Məhkəmə qərarları › İş №1(102)-803/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-803/2019

09.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-803/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, Məhkum və zərərçəkmiş şəxsin nümayəndəsi X6 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxs X9 və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim F.Əhmədov) 28 iyun 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1973-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan; Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum edilmişdir ona görə ki, o, cavabdeh kimi ondan və X5 müştərək qaydada 15495 manat tutularaq X7 verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli, 2(008)-106/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 fevral 2017-ci il tarixli, 3(008)-131 /2017 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilməsinə və ona icra üçün yeni müddət təyin olunmasına baxmayaraq hərəkətlərini davam etdirməklə qeyd olunan rayon məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Bakı Apellyasiy a Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər S.A. Mirzəyev (sədrlik edən və məruzəçi), F.A.Qasımov və Elşad Şamayevdən ibarət tərkibdə) 13 sentyabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə X3 Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il müddətinə islah işləri cəzası 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş cəza 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan zərərçəkmiş şəxs X9 verdiyi kassasiya şikayətində xahiş ed ir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilərək, məhkuma təqsirli bilindiyi CM-in 306.1-ci maddəsi ilə sanksiyada nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilsin, Məhkum müdafiəçisi Müdafiəçi isə verdiyi kassasiya şikayətində xahiş edir ki,Bakı Apellyasiya məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qərarını dəyişdirərək məhkum barəsində islah işləri cəzası təyin edilməsi barədə qərar çıxarılsın. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətini zərərçəkmiş şəxs X9 onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsi qərarı əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi onun apelyasiya şikayətini təmin edib məhkuma təyin edilmiş cəzanı və onun vəz iyyətini bir qədər ağırlaşdırsa da, nəticədə məhkumun ona olan borcdan 500 manat depozitə qoymasını nəzərə alıb yenidən məsuliyyətdən yayınmağa şərait yaratmışdır. Apellyasiya instansiyası məhkəməsi Məhkum təyin etdiyi azadlıqdan məhrum etmə cəzasını CM-nin 70-ci maddəsini tətbiq etməklə, onun üzərinə vəzifələr qoymuş, lakin məhkum müəyyən olunmuş sınaq müddəti ərzində bu vəzifəni, yəni ona olan borcu tam olaraq ödəmək vəzifəsinin icrasına hər hansı təşəbbüs göstərməmişdir. Məhkumun belə davranışı isə məhkəmənin ona təyin etdiyi cəzanın onun islah olunması üçün yetərli olmadığını sübut edir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırır ki, zərərçəkmiş şəxsə dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən imkanı olduqca ödənilmiş və ödənişin həyata keçirilməsi istiqam ətində təşəbbüs göstərir. Qeyd olunan hal təqsirləndirilən şəxsə münasibətdə nəzərə alınmalı və ona təyin olunmuş cəzanın məhkəmə tərəfindən yüngülləşdirilməsinə zəmin olmalı idi. Lakin, apellyasiya instansiyası məhkəməsi ədalətsiz, ağır və qeyri obyektiv mövqe tutdu. Belə hesab olunur ki, hazırki vəziyyətdə onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri onlara əsas verir ki, ona daha yüngül cəza təyin etmək mümkün idi. Təqsirləndirilən şəxs X1 əməlindən peşman olmasını, himayəsində 2 övladının olmasını, onlardan birinin azyaşlı olmasını, məhkəmə tərəfindən qət edilmiş məbləğin 1/3 hissəsini ödəməsini bildirsə də məhkəmə onun peşmançılığını, səmimi etirafını, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini nəzərə almamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kas sasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya ko llegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Zərərçəkmiş şəxsin kassasiya şikayətinin başlıca dəlili apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsinin əsassız və qanunsuz olmasıdır. Məhkum müdafiəçisinin kassasiya şikayətinin başlıca dəlili məhkum barəsində təyin olunmuş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə ə sasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsi ilə müəyyən olunur ki, cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbi q edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən məhkumun törətdiyi əməli etiraf edərək peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində azyaşlı uşağının olmasını və borcundan müəyyən ödəniş etməsini cəzasını yüngülləşdirən hallar kimi müəyyən edərək və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilmi şdir. Apellyasiya instansiya məhkəməsi isə zərərçəkmiş şəxsin kassasiya şikayətini qismən təmin edib, təyin edilmiş islah işləri cəzasını azadlıqdan məhrum etmə cəzası ilə əvəz etmiş və təyin olunmuş cəzanı şərti hesab edib sınaq müddəti müəyyən etmişdir. Belə ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 306.1-ci maddənin sanksiyasında beş cəza növü (cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə) mövcuddur. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmlə X3 Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il müddətinə islah işləri cəzasını 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz etmiş və barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş cəza 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə qərarın əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə və cəzanı yüngülləşdirən halları qeyd edib düzgün olaraq onun cəza çəkmədən də islah oluna biləcəyi nəticəsinə gələrək barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etmişdir. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində cəzanı yüngülləşdirən halları müəyyən edərkən cinayət-prosessual qanunu tələblərinə riayət etmiş, eləcə də sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, ye kun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında Milli Məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bi lər. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi Məhkum cəmiyyətdən təcrid edilmədən islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyyəsinə düzgün əməl etmişdir. Daha sonra, məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv və ya dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək v ə ya dəyişdirmək hüququna malikdir. Qərardan görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almış və ona ədalətli cəza təyin etmişdir. İşin materiallarında Məhkum cəzasının dəyişdirilməsi, yaxud barəsində tətbiq olunmuş şərti məhkumetmənin ləğvi üçün digər əsaslar müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2018-ci il tarixli Məhkum haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsi ni rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2018-ci il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar