Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-824/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; məhkəmə iclas katibi Pərviz Müseyib oğlu Hacıyevin, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2024-cü il tarixli qərarından məhkumlar Təqsirləndirilən şəxs və Məhkum tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Hafiz Əliyev (sədrlik edən və məruzəçi), Fəhmin Hümbətov və Aynur Rzayeva) 06 dekabr 2023-cü il tarixli, 1(124)196/2023 nömrəli hökmü ilə xx xxxxxx 1974-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər dəfələrlə məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Abşeron rayonu Xırdalan şəhəri Sevil Qazıyeva küçəsi ev 4-də qeydiyyatda qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsir li bilinib ona CM-in 234.1-ci maddəsi üzrə 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddəlləri üzrə 06 (altı) il 06 ( altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CMin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 mart 2021-ci il tarixdən 13 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılması və onun üzərində qəti cəza olaraq 07 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası sax lanılmışdır. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcı 20 noyabr 2021-ci il tarixdən hesablanmışdır. xx xxxxxx 1969-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər dəfələrlə məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Abşeron rayonu Xırdalan şəhəri Sevil Qazıyeva küçəsi ev 4-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı 20 noyabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs 11 mart 2021-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri Yasamal rayonu “Alatava” adlanan yaşayış massivində istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağızı bükümündə, təmiz çəkisi 0,185 qram kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş narkotik vasitə olan heroini qanunsuz olaraq 10 manata əldə edib üstündə saxlamış və Xırdalan şəhərinə gələrək, həmin narkotik vasitəni üzərində daşımış, həmin günü saat 21 radələrində Xırdalan şəhəri Sevil Qazı yeva küçəsində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib, polis idarəsinin inzibati binasında xidməti otaqda şəxsi axtarış keçirilən zaman həmin kustar üsulla hazırlanmış narkotik vasitə olan 0,185 qram heroin əynində olan qara rəngli şalvarının sağ yan cibində aşkar edilərək götürülmüşdür. Bundan başqa o, qardaşı Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 19 noyabr 2021-ci il tarixdə, saat 15 radələrində Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Şok” marketin yaxınlığında istintaqa məlum olmayan “Mətləb” adlı şəxsdən, 100 manat borcunun əvəzində satış məqsədi ilə iki ədəd sellofan bükümdə, hər birinin çəkisi 6,683 qram və 9,271 qram, ümumi təmiz çəkisi 15,954 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş narkotik vasitə olan külli miqdarda heroini qanunsuz olaraq əldə edib, Xırdalan şəhərinə gələrək üzərində daşımış, 20 noyabr 2021-ci il tarixdə, saat 12 radələrində yaşadığı Xırdalan şəhəri Sevil Qazıyeva küçəsi ev 4 ünvanında həmin narkotik vasitələrdən bir ədəd sellofan bükümdə təmiz çəkisi 6,683 qram külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə qardaşı Məhkum vermiş, həmin tarixdə saat 14:30 radələrində qardaşı Məhkum ilə yaşadığı evin yaxınlığında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon polis idarə sinə gətirilib, şəxsi axtarışları zamanı əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində bir ədəd sellofan bükümdə təmiz çəkisi 9,271 qram külli miqdarda narkotik vasitə heroin, gödəkçənin sağ yan cibində üzərində narkotik vasitə heroinin izləri olan və narkotik vasitələrin satışında istifadə etdiyi bir ədəd gümüşü rəngli elektron tərəzi, qardaşı Məhkum əynində olan göy rəngli şalvarının sol yan cibində bir ədəd sellofan bükümdə təmiz çəkisi 6,683 qram külli miqdarda narkotik vasitə heroin, şalvarının sağ yan cibində üzərində narkotik vasitə heroinin izləri olan və narkotik vasitələrin satışında istifadə etdiyi bir ədəd qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkum qardaşı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs 19 noyabr 2021-ci il tarixdə, saat 15 radələrində Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Şok” marketin yaxınlığında istintaqa məlum olmayan “Mətləb” adlı şəxsdən, 100 manat borcunun əvəzində satış məqsədi ilə iki ədəd sellofan bükümdə, hər birinin çəkisi 6,683 qram və 9,271 qram, ümumi təmiz çəkisi 15,954 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan külli miqdarda heroindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 6,683 qram külli miqdarda narkotik vasitə heroini 20 noyabr 2021-ci il tarixdə, saat 12 radələrində yaşadığı Xırdalan şəhəri Sevil Qazıyeva küçəsi ev 4 ünvanında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üstündə saxlamaqla yaşadığı evin yaxınlığından gedərkən üzərində daşımış, həmin tarixdə saat 14:30 radələrində qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib, şəxsi axtarışları zamanı əynində olan göy rəngli şalvarının sol yan cibində bir ədəd sellofan bükümdə təmiz çəkisi 6,683 qram külli miqdarda narkotik vasitə heroin, şalvarının sağ yan cibində üzərində narkotik vasitə heroinin izləri olan və narkotik vasitələrin satışında istifadə etdiyi bir ədəd qara rəngli elektron tərəzi, qardaşı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol yan cibində bir ədəd sellofan bükümdə təmiz çəkisi 9,271 qram külli miqdarda narkotik vasitə heroin, gödəkcənin sağ yan cibində üzərində narkotik vasitə heroinin izləri olan və narkotik vasitələrin satışında istifadə etdiyi bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmmədli Rzayev (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Elman Əhmədov) 18 aprel 2024cü il tarixli 1(105)-150/2024 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli 1(124)-196/2023 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi2 və təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkumlar Təqsirləndirilən şəxs və Məhkum kassasiya şikayətləri verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2024-cü il tarixli 1(105)150/2024 nömrəli qərarının ləğv edilməsi, onların əməllərinin CM-in 234.1-ci maddəsinə tövsif edilərək və onlara təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı ədalətsizdir. Belə ki, o, öz yaşadığı evdə həbs edildiyi təqdirdə, onun evinə qanunsuz daxil olaraq onu həbs edən polis əməkdaşlarının verdiyi əsassız ifadələrə görə guya onu şəhər poçtunun qarşısında həbs ediblər. Polis əməkdaşları onu evdə həbs edərkən üzərind ə cəmi 0,5 qram narkotik vasitə aşkar olunduğu halda, polis idarəsində guya axtarış zamanı 8 qram narkotik vasitə aşkar olunduğunu bildirdilər. Qarşısına qoyulan narkotik vasitənin evindən və üzərindən aşkar edilmədiyini, ümumiyyətlə ona aid olmadığını bildirdikdə ona hədə-qorxu gələrək ona heç bir əhəmiyyət verilməmişdir. O, narkotik vasitə istifadəçisi olduğunu səmimi etiraf etmiş, yalnız onun satışı ilə heç vaxt məşğul olmamışdır. Onunla bir həyətdə yaşayan qardaşı da narkotik vasitə istifadəçisi olduğu üçün onlara əsassız olaraq CM-in 234.4.1-ci maddəsini tətbiq etmişlər. Eyni zamanda bildirir ki, onu həbs edən polis əməkdaşlarının mobil telefonlarının anten dairələrinə dair məlumatlar çıxarılmamış, qonşuların şahid ifadələri nəzərə alınmamış, istər məhkəməyədək icraat, istərsə də məhk əmə istintaqı zamanı yalnız polis əməkdaşlarının şahid ifadələri nəzərə alınmışdır. Evinə polis əməkdaşlarının gətirdiyi tərəzinin evindən tapıldığı və ona aid olduğu zor tətbiqi ilə boynuna qoyulmuşdur. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı ədalətsizdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin cinayət kollegiyasında onun işinə baxılarkən prosessual pozuntulara yol verilmiş, düzgün istintaq aparılmamışdır. İbtidai istintaqda müstəntiqin qərəzli iş aparması, onun narkotik vasitə istifadəçisi olduğu halda heç bir narkotik vasitə alqı-satqısı ilə məşğul olmasına dair mötəbər sübutlar olmasına dair əsas olmadığı halda ona CM-in 234.1-ci maddəsi ilə ittiham irəli sürülməsi əvəzinə ona CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə ağır ittiham irəli sürülmüş, nəticədə də ona ağır cəza təyin edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya ap ellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Hər iki məhkum Təqsirləndirilən şəxs və Məhkum kassasiya şikayətlərinin başlıca dəlilləri əməllərinin düzgün tövsif edilməməsidir, yəni onların əməllərində narkotik vasitənin satışı ilə məşğul olmaları heç bir sübutla təsdiq edilməmişdir. Məhkumların fikrincə onların əməlləri Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə si cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyalarından aydın olur ki, həmin maddələrlə cinayət məsuliyyəti qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələrinin satılması və ya onları əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin satış məqsədi ilə törədildiyi halda yaranır. Göründüyü kimi, “qabaqcadan əlbir olan bir qrup şəxs”, “satış məqsədi” və “külli miqdar” CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin cinayət tərkibində zəruri əlamətlər kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət tə qibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla məhkumlar Təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni Məhkum və Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdikləri ifadələrini, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdikləri qismən etirafedici (narkotik vasitənin istifadəsi) ifadələri ilə yanaşı, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, məhkəmə ekspertizasının rəyini, maddi sübutları və digər sənədləri tədqiq etmiş və həmin sübutlara qiymət verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1, 234.4.3-cü, Məhkum isə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmələri və təqsirlilikərinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkum Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadədə göstərmişdir ki, qardaşı və özü narkomaniya xəstəliyindən əziyyət çəkir, narkotik vasitənin istifadəçilər olsa da, onların satışı ilə məşğul olmamışlar. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərlərindən heç nə çıxmamışdır. İbtidai istintaq zamanı təzyiq altında ifadə vermişlər. Məhkum məhkəmə iclasında verdiyi ifadədə göstərmişdir ki, onu evdən bölməyə aparmışlar, üzərində narkotik vasitə olmamış, tutulan zaman narkotik vasitədən istifadə etməmiş, sadəcə metadon suyu içmişdir. Polis bölməsində narkotik vasitəni cibinə qoymuşlar. Polis əməkdaşlarının təzyiqi altında narkotik vasitələrin özünə məxsus barədə ifadə vermişdir. Birinci instansiya məhkəməsi sübutlara qiymət verərək nəticəyə gəlmişdir ki, məhkumların bu ifadələri cinayət işi üzrə toplanmış digər sübutların məcmusu ilə təkzib olunduğundan həqiqətə uyğun gəlmir, məhkumlar tərəfindən cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmişdir. Apellyasiya instansiyası məhkəməsi də sübutları qiymətləndirərək eyni nəticəyə gəlmişdir. Kassasiya instansiya kollegiyası məhkəmələr tər əfindən tədqiq edilmiş sübutlara nəzər salıb nəticəyə gəlir ki, həmin sübutların məcmusu ilə Məhkum və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin əldə edib saxlamaları təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üç ün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşə baxan məhkəmələr, Təqsirləndirilən şəxs və Məhkum əməllərinə hüquqi qiymət verərkən, hər iki şəxsin üzərində külli miqdarda narkotik vasitə heroin, eləcə də elektron tərəzi aşkar olunmasını, habelə Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələrində 6,683 qram heroini Məhkum həm şəxsi istifadəsi, həm də digər şəxslərə verilməsi üçün təqdim etdiyini bildirməsini nəzərə almışlar. Həmçinin Məhkum istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən bildirmişdir ki, narkotik vasitələri qardaşından alır və tanışlara pul müqabilində və ya pulsuz verir. Bu halları qiymətləndirərək, məhkəmələr nəticəyə gəlmişlər ki, məhkumlar üzrlərində aşkar edilmiş narkotik vasitə ola n heroini satış məqsədi ilə əldə etmiş və həmin hərəkətləri qabaqcadan əlbir olaraq törətmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara düzgün qiymət verib Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum və Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan heroini məhz satış məqsədi ilə əldə etmiş və saxlamışlar. Məhkumlar ibtidai istintaqın sonrakı mərhələsində və məhkəmə iclasında verdikləri ifadələri dəyişdirərək, onların guya küçədə deyil, yaşadı qları evlərdə tutulduqlarını, üzrlərində heç bir narkotik vasitənin olmadığını, eləcə də aşkar edilən narkotik vasitələrin və elektron tərəzinin polis əməkdaşları tərəfindən sonradan yerləşdirildiyini bildirmələri məhkəmələr tərəfindən cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi daşıyan ifadələr kimi qiymətləndirilmiş və bu ifadələr mötəbər sübut kimi qəbul edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin bu mövqeyi iş üzrə toplanmış digər sübutlara və işin hallarına uyğun olduğundan əsaslıdır. İlk öncə qeyd edilməlidir ki, məhkumların ilkin ifadələri cinayət işi üzrə toplanmış digər sübutlarla üst-üstə düşür. Həm məhkumların ilkin ifadələri, həm də onları təsdiq edən digər sübutlar – şahidlərin ifadələri, istintaq hərəkətlərinin prot okolları, ekspertiza rəyləri və sair təhqiqat və istintaq orqanı tərəfindən cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq əldə edilmiş, məhkumların dindirilmələri müdafiəçilərin iştirakı ilə aparılmışdır. Əldə edilmiş sübutların mötəbərliyini sübhə altına almaq heç bir hal müəyyən edilməmişdir. Məhkumlar Təqsirləndirilən şəxs və Məhkum təhqiqat və istintaq orqanlarına özlərinin əleyhinə verdikləri ilkin ifadələrinin polis əməkdaşlarının təzyiqi altında vermələrini qeyd etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafi ə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası məhkumlar Təqsirləndirilən şəxs və Məhkum ibti dai araşdırma zamanı polis əməkdaşlarının təzyiqinə məruz qalması ilə bağlı iddiasına münasibət bildirərək qeyd edir ki, məhkumlar öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, nə onlar özləri, nə onların vəkilləri ibtidai istintaq dövründə Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinə əsasən şikayətlərlə məhkəməyə və ya bu barədə qanunvericiliklə müəyyən edilmiş qaydada hər hansı dövlət orqanına müraciət etməmiş, bu halı hər hansı dəlillə əsaslandırmamış və izah etməmişlər. Həmçinin cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizalarının rəylərindən də görünür ki, həmin etirafedici ifadələrdən sonra məhkumların tibbi müayinəsi aparılmış və onların bədənlərinin üzərində heç bir xəsarət aşkar edilməmişdir. B u səbəbdən də birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə verdikləri etirafedici ifadələrin polis əməkdaşları tərəfindən edilmiş təzyiq nəticəsində əldə edilməsinə dair təqsirləndirilən şəxslərin iddiaları ilə razılaşmayaraq, onların ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri cinayət işi üzrə digər sübutlarla təsdiq edildiyindən həmin ifadələri həqiqətə uyğun və mötəbər sübut kimi qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Aşağı instansiya məhkəmələri, şahidlər T.S.Tağıyeva, S.A.Qazılı və S.M.Nəbiyəvanın ifadələrini də qiymətləndirmiş, həmin ifadələrin məqbul sübutlarla təkzib olunduğunu və şahidlərin məhkumlarla qohumluq və qonşuluq münasibətlərində olduğunu nəzərə alaraq, onların ifadələrini ittiham üzrə mötəbər sübut kimi qəbul etməmişlər. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş və onların müvafiq olaraq təqsirli bilindikləri maddələr ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini m üvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkumlar Təqsirləndirilən şəxs və Məhkum oğlunun əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs və Məhkum əməlləri müvafiq olaraq Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri və CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Ona görə də məhkəmə kollegiyası işin hallarının düzgün araşdırılmaması və məhkumların əməllərinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır. Məhkum Təqsirləndirilən şəxs və Məhkum kassasiya şikayətlərinin dəlillərindən biri məhkəmələr tərəfindən onlara ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin b ərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Bununla da, məhkumlar Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, onların hər birinə 6 (altı) il 6(altı) ay müddətinə, həmçinin məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il 10 (on) ay müddətinə аzаdlıqdаn məhrumеtmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 234.4-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə məhkumlar Təqsirləndirilən şəxs və Məhkum təyin edilmiş cəza onların törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətlərinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən təqsirləndirilən şəxslərin cəzası nı yüngülləşdirən halları və ailə vəziyyətini kifayət qədər nəzərə alınmışdır. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hü quqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumlar Təqsirləndirilən şəxs və Məhkum barələrində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumlara təyin edilmiş cəza ədalətli və qanunidir, onların şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təy in etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkumlar Təqsirləndirilən şəxs və Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, məhkumlar Təqsirləndirilən şəxs və Məhkum barələrində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab e dir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dar cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-824/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-824/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver