Məhkəmə qərarları › İş №1(102)-795/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-795/2025

18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-795/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə xx.xx.1977-ci ildə Qax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 237.1-ci maddəsi məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(107)-437/2024 nömrəli 15 oktyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qax Rayon Məhkəməsinin (sədrlik edən: T.Kərimov) 1(024)-35/2024 nömrəli 22 avqust 2024-cü il tarixli hökmü ilə Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə b ərabər hesablanmaqla, 4 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması qərara alınmışdır. Hökmdən Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin (sədrlik edən: İ.H.Şükürov, hakimlər E.B.İsayev, X.H.Səmədov) 1(107)437/2024 nömrəli 15 oktyabr 2024-cü il tarixli qərarı Qax Rayon Məhkəməsinin 1(024)35/2024 nömrəli 22 avqust 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən Məhkum qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan 2023-cü ilin avqust ayının axırlarında Qax rayonu, Süskənd kəndi ərazisində yerləşən kolluq ərazidə qarşısına çıxmış yabanı h alda bitmiş 01 (bir) ədəd narkotik tərkibli çətənə bitki kolunu qırıb ondan əldə etdiyi toxumları yaşadığı evə gətirməklə saxlamış, daha sonra o, 2024-cü ilin aprel ayının ortalarında narkotik tərkibli çətənə bitki kolundan əldə etdiyi toxumları yaşadığı evin yataq otağındakı pəncərənin qarşısında olan 2 ədəd gül dibçəyinin içərisində və evin digər yataq otağının baş hissəsində yerləşən eyvanda olan 1 ədəd gül dibçəyinin içərisində əkmiş, onlara yetişməsi üçün xüsusi qaydada aqrotexniki qulluq göstərərək davamlı olaraq onları suvarmış, yetişdirərək kultivasiya etmiş, 27 may 2024-cü il tarixdə, saat 23:00 radələrində Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı sonuncunun yaşadığı ünvan 3 ünvanda yerləşən yaşayış evinə baxış keçirən zaman xeyli miqdarda, yəni ümu mi təmiz çəkisi 0,40 qram olmaqla, 2 ədəd gül dibçəyinin içərisində ümumilikdə 3 (üç) ədəd, uzunluqları 6 sm-dən 11 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 0,19 qram əkilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinin şitilləri və 1 ədəd gül dibçəyinin içərisində 1 (bir) ədəd, uzunluğu 13 sm, yaş vəziyyətdə təmiz çəkisi 0,21 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinin şitilləri, həmçinin, 02 ədəd dibçəklərdə olan torpaq nümunələrindən ümumilikdə 7 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumları aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin 1(107)437/2024 nömrəli 15 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və iş üzrə yeni apellyasiya ba xışının təyin edilməsini xahiş etmişdir. Protest müəllifi hesab edir ki, Məhkum törətdiyi cinayət əməlinə görə onun barəsində cəza təyini zamanı sosial ədalətin bərpası, məhkumun islah edilməsi və cəzanın məqsədinə nail olunması istiqamətində ədalətli mövqe nümayiş etdirilməmiş, eyni zamanda hökm çıxarılarkən hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyi pozulmaqla, cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı əsassız və işin faktiki hallarına uyğun olmadığından, eyni zamanda cinayət qanunu norması düzgün tətbiq edilmədiyindən ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkum könüllü gəlib təqsirini boynuna almamış, onun cinayət əməli polis əməkdaşları tərəfindən ifşa olunmuşdur. Məhkum ifşa edildikdən sonra təqsirini etiraf edərək ifadə verməsi onun əməlindən səmimi peşmançılıq keçirməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edərək qəsdən cinayət törədən şəxsin müsbət xarakterizə olunmasının nədə ifadə olunması, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını məhkəmə hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Məhkum Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlıqdan məhrum e tmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 8.2.2018-ci il tarixli qərarı ilə cəzası 3 ilə endirilmiş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 3 ay 25 gün vaxtından əvvəl şərti azad edilmiş, bundan başqa, Qax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci ildə qərarı ilə 2 ay 7 gün vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi, Məhkum əvvəllər dəfələrlə qəsdən cinayət əməlləri törətdiyinə görə (o cümlədən, 2 dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə) azadlıqdan məhrum etmə cəzalarına məhkum edilməsinə, ona qarşı humanist addımlar atılaraq, 2 dəfə cəzada n vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq, islah olunmamış və qəsdən hazırkı cinayət əməlini törətmişdir. Məhkəmə cəza təyini zaman təqsirləndirilən şəxsin şəxsiyyətini, onun sabit kriminal meylliliyini, islah olunmaq niyyətində olmadığını nəzərə almamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protest inə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları norma larının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protesti vermiş şəxs verilmiş kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində “Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə” görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl: - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 201 1-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum düzgün olaraq CM-nin 237.1-ci maddəsi ilə məhkum edilməsi iş materialları ilə sübut edilmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanunili yini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş, kassasiya protestində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM -in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Res publikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, h ərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəməl ər tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Be lə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməs inə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş ci nayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini yüngülləşdirən hal kimi qiymətləndirmiş, CM-in 61-ci maddəsində nəzərd ə tutulan cəzanı ağırlaşdıran halların olması isə müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi də verilmiş apelyasiya protestinə münasibətdə bildirmişdir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin cəza təyininə dair mövqeyini əsaslı hesab edərək qeyd edir ki, məhkəmələr cəza təyin edərkən yüngülləşdirici halları düzgün olaraq nəzərə almış və məhkum barə sində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin protestin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(107)-437/2024 nömrəli 15 oktyabr 2024cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respu blikası CPM-nin 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)437/2024 nömrəli 15 oktyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar