Məhkəmə qərarları › İş №1(102)-77/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-77/2022

02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-77/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova – Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum və onun müdafiəçiləri, Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Musayev Qeys Ərzuman oğlu və Masallı rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxxxx 1991-ci il tarixdə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1də qeydiyyatda olan və həmin ünvanda yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Musayev Qeys Ərzuman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmü ilə (hakimlər: N.F.Quliyev (sədrlik edən), X.A.Nuriyev və O.Y.Cəlilov) Məhkum – Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 12 sentyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), R.M.Cəfərov və K.S.Bəşirov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 11 sentyabr 2020-ci il tarixdə saat 23 radələrində Masallı-Yardımlı avtomobil yolunu n Masallı rayonu Qəriblər kəndindən keçən hissəsində yerləşən meşəlik ərazidə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı istintaqa məlum olmayan bıçaqla tanışı X2 qol nahiyəsinə 1 dəfə və döş qəfəsinə 1 dəfə qəsdən zərbələr vuraraq sonuncuya döş qəfəsinin sol yan-aşağı hissəsinin qarın boşluğuna nüfuz edən və dalağı zədələyən deşilmiş-kəsilmiş yarası, sol saidin yuxarı 1/3-nin bayır hissəsinin kəsilmiş-deşilmiş yarası ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2021-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəzanın şərti hesab olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi məhkəmələrin Məhkum azadlıqdan məhrum etmə cəzası təyin etməsini ədalətsiz hesab edir. Şikayətdə qeyd olunur ki, cinayət hadisəsinin baş vermə səbəbi zərərçəkmiş şəxsin Məhkum anasının ünvanına söyüş söyməsi olmuşdur. Bundan başqa, işdə Məhkum cəzasını yüngülləşdirən hallar kimi onun zərərçəkmiş şəxsi hadisədən bilavasitə sonra xəstəxanaya aparması, zərərçəkmiş şəxslə barışması və sonuncunun ondan heç bir şikayətinin olmaması, Məhkum himayəsində azyaşlı uşaqlarının olması, ailənin yeganə qazanc gətirən şəxsi olması, əvvəllər məhkum olmaması olduğu halda, məhkəmələr ona azadlıqdan məhrum etmə cəzası təyin etməklə ədalətsiz qərar qəbul etmişlər. Müdafiəçinin fikrincə, cəzanı yüngülləşdirən halların olması, habelə cəzanı ağırlaşdıran halların olmaması Məhkum CM-nin 70-ci maddəsinin tətbiq olunmasına və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmasına əsas verirdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, müdafiəçilər Q.Musayev və T.Şahmarovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhk əməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründü yü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Məhkumun müdafiəçisi tərəfindən ver ilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağır olması mübahisə edilir və ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq olunması xahiş olunur. Ona görə də məhkəmə kollegiyası məhkumun təqsirliliyi ilə əlaqədar sübutların şərh olunmasını zəruri hesab etmir. Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində “ Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, ş əxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-in 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsəni həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, himayəsində azyaşlı uşaqlarının olmasını, cinayət törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə məhkum olunmasını cəzasını yüngülləşdirən hallar kimi və əməlində cəzasını ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25- ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir q ayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Odur ki, məhkəmə kollegiyası Məhkum cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəmə si tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaql a əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2021-ci il tarixli qərarı Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar