Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-688/2025 06.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2337/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və ona əlavəyə m ahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum XXXXX-cı il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Biləsər kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 18 mart 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 25 aprel 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəy yən edilmiş işin faktiki hallarına görə, Məhkum özgənin əmlakını ələ keçirmək məqsədi ilə 09 oktyabr 2023-cü il tarixdə, saat 07 radələrində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birgə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq, Zərərçəkmiş şəxs1 müqavimətini qırmaq məqsədilə onun bud nahiyəsinə yumruqla zərbə endirib, şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla sonuncuya sol budun hematoması ilə müşayiət olunan və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül bədən xəsarəti yetirməklə onu qucağına alıb həmin fərdi yaşayış evinin mətbəxinə apardıqdan sonra Zərərçəkmiş şəxs2 kömək istəmək məqsədilə fərdi yaşayış evinin giriş qapısına yönəlib qaçan zaman sonuncunu qəsdən əli ilə itələyərək ona sol bazunun qançırları ilə nəticələnən, dərəcələri təyin edilməyən bədən xəsarəti yetirməklə qarşısını alıb yenidən mətbəxə qayıtmış və üzərində saxlayıb gəzdirdiyi istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə edərək kəsər hissəsini Zərərçəkmiş şəxs1 tərəf yaxınlaşdırıb, nümayiş etdirərək zor tətbiq etmə hədəsi ilə hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 “iPhone 7” markalı mobil telefonu talayıb ələ keçirməklə sonuncuya 500 manat dəyərində maddi ziyan vuraraq, quldurluq etmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1636/2024 nömrəli, 19 sentyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 dekabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, işinə yenidən baxılmasını və barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir.
7. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Həsənov Mirzə Nəcəf oğlu apellyasiya şikayəti verib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1636/2024 nömrəli, 19 sentyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsini və təqsirliliyi sübuta yetirilmədiyindən Məhkum bəraət verilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2337/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərarı ilə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1636/2024 nömrəli, 19 sentyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti və ona əlavə verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayəti və ona əlavədə qeyd olunmuşdur ki, məhkəmələr cinayət qanunu normasını düzgün tətbiq etməmiş, cinayətin törədilməsi yetərli və mötəbər sübutlarla təsdiqlənməmiş, mövcud sübutlar Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 143-146cı maddələrinin tələbləri baxımından tədqiq edilib, qiymətləndirilm əmiş, lehinə olan şahid ifadələri nəzərə alınmamış, məhkəmənin gəldiyi yekun nəticə işin faktiki hallarına uyğun olmamışdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2337/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətinə və ona əlavəyə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum kassasiya şikayəti və ona əlavədə cinayət işi üzrə toplanmış sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyi, dolayısı ilə təqsirliliyinin sübuta yetirilmədiyini iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6 -ci maddələrində məhkəmə qərarın ın kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini və ona əlavəni Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2337/2024 nömrəli, 30 oktyabr 2024-cü tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsiz liyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ba xımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
22. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum təqsirliliyinin sübuta yetirilməməsinə dair dəlillərini əsassız hesab edir.
23. Belə ki, Məhkum birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi aparılan qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, məhkum özünü Azərbaycan Respublikası CM-nin 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilməsə də, lakin onun həmin cinayəti törətməkdə təqsiri özünün məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şəxsin tanınmaya təqdim edilməsi haqqında protokol, üzləşdirmə istintaq hərəkəti protokolları, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
24. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülmə klə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 181.2.3 və 181.2.5-ci maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulan cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qe yd edilən məsələyə aid qənaəti apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.
26. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim etmə ləri üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
27. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.
28. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi ilə ehtiva olunan hər hansı pozuntuya yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün digər əsasların olmadığını təsdiqləy ir.
29. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2337/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2337/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə və ona əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.