Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-752/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X9 qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-84/2014 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qərarından Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhk um2 xx xxxx 1980-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır.
2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-100/2013 nömrəli, 01 oktyabr 2013cü il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublik ası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilən cəzanı əvvəlki hökmlə təyin edilmiş 3000 manat cərimə cəzası ilə tamamilə birləşdirməklə üzərində qəti olaraq 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının və 3000 manat cərimə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 avqust 2012-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
3. Həmin hökmlə Məhkum1 da Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilmişdir.
4. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi X5 və təqsirləndirilən şəxs Məhkum2 apellyasiya şikayətləri vermişlər.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-84/2014 nömrəli, 03 fevral 2014-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)100/2013 nömrəli, 01 oktyabr 2013-cü il tarixli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından Məhkum2 08 avqust 2023-cü il tarixdə kassasiya şikayəti vermiş, eyni zamanda vəsatət verərək ona mü nasibətdə kassasiya şikayəti vermə müddətinin bərpa olunmasını xahiş etmişdir. Müddətin ötürməsinin səbəbi kimi hüquqi savadsızlığı, psixoloji durumunda yaranmış problemlər, qardaşı X4 ön cəbhədə hərbi xidmətdə olarkən nigaran qalması, qardaşının 2016-cı il tarixdə Aprel döyüşlərində yaralanaraq qazi olması və 01 oktyabr 2020-ci il tarixdə Vətən müharibəsində şəhid olmasını qeyd etmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-84/2014 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qərarı ilə Məhkum2 kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-84/2014 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, müddətin buraxılmasının üzrlü hesab edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-84/2014 nömrəli, 03 fevral 2014-cü il tarixli qərarından kassasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlər in tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı gündən 12 (on iki) ay müddətində (2020-ci il iyul ayının 15-dək qüvvədə olan redaksiyada 18 (on səkkiz) ay) kassasiya şikayəti verilə bilər.
12. Həmin Məcəllənin 411.2, 411.2.1 və 411.2.2-ci maddələrinin ümumi məzmununa görə, bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə, apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya pr otestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti təmin etmək hüququna malikdir.
13. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum2 kassasiya şikayətini apellyasiya instansiyası məhkəməsinin müvafiq qərarı qəbul edildiyi vaxtdan 9 il 6 aydan artıq, yəni həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası CPM-nin tələblərinə əsasən kassasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş 18 ay müddəti bitdikdən uzun müddət keçdikdən sonra vermişdir.
14. Kassasiya şikayətinin müəllifi vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisənin baş verməsinə istinad etməmiş, kassasiya şikayətinin verilməsi müddətinin buraxılmasını hüquqi savadsızlığı, psixoloji durumunda yaranmış problemlər və ailə vəziyyəti ilə əsaslandırmağa çalışmışdır.
15. Lakin bu hallar barəsində kassasiya şikayətində göstərilənlər Azərbaycan Respublikası CPM-nin 411.2-ci maddəsinin nəzərdə tutduğu əsasların gerçəkdən də mövcud olduğunu təsdiq edən dəlillər kimi qiymətləndirilə bilməz. Çünki CinayətProsessual Məcəlləsinin sözügedən müddətin bərpası əsasını xəstəliyin ağır olması, uzun sürməsi, fiziki və yaxud psixi pozuntulara səbəb olması kimi əlamətlərin mövcudluğu ilə şərtləndirdiyi halda, vəsatətdə məhkumun səhhətindəki problemin nə qədər sürməsi, hansı dövrləri əhatə etməsi, hansı müddətlərdə stasionar və yaxud ambulator müalicədə olması barədə konkret faktlar gətirilməmiş və bu iddianı təsdiq edən materiallar təqdim edilməmiş, həmçinin ailə vəziyyəti ilə bağlı göstərdiyi dəlillərdən uzun müddət keçdikdən sonra kassasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.
16. Bu isə o deməkdir ki, hazırki işdə Azərbaycan Respublikası CPM-nin 411.2-ci maddəsinin təsbit etdiyi hallar, eləcə də məhkumu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən digər hallar müəyyən edilmir.
17. Məhkəmə kollegiyası müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad edilməsini də zəruri hesab edir.
18. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə yanaşı, hüquqi müəyyənliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınması daxildir. Bu qayda, eyni zamanda, gələcək şikayətçiyə məhkəməyə müraciət edib etməməsi barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar verməsinə vaxt imkanı verir. Müddət məhdudiyyətinin qoyulması, eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Belə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ərzində davam edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olması, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbul etdiyi qərarlarının davamlı olaraq şübhə altında saxlanması nın qarşısının alınması arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (X6rşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).
19. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da nəzərə alır ki, cinayət işinin məhkəmə baxışı mərhələsində maddi və prosessual cinayət-hüquqi normaların pozulması, Məhkum2 müda fiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir.
20. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-84/2014 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 1(106)-84/2014 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.