Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-928/2019 28.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova – Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Məhkum müdafiəçisi, Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 19 noyabr 1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Tovuz şəhəri, ********************** nömrəli evdə qeydiyyatında ol an, Bakı şəhəri, ****************************** yaşayış massivi, fərdi evdə yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2019-cu il tarixli ilkin baxış qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Səbuhi Hüseynov, hakimlər: Azad Məcidov və Zeynal Ağayev) 04 aprel 2016-cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkumu n müdafiəçisi Müdafiəçi Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2016cı il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün 20 dekabr 2018-ci il tarixli vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim Səbuhi Hüseynov) 22 yanvar 2019-cu il tarixli qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatət əsassız olduğundan təmin edilməmişdir. Məhkəmənin həmin qərarından məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2019-cu il tarixli ilkin baxış qərarı ilə (sədrlik edən: K.H.Əkbərov, hakimlər: F.A.Qasımov və S.A.Mirzəyev) məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cina yətlər Məhkəməsinin 22 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsinin həmin qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2019-cu il tarixli ilkin baxış qərarının ləğv edilməsi, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edi lməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 381.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 gün müddətində verilə bilər. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin ü zrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir və həmçinin kassasiya şikayətində də apellyasiya şikayəti vermək üçün müddətin bərpa olunmasına əsas ola biləcək bir dəlil yoxdur. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Belə ki, cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2016-cı il tarixli hökmü məhkumun iştirakı ilə elan edilmiş və 07 aprel 2016-cı il tarixdə qanuna müvafiq qaydada qəbzə imza edilməklə məhkum tərəfindən qəbul edilmişdir. Cinayət işi materiallarından göründüyü kimi, Məhkum məhkəmə iclasında apellyasiya şikayəti verilmə qaydası və müddəti izah olunmuş, hökmün sur əti ona təqdim edilmiş, lakin buna baxmayaraq o, apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti 02 ildən artıq müddət ötürməklə vermişdir. Müdafiəçi kassasiya şikayətində məhkumun ağır xəstə olduğunu göstərsə də, bu barədə iş materiallarına hər hansı sənəd əlavə edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2019-cu il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-928/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-928/2019
28.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver