Məhkəmə qərarları › İş №1(102)-926/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-926/2022

16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-926/2022 16.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxx 1974-cü il tarixdə Neftçala rayonunun Qırımızı kəndində anadan olmuş, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmayan, Neftçala rayonu, Xanməmmədli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 30 yanvar 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib birlikdə şərikli iş görüb xırda buynuzlu heyvan böyüdərək çəkisini artırdıqdan sonra satmaqla qazanc əldə edəcəkləri adı ilə aldadıb 30 mart 2014-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Nərmin” marketin arxasında həmin dövrün məzənnəsinə görə 3921,5 manat təşkil edən 5000 ABŞ dollarını, 01 aprel 2014-cü il tarixdə Neftçala rayonu, Qaçaqkənd kəndində həmin dövrün məzənnəsinə görə 1960,75 manat təşkil edən 2500 ABŞ dollarını, 01 aprel 2014-cü il tarixdə ünvan 4 ünvanında həmin dövrün məzənnəsinə görə 1960,75 manat təşkil edən 2500 ABŞ dollarını, ümumilikdə isə həmin dövrün məzənnəsinə görə 7843 manat təşkil edən 10000 ABŞ dolları məbləğində pulunu bir neçə dəfəyə vahid niyyətini əhatə edən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzl uq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs etibarından suiistifadə edib qısa müddətə qaytaracağına dair yalan vəd verib aldadaraq 21 iyun 2014-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli 87b ünvanında həmin dövrün məzənnəsinə görə 3921,5 manat təşkil edən 5000 ABŞ dolları və 400 manatını, 22 iyun 2014-cü il Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 59 ünvanında yerləşən “McDonalds” restoranının qarşısında həmin dövrün məzənnəsinə görə 784,3 manat təşkil edən 1000 ABŞ dolları məbləğində pulunu bir neçə dəfəyə vahid niyyətini əhatə edən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-95/2019 nömrəli, 06 mart 2019cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 01 (bir) il 03 (üç) ay 10 (on) gün müddət bir günə iki gün hesabı ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti olaraq 05 (beş) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.

5. Hökmdən zərərçəkmiş Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli hökmünün dəyişdirilməsi, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməklə barəsində daha ağır cəza verilməsinə dair hökm qəbul edilməsi, cinayət işini yenidən Şahid1 cinayət işinə birləşdirilməsi və sonuncunun barəsində də cinayət qanunvericiliyinə müvafiq olaraq sərt cəza tətbiq edilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-598/2019 nömrəli, 06 may 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayəti təmin edilməmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)469/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2019-cu il tarixli qərarı ləğv edilərək iş yeni apellyasiya baxışına təyin edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1051/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, “8 Noyabr Zəfər günü” münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmaqla üzərində 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) il 03 (üç) ay 10 (on) gün ona təyin edilmiş qəti cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, çəkdiyi azadlığın məhdudlaşdırılması cəzası nəzərə alınmaqla 02 (iki) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

10. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1051/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərarından Zərərçəkmiş şəxs kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

11. Kassasiya şikayətində əvvəlki məhkəmə araşdırması zamanı yol verilmiş pozuntuların məhkəmə kollegiyası tərəfindən təkrarlandığı, zərərçəkmişə dəymiş ziyanın ödənilmədiyi halda məhkum edilmiş şəxs barəsində yenə də həddindən artıq yüngül cəza təyin olunduğu, bununla yanaşı “8 Noyabr Zəfər günü” münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq olunduğu qeyd edilmiş, məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 1(103)-1051/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilməsi, Təqsirləndirilən şəxs daha ağır cəza təyin edilməsi və cəzanın icraya yönəldilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət v erilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Zərərçəkmiş şəxs kassasiya şikayətində ona dəymiş maddi ziyan tam ödənilmədiyi halda məhkum edilmiş şəxsə yüngül cəza təyin edildiyini iddia edərək, mübahisələndirilən qərarın dəyişdirilməsi barədə tələbini məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə koll egiyası zərərçəkmiş şəxsin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Baxılan cinayət işinin hallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi dələduzluq cinayəti əməllərindən birinci epizodunu Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmişdir.

20. Eyni zamanda, cinayət işinin materiallarından göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanın ödənilməsi üçün apellyasiya instansiyası məhkəməsinin mübahisələnd irilən qərarında qeyd edildiyi kimi 1000 (bir min) manat yox, daha artıq məbləğdə pul vəsaitini ödəmişdir.

21. Bununla belə, işə baxan apellyasiya instansiyası məhkəməsi bir tərəfdən zərərçəkmiş şəxsə vurduğu ziyanın ödənilməsi üzrə bilavasitə məhkum Təqsirləndirilən şəxs üzərinə düşən hissədə öhdəliyinə əsasən konkret pul məbləğinin miqdarını, digər tərəfdən isə məhkum tərəfindən ümumiyyətlə hansı miqdarda pul vəsaitinin ödənilməsini dəqiqliklə müəyyən etməmişdir.

22. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət e dir. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Plenum qərarı).

23. Eyni zamanda, vahid məhkəmə praktikasının formalaşdırılması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarında da təsbit edilir ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (“Məhkəmə hökmü haqqında” Plenum qərarı, № 15, § 45, 24 dekabr 2021-ci il).

24. Qeyd edilənlərlə yanaşı, cinayət işinin materiallarından müəyyən edilir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman Zərərçəkmiş şəxs tərəfindən 18 noyabr 2021-ci il tarixdə məhkəmə tərkibinə etiraz təqdim edilmiş, lakin həmin etiraz Azərbaycan Respublikası CPM-nin 109-cu maddəsində göstərilən tələblərə əsasən həll edilməmişdir.

25. Belə ki, apellyasiya instansiyası məhkəməsinin 24 noyabr 2021-ci il tarixli apellyasiya şikayətinə baxış protokolundan görünür ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxs tərəfindən verilmiş etirazı müzakirəyə çıxarmış, bununla bağlı müşavirə otağına getmiş, qayıtdıqdan sonra müvafiq qərarını “Etiraz təmin edilmiş” kimi elan etmiş, məhkəmə iclası məhkum edilmiş şəxs məhkəmə iclasına gəlmədiyi əsası ilə təxirə salınmış, lakin etiraz həll edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 109.3.4-cü maddəsi ilə müəyyən edilən qaydada məhkəmənin sədrinə təqdim olunmamışdır. Bundan sonra təyin edilmiş növbəti məhkəmə iclasında məhkəmə baxışı eyni tərkibdə davam etdirilmiş və məhkəmə qərarı həmin tərkibdə iştirak edən hakimlər tərəfindən qəbul edilmişdir.

26. Halbuki, işə etiraz edilmiş eyni məhkəmə tərkibində baxılması, Azərbaycan Respublikası CPM-nin 109.1-ci maddəsinə əsasən etirazın konkret əsasları olmadığından baxılmamış saxlanıldıqda və ya həmin Məcəllənin 109.5-ci maddəsinin əksinə olaraq etiraz təmin edilmədikdə mümkündür.

27. Qeyd edilənlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxsə məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən halları tam araşdırmadan cəza təyin etməklə Azərbay can Respublikası CPM-nin 416.1.21-ci maddəsində, eyni zamanda həmin Məcəllənin 109-cu maddəsinin tələblərinə riayət etməməklə Azərbaycan Respublikası CPM-nin 416.1.17-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən pozuntulara yol vermişdir.

28. Təsvir olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən nöqsanların cinayət işinə yenidən apellyasiya qaydasında baxılması zamanı aradan qaldırılmasını təmin etmək üçün, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməlidir.

29. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarı ləğv edilməli, iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1051/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar