Məhkəmə qərarları › İş №1(102)-738/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-738/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-738/2025 06.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-872/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxxx 1989-cu il tarixdə Xocavənd rayonunun Xocavənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Xocavənd rayonu, Kuropatkin kəndində daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq Beyləqan rayonu ərazisində yerləşən Xocavənd rayonu 500 ailəlik qəsəbədə 60 nömrəli evdə yaşamışdır. 2. 31 yanvar 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 23 fevral 2024-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmü ş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən 01 ədəd polietilen kəsiyi bükümündə ümumi təmiz çəkisi 14,083 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, onun narkotik vasitə əldə edərək üzərində saxlaması və daşıması barədə Xocavənd Rayon Polis Şöbəsinə (bundan sonra – Xocavənd RPŞ) daxil olmuş əməliyyat məlumatına əsasən şöbənin əməkdaşları tərəfindən 22 oktyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, həmin gün, saat 09 radələrində etibarnamə olmadan “Hyundai Sonata” markalı, X-KY -X dövlət qeydiyyat nişanlı avtomobili Beyləqan rayonu ərazisində yerləşən Xocavənd rayonu, 500 ailəlik qəsəbə ərazisindən 320 ailəlik qəsəbə ərazisinə doğru istiqamətdə idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılıb Xocavənd RPŞ-nin Xocavənd rayonu, 500 ailəlik qəsəbə ərazisində yerləşən inzibati binasına aparılmış, orada eyni tarixdə, saat 10:11-də üzərində şəxsi axtarış aparılan zaman əynində olan yaşıl rəngli uzunqol gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə, külli miqdarda, ümumi təmiz çəkisi 14,083 qram olan metamfetamin aşkar edilərək götürülmüşdür.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-385/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsi rli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, çəzaçəkmə müddətinin əvvəlinin 22 oktyabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Rəhmanov Cəfər Mirzə oğlu apellyasiya şikayəti verib, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-872/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-385/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli hökmü apellyasiya şika yətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd olunmuşdur ki, cinayət işi üzrə istintaq obyektiv və ədalətli şəkildə aparılmamış, barəsində çıxarılmış ittiham hökmü qanunsuz yollarla əldə edilmiş sübutlara əsaslanmışdır. Məhkum etmədiyi cinayət əməlində təqsirli bilinmişdir. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən ona istinad edilən cinayətin törədilməsində təqsirliliyi müəyyən edilmədiyi üçün barəsində ittiham hökmü çıxarıla bilməzdi. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-872/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyy ən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Kassasiya şikayətində Məhkum təqsirliliyinin sübuta yetirilmədiyini iddia edib xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106) -872/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nət icəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair dəlillərini əsassız hesab edir.

22. Belə ki, məhkumun və müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, videoçəkilişdən istifadə edilməklə tərtib edilmiş şəxsi axtarış və göt ürmə protokolu, eləcə də digər istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

23. Birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüyünü yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin müvafiq maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, el əcə də onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

25. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiya sı məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

26. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın də yişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

27. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-872/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-872/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar