Orada o, özünü yaxşı hiss etməmiş, döyüldüyündən ağrımış, gözü də şişmişdir. Sanksiyaya baxan hakim bunu görüb ona söz vermişdir ki, məhkəmədə düzgün danışsın. O da məhkəmədə hadisəni olduğu kimi danışmış, yəni səhər saat 07:00-08:00 radələrində evdə yatdığı yerdə tutulduğunu, Polis bölməsinə aparılarkən və Polis bölməsində polis əməkdaşları tərəfindən fizik i və psixoloji təzyiqə məruz qaldığını bildirmişdir. Sonra hakim onun barəsində həbs seçməyərək onu azad etmişdir. O, məhkəmənin inzibati binasından çıxdıqdan sonra orada olan Sabunçu rayon Polis İdarəsinin əməkdaşları yenidən onu tutub qollarına qandal taxaraq Polis bölməsinə aparmışlar. O, polislərə məhkəmənin onun azad etməsini bildirsə də, ona demişlər ki, "səni buraxan deyilik, sən içəri getməlisən”. Polis bölməsində onu təhqiqatçının yanına aparmışlar. Polis bölməsində onu 1 (bir) gün saxladıqdan sonra Suraxanı rayon Polis İdarəsinə aparmışlar. Suraxanı rayon Polis İdarəsində isə guya o, küçədə maskadan istifadə etmədiyinə görə polis əməkdaşları ona yaxınlaşmışlar, o da polislərə kobudluq etdiyinə görə 30 gün inzibati qaydada həbs vermişlər. Halbuki 04 fevral 2022-ci il tarixdə küçəd ə maska taxmaq tələbi olmamışdır. Polislər bu adla məhkəmənin qərarına qarşı çıxaraq nəyin bahasına olursa-olsun onu tutmuşlar. İnzibati iş də narkotik işi kimi saxta iş olmuşdur. Həmin müddət ərzində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin həbsin seçilməsindən imtina etməsi barədə qərarından prokuror protest vermiş, lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən prokurorun protesti təmin edilməmişdir. O, bir daha bildirmək istəyir ki, onun ittiham aktında göstərilmiş narkotik vasitəyə heç bir aidiyyəti olmamışdır. Bunun təsdiqi kimi o, bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmə iclası təyin edildiyi gün o, məhkəmənin binasına daxil olmaq istədikdə, Sabunçu rayon Polis İdarəsinin mülki geyimdə olan əməkdaşları onu tutub Polis İdarəsinə aparmışlar və orada yenidən onu narkotiklə yükləmək istəmişlər. Lakin o, razılaşmadığından 2 (iki) gün orada saxlanıldıqdan sonra buraxılmışdır. Bütün bunlar ona dəlalət edir ki, Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının onunla şəxsi-qərəzliyi var və nəyin bahasına olursa-olsun onu həbs etmək istəyirlər. Təqsirləndirilən şəxs X19 qeyd etdiyi halların nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı X19 öz ifadəsində əlavə olaraq göstərmişdir ki, 01 fevral 2022-ci il tarixdə, saat 07:08 radələrində o, ünvan 1 ünvanında saxlanılarkən, polis əməkdaşlarının arasında şahid qismində məhkəmədə ifadə vermiş polis əməkdaşları ümumiyyətlə olmamışlar. Kassasiya protestində irəli sürülmüş iddianın əksinə olaraq, apellyasiya məhkəməsi tərəfindən X13 ifadəsi cin ayət-prosessual qanunun 144-cü maddəsi tələb etdiyi kimi digər sübutlarla müqayisə edilməklə lazımınca yoxlanılmış, nəticədə həqiqətən də onun məhkəməyədək icraatda verdiyi qismən etirafedici ifadəsinin polis orqanında olduğu müddətdə tətbiq edilmiş pis rəftarın təsiri ilə verməsi, barəsində keçirilmiş əməliyyataxtarış tədbirinin “Əməliyyat-axtarış fəaliyyət haqqında” Qanunun tələblərinə cavab verməməsi, müvafiq olaraq həmin tədbirin gedişində onun üzərində həyata keçirilmiş şəxsi axtarış və götürmənin qanunsuz olması müəyyən edilmişdir. Belə ki, aparılmış məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, X19 ifadəsində göstərmiş olduğu halların həqiqəti əks etdirməsi birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X14 və X6 ifadələri, ş ahidlərin istifadəsində olmuş mobil telefonların anten məlumatları və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, o, X18 qonşuluqdan tanıyır. O, X2in polis əməkdaşları tərəfindən saxlanıldığı günün dəqiq tarixini xatırlamır, lakin yanvar ayının sonu və ya fevral ayının əvvəli olduğunu təxmin edir. O, səhər təxminən saat 08:00 radələrində X2in və sonuncunun ailə üzvlərinin yaşadığı ünvandan qışqırıq səsləri eşitmişdir. Həmin vaxt o, yaşadığı evin həyətində saxladığı toyuqlara yem atmaq məqsədi ilə oyanmış və həmin vaxt həyətdə olmuşdur. X2in evi ilə onun evinin arasında 10 metr məsafə var. O, həyətindən x evləri olan istiqamətə baxdıqd a, X2i alt paltarında, yəni pijamada boynundan basılaraq maşına güclə otuzdurulduğunu görmüşdür. X2i otuzdurdukları maşın polis maşını olmamışdır. Həmin vaxt X2gilin evində təxminən 10-15 nəfər şəxs olmuşlar. X2 aparıldıqdan sonra o, X2in anasından nəyin baş verdiyini soruşmuş, X2in anası da ona demişdir ki, "10-15 nəfər polis əməkdaşı gəlib X2i yatdığı yerdən götürərək Polis İdarəsinə aparıblar”. Onun baş vermiş hadisə ilə bağlı başqa məlumatı yoxdur. Həmçinin birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, X19 onun oğludur. Oğlunun narkotik vasitə istifadə etdiyini və satışı ilə məşğul olduğunu görməmişdir. X2in saxlanıldığı gün, yəni 01 fevral 2022-ci il tarixdə, səhər saat 07:00-08:00 radələrində evlərinin qapıs ı döyülmüşdür. Evlərinin qapısı evin həyətinə açılır və həmin həyətə daxil olmaq üçün əvvəlcə darvazadan keçmək lazımdır. Onlar qalxmışlar, sonra onun əri X2 qapıya yaxınlaşmış və qapını döyənin kim olduğunu soruşmuşdur. Həmin adam da demişdir ki, "Bəxtiyardır.” Onun əri qapını açan kimi həmin şəxslər içəri daxil olmuşlar. Lakin o, evə daxil olan şəxslərin sayını dəqiq olaraq xatırlamır. Həmin şəxslər içəri daxil olduqdan sonra X2i yerindən dartıb götürmüşlər. Evə baxış keçirilsə də, evdən heç nə aşkar edilməmişdir. X2i elə pijamada maşına dartıb aparmışlar. Bu zaman qonşuluqda yaşayanlar bütün bu baş verənlərə şahid olmuşlar. O, X2ə paltar vermək istəmiş, eləcə də X2in ayağında ayaqqabı belə olmamışdır. Polislər ona tez gətirəcəksə paltar gətirməsini demişlər. O da evdən təcili X2 üçün şa lvar, köynək və gödəkçə gətirmişdir. Həmin şəxslər həmin geyimlərin ciblərini yoxlamışlar və heç nə aşkar etməmişlər. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadələrində göstərmişdir ki, o, Sabunçu RPİ-nin 13-cü Polis bölməsində cinayət-axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən yaşayış binasının qarşısında naməlum şəxs tərəfindən xuliqanlıq cinayəti törədilməsi ilə bağlı onlara əməliyyat tapşırığı verilmişdir. Əməliyyat tapşırığının icrası ilə əlaqədar o, 01 fevral 2022-ci il tarixdə, saat 13:30 radələrində digər polis əməkdaşı Şahid2 ilə birlikdə X2 adlı şəxsi yaşadığı evin yaxınlığında küçədə saxlayıb Polis bölməsinə dəvət etmişdir. X2 adlı şəxs özünü qə ribə apardığından, sanki onlardan qaçmaq istədiyindən onlarla birlikdə Polis bölməsinə getmək istəməmişdir. Lakin sonra X2 onlarla razılaşaraq 13-cü Polis bölməsinə getməyə razılıq vermişdir. Polis bölməsində onların saxladıqları X2 adlı şəxsin 20 yanvar 2022-ci il tarixdə baş vermiş xuliqanlıq hadisəsinə aidiyyətinin olmaması müəyyən edilmişdir. Lakin X2 özünü şübhəli apardığından orada təhqiqatçı tərəfindən X2in üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı X2in üzərindən narkotik vasitə aşkar edilmişdir. O, narkotik vasitənin növünü və çəkisini xatırlamır, lakin X2in üzərindən cəmi 1 (bir) ədəd bükümdə narkotik vasitə aşkar edilmişdir. X2 üzərindən aşkar olunmuş narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini, ağrıları olduğuna görə həmin vasitədən istifadə etdiyini bil dirmişdir. Hadisənin üstündən uzun müddət keçdiyindən o, digər məsələləri xatırlamır. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verməklə, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Apellyasiya məhkəmə tərəfindən X1 ilə bağlı aşağıdakı hallar müəyyən olunmuşdur: _ verilmiş ittihamda qeyd olunduğu kimi X19 01 fevral 2022-ci il tarixdə saat 11:30 radələrində ünvan 1 ünvanının qarşısında saxlanılıb, _ müdafiə tərəfinin iddia etdiyi kimi (X13, şahidlər X7 və X6 ifadələri ) 01 fevral 2022-ci il tarixdə, səhər saat 07:00- 08:00 radələrində yaşadığı evdə saxlanılıb, _ şahidlərin iddia etdiyi kimi (polis əməkdaşları Şahid2 və Şahid1) 01 fevral 2022-ci il tarixdə saat 13:30 radələrində ünvan 1 ünvanının qarşısında saxlanılıb, _ şahid qismində ifad ə vermiş polis əməkdaşı Şahid2 istifadəsində olan (tel:***-*****-**) mobil telefon nömrəsinin xx.xx.2022-ci il tarixdə anten əhatə dairələri barədə məlumatlardan müəyyən olunmuşdur, Şahid2 istifadəsində olan ***-***-**-** telefon nömrəsinin dislokasiyasına əsasən, o, xx.xx.2022-ci il tarixində səhər 08:00-dan 11:03-dək və 12:20-dən 13:28-dək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsində, yəni 13-cü RP-nin yerləşdiyi ərazinin yaxınlığında olmuşdur. _ şahid qismində ifadə vermiş polis əməkdaşı Şahid1 istifadəsində olan (tel:***-*****-**; ***-***-**-**; ***-***-**-**) mobil telefon nömrələrinin xx.xx.2022-ci il tarixdə anten əhatə dairələri barədə məlumatlardan görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** telefon nömrəsinin dislokasiyasına əsasən, o, xx.xx.2022-ci il tarixd ə Bakı şəhəri, Nəsimi rayonu ərazisində, ***-***-**-** telefon nömrəsinin dislokasiyasından əsasən o, xx.xx.2022ci il tarixdə saat 16:06-dan sonra Sabunçu rayonu, Mehmandarov küçəsində, yəni 13-cü polis bölməsinin yerləşdiyi Məktəbli küçəsinə yaxın ərazidə, ***-***-**-** telefon nömrəsinin dislokasiyasından əsasən o, xx.xx.2022-ci il tarixdə, ittiham aktında göstərilən saat 11:30 radələrində o, Bakıxanov qəsəbəsində (13-cü PB-nin yaxınlığında), yəni məhkumun yaşadığı Hövsan qəsəbəsindən 22 km aralı məsafədə olmuşdur. _məhkəmə istintaqı zamanı tədqiq edilmiş “şübhəli şəxsi tutulması haqqında” və “şəxsi axtarış və götürmə aparılması haqqında” protokollardan görünür ki, X19 01 fevral 2022-ci il tarixdə saat 12:30-da tutulmuş, həmin tarixdə saat 12:50-də şəxsi axtarış həyata keçirilmiş və madd i sübut götürmüşdür. Göründüyü kimi X13 01 fevral 2022-ci il tarixdə hansı saatda tutulması ilə bağlı əsaslı şübhələr mövcuddur ki, bu da hər bir halda sonuncun xeyrinə təfsir olunmalıdır. Digər tərəfdən X13 ittihamda qeyd olunan saat 11:30 radələrində ünvan 1 ünvanının qarşısında saxlanılması qəbul olunduğu təqdirdə belə, anten məlumatlardan görünür ki, onun tutulmasında iştirak edildiyi iddia olunan polis əməkdaşları Şahid2 və Şahid1 qeyd olunan ünvanda həmin tarixdə olmamışlar (adları çəkilən şəxslər tərəfindən verilmiş məlumatların inandırıcı və işin hallarına uyğun olmadığına dəlalət edir), həmçinin X2in üzərində şəxsi axtarış və götürmə həmin yerdə və həmin saatda deyil, 1 saat yarım sonra yəni 01 fevral 2022-ci tarixdə saat 12:50-də Sabunçu RPİ-nin 13-cü PB-də keçirilmiş, bununla be lə ittiham tərəfindən şəxsi axtarışın X2 yerdə və saat keçirilməsini istisna edən halların olduğunu təsdiq edən, eləcə də şəxsi axtarışın və götürmənin əvvəlcədən məhkəmə qərarını almadan keçirilməsini zəruri edən (təxirəsalınmazlığa dəlalət edən) sübutlar məhkəməyə təqdim edilməmişdir. Apellyasiya məhkəməsi X13 məhkəməyədək icraat zamanı vermiş olduğu qismən “etirafedici” izahat və ifadələrinin polis əməkdaşlarının qanunsuz təsirləri nəticəsində, o cümlədən döyülməsi, işgəncəyə göstərdiklərini də araşdırmışdır. məruz qalması səbəbindən verməsi barədə Belə ki, apellyasiya məhkəməsi X13 polis əməkdaşları tərəfindən saxlanılan gündən bir gün əvvəl 30 yanvar 2022-ci il tarixində Astara rayonunda yetkinlik yaşına çatmayanların iştirakı ilə keçirilmiş yarışda Baş Hakim qismində iştirak etməsini (Azərbaycan Birinciliyində fəal iştirakına görə Free Kontakt üzrə Baş Hakim X2 X24 təltif olunmuş), saatlar sonra yəni xx.xx.2022-ci il tarixində saat 11:30-da sonuncu 13-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmasını, saxlanılması və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda sonuncunun polis bölməsinə gətirilərkən üzərində xəsarətlərin olması ilə bağlı hər hansı qeydlərin olmamasını, əməliyyat axtarış tədbirini keçirmiş polis əməkdaşlarının ifadələrində adları çəkilən şəxslərin saxlanılanılarkən onda xəsarətlərin olması barədə hər hansı xüsusatı bildirməmələrini, Suraxanı RPİ-nin 31-ci polis bölməsində tərtib olunmuş Aktı (xx.xx.2022ci il tarixdə, saat 18:05 radələrində PB-nə gətirilən X10 gözün qaraltısı və sağ çiynin qaraltısı xəsarət ləri ilə qəbul edilmiş), şəxsi axtarış aparılmasını əks etdirən videodiskdəki görüntüləri (sonuncunun göz nahiyyələrində kəskin şişkinlik əlamətlərinin mövcud olması aydın şəkildə müşahidə olunur), ilk çıxdığı məhkəmənin qarşında X2 onun üzərində narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı izahatlarını (03 fevral 2022-ci il tarixdə barəsində verilmiş təqdimat təmin edilməmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmiş), daha sonra isə elə həmin tarixdə (xx.xx.2022-ci il tarixdə) 31-ci Polis bölməsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə aparılaraq məhkəmənin qərarı ilə 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilməsini tərəfindən qəbul edilmiş yek un məhkəmə aktında qabardaraq, həmçinin sadalanmış hallarla bağlı yəni X13 polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmasına dair Sabunçu Rayon Prokurorluğunda aparılmış araşdırmaların formal, səthi və effektsiz olmasını qeyd edərək, X8 3-cü maddəsinə zidd davranışa uğraması barədə qənaətə gəlmişdir. Göründüyü kimi apellyasiya məhkəməsinin ibtidai istintaq orqanının ittihama birbaşa təsir göstərən faktlar və bu faktlara aid sübutlar barədə yanlış nəticəsi ilə qane olmayıb, müdafiə tərəfinin X2in təqsirsizlikləri ilə bağlı irəli sürdüyü dəlillərin (işgəncəyə və pis rəftara məruz qalması ilə bağlı) araşdırılması ilə bağlı müvafiq prosessual addımlar atmış, o cümlədən X13 polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmamasına dair Sabunçu Rayon Prokurorluğunda apa rılmış araşdırmaların formal, səthi və effektsiz olmasını qeyd edərək, X8 3-cü maddəsinə zidd davranışa uğraması barədə qənaətə gəlmişdir ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin yekun qənaətini Cinayət Prosessual Məcəllənin 33 və 126-cı maddələrinin tələbləri, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə verilmiş izah və tövsiyələri uzlaşan nəticə kimi qiymətləndirir. X3 Cinayət-Prosessual Məcəllənin normalarından irəli gələn prosessual hüquqları təmin edilmədiyi və işgəncəyə məruz qalmasi barədə iddiası təkzib edilmədiyi halda (onun qismən “etirafedici” ifadələrinin mötəbərliyinə ciddi şübhələr yaranır), həmçinin polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirinin CPM-in tələblərinin pozulmas ı ilə keçirildiyi vəziyyətdə apellyasiya məhkəməsinin X2in məhkəməyədək icraatda verdikləri izahat və ifadələrini, “şəxsi axtarış və götürmə barədə” 01 fevral 2022-ci il tarixli protokolu, bu tədbirdə iştirak etmiş polis əməkdaşlarının ifadələrini, tədbirin gedişində əldə olunanları sübut kimi qəbul etməməsi cinayət prosesi tərəfinin təqdim etdiyi sübutlardan əsassız olaraq imtina etmə kimi şərh edilə bilməz. Təsvir edilən halların, cinayət təqibi orqanının təqdim etdiyi sübutlar bazasına, ittihama yaranan ciddi şübhələrin fonunda apellyasiya məhkəməsi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə X13 təqsirliliyinin sübuta yetirilməsi barədə mötəbər və yekun nəticəyə gəlmək üçün sübutların kifayət etmədiyini hesab etmiş, ittiham tərəfi isə X2in ifadəsini, eləcə d ə həmin ifadə ilə uzlaşan X7, X6 ifadələrini, mobil telefon əlaqələrinə dair məlumatları, X2ə münasibətdə pis rəftarı təsdiq edən sübutları və digər materiallar üzərində qurulmuş nəticələri təkzib edə, mövcud şübhələri aradan qaldıra biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin təqdim olunmuş sübutların X13 ona istinad edilən cinayət əməllərini törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi, onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Belə ki, artıq yuxarıda istinad olunduğu kimi, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 21-ci maddəs ində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaran an şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və X11 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərə dair qəbul etdiyi qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməli dirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarları na əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudl uğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olu nmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. X13 yuxarıda təsvir edilən xüsusatlar barədə ifadəsində verdiyi məlumatların həqiqiliyi, araşdırılmış digər ifadələrin mötəbərliyi təkzib olunmadığı vəziyyətdə apellyasiya məhkəməsinin X2ə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verməsi, cinayətprosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyy ən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı X5, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış şəxs X13 və onun müdafiəşisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və X13 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CMnin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 1(103)-1092/2023 nömrəli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X13 barəsində Bakı A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 1(103)-1092/2023 nömrəli hökmü verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-683/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-683/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver