Məhkəmə qərarları › İş №1(102)-924/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-924/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-924/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-108/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum XXXXX tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam ali təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla ünvan 2 ünvanında yaşamışdır. 2. 11 dekabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 178.2.1, 178.2.2, 178.2.4, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 3. 29 dekabr 2022-ci il tarixdə Neftçala Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum və Təqsirləndirilən şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmişlər və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmiş, təkrar yaşayış sahəsinə qanunsuz olaraq girməklə özgənin xeyli miqdarda əmlakını açıq talayaraq soyğunçuluq etmişdir.

5. Neftçala Rayon Məhkəməsinin 1(053)-8/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respub likası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri ilə 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətin cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 01 noyabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib, məhkum edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Məmmədov Zaur İsa oğlu apellyasiya şikayəti verib, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri üzrə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-108/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qərarı ilə verilmiş apellyasiya şikayəti təmin ed ilməmiş, Neftçala Rayon Məhkəməsinin 1(053)-8/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya şikayətində məhkum hər hansı dəlil irəli sürmədən, apellyasiya instansiyası məhkəməsinin qərarından narazı olduğunu bildirib, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi nin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Məhkum kassasiya şikayətində heç bir dəlil irəli sürmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etsə də, apellyasiya baxışı zamanı əməlində Azərbaycan Respublikası CM-nin 178.2.4, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığını iddia edərək, həmin maddələr ilə ona bəraət verilməsini xahiş edib, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-108/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qərarını yoxlayıb, araşdı rmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

18. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

19. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).

20. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəməsi) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

21. Məhkəmə kollegiyası kassasiya şikayətində təsvir edilənləri nəzərdən keçirib qeyd edir ki, məhkəmələrin gəldiyi yekun qənaətləri iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə və formalaşmış məhkəmə təcrübəsinə əsaslandığından, kassasiya şikayətində həmin nəticələri təkzib edə biləcək heç bir əsas gətirilmədiyindən, eyni zamanda mübahisəsi edilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.

22. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

23. Belə qənaətə gələn məhkəmə ko llegiyası həmçinin nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

24. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

25. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi ilə ehtiva olunan hər hansı pozuntuya yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün digər əsasların olmadığını təsdiqləyir.

26. Odur ki, çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-108/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-108/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar