Məhkəmə qərarları › İş №1(102)-729/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-729/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-729/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 1(099)475/2022 saylı (sədrlik edən hakim Cəlil Nəbiyev) hökmü ilə xx xxxx 2004-cü ildə Tovuz rayonunun DüzQırıxlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, xxx-də qeydiyyatda olmaqla orada yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbayca n Respublikası Cinayət Məcəlləsionin 234.1-ci maddəsi ilə 1 (bir) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Məhkum qəti cəza 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti əsasında işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakim Əhmədov İsmayıl Həmid oğlunun sədrliyi ilə, hakimlər Bağırov Məhəmməd Əhəd oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 04 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2022-ci il tarixli hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə 3,050 qram psixotrop maddə olan metamfetamini və qanunsuz olaraq bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ölçülərinə və konstruktiv əlamətlərinə əsasən soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 08 mart 2022-ci ildə, saat 04:15 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şirvan şəhəri, Ş.Şükürov küçəsində yerləşən 1 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilmiş, həmin gün saat 05:35-də üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən üzərində “Rothmans” yazısı olan siqaret qutusunda, bir ədəd sellofan bükümün içərisində təmiz çəkisi 3,459 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və əynindəki şalvarın kəmərinin arxa sağ tərəfinə keçirdiyi bir ədəd soyuq silah hesab edilən ov bıçağı aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞT İRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verildiyindən, habelə təyin edilmiş cəza məhkumun şəxsiyyətinə, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmadığından, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, birinci nstansiya məhkəməsi Məhkum əməlini CM 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edərkən yalnız təqsirləndirilən şə xs Məhkum verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmaqla, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə guya Məhkum üzərindən aşkar olunmuş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, həmin psixotrop maddəni satmaq niyyətində olması, onun narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, eləcə də, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq b una cəhd etməsinin təsdiqini tapmaması kimi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymış, bununla da işin halları məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. İşin hallarından göründüyü kimi, Məhkum istintaqla müəyyən edilməyən mənbədən və vaxtda qanunsuz olaraq bir ədəd bükümdə 3,459 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədilə əldə edib daşımaqla üzərində saxladığı iş üzrə toplanmış bir-birini tamamlayan sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən iş üzrə toplanılmış obyektiv və mötəbər sübutlara deyil, yalnız təqsirləndirilən şəxs Məhkum verdiyi özünü müd afiə xarakterli ifadələrinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara istinad edib Məhkum cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoymuşdur. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində dindirilmiş şahidlər Novruzov ilqar Ağasahib oğlu, Şahid1, Şahid2, Şahid3, Şahid4 və digər şahidlər ifadələrində Məhkum psixotrop maddələrin satışı ilə məşğul olaması barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu göstərmişlər. İş materiallarında olan 08 mart 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və əlavə edilmiş videoçəkilişdən görünür ki, Məhkum üzərində aparılan şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən üzərində “Rothmans” yazısı olan siqaret qutusundakı bir ədəd sellofan bükülüdə 3,459 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Belə ki, «şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanuna və həmin qanunla təsdiq edilmiş İİ siyahıya əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarı 2 qram müəyyən edilmişdir. Göründüyü kimi, Məhkum satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı psixotrop maddə 3,459 qram çəkidə olmaqla külli miqdarda olmuşdur. Psixotrop maddənin şəxsi istehlak miqdarı həmin narkotik vasitənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tə ləbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırki cinayət işində isə təqsirləndirilən şəxs Məhkum aşkar olunmuş metamfetaminin çəkisi onun gündəlik ehtiyacının yuxarı həddindən 23 dəfədən çox olmuşdur. Psixotrop maddənin külli miqdarda olması da sonuncunun həmin psixotrop maddəni üzərində satış məqsədilə saxlamasına dəlalət edir. Lakin, apeliyasiya instansiyası məhkəməsi iş materiallarında belə mötəbər sübutların olmasına məhəl qoymamış və formal mülahizələrə əsaslanmaqla məhkumun əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi ilə nəticələnən qərəzli yanaşmanı əsaslı saymaqla cinayət qanunu normasını düzgün tətbiq etməmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Burdan başqa birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən d ə işin hallarını, cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə almamış və nəticədə ona yüngül cəza təyin etmiş, apellyasiya intansiya məhkəməsi də həmin cəzanı qüvvədə saxlamaqla eyni nöqsanları təkrarlamışdır. İşin hallarından isə görünür ki, hər iki məhkəmə instansiyası hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, Məhkum birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən, apellyasiya məhkəməsi tərəfindən isə bu qərar əsaslı hesab edilərkən cinayət qanununun qeyd olunan normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Mə hkum şəxsiyyətinə əhəmiyyət verilməmiş, birinci instansiya məhkəməsi 3,459 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlama cinayətini təqsirin birbaşa qəsd forması ilə törədən Məhkum əsassız olaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, apellyasiya intansiya məhkəməsi də həmin nəticə ilə razılaşmaqla eyni nöqsanları təkrarlamış, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin tö rədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, Məhkum Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməldə cinayət əməlinin törədilməsi ibtidai istintaq zamanı sübuta yetirildiyindən və üzərindən aşkar edilmiş ps ixotrop maddə metanfetaminin şəxsi istehlak miqdarından dəfələrlə çox olduğundan verilmiş kassasiya protestinin təmin edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilərək iş yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, o cümlədən Məhkum əsassız olaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəzanın - azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Qeyd edək ki, dövlət ittihamçısı vermiş olduğu kassasiya protesti ilə Məhkum Azərbayca n Respublikası CM-nin 228.4-cü maddəsi ilə məhkum olunmasına dair hissəni mübahisələndirməmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız tör ətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüquqund a cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan b ütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması na, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələbləri baxımından cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin olunması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilm ədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qanunsuz olaraq soyuq silahı əldə etmə, gəzdirmə və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə qismən öz təsdiqini tapmış, belə ki, onun cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmiş və işə baxan birinci instansiya məhkəməsi məhkəmə baxışı zamanı iş materialların da olan sübutların məcmusuna əsasən Məhkum qeyd olunan psixotrop maddələri satış məqsədilə əldə etmədiyi qənaətinə gələrək onun əməlini CM-nin 234.4.3cü maddəsi ilə deyil 234.1-ci maddəsi ilə tövsif etmişdir. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya məhkəmə kollegiyasının gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın psixotrop maddələri satmaq məqsədi ilə əldə etməsi müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edildiyi kimi prossesual qanunvericilik 139-cu maddədə təsbit olunmuş digər hallarla y anaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki və həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. İş materiallarına əsasən həqiqətən məhkumun aşkar olunmuş psixotrop maddəni satış niyyəti ilə əldə edib saxlamasını və daşımasını, psixotrop maddəni satışı üçün istehlakçı ilə razılaşmalarının olmasını, psixotrop maddələrin çəkilib xırda bağlamalara bükülməsini, xüsusi avadanlığın olmasını təsdiq edən və ya həmin xüsusatlar barədə məlumatları əks etdirən hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin PPXB-nün manqakomandiri vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraatı zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, 08 mart 2022-ci ildə gecə saat 04:15 radələrində polis əməkdaşları ilə xidmətdə olarkən Şirvan şəhəri, Ş.Şükürov küçəsində adını sonradan bildiyi Məhkum özünü şübhəli aparmasını görüb ona yaxınlaşarkən, həmin şəxs qaçaraq aradan çıxmaq istəmiş, sonuncununu saxlayaraq polis şöbəsinə aparmış, şöbədə anasının və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Məhkum üzərində olan qara rəngli gödəkçənin sol yan cibindən üzərində “Rothmans” yazısı olan siqaret qutusunun içərisində bir ədəd sellofan büküm, üzərində olan şalvarın kəmərinə keçirdiyi bir ədəd bıçağı çıxarıb onlara təqdim edərək, sellofan bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, sonra keçirilən baxışla bağlı protokol tərtib olunaraq baxışda iştirak edən şəxslər, eləcə də Məhkum tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 da analoji olaraq digər Şahid1 ifadəsində göstərilən xüsusatları tam təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarından aydın olur ki, Məhkum əməlini Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərkən təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə ittiham faktiki olaraq yalnız şahidlər - polis əməkdaşlarının iş üzrə ibtidai araşdırma dövründəki ifadələrinə əsasən verilmiş olunsa da, Məhkum satış niyyətini və ya məqsədini müəyyən edən hər hansı bir əhəmiyyətli halla bağlı ifadə verməmişdirlər. İstintaq orqanı tərəfindən ittihamda Məhkum satış məqsədini yalnız ona görə verilmişdir ki, psixotrop maddə metamfetamin külli miqdardan, yəni 2 qramdan artıq olmuşdur, başqa digər sübut isə olmamışdır. Belə ki, iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 08 mart 2022-ci il tarixli, 18/289 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində və “Məhkum” üzərindən sözləri yazılmış kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi - 3,459 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs Məhkum “psixotrop maddə olan metamfetamini satış məqsədi ilə deyil, özünün istifadəsi üçün üzərində gəzdirməsi” barədə vermiş olduğu ifadə işin faktiki hallarına uyğun gəldiyindən özünü müdafiə xarakteri daşıması ağlabatan hesab olunmur. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, həmin psixotrop maddəni satmaq niyyətində olması, onun narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, eləcə də, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kim inləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktı nə ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə baxışında toplanmış sübutlarda öz təsdiqini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hər əkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08 aprel 2022-ci il tarixli, 1689 nömrəli rəyindən görünür ki, Məhkum psixostimulyatorların sui-istifadə edilməsi ilə nəticələnən başlanğıc mərhələli narkomaniya xəstəliyi aşkar olunur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşə baxan apelly asiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı yuxarıda göstərilən sübutların məcmusuna əsasən Məhkum qeyd olunan psixotrop maddələri satış məqsədilə əldə etmədiyi qənaətinə gələrək məhkumun əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkumun satış məqsədilə istehlakçılarla razılığa gəlməsi, həmçinin narkotik vasitənin və ya psixotrop maddənin hazırlanması üçün avadanlığın olması barədə hər hansı bir sübut aşkar edilməmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəm ələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Yuxarıda təsvir edilənlər məhkəmələr tərəfindən sübutların yoxlanılmasını, tam, hərtərəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunduğunu göstərir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində həmçinin məhkuma təyin edilmiş cəzanın yüngül olduğu iddia edilir və təyin edilmiş cəzanın ağırlaşdırılması xahiş edilir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Ple numunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm va sitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsi, törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşmançılıq keçirməsi, yaşayış yerindən müsbət xarakterizə olunması və ilk məhkumluğu olması), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şər aitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. İş materiallarında olan AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 15 iyun 2022-ci ildə təqsirləndirilən şəxs Məhkum 18 yaşı tamam olmuş, yəni yetkinlik yaşına çatmışdır. Ümumiyyətlə, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmi yyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstəril ən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətb iq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.1-ci maddəsin ə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cinayət qanunvericiliyin imperativ tələbinə əsasən müəyyən olunur ki, məhkəmələr cəza təyini zamanı maddənin sanksiyasında alternativ cəzalar (növ, müddət, məbləğ baxımından) olduğu halda, niyə məhz daha ağırını tətbiq etməli olmasını əsaslandırmalıdır. Qeyd edilən tələb həmçinin cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməməsi (CM-62), şərti məhkum etmə (CM-70) institutunun tətbiq edilmədiyi hallara da aid edilmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqda rının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzası müddətində nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır – azadlıqdan məhrumetmə cəzası təyin edilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır – azadlıqdan məhrum etmə cəzası təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki CPM-nin 416.1.21-ci maddəsində aydın göstərilmişdir ki, “məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir”. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə ə sasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri il ə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar