Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-936/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2024-cü il tarixli 1(099)-208/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Xamməd Nuriyev (sədrlik edən və məruzəçi), Oruc Cəlilov və Əli Əliyev) 18 mart 2024-cü il tarixli 1(099)-208/2024 nömrəli hökmü ilə xx xxxxxxxx 1988-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi ev 31-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 07 iyul 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 2023-cü ilin iyul ayında satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd bükümdə 4,895 qram, külli miqdarda narkotik vasitə heroini və 2 ədəd bağlamalarda ayrı-ayrılıqda 2890 qram və 3590 qram - ümumi çəkisi 6480 qram olan, külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 07 iyul 2023-cü il tarixdə saat 01:20də Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Cənub Bölgəsində Regional Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, H.Əliyev prospektində yerləşən “Göbələk” adlı kafenin yaxınlığında saxlanılaraq, Cənub Bölgəsində Regional Şöbəsinin inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı, həmin narkotik vasitə heroin əynindəki şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümün içərisində, həmin çəkidə qurudulmuş mariuxana isə sağ əlində saxladığı ağ rəngli sellofan torbanın içərisində iki ədəd qara rəngli sellofan bağlamaların içərisindən aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Pərviz Hacıyev (sədrlik edən və məruzəçi), Elçin Xasməmmədov və Habil Bəhmənov) 31 oktyabr 2024-cü il tarixli 1(099)-208/2024 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2024-cü il tarixli 1(099)-208/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfində n verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2024-cü il tarixli 1(099)-208/2024 nömrəli qərarı qərarının ləğv edilməsi və ona təyin edilmiş cəzanın çəkilməmiş müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, istintaqın ilk dövründən müstəntiqin apardığı istintaqın gedişindən narazı olduğundan işə baxan məhkəmələr ona qərəzli olaraq ağır cəza təyin etmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlaya raq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçini n kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtida i istintaq orqanı sübutların toplanmasında, birinci və apellyasiya instansiyaları məhkəmələri sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkum kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən onun şəxsiyyətini və cəzasını yüngülləşdirici halların kifayət qədər nəzərə almadan ona ədalətsiz ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələb lərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasın a və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əlavə hal müəyyən etməmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona CM-in 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında isə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə Məhkum təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halı və ailə vəziyyətini kifayət qədər nəzərə alınmışdır. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlər in qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azər baycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2024-cü il tarixli 1(099)-208/2024 nö mrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dar cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2024-cü il tarixli 1(099)-208/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-936/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-936/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver