Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-772/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxx 1994-cü il tarixdə Masallı rayonu Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan1 qeydiyyatda olan və həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM -in) 234.1ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İsmayılov Samir Sabir oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Masallı Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Firdovsi Əliyev) Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən 2020-ci ilin iyun ayının 29dan iyul ayının 01-dək həbsdə saxlandığı müddətin bir günü a zadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: E.Ə.Camalov (sədrlik edən), R.M.Cəfərov və K.S.Bəşirov) apellyasiya protesti qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilərək, Məhkum CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddəti 2 (iki) il 6 (altı) ayadək artırılmış, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 29 iyun 2020-ci il tarixdən 01 iyul 2020-ci il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla təyin olunmuş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum CM-nin 234.1-ci maddəsi ilə ona görə təqsirli bilinib məhkum olunmuşdur ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edərək üzərində daşıdığı ümumi təmiz çəkisi 1,429 qram, 01 büküm psixotrop maddə metamfetamini və ümumi təmiz çəkisi 0,660 qram, 01 büküm narkotik vasitə heroini 29 iyun 2020-ci il tarixdə saat 12 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfind ən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu, Ərkivan qəsəbəsində İsgəndərli dairəsi adlanan yerdə saxlanılaraq RPŞnə gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilib götürülənədək qanunsuz saxlamaqla daşımışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul olunması xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya məhkəməsinin qərarı məhkuma cəza təyininə dair hissədə əsassızdır. Belə ki, məhkəmə kollegiyası qanunvericiliyin cəza təyini ilə bağlı tələblərini nəzərə almamış, təqsirləndirilən şəxs tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edilən psixotrop maddənin şəxsi istehlak miqdarının yuxarı həddindən dəfələrlə çox olması, cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Məhkum ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə kollegiyası ona azadlıqdan məhrum etmə cəzası təyin etməməklə sosial ədalət prinsipini pozmuşdur. Dövlət ittihamçısı hesab edir ki, məhkəmə Məhkum cəza təyin edərkən onun əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal lar hesab edərkən qanunun tələblərinə əməl edilməmiş, gəldiyi nəticələri öz qərarında əsaslandırmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüy ünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqəd ar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələ məhkuma təyin edilmiş cəzanın yüngül olması ilə bağlıdır. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun o lan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarak teri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən tö rədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumla r, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cə zanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, törətdiyi cinayət əməlini səmimi etiraf edib, peşmançılıq çəkməsini, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hallar kimi, habelə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası kassasiya protestini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək, Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş və aşağı instansiya məhkəmələri tərəfindən təyin edilmiş cəzadan daha ağır cəza təyin etmək üçün əsaslar görmür. Cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, ailə vəziyyətinə, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla yanaşı, onun islah olunaraq, cəmiyyətin normal üzvünə çevrilməsi perspektivlərini də nəzərdə tutmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, cəzanın məqsədi birmənalı olaraq, təqsirləndirilən şəxsdən törətdiyi əmələ görə qisas almağa yönəlməməli, onun cəzasını çəkib qurtardıqdan sonra islah olunması, cəmiyyətin normal üzvü kimi yaşamaq şansını saxlamasını da nəzərdə tutmalıdır. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Qeyd olunanlar, apellyasiya instansiya məh kəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-772/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-772/2021
26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver