Məhkəmə qərarları › İş №1(102)-875/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-875/2024

09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-875/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx.xx.1988-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər Kürdəmir Rayon Məhkəməsinin16.06.21-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bili nib 1 il 11 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 3 ay 13 gün çəkilməmiş cəzası qalan, məhkumluğu ödənilməmiş, X yaşayan, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 1(106)-48/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 1(099)-549/2022 nömrəli hökmü ilə (hakimlər: N.N.Hüseynov (sədrlik edən), N.F.Quliyev və A.Ə.Musayevdən ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təyin olunmuş 1 il 11 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 3 (üç) ay 13 (on üç) gün hissəsi CM-in 68.1.1-ci maddəsinə əsasən 1 (bir) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilərək onun üzərində qəti olaraq 6 (altı) il 1 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzanın əvvəlinin 05 may 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Qasımov Zaur Ərəstun oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), K.S.Bəşirov və M.Ə.Bağırovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə külli miqdar hesab edilən təmiz çəkisi 2,899 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini (bundan sonra heroin), şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,198 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini (bundan sonra metamfetamin) qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, həmin narkotik vasitə heroindən bir qismini yəni, ümumilikdə 0,449 qramını xx.xx.2022-ci il tarixdə günorta saatlarında Kürdəmir şəhəri, M.Əliyev küçəsində qonşusu Şahid4 10 manat müqabilində satmış, sonuncu xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin qabaq sol cibindən bir ədəd kağız bükümündə təmiz çəkisi 0,449 qram kustar üsulla hazırlan mış heroin aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat və istintaq tədbirlərinin davamı zamanı Məhkum xx.xx.2022-ci il tarixdə saat 16.20 radələrində Kürdəmir şəhəri ərazisində saxlanılmış və rayon polis şöbəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ ön cibində olan 01 ədəd kibrit qutusunun içərisindən 06 ədəd polietilen bükümdə ümumilikdə təmiz çəkisi 2,450 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 0,330 qram, 0,434 qram, 0,415 qram, 0,456 qram, 0,404 qram və 0,411 qram külli miqdarda eyni tərkibli narkotik vasitə heroin, həmin kibrit qutusunun içərisində olan 01 ədəd göy rəngli kağız bükümün içərisindən 03 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,198 qram ayrı-ayrılıqda təmiz çəkiləri, 0,057 qram, 0,068 qram və 0,073 qram kustar üsulla hazırlan mış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib qiymətləndirilməmiş, nəticədə əsassız olaraq əməli satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma kimi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, müvafiq olaraq da o, törətdiyi əməllə uzlaşmayan həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkib əlamətləri olmadığı üçün Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarını dəyişdirərək, onun əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 2 34.1-ci və ya 234.1-1-ci maddəsinə tövsif etməklə, həmin maddələrinin sanksiyası həddində cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlama nın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunduğunu, əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi əməlinin Cinayət Məcəlləsinin 234.1-ci və ya 234.1-1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddələr ilə yüngül cəzanın təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit ol unmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun hə min qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsi nə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasına görə həmin norma (hazırki işin kontekstində) şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsinə, saxlanılmasına, daşınmasına və CM-in 234.2-ci maddəsində göstərilən digər hərəkətlərə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayc an Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddə lərin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. Adı çəkilən 2005-ci il 28 iyun tarixli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”ya (İ siyahıya) əsasən heroinin və metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə, şəxsi istehlak miqdarından artıq miqdard a, 2 qram olduqda isə külli miqdarda narkotik və psixotrop maddələr hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsinin də razılaşdı ğı hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş Məhkum narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı olan hərəkətlərini yuxarıda qeyd olunan normalarla və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayətin tərkibinin olmaması haqqında iddiasının əsassız olduğu, onun əməlində qeyd olunan cinayət tərkibini səciyyələndirən əlamətlərin olması səbəbindən həmin maddə ilə təqsirli bilinməsinin və cəzalandırılmasının əsaslı və qanuni olduğu müəyyən edilir. Belə ki, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, məhkəmələrin işin həqiqi hallarını təşkil etməsinə dair qənaətləri Azərbaycan Respublikası Cinayət-Prosess ual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən məhkum edilmiş şəxsin özünün etirafedici ifadəsinə (yaşadığı evdə heroini və metamfetamini bükümlərə bölmüş, özü istifadə etdiyi üçün qalanını isə istəyən olsa satmaq məqsədi ilə həmin kütlələri bükümlərə bölmüşdür), şahid X ifadəsinə (üstündən aşkar edilmiş 0,449 qr heroini Məhkum aldığını etiraf etmiş), heroin (3 büküm) və metamfetaminin (6 büküm) xırda bükümlərə bölünməsinə, axtarış və götürmə aparılması barədə 05 may 2022-ci il tarixli protokola, məhkəmə bioloji ekspertizasının 06 may 2022-ci il tarixli, 18/501 nömrəli rəyinə, maddi sübutlara və d igər istintaq hərəkətlərinin protokollarına əsaslanır (hökmdə həmin sübutlar ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də yekun qərarında gəldiyi nəticələri bu sübutlar üzərində qurduğundan, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda yenidən təsvir və şərh edilməsini zəruri hesab etmir). Odur ki, məhkəmə kollegiyası nə məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan işin faktiki hallarını, nə də ki, onların həmin faktlardan hasil etdikləri hüquqi nəticələri, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması, onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə yekun qənaətlərini şübhə altına almaq üçün heç bir əsas görmür. Məhkumun ona təyin olunmuş cəzanın törədilmiş cinayətə uyğun olmaması barədə mövqeyini, onun hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində deyil, 234.1-ci və ya 234.1-1-ci maddələrində göstərilən cinayətin tərkibinin olması haqqında dəlillə əsaslandığından, bu dəlilin əsassız olduğu isə kassasiya baxışı zamanı müəyyən edildiyindən, kassasiya şikayətində irəli sürülən Məhkum cəzasının yüngülləşdirilməsinə dair tələb də əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən, həm də onu nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələ üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yoxlanılarkən məhkəmələr tərəfindən Cinayət Məcə lləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, yüngülləşdirən hal kimi yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində və 416.1-ci maddəsinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə qarşılıqlı tədqiq edərək, kassasiya şikayətinin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib belə qənaətə gəlir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, Məhkum tərəfindən verilmiş şikayət təmin edilməməli, mübahisələndirilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 1(106)-48/2023 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar