Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-867/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şi kayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən Süleyman Ağayev) 1(008)-49/2021 nömrəli 27 may 2021-ci il tarixli hökmü ilə xx xxxx 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun məhkəmə baxışınadək 16 mart 2020-ci il tarixdən 19 mart 2020-ci il tarixə dək həbsdə saxlanıldığı 3 (üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılmış və üzərində 3 (üç) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 27 may 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib daşıyaraq saxlamış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs 16 mart 2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Suraxanı rayonu Bül-Bülə qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən, satış məqsədi ilə, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 4 ədəd siqaretin kağız bükümlərində 0,107, 0,086, 0,033 və 0,048 qram, ümumi xalis çəkisi 0,274 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, şəxsi istehlak miqdarında, 3 ədəd siqaretin kağız bükümlərində 0,05, 0,043 və 0,026 qram çəkidə, ümumi xalis çəkisi 0,119 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 35 manat müqabilində əldə edərək 16 mart 2020-ci il tarixdə saat 13 radələrinə kimi özündə saxlayaraq ünvan 2 ünvanının qarşısına qədər daşımış, özünü şübhəli apardığına görə xidmət aparan Sabunçu rayon Polis İdarəsinin post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanında yerləşən 13-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş, həmin gün orada saat 13:10-da şəxsi axtarışı zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən kiçik sellofan p aketin içində, satış məqsədi ilə, naməlum şəxsdən əldə edib özündə saxlayaraq daşıdığı, şəxsi istehlak miqdarından artıq miqdarda, 4 ədəd siqaretin kağız bükümlərində 0,107, 0,086, 0,033 və 0,048 qram, ümumi xalis çəkisi 0,274 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və eləcə də şəxsi istehlak miqdarında 3 ədəd siqaretin kağız bükümlərində 0,05, 0,043 və 0,026 qram çəkidə, ümumi xalis çəkisi 0,119 qram kustar üsulla hazırlanmış psixotrop maddə «metamfetamin» ondan aşkar edilərək götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Habil Məmmədov (sədrlik edən və məruzəçi), İlqar Murquzov və Həsən Əhmədov) 1(103)-1163/2021 nömrəli 16 iyul 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2021-ci il tarixli qərarı cəzanın sərtliyinə görə dəyişdirilməklə ona azadlığın məhdudlaşdırılması cəzası növündə cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, ona təyin olunmuş cəza ağır olduğundan, ona azadlığı məhdudlaşdırılması cəza növü ilə əvəz edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Ayxan Hüseynlinin çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, ona təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası öz sərt liyinə görə onun törətdiyi cinayətə və şəxsiyyətinə uyğun olmadığından ona azadlığın məhdudlaşdırılması növündə cəzası təyin edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, A zərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkə məsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qar şısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İşdən görünür ki, birinci instansiyası məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin edərkən onun törətmiş olduğu cinayət əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2-ci maddələrinin tələblərinə riayət etməklə məhkumun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun şəxsiyyətini səciyyələndirən halları, cəz anı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla, həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin edildiyi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası işin bu hallarını nəzərə alaraq nəticəyə gəlir ki, birinci instansiya və apelyasiya instansiyası məhkəmələri tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Həmçinin qeyd olunan Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası CM-in 234.2-ci maddənin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Hökmlə isə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə (03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası) cəza təyin edilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qa nuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası işə baxan apellyasiya məhkəməsinin Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, cəza təyini zamanı işin halları düzgün nəzərə alınmışdır və cəza növünün dəyişdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2021-ci il tarixli məhkum Təqsirləndirilən şəxs barəsindəki qərar dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-867/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-867/2022
06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver