Məhkəmə qərarları › İş №1(102)-908/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-908/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-908/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlu və məhkumun müdafiəçisi Müdafiəçi Müseyib oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tar ixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Müseyib oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Hüseynov Telam Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə) xx xxxx 2019cu il tarixli hökmü ilə xx xxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 42 ünvanında qeydiyyatda olan, ünvan 2 “B”, mənzil 45 ünvanında yaşamış Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx xxxxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (Mursaqulov Vaqif Ənvər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Rəhimov Elmar Eldar oğlu) məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi Müseyib oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 20 19-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə, saat 03 radələrində, Belarus Respublikası, Minsk şəhəri, Kalvariyskaya küçəsi, ev 1 ünvanın yaxınlığında sərxoş vəziyyətdə olarkən, Dyadyuk İvan Oleqoviçlə aralarında şəxsi münasibətlər zəminində yaranmış qarşılıqlı münaqişə zamanı ağır bədən xəsarətləri yetirmək niyyəti ilə İvan Dyadyuka qarşı qəsdən zorakılıq tətbiq etməklə, başına və bədəninin müxtəlif yerlərinə üzərində gəzdirdiyi bıçaqla ən azı dörd zərbə vuraraq ona sol qulaqətrafı çeynəmə nahiyəsinin (sol yanağın) silinməz dərəcədə zədələnməsi, sol yanağın açıq yarası, sol çiyinin və oksipital hissənin yumşaq toxumalarının yaraları, soldan qulaqətrafı tüpürcək vəzinin zədələnməsi kimi sağl amlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri və sol ağ ciyərin ½ hissəsinə daxilə nüfuz edən sol plevra boşluğunda qan və hava yığılması ilə nəticələnən deşilmiş-kəsilmiş xəsarətlər yetirməklə İvan Dyadyuka həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Müseyib oğlu kassasiya şikayəti vermişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr işi araşdırmamış, işin hallarını düzgün qiymətləndirməmiş, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi Təqsirləndirilən şəxs barəsində ağır və ədalətsiz cəza təyin edə bilməzdi. Belə ki, hadisədən sonra Azərbaycana qayıdan Təqsirləndirilən şəxs heç vaxt cinayət törətməmiş bir şəxsdir. Cinayətin zəruri müdafiə həddini aşmaqla etdiyinə baxmayaraq zərərçəkmiş şəxslə barışıq əldə etmiş, ona dəymiş maddi ziyanı ödəmişdir. Müsbət xarakterizə olunan bır şəxsdir. Zərərçəkmiş Dyadyuk İvan Oleqoviç istər notariat qaydada verdiyi ərizədə, istərsə də Bakı Ağır Cinayətlər Məhkəməsində vurduğu teleqramlarda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödədiyini, mülki iddiadan imtina etdiyini, gələcəkdə də heç bir şikayət və tələbinin olmayacağını bildirmişdir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, belə bir hadisənin baş verdiyinə təəssüfləndiyini, bu hadisənin özünə də pis təsir etdiyini dönə-dönə vurğulamışdır. Həmçinin hadisədən 6 il müddət keçmiş, onun ictimai təhlükəlilik dərəcəsi öz əhəmiyyətini itirmişdir. Müdafiəçi qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona həbslə əlaqəli olmayan cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun norm alarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları mü əyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası hesab edir ki, mə hkəmələr tərəfindən Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə işin faktiki hallarına uyğun qərar qəbul edilmişdir, həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Müdafiəçi kassasiya şikayətində məhkumun cəzasının ağır olması və ona Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsini mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyi n edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəs inin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəz a tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsir karın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bununla yanaşı, qanunverici CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini konkretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa göstərilən, həm də göstərilməyən, lakin obyektiv məzmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər. Odur ki, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya məhkəməsinin təyin etdiyi cəza işin faktiki hallarına uyğundur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar