Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-89/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Qasımzadə Cavanşir Feyzulla oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM və ya CM) 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2022-ci il tarixli, 1(107)-273/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxx 1955-ci il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qəbələ rayonu Nohurqışlaq kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən e dilmiş işin faktiki hallarına görə, Məhkum 2011-ci ilin oktyabr ayının əvvəllərində yaşadığı Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən mənzildə Zərərçəkmiş şəxs1 ilə danışaraq Türkiyə Respublikasının Antalya şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra 28 noyabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Antalya şəhərinə getmiş, Məhkum onu qarşıladıqdan sonra kirayə yaşadığı mənzildə yerləşdirmiş və 30 noyabr 2011-ci il tarixdən 05 dekabr 2011-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri m üqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir.
3. Bundan başqa, Məhkum təkrarən 2013-cü ilin sonlarında yaşadığı Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən mənzildə Zərərçəkmiş şəxs2 ilə danışaraq Türkiyə Respublikasının Antalya şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra Məhkum onu 14 yanvar 2014-cü il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Antalya şəhərinə aparmış, kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra 16 yanvar 2014-cü il tarixdən 13 fevral 2014-cü il tar ixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir.
4. Bundan başqa, Məhkum təkrarən 2015-ci ilin iyul ayının ortalarında yaşadığı Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən mənzildə Zərərçəkmiş şəxs2 ilə danışaraq Türkiyə Respublikasının Antalya şəhərində onu fahişəliyə cəlb etməklə daha çox gəlir əldə edəcəyini vəd edib zəiflik vəziyyətindən suiistifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra Məhkum onu 25 iyul 2015-ci il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasın ın dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Antalya şəhərinə aparmış, kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra 27 iyul 2015-ci il tarixdən 11 avqust 2015-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir.
5. Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən), X5 (məruzəçi) və X3 ibarət tərkibdə) 22 aprel 2022-ci il tarixli, 1(091)-33/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının xx.xx.2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmə haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalında həbsə alınması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmılması hökm edilmişdir.
6. Həmin hökmdən narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər – X6 (sədrlik edən), X7 və X1 ibarət tərkibdə) 30 iyun 2022-ci il tarixli, 1(107)-273/2022 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası CM-in 144- 1.2.1, 1441.2.2 və 144-1.2.4-1-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 1(091)-33/2022 nömrəli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2022-ci il tarixli, 1(107)273/2022 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
9. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində göstə rilmişdir ki, o, özünü bu cinayətin törədilməsində təqsirli hesab etmir, bu iş zərərçəkmiş şəxs tərəfindən ona qarşı qurulmuş bir qarayaxmadır. Hesab edir ki, məhkəmə ona qarşı irəli sürülmüş ittihamları araşdırmadan, yəni zərərçəkmiş şəxsin onda heç bir şikayət və tələbinin olmamasına dair ifadəsinin olmasını, ağır xəstəlikdən əziyyət çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində heç bir şikayətin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və şəxsiyyətini nəzərə almadan barəsində ağır cəza təyin etmişdir.
10. Bununla da, Məhkum kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla barəsində CM-in 62-ci maddəs ini tətbiq etməklə barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
12. Qərardan dövlət ittihamçısı kassasiya protesti, zərərçəkmiş şəxs isə kassasiya şikayəti verməmişdir. III. Proses iştirakçılarının çıxışları:
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Qasımzadə Cavanşir Feyzulla oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şiayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər
15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üz rə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
16. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
17. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit ed ilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
18. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
19. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublika sı CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2022-ci il tarixli, 1(107)-273/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
21. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci mad dəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
22. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
23. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddəl ərdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
24. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
25. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
26. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin e dilməsinin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.
27. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
28. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
29. Belə ki, Məhkum barəsində bəraət hökmü çıxarılması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb, eyni zamanda məhkuma təyin edilmiş cəzanı qanuniliyi və ədalətliliyi baxımından araşdıraraq, Məhkum Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 1(091)-33/2022 nömrəli hökmü ilə təyin edilmiş 8 il müddətə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.
30. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfind ən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan həmin maddələrin sanksiyasında nəzərdə tutulan aşağı həddə qanuni və ədalətli cəza təyin etmiş, cəzanın növünü və həddini düzgün müəyyən etmişdir.
31. Göründüyü kimi, Məhkum müdafiəçisinin apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da məhkuma daha yüngül cəza növünün təyin edilməsinə əsas görməmiş, bununla da hökmün dəyişdirilmədən saxlanılmas ı qənaətinə gəlmişdir.
32. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
33. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət - prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
34. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
35. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisinin, təmin edilməməsinə dair isə dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2022-ci il tarixli, 1(107)-273/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2022-ci il tarixli, 1(107)-273/2022 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.