Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-884/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Əhmədov Alı Malıyeviçin iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 ap rel 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2022-ci il tarixli hökmü ilə (hakimlər Quliyev Nizami Fərzi oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1963-cü il tarixdə Türkiyə Respublikasının Qaziantep şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücülük fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan respublikasında əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış, CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 6 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinin tələblərinə uyğun olaraq isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 52.1 və 52.1-1-ci maddələrinə əsasən onun cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılması, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ nun məhdudlaşdırılması, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin İpək yolu gömrük postunda saxlanılan 55000 (əlli beş min) manat dəyərində “Scania” markalı, 90JY819/10ZC819 dövlət qeydiyyat nişanli yük avtomobilinin isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası CM- in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 2021-ci ilin oktyabr ayında Türkiyə Respublikasında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə istintaqla müəyyən edilməmiş bi r qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri külli miqdarda 207 kiloqram 975 qram heroin narkotik vasitəsini 205 bağlamada 11 noyabr 2021- ci il tarixdə İran İslam Respublikasında malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə daxilində sonradan düzəldilərək xüsusi saxlanc yeri ilə təchiz olunmuş 2 ədəd yanacaq çəninin içərisinə yerləşdirərək çənləri onun idarə etdiyi “Scania” markalı, 90JY819/10ZC819 dövlət qeydiyyat nişanlı yük avtomobilinin dartıcısına quraşdırmış, o isə öz növbəsində qəs dən əldə etdiyi həmin narkotik vasitəni 20000 ABŞ dolları qarşılığında qrupun Azərbaycan Respublikasındakı şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvünə çatdırmaq üçün qanunsuz olaraq saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 12 noyabr 2021 -ci ıl tarixdə saat 19 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2022-ci il tarixli hökmündən Məhkum və onun müdafiəçisi Əhmədov Alı Malıyeviç tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdullayev İlkin Qismət oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 24 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən CM-nin 206.2-ci maddəsinə tövsif edilmiş və ona həmin maddə əsasında 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə, CM-nin 66.3-cü maddəsinə əsasən isə həmin cəza Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2022-ci il tarixli hökmü ilə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş cəza ilə qismən toplanılmaqla qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Novruzov Ələsgər Əli oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə) 02 noyabr 2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini və onun adına rəsmləşdirilən, 55000 manat dəyərində olan “Scania” markalı avtomaşının həyat yoldaşına məxsus pay hissəsinin (27500 manat) xüsusi müsad irə olunmasının götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İşin müəyyən edilmiş faktiki hallarına və barəsindəki yekun məhkəmə aktlarına istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr onun barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən onun cəzasını yüngülləşdirici hallarını kifayət qədər nəzərə almamış, halbuki ona istinad olunan cinayət əməlini törətməkdə özünü təqsirli bilmiş və səmimi peşmanlıq çəkdiyini göstərmiş, əvvəllər məhkum olunmamış, onun 3 uşağı var və balaca qızı 18 (on səkkiz) yaşındadır, xəstə olan yoldaşı isə onun himayəsindədir. Onun fikrincə məhkəmə tərəfindən bu hallar da onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Həmçinin məhkum öz kassasiya şikayətində bildi rir ki, cinayət işinin materiallarına əsasən, 207 kiloqram 975 qram heroin narkotik vasitə 205 bağlamada idarə etdiyi “Scania” markalı, 90JY819/10ZC819 dövlət qeydiyyat nişanlı yük avtomobilinin dartıcısma quraşdırmış, avtomobilin dorsesində (prisepində) isə hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Avtomobilin dartıcısı və dorsesi (prisepi) hər biri müstəqil şəkildə mülkiyyət obyekti olmaqla ona və həyat yoldaşı olan Selma Taş tərəfindən birgə nikah müddətində əldə edilən əmlakdır və onlara mülkiyyət hüququ əsasında məxsusdur. Onun həyat yoldaşına düşən payın müsadirə edilməsi tamamilə qanunsuzdur. Qeyd olunanları nəzərə alınaraq Məhkum ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini və onun adına rəsmləşdirilən 55000 manat dəyərində “Scania” markalı, avtomobilin üzərindən həyat yold aşına məxsus paya aid hissəsinin (27500 manat) xüsusi nüsadirə olunmasının götürülməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun və müdafiəçi A.M.Əhmədovun rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və h ansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində ona cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini və məhkəmələr tərəfindən əmlakın müsadirə edilməsi ilə bağlı onun təqdim etdiyi əhəmiyyətli sübutların tədqiqindən imtina edilərək həmin sübutlara düzgün qiymət verməməsini iddia edir. Bunu nla da məhkum olunmuş şəxs öz kassasiya şikayətinin dəlillərini və həmin dəlillərə əsasən irəli sürdüyü tələblərini CPM-nin 416.1.1, 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2 və 416.1.21-ci maddələrinə əsasən isə, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, işə hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, CPMnin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəm ə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfind ən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qər arından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qə rar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası qeyd e dir ki, həmin şikayətin məzmununa görə, Məhkum öz şikayətində birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun ittiham olunduğu cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübasiləndirmir və məhkəmələr tərəfindən həm cəza təyini, həm də onun barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi ilə bağlı onun barəsində qeyri-humanist və ədalətsiz yekun aktlarının qəbul edilməsini iddia edir. Ona görə də məhkəmə kollegiyası Məhkum təqsirliliyi, əməlinin hüququ tövsifi barədə məsələlərin müzakirə edilməsini zəruri hesab etmir və məhkumun barəsində istər cəza tədbirinin seçilməsi, istərsə də xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bu nəticə cinayət qanunu normalarının aşağıdakı tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenqumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrdən irləi gəlir. Belə ki, CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xar akterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edi lir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismind ə nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8,59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq ə ldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün aşağı həddinin yox, son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-nin 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48- ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respubl ikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2 012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əs asən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayə t Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittih am aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddədalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qə naətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 139.05-ci maddəsinin müddəalarından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, sübutların tam, hərtərəfli və obyektiv yoxlanılması, onların mötəbərliyinin müəyyənləşdiilməsi, təhlil olunması və biri-biri ilə müqayisə edilməsi, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsi haqqında qanunvericiliyinin tələblərinə həmçinin təqsirləndirilən şəxsin haqqında cəza tədbirinin seçilməsi və ya cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsinə aid olan sübutlara münasibətdə də əməl olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda təsvir edilən cinayət qanunu normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum qərarlarındakı izah və tövsiyələrdən çıxış edərək kassasiya şikayətnin dəlillərinə cavab verilməsi üçün cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən edilmiş aşağıdakı hallara müraciət etməyi zəruri sayır. Belə ki, iş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin Məhkum qaçaqmalçılıq əməlini CM-nin 206.3.2-ci maddəsindən CM-nin 206.2-ci maddəsinə tövsif edib, ona təqsirli bilindiyi CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrı-ayrılıqda və cinayətlərin məcmusu üzrə müvafiq cəzalar təyin edərkən, az ağır cinayət hesab olunan CM-nin 206.2-ci maddəsin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının və ağır cinayət hesab olunan CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulmasını, CM-n in 66.3-cü maddəsində cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı birinin daxil olması halında qəti cəzanın təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilməsinin tələb olunduğunu, digər tərəfdən isə Məhkum törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları – məhkum olunmuş şəxsin əməlini etiraf edib peşmançılıq çəkməsini, habelə cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almışdır. Məhkum kassasiya şikayətində onun ilk dəfə məhkum olunmasının cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmaması ilə bağlı kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, hər hansı qeyri-qanuni, o cümlədən cinayət xarakterli əməllər tö rətməkdən çəkinmək, cəmiyyətdə birgə yaşayış qaydalarına əməl etmək hər bir vətəndaşın vəzifəsidir və cinayət törətməmək, məhkum olunmamaq, cinayət mühakimə icraatı qaydasında cəzalandırılmamaq kimi hallar cəmiyyətdə yaşayan və fəaliyyət göstərən hər bir insana aid olan sadə tələblərdir ki, bu tələblərə də hamı əməl etməlidir. Məhkum ilk dəfə cinayət törədərək məhkum olunması isə bu tələbə cavab əməl etməməsindən xəbər verir və heç də onun törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsini azaltmır. Məhz bu baxımdan da birinci instansiya məhkəməsi Məhkum haqlı olaraq cəmiyyətdən təcrid edilməsini, ona azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab etmiş, apellyasiya instansiyası məhkəməsi də düzgün olaraq bu nəticə ilə razılaşmışdır. Məhkumun kassasiya şikay ətində Məhkum üç uşağın olmasına baxmayaraq məhkəmə tərəfindən ona həddindən artıq ağır cəzanın təyin edilməsi haqqında dəlilə gəldikdə isə, məhkəmə kollegiyası buna cavab olaraq bildirir ki, CM-nin 59.1.4-ci maddəsinə əsasən cəza təyin edilərkən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Lakin, öyrənilmiş cinayət işinin materiallarında Məhkum himayəsində azyaşlı uşağın olmasını təsdiq edən sənədlər aşkar olunmamış və məhkum özü də kassasiya şikayətində bildirmişdir ki, balaca qızının artıq on səkkiz yaşı tamam olmuş, yəni, o, yetkinlik yaşına çatmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi kimi apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayətinə məhkəmə baxışı zamanı Məhkum cəzasını yüngüll əşdirən və ağırlaşdıran, yəni ona təyin olunmuş cəzanın növünə və həddinə təsir göstərə biləcək halları müəyyən etməmiş və kassasiya şikayətində də belə halların olması barədə hər hansı sübuta istinad edilməmişdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi, CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Məhkum öz kassasiya şikayətində bildirir ki, məhkəmələr onun barəsində xüsusi müsadirə cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi ilə də bağlı təqdim etdiyi əhəmiyyətli sübutların tədqiqindən imtina etmiş və işdə olan sübutlara düzgün qiymət verməmişlər. Bu dəlilə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə vurğulamağı lazım bilir ki, CPM-nin 397.1-ci maddəsinin müddəalarına əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyən edilməsinin, habelə cinayət qanunun və bu Məcəllənin normalararının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsində isə təsbit edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qanu nun tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində CPM-nin 398.1.1-398.1.4-cü maddələrində göstərilən qərarlardan birini qəbul edir və məhkəmənin qərarı məhkəmə iclaslarında araşdırılmış sübutlara, habelə maddi və prosessual hüquq normalarına istinad edilməklə əsaslandırılmalıdır. Digər tərəfdən, məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, 1 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Cinayət-Prosessual Məcəlləsinin tətbiqi ilə bağlı yaranmış məhkəmə təcrübəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi hər hansı qərarında birinci instansiya məhkəməsinin hökmündən və ya qərarından verilmiş apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərini şərh etməklə həmin dəlilləri n iş materialları ilə toplanmış obyektiv, qərəzsiz, tam və hərtərəfli araşdırılmış sübutlarla təkzib, yaxud da təsdiq edilməsini göstərməli və əsaslandırmalıdır. Bu zaman, məhkəmə tərəfindən CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, qanunun şərh olunan normaları ilə apellyasiya instansiyası məhkəməsinin üzərinə qoyulmuş vəzifə nəinki təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olması, onun əməlinin hüquqi tövsifi, cəza tədirinin seçilməsi, həm də iş üzrə verilmiş mülki iddianın, maddi sübutların həlli, cinayət qanunu ilə nəzər də tutulmuş əməlin törədilməsi nəticəsində zərər çəkmiş şəxsə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, xüsusi müsadirə növündə cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi, habelə digər məsələlərin həlli zamanı da yerinə yetirilməlidir. Bu məsələlərlə əlaqədar qəbul edilmiş qərarda isə toplanmış sübutlara CPM-nin 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymət verilməli və bu qiymətləndirmədən asılı olaraq qərar cinayət və cinayət-prosessual qanunvericiliyinin, bu kifayət etmədikdə isə ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq müqavilələrin müddəalarına, mülki, mülki-prosessual və digər qanunvericilik aktlarına istinad edilməklə lazımi qaydada əsaslandırılmalıdır. Belə nəticə həmçinin cinayət mühakimə icraatının aparılması zamanı qanunçuluq prinsip inə əməl edilməsi tələbi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin müddəlarından da irəli gəlir. Həmin maddəyə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Bu prinsipə uyğun olaraq, cinayətprosessual qanunvericiliyinin normaları ilə tənzimlənməyən məsələlər Konstiusiyanın, beynəlxalq müqavilələrin, digər qanunların tələbələrinə əsasən həll edilməlidir. Daha sonra məhkəmə kollegiyası iş üzrə maddi sübut kimi tanınaraq üzərinə həbs qoyulmuş «Krone» markalı «SDP27» modelli 10ZC819 qeydiyyat nömrəli tentli furqondan ibarət «Scania» markalı «R440 yük» modelli 90JY819 qe ydiyyat nömrəli yəhərli dartıcı yük avtomobilinin əsassız və qanunsuz olaraq xüsui müsadirə edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə cavab verilməsi üçün hazırki işi üzrə toplanmış sübutlara müraciət etməyi zəruri bilir və qeyd edir ki, həmin sübutlara əsasən Məhkum istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə satış məqsədi ilə qanunsuz olaraq əldə olunmuş külli miqdarda 207 kiloqram 975 qram heroin narkotik vasitəsini 205 bağlamada 11 noyabr 2021- ci il tarixdə İran İslam Respublikasında malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə daxilində sonradan düzəldilərək xüsusi saxlanc yeri ilə təchiz olunmuş 2 ədəd yanacaq çəninin içərisinə yerləşdirmiş, çənləri isə özünün mülkiyyətində olan idarə etdiyi “Scania” markalı, 90JY819/10ZC819 dövlət qeydiyyat nişanlı yük avtomobilinin dartıcısına quraşdırmış və həmin narkotik vasitəni 20000 ABŞ dolları qarşılığında qrupun Azərbaycan Respublikasındakı şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvünə çatdırmaq üçün qanunsuz olaraq saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 12 noyabr 2021-ci il tarixdə saat 19 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət n əfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təş kilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. CM-nin 99-1.2-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 24 fevral 2022-ci il tarixli Qərarında qey edilmişdir ki, əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada v ə əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutan xüsusi müsadirə cinayət-hüquqi tədbiri Cinayət Məcəlləsinin 99-1-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr, cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdiril məsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Müsadirənin məcburiliyi məhkəmənin yekun qərarı ilə müəyyən əmlakın cinayət törətmiş şəxsin və onun ailə üzvlərinin iradəsindən asılı olmayaraq götürülməsində ifadə olunur. Müsadirənin əvəzsizliyi isə o deməkdir ki, götürülən əmlak kompensasiya olunmur. CPM-nin 248.1.1-ci maddəsinə görə, mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə əmlak üzərinə həbs qoyulur. CPM-nin 248.2-ci maddəsinə əsasən, həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur. Cinayət Məcəlləsinin 99-1.3-cü madd əsinə görə, cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Qeyd olunmalıdır ki, göstərilən normaların tətbiqi bir sıra hallarda müəyyən çətinliklərə səbəb olur. Bəzən Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində müəyyən edilmiş əmlakı digər şəxslərin qanuni mülkiyyətində olan əmlakdan ayırd etmək mümkün olmur. Belə ki, cinayət törətmiş şəxslər cinayət yolu ilə əldə etdiyi əmlakı gizlətməyin müxtəlif yollarından, o cümlədən əmlakı digər şəxslərin adına rəsmiləşdirməkdən istifadə edirlər. Bununla əlaqədar digər şəxslərin mülkiyyətində ola n əmlakın cinayət yolu ilə əldə edilmiş əmlak olaraq üzərinə həbs qoyulması məsələsi Azərbaycan Respublikasının beynəlxalq-hüquqi öhdəlikləri nəzərə alınmaqla həyata keçirilməlidir. Nəzərə alınmalıdır ki, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 saylı Qərarının 26-cı bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-nin 132 və 346.1.19-cu maddələrinin tələblərinə müvafiq olaraq qaçaqmalçılığa dair işlər üzrə hökm çıxarılarkən, yaxud digər yekun məhkəmə qərarı, o cümlədən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilərkən qaçaqmalçılığın predmeti, aləti və ya vasitəsi olan maddi sübutlar barədə məsələ həll edilməlidir. Məhkəmələrə o, da İzah edilmişdir ki, bu zaman həmçinin mülkiyy ətin toxunulmazlığı haqqında Konstitusiyanın 29-cu maddəsinin, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, xüsusi müsadirənin əsasları və qaydaları təsbit edilmiş CM-nin 99-1-ci maddəsinin və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin tələbləri nəzərə alınmalıdır. Təqsirkar şəxsə məxsus nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onun malların və ya digər əşyaların gizlədilməsi üçün xüsusi saxlanc yerləri (malların gizlədilməsi üçün hazırlanmış, eləcə də nəqliyyat vasitələrində eyni məqsədlər üçün əvvəlcədən sökülmə və yığılmaya məruz qalmış konstruktiv tutum və əşyalarla təchiz olunmuş və düzəldilmiş gizli yerlər) ilə təchiz olunması müəyyən edildikdə, həmin nəqliyyat vasitəsi c inayətin törədilməsində istifadə olunmuş alət kimi qiymətləndirilərək CPM-nin 132.1.1-ci maddəsinə və CM-nin 991-1-ci maddəsinə əsasən müsadirə olunur. Qaçaqmalçılıq cinayətinin predmetinin Xüsusi olaraq gizlədilməsi üçün alət kimi istifadə olunmuş və maddi sübut kimi tanınmış mallara və va digər əşyalara münasibətlərdə də məsələ bu qaydada həll edilir. “Məhkəmə hökmü haqqında” Azəprbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 76-cı maddəsində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, xüsusi müsadirə əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasında ifadə olunan, cinayət cəzası ilə yanaşı cinayət məsuliyyətinin realizə edilməsinə xidmət edən cinayət-hüquqi xarakterli tədbirdir. Təhlil edilən Qərar ın 79-cu bəndində qeyd olunmuşdur ki, 2005-ci il Varşava Konvensiyasının 1-ci maddəsinin “c” bəndinin mənasına görə cinayətin alət və vasitələrinə cinayətin törədilməsi zamanı və yaxud ictimai təhlükəli nəticənin əldə edilməsi üçün istifadə olunmuş və yaxud istifadə edilməsi nəzərdə tutulmuş predmetlər aid edilməlidir (məsələn, qaçaqmalçılıq cinayətinin törədilməsi zamanı malların gömrük sərhədindən gizli keçirilməsi üçün xüsusi düzəldilmiş saxlanc yeri ilə təchiz olunmuş avtomobil, qanunsuz balıq ovu üçün istifadə edilmiş və yaxud nəzərdə tutulmuş avadanlıq, saxta pulun hazırlanması üçün istifadə olunmuş və yaxud nəzərdə tutulmuş texniki qurğular və s.). Göründüyü kimi, maddi və prosessual hüquq normaları ilə yanaşı Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan Qərarlarında da nəzərdə tutulur ki, cinayət-hüquqi xarakterli tədbir kimi xüsusi müsadirə tətbiq edilməzdən əvvəl buna əsas ola bilən bütün sübutlar tam, hərətərfli və obyektiv araşdırılmalı, həmin sübutlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilməli, xüsusən müsadiryə məruz qalası əmlakın əldə edilməsi, özgəninkiləşdirilməsi halları, o cümlədən həmin əmlakın vicdanlı şəkildə əldə edilib-edilməməsi halları yoxlanılmalı və yalnız bundan sonra qeyd edilən tədbirin tətbiq edilib-edilməsi barədə qanuni və əsaslandırılmış qərar qəbul edilməlidir. İşdə olan Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə baxış keçirilməsi haqqında 13 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum 2021-ci ilin sentyabr ayından etibarən Azərbay can Respublikası ərazisinə gəlibgetməsi, sonuncu dəfə 12 noyabr 2021-ci il tarixdə saat 19:46-da Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postundan idarə etdiyi “Scania” markalı, 90JY819/10ZC819 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə keçməklə Azərbaycan Respublikası ərazisinə daxil olduğu, avtomobilə keçirilmiş baxış zamanı heroin narkotik maddəsinin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 24 dekabr 2021-ci il tarixli, 9/8299 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Scania” markalı, 90JY819/10ZC819 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin cinayət əməllərinin törədildiyi tarixə orta bazar qiyməti 55000 manat təşkil etmişdir. İşdə olan ibtidai istintaq orqanının 07 yanvar 2022-ci il tarix li qərarından görünür ki, istinad edilən cinayətlərin törədilməsində alət kimi istifadə edildiyindən və iş üzrə əhəmiyyət kəsb etdiyindən Məhkum məxsus “Scania” markalı, 90JY819/10ZC819 dövlət qeydiyyat nişanlı yük avtomobili maddi sübut kimi tanınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qərarından göründüyü kimi, həmin qərarla Məhkum məxsus, 55000 manat dəyərində olan “Scania” markalı, 90JY819/10ZC819 dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərinə həbs qoyulmuşdur. Məhkəmə kollegiyası bütün yuüxarıda təsvir edilənlərdən, o cümlədən qanunvericiliyin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən çıxış edib bunları əlaqəl i şəkildə iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla birgə təhlil edərək hesab edir ki, əvvəla, Məhkum istər onun təqsirli bilindiyi CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrı-ayrılıqda, istərsə də cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzalar onun törətdiyi cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, habelə məhkəmələrin müəyyən etdikləri cəzanı yüngülləşdirən hallara uyğundur, həmin cəzaların yüngülləşdirilməsi üçün heç bir əsas yoxdur, digər tərəfdən isə onun ittiham olunduğu cinayətin törədilməsində alət və vasitə kimi istifadə etdiyi, özünə məxsus «Krone» markalı «SDP27» modelli 10ZC819 qeydiyyat nömrəli tentli furqondan ibarət «Scania» markalı «R440 yük» modelli 90JY819 qeydiyyat nömrəli yəhərli dartıcı yük avtomobilinin üzərinə hə bsin qoyulması, həmin avtomaşının bütövlükdə, yəni qoşqusu ilə birlikdə maddi sübut kimi tanınması və birinci instansiya məhkəməsinin hökmü ilə xüsusi müsadirə edilməsi həm qanuni, həm də əsaslı olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutumuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi haqqında Məhkum müdafiəçisi A.M.Əhmədovun, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib yuxarda göstərilənlərə əsaslanaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməklə Məhkum CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasbətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasbətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-884/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-884/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver