Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-689/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova - Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum və onun müdafiəçisi, Xaçmaz rayon Vəkil Bürosunun vəkili Mütəllimov Şahin Rasim oğlunun iştirakları ilə xx xxxxx 1967-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı nda qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Xaçmaz Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli hökmü ilə (hakim İ.Xəlilov) Məhkum – Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdud laşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 17 noyabr 2018-ci il tarixdən 19 noyabr 2018-ci il tarixədək tutulduğu 2 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: E.G.Rəhimov (sədrlik edən), E.M.Əhmədov və M.Ə.Rzayev) apellyasiya protesti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli hökmü dəyişdiri lmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı üstündə saxlamış, Xaçmaz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində o, 09 yanvar 2020-ci il tarixdə, saat 17:00 radələrində yaşadığı ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Xaçmaz RPŞ-yə dəvət olunub üstündə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli parça materiallı gödəkcənin sol qoltuq altı iç hissəsindən üzərində “avromed” yazılmış sellofan paketin içərisində olan çəhrayı rəngli sellofana bükülmüş xalis çəkisi 480,0 qram və əynindəki qara rəngli şalvarın sağ yan cibindən isə 1 (bir) ədəd kağız bükümdə xalis çəkisi 1,948 qram olmaqla, ümumi xalis çəkisi 481,948 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı Məhkum cəza təyininə dair hissədə əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxs Məhkum şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, həmçinin cəzaya təsir edə biləcək bütün halları araşdırmamış və əsassız olaraq Məhkum azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etmişdir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, az ağır cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi sadalamaqla kifayətlənmiş, lakin həmin halların cəzanı yüngülləşdirən hallar hesab etməsinə dair gəldiyi nəticəni əsaslandırmamışdır. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, Məhkum aşkar olunan narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından qat-qat çoxdur. Protest müəllifi hesab edir ki, məhkəmənin Məhkum təyin etdiyi cəza açıq-aydın ədalətsiz olmaqla sosial ədaləti bərpa etməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin, kassasiya protestinin təmin edilməməsi barədə Məhkum və müdafiəçi Ş.Mütəllimovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya m əhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində isə işin faktiki halları mübahisələndirilmir, yalnız təyin edilən cəzanın yüngül olması qeyd edilir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müzаkirə еdib, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalə tli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm mə hkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındı ğı göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına v ə prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin c əzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halla rı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarı n şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum bar əsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi və cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası maddənin sanksiyası həddindədir. Cəzanı ağırlaşdıran halların olmaması, əksinə cəzanı yüngülləşdirən halların olması, həmçinin işin digər halları ona təyin edilən cəzanın ədalətli və qanuni olması qənaətinə gəlməyə əsas verir. Cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, ailə vəziyyətinə, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla yanaşı, onun islah olunaraq, cəmiyyətin normal üzvünə çevrilməsi perspektivlərini də nəzərdə tutmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, cəzanın məqsədi birmənalı olaraq, təqsirləndirilən şəxsdən törətdiyi əmələ görə qisas almağa yönəlməməli, onun cəzasını çəkib qurtardıqdan sonra islah olunması, cəmiyyətin normal üzvü kimi yaşamaq şansını saxlamasını da nəzərdə tutmalıdır. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinin mənasına görə mə hkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narko tik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirmək lə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmi şlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-689/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-689/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver