Məhkəmə qərarları › İş №1(102)-90/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-90/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-90/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Teyyub Asif oğlu Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 09 fevral 2024-ci il tarixli 1(106)-14/2024 nömrəli qərarından Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Xamməd Nuriyev (sədrlik edən və məruzəçi) Oruc Cəlilov və Əli Əliyev) 12 oktyabr 2021-ci il tarixli 1(099)-482/2021 nömrəli hökmü ilə xx xxxxxxx 1995-ci ildə Cəlilabad rayonun Alar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonun Alar kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,144.3-cü maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il 5 (beş) ay 7 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 29 mart 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinmişdir ona görə ki, o, yetkinlik yaşına çatmayan, xx xxxxxx 2006-cı il təvəllüdlü, həmkəndlisi Zərərçəkmiş şəxs onunla evlənmək məqsədi ilə oğurlamaq qərarına gəlmiş, bu məqsədlə 27 mart 2021-ci il tarixdə saat 16 radələrində Cəlilabad rayonu Alar kəndində yerləşən İncəçay çayının yaxınlığında Zərərçəkmiş şəxs tutub, ona qarşı fiziki zor tətbiq edərək, qollarından dartıb aparan zaman sonuncu müqavimət göstərdiyindən onu yerə yıxıb həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib silah qismində istifadə etdiyi istintaqla müə yyən edilməyən bıçaqla vurub ona sol əlin 5-ci barmağında kəsilmiş səthi yara, sol əlin 1-ci barmağında sıyrıq, sağ əlin 3-cü barmağında və sağ baldır nahiyəsində qançır əmələ gəlməsi ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs səs-küy salaraq yaxınlıqda olan şəxsləri köməyə çağırdığından hadisə yerinə kənar şəxslərin gəlməsini görüb Zərərçəkmiş şəxs buraxaraq öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək, silah qismində istifadə edilən əşyadan istifadə etməklə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs oğurlamağa cəhd etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın (hakimlər Kamil Bəşirov (sədrlik edən və məruzəçi), İlkin Abdullayev və Tale Kərimov) 10 fevral 2022-ci il tarixli 1(106)-100/2022 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 1(099)-482/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin Cinayət kollegiyasının (hakimlər Şahin Yusifov (sədrlik edən və məruzəçi), Ələsgər Novruzov və Rəşad Abdulov) 14 fevral 2023-cü il tarixli 1(102)29/2023 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2022-ci il tarixli 1(106)-100/2022 nömrəli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətl əri qismən təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmməd Bağırov (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Elşad Əliyev) 09 fevral 2024-cü il tarixli 1(106)-14/2024 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 1(099)-482/2021 nömrəli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilinərək məhkum olunduğu CM-in 29,144.3-cü maddəsinə həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq olunmaqla 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Dövlət ittihamçısı4 kassasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2024-cü il tarixli qərarının ləğv edilərək, cinayət işini yeni apellyasiya ba xışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Bədirxan oğlunun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2024-ci il tarixli qərarının ləğv edilərək cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı4 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2024-cü il tarixli qərarı ləğv olunmalı və iş yeni apellyasiya baxışın təyin edilməldir. Məhkum cinayət əməli özünün etirafedici ifadəsindən əla və məhkəmə istintaqında dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqın da tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli «Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3cü maddələrinə dair» Plenum qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi zi yana məruz qalmış tərəf kimi zərərçəkmişin maraqları da nəzərə alınmalıdır. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət- prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, işin konkret hallarına əsaslanmadan təqsirləndirilən şəxsə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin onun şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi4 Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmələr Azərbaycan Respub likası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmiş, məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq və cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmış və bu Məcəllənin 416.2-ci maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol vermiş, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq və cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmışdır. Məhkum ilə Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində (tanış olmaq üstündə) mübahisə baş vermiş, həmin hadisə nəticəsində hər iki şəxs ehtiyatsızlıqdan dərəcəsi təyin olunmayan xəsarətlər almış və mübahisəyə şahid olan Şahid2 sözlü müdaxiləsindən sonra əvvəlcə Zərərçəkmiş şəxs sonra isə Məhkum hadisə yerini tərk etmişlər. Məhkum Zərərçəkmiş şəxs oğurlamağa yönələn hər hansı bir hərəkətə yol verməmiş və onun hərəkətləri bu məqsədə yönəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq düzgün tədqiq edilməməsi nəticəsində işin faktiki halları tam, obyektiv, hərtərəfli araşdırılmamış və düzgün müəyyən edilməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış və məhkəmələr tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Məhkəmə cinayət təqibini istisna edən halların (əməldə cinayət tərkibinin olmadıqda və şəxsin təqsirliliyi sübuta yetirilmədikdə) mövc udluğuna baxmayaraq və əməldə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmışdır. Məhkum əməllərində həm ittiham olunduğu cinayətin, həm də hər hansı digər cinayətin tərkib əlamətləri mövcud olmamışdır. Məhkəmələr tərəfindən cinayət qanunun norması düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsi tətbiq edilməli olduğu halda, məhkəmə əsassız və qanunsuz olaraq həmin normanı tətbiq etməmişdir. Qeyd edildiyi kimi, Məhkum əməllərində CM-in 29,144.3-cü maddələrində nəzərdə tutulan cinayət tərkibinin heç bir əlaməti mövcud olmamışdır. Cinayət işi başlandıqdan və Məhkum şübhəli şəxs qismində tutulduqdan sonra ondan ifadə deyil, izahat alınması şübhəli şəxsin prosessual hüquqlarının xüsusilə də müdafiə hüququnun kobud surətdə pozulmasıdır. Zərərçəkmiş şəxsin d indirmə protokollarındakı ifadələri ilə hadisə yerinə baxış protokolunda qeyd edilən ifadələri arasında ziddiyyət olmuşdur. Belə ki, zərərçəkmiş hesab edilən şəxs öz izahatında və ifadələrində hadisə yerindən qaçdıqdan sonra bir cavan oğlanın gəlməsini gördüyünü, yorulduğuna görə dayanaraq ondan bir nəfərin onu tutaraq döymək istəməsini bildirdiymişdir. İttiham tərəfinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,144.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair istinad etdiyi sübutlar, iş materiallarında olan digər mötəbər sübutlarla təkzib olunduğu, ziddiyyətli əsaslara söykənməklə, bu təqsirlilik məsələsinin həllində əsaslı şübhələr yaratdığı üçün, mötəbər sübutlar kimi qəbul olunmamalıdır. İttiham tərəfi işin faktiki halları üzrə mövcud olan əsas şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir və məhkəmələr də ittihamı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmişlər. Ona görə də hesab edirəm ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cii maddəsinə, Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə və Azərbaycan Respublikası CPM-in 21.2ci maddəsinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bu şübhələr müdafiəçisi olduğum şəxsin xeyrinə həll olunmalıdır. İttiham tərəfi Məhkum Azərbaycan Respublikası CM-in 29,144.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini təsdiq edən mötəbər, əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Birinci və apellyasiya instansiya məhkəm ələrində məhkəmə baxışı zamanı Məhkum ittiham olunduğu cinayət əməlini törətməkdə təqsirliliyi sübut olunmamışdır. Qeyd olunan hal isə Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən müdafiəçisi olduğum şəxs haqqımda bəraət hökmünün çıxarılması üçün əsasdır. Bəhs edilən cinayət işi üzrə yekun məhkəmə qərarlarında əks etdirilmiş məhkəmələrin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmişdir. Başqa sözlə desək, məhkəmələrin gəldiyi nəticələri təsdiq edən və məhkəmə iclasında tədqiq edilmiş və yekun məhkəmə qərarlarında əks etdirilmiş hər hansı bir sübut yoxdur və məhkəmələr gəldiyi nəticələri qanunun tələblərinə müvafiq olaraq əsaslandırmamışdır. Məhkəmələr öz yekun məhkəmə qərarlarında məhkəmə baxışı zamanı tədqiq edilmiş, mötəbərliyinə heç bir şübh ə olmayan və işin nəticəsinə əhəmiyyətli dərəcədə təsir göstərən sübutları nəzərə almamış, iş üçün əhəmiyyətli olan həmin sübutlara düzgün hüquqi qiymət verməmiş, onları faktiki olaraq rədd etmişdir. Məhkəmələrin istinad etdiyi sübutlar arasında əhəmiyyətli ziddiyyətlər olduğu halda, bu ziddiyyətləri digər sübutların köməyi ilə həll etməmiş, sübutlar arasındakı ziddiyyəti həll etmədiyi halda, ziddiyyətli sübutlar yekun məlikəmə qərarlarının əsasını təşkil etmişdir. Halbuki, ziddiyyətli sübutlar heç bir halda məhkəmə hökmünün və ya başqa yekun qərarının əsasına qoyula bilməz. Məhkəmələr işin faktiki hallarını düzgün müəyyən və şərh etməmiş və buna görə də yekun məlikəmə qərarlarında gəlinmiş nəticələr onun özündə təsvir olunan, təhlil edilən və şərh edilən hallardan çıxmamışdır. Beləliklə, yekun məhkəmə qərarlarında şərh edilmiş hallarla, məhkəmələrin gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəy ə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası həm kassasiya protestinin və həm də kassasiya şikayətinin iş üzrə sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməməsi və kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası CM-in 29,144.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini təsdiq edən mötəbər sübutların olmaması barədə dəlillərlə əlaqədar aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, Məhkum məhkəmə istintaqı zamanı özünü tam təqsirli bilmiş, bununla yanaşı onun təqsiri zərərçəkmiş şəxsin, şahidlərin, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində ifadə vermiş təqsirləndirilən şəxs Məhkum bildirmişdir ki, o, Cəlilabad rayonunun Alar kəndində yaşayır, psixi xəstəliyi olduğuna görə İİ qrup əlildir, xəstəliyi ilə bağlı Maştağa qəsəbəsində yerləşən psixiatriya xəstəxanasında stasionar müalicədə olmuşdur. Evlənmək üçün anası bir neçə qızın ailələrinə müraciət etsələr də, xəstəliyinə görə ona həmin ailələr tərəfindən qızların ona ərə verilməsindən imtina edilmiş və bu səbəbdən də o, ailə qur a bilməmişdir. Hadisədən təxminən bir ay əvvəl o, küçədə olan zaman bir nəfər tanımadığı qız uşağının əlində məktəbli çantası ilə keçdiyini görmüş, həmin qızdan onun xoşu gəlmiş və onunla ailə qurmaq, bunun üçün isə onu qaçrımaq qərarına gəlmişdir. Bu məqsədlə o, 27 mart 2021-ci il tarixdə həmin qızın, adının sonradan bildiyi Əsranın hazırlıqdan qayıdan zaman Alar kəndində İncəçay çayının üzərindən keçən körpünün yaxınlığından keçəcəyini bildiyindən onun gedəcəyi yolun üstündə dayanıb gözləməyə başlamış və saat 16 radələrində Əsra yanından ötüb keçən zaman ona yaxınlaşaraq onunla tanış olmaq istədiyini bildirmişdir. Əsra ondan uzaqlaşmasını tələb edərək üstünə qışqırmış, buna görə də o, sonuncunun qollarından tutaraq səssiz qalmasını tələb etmişdir. Lakin həmin qız sakitləşməyərək qışqırma ğa davam etdikdə o, cibində olan bıçağı çıxarıb ondan qışqırmamasını və onunla ailə qurmaq istədiyini deyərək onu qaçıracağını bildirdikdə həmin qız qorxusundan səsini kəsmişdir. Bundan sonra o, Əsranın qolundan tutaraq İnçəçay çayının üzərində olan körpüdən keçirərək onu darta-darta yaşadığı evin istiqamətində aparmağa başlamış, lakin onlar bir neçə metr getdikdən sonra qız yenə də qışqırmağa başlamışdır. Onu sakitləşdirmək istəyən zaman qızın ayağı sürüşərək yerə yıxılmış, o, isə onu yerdən qaldırarkən bıçağı cibindən yenidən çıxartmışdır ki, qız qorxub qışqırmasın. Zərərçəkmiş şəxs isə əlləri ilə bıçağın tiyəsindən tutub dartdığından həm onun, həm də ki, özünün barmaqları kəsilmişdir. Bu vaxt Zərərçəkmiş şəxs qışqırığına yaxınlıqda yaşayan Mahir adlı şəxs küçəyə çıxmış və baş verənləri gördükdə onun hərəkətlərinin səbəbi barədə Mahirin sualına cavab olaraq o, bildirmişdir ki, həmin qızdan xoşu gəlir və onunla ailə qurmaq istəyir. Mahir qızın (Zərərçəkmiş şəxs) kimlərdən olduğunu soruşduqda qızın qohumlarından heç kimi tanımadığını demişdir. Zərərçəkmiş şəxs onunla getmək istəmədiyini və hay-küy salaraq köməyə başqa adamları da çağırdığını görüb o, sonuncunu buraxmış və Zərərçəkmiş şəxs həmin yerdən uzaqlaşaraq getmişdir. Həmçinin məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, o, Cəlilabad rayonunun Alar kəndində valideynlərinin himayəsində yaşayır, Alar kəndinin 1 saylı tam orta məktəbinin 9-cu sinfində oxuyur, ali məktəbə qəbul imtahanlarına hazırlaşır və bununla əlaqədar müxtəlif fənlərdən hazırlıq dərslərinə gedir. 27 mart 2020-ci il tari xdə saat 16:00-da o, riyaziyyat hazırlığından çıxıb evlərinə gedərkən bir nəfər cavan oğlanın onun yolunda qarşıda dayanmasını görmüş, onun yanından ötüb keçərək yolunu davam etmiş, lakin bu vaxt adının Yusif olduğunu sonradan bilən həmin oğlan qarşıdakı körpüyə tərəf gedib oarada dayanmış, o, isə körpüyə çatdıqda Yusif qəfildən ona yaxınlaşaraq onunla tanış olmaq istədiyini demişdir. Ondan uzaq olmasını dedikdə həmin şəxs çiyinlərindən tutaraq onu sıxmağa başlamış, o, isə oğlana müqavimət göstərməyə çalışsa da, ona gücü çatmamış və buna görə onun üstünə qışqırıb onu buraxmasını tələb etmişdir. Bu vaxt Yusif cibindən bıçaq çıxarıb ona göstərərək sakit qalmasını dedikdə, o, bıçağı görərərk qorxduğu üçün səsini çıxarmamışdır. Bundan sonra oğlan bıçağı cibinə qoyub ondan xoşu gəldiyini və o nu qaçıracağını bildirmiş, əvvəl onu boynundan tutub sıxmış, sonra isə əlindən tutaraq onu darta-darta aparmağa başlamışdır. Onlar bu vəziyyətdə təxminən 200-300 metr məsafə qət etdikdən sonra o, yaxınlıqda yerləşən evin həyətində adını bilmədiyi qadını görmüş və qışqırararaq həmin qadından kömək etməsini istəmiş, lakin qadın ona heç bir köməklik göstərməmiş, Yusif isə onun qışqırdığını görüb onu yerə yıxmış və yenidən cibindən bıçağı çıxarıb onu hədələmiş, o, isə onun hərəkətlərinin qarşısını almaq üçün bıçağı əli tutduqda barmağı kəsilmişdir. Bu zaman yaxınlıqdakı evdən bir nəfər sonradan adını öyrəndiyi Şahid2 adlı şəxs pəncərədən baxaraq baş verənlərin səbəbləri barədə soruşduqda, Yusif onu buraxmış, o, da bundan istifadə edərək hadisə yerindən qaçıb nənəsinin yaşadığı evə getmişdir. İ şə baxan sonuncu apellyasiya instansiyası məhkəməsi Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadə ilə məhkəmə kollegiyasının iclasında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən məhkəmə, həmin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etməyi zəruri hesab etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Cəlilabad rayonu Alar kəndində yaşayır, Məhkum onun qonşusudur. 27 mart 2021-ci il tarixdə günorta saatlarında evdə olduğu vaxt küçədə qız uşağının qışqırtı səsini eşitmişdir. Pəncərədən baxan zaman Yusifin bir nəfər qızla tutaşdığını və qızın yerə yıxılmasını görmüşdür. Onlara acıqlanaraq başqa yerdə mübahisə etmələrini və səs-küy salmamalarını demişdir. Həmin vaxt orada ol an tanımadığı qız uşağı uzaqlaşıb getmişdir. Yusifdən həmin qızla nəyə görə mübahisə etdiyini soruşan zaman Yusif həmin qızdan xoşu gəldiyinə görə onunla ailə qurmaq istədiyini, lakin qız razı olmadığına görə aralarında mübahisə yarandığını demişdir. O isə Yusifi bu hərəkətlərinə görə danlamışdır. Həmçinin Şahid2 apellyasiya instansiyası məhkəməsində verilən suallara cavab olaraq bildirmişdir ki, həmin vaxtı həyətdən gələn səsin qız və ya oğlan səsi olduğunu dəqiq bilmir. İbtidai istintaq vaxtı müstəntiqə Yusifi qızla gördüyünü bildirmədiyini, ifadəsini oxumadan imzalamışdır. O, xəstə olduğu üçün müstəntiqin yanında özünü pis hiss etdiyindən müstəntiq ona su vermiş və sənədləri oxumadan imzalatdırmışdır. Birinci instansiya məhkəməsində aparılan məhkəmə istintaqı zamanı şahid qismində dindi rilmiş Qanuni nümayəndə ifadəsində bildirmişdir ki, qızı Əsra xx xxxxxx 2006-ci il təvəllüdlü olmaqla Alar kənd 1 saylı tam orta məktəbinin 9-cu sinfində oxuyur. 27 mart 2021-ci il tarixdə günorta saatlarında evdə yatdığı zaman arvadı Əsmər onu yuxudan oyadaraq qardaşı Validin ona zəng edərək Əsranın döyülməsi ilə bağlı məlumat verdiyini və Əsrarın hazırda Validin evində olduğunu bildirmişdir. O, dərhal Əsmərlə birlikdə Validin evinə getdikdə Əsranın onlarda olduğunu görmüşdür. Əsra həyəcanlı olmuş, onlara bildirmişdir ki, hazırlıq məşğələsindən qayıdarkən İnçəcay adlanan çayın üzərindəki kiçik körpüdən keçən zaman bir nəfər şəxs onun qarşısını kəsmiş, onu bıçaqla qorxudaraq evlənmək məqsədi ilə qaçırdığını bildirmişdir. O, qışqıraraq müqavimət göstərmiş, bu zaman adamların gəldiyini görüb onu buraxmışdır. Əsranın sol əlinin barmaqları kəsilmişdir. Sonradan Əsranı oğurlamaq məqsədi ilə qaçıran şəxsin həmkəndlisi Məhkum olduğunu bilmişlər. Yuxarıda qeyd edilən sübutlar açıq aydın göstərir ki, Məhkum Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlamağa cəhd etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum əməli əsaslı olaraq adam oğurluğuna cəhd etmə kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymə tləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 29,144.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 29,144.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-c u maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərini və kassasiya protestinin sübutların qanunla müəyyən edilmiş qaydada tədqiq edilməməsi barədə dəlili əsassız sayır. Kassasiya protestinin digər dəlili, yəni Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilərək sonuncuya yüngül cəzanın təyin olunmasının qanunsuz olması ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tələbinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azalda n başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsinin h ökmündən görünür ki, məhkəmə, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, “Şizofreniya paranoid forma, dayanıqlı remisiya vəziyyəti” xroniki psixi xəstəliyinin olmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində isə cəzasını ağırlaşdıran halların olmamasını qeyd etmişdir. Azərbaycan Respublikası CM-in 22.2-ci maddəsi də anlaqlılığı istisna etməyən psixi pozuntu olan şəxsə cəza təyin edərkən həmin halın nəzərə alınmasını məhkəmələrin üzərinə vəzifə kimi qoyur. Apellyasiya instansiyası məhkəməsi cinayət qanunu normalarının tələblərinə, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tar ixli, 4 saylı Qərarındakı tövsiyələrə əsaslanıb Məhkum birinci instansiya məhkəməsi tərəfindən cəzasını yüngülləşdirən halların dairəsini tam müəyyən etdiyini, lakin ona daha yüngül cəza təyin edilməsinin mümkün olub-olmamasını müzakirə etmədiyini nəzərə almış və bunun nəticəsi olaraq Məhkum təyin edilmiş cəzanın müddəti onun şəxsiyyətinə uyğun olmayan açıq-aydın ədalətsiz və ağır cəza olduğu qərarına gəlmiş və qərarında bu halı tam olaraq əsaslandırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndi rmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəzasını yüngülləşdirən yuxarıda göstərilən halların onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hal kimi hesab ed ilməsi əsaslı və qanuna uyğun olmuş, məhkəmə tərəfindən ona cəza təyin edərkən CM-in 8.1,42.2, 58.3 və 62-ci maddələrinin tələblərinə riayət etmişdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin protestin və şikayətin təmin edilmədən, Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2024-ci il tarixli 1(106)-14/2024 nömrəli qərarının kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalə tli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2024-ci il tarixli 1(106)-14/2024 nömrəli qərarı kassasiya protesti və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar