Məhkəmə qərarları › İş №1(102)-953/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-953/2022

09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-953/2022 09.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Dövlət ittihamçısı2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 yanvar 2022-ci il tarixli, 1(105)-88/2022 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokuroru, İ dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev tərəfindən verilmiş kassasiya protestin ə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Təqsirləndirilən şəxs xx xxxx 1973-cü il tarixdə Şabran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şabran rayonu Sincanboyad kəndində daimi qeydiyyatda olmaqla faktiki ünvan 1 ünvanda yaşayır. 2. 07 oktyabr 2021-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs mexaniki nəqliyyat vasitəsinin sürücüsü olmaqla yol hərəkətinin iştirakçısı kimi “Yol hərəkəti h aqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (alt kateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməli, habelə həmin Qanunun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrin ə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunlara özü riayət etməmiş, bu səbəbdən 26 may 2021-ci il tarixdə saat 18 radələrində sərxoş vəziyyətdə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz C230” markalı, 90-MR627 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Şabran şəhəri, R.Yusifov küçəsi ilə həmin şəhərin M.Ə.Rəsulzadə küçəsi istiqamətində təxminən 3040 km/s surətlə hərəkətdə olarkən hadisənin qarşısını almağa texniki imkanı olduğu halda Şabran şəhəri, R.Yusifov küçəsi, 10 nömrəli evin qarşısında hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz” markalı, 99EF-938 dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuş, həmin avtomobilin geriyə hərəkət etməsi səbəbindən onun arxa hissəsi 10 nömrəli evin qarşısında dayanmış Zərərçəkmi ş şəxs toxunmuş, nəticədə sonuncu, ehtiyatsızlıqdan sol bazu sümüyünün açıq, sol körpucuk sümüyünün qapalı qəlpəli yerinidəyişməmiş sınıqları, sol çiyin qurşağı, sol bazu və sol pəncənin çoxsaylı sıyrılmış yaraları kimi yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almışdır.

4. Şabran Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 1(031)-68/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

5. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, cəzasının yün gülləşdirilməsini xahiş etmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 yanvar 2022-ci il tarixli, 1(105)-88/2022 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 1(031)-68/2021 nömrəli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 2.3-cü maddəsi tətbiq edilmiş və o, təyin edilmiş əsas cəzadan 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 yanvar 2022-ci il tarixli, 1(105)-88/2022 nömrəli qərarından Azərbaycan Respublika sı Baş Prokuroru, İ dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev tərəfindən kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

8. Kassasiya protestində qeyd edilmişdir ki, “8 Noyabr- Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” qərar Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 05 noyabr 2021-ci il tarixdə qəbul edilmiş və həmin gün qüvvəyə minmişdir. Amnistiya qərarında amnistiya aktının hüquqi qüvvəsi şərti olaraq iki hissəyə bölünmüşdür. Amnistiya qərarı cəzadan azad etmədə amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş, həmçinin həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərarları əsasında cəza təyin edilmiş və ya şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq vaxtından əvvəl aza d edilmiş, cəzaçəkmə müəssisəsinin növü dəyişdirilmiş şəxslər, habelə bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində tətbiq edilməsini, cinayət məsuliyyətindən azad etmədə isə amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilməsini müəyyən etmişdir. Cinayət işindən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən deyil, cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən çıxarılan hökm amnistiya barədə qərar qəbul edildikdən sonra, yəni 10 noyabr 2021-ci il tarixdə çıxarılmışdır. Belə olan halda məhkəmə şəxsi cəzadan azad etdiyi halda amnistiya aktına əsasən cəzadan azad etmənin hüquqi qüvvəsini müəyyə n edən 13-cü bəndə deyil, cinayət məsuliyyətindən azad etmənin hüquqi qüvvəsini müəyyən edən 14-cü bəndə istinad etməklə səhvə yol vermişdir. Həmçinin, cinayət işi üzrə hökm amnistiya aktı qəbul edildikdən sonra çıxarıldığı üçün, amnistiya haqqında qərarın 13-cü bəndinə istinad edilməklə həmin qərarın 2.3-cü bəndinə əsasən şəxsin cəzadan azad edilməsi belə özlüyündə qanunsuzdur. Bu isə o deməkdir ki, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi, yəni Təqsirləndirilən şəxs barəsində amnistiyanın ümumiyyətlə tətbiq edilməməsi, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarı ilə müəyyən edilmiş amnistiyanın tətbiqi qaydalarına daha uyğun olmuşdur. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibə tilə amnistiya elan edilməsi haqqında” qərarı qanunazidd olaraq tətbiq etmiş, mübahisələndirilən qərarla sonuncunu əsassız olaraq cəzadan azad etdiyindən, həmin qərar ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Kassasiya protestində göstərilənlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.16-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş edilir.

9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üz rə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apell yasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

14. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfində n yekun qərar qəbul edilərkən amnistiya aktının tətbiqi üzrə müvafiq qanunvericiliyin tələblərinə riayət etmədən amnistiyanın tətbiqində səhvə yol verildiyi iddia edilir, mübahisələndirilən qərarın ləğv edilməsi barədə tələb, məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.16-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir.

15. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 yanvar 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

16. Hazırki kassasiya protestinin müəllifi apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.3-cü bəndini səhv tətbiq etməklə əsassız olaraq Təqsirləndirilən şəxs cəzadan azad edilməsi barədə qərar qəbul edilməsini, bununla da cinayət-prosessual qanunvericiliyi tələblərinin pozulduğunu göstərmişdir. Məhkəmə baxışında dövlət ittihamçısı kassasiya protestinə dair verilmiş yazılı çıxışında qeyd etmişdir ki, cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmü amnistiya aktı qəbul edildikdən sonra çıxarıldığı üçün, apellyasiya instansiyası məhkəməsinin a mnistiya haqqında qərarın 14-cü bəndinə istinad etməklə həmin qərarın 2.3-cü bəndinə əsasən Təqsirləndirilən şəxs cəzadan azad etməsi özüözlüyündə qanunsuzdur, yəni birinci instansiya məhkəməsinin bu şəxs barəsində amnistiyanın ümumiyyətlə tətbiq edilməməsi üzrə hüquqi mövqeyi, “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarı ilə müəyyən edilmiş amnistiyanın tətbiqi qaydalarına daha uyğun olmuşdur.

17. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində sözügedən amnistiya aktının tətbiqi həqiqətən əsaslı olmamışdır.

18. Belə ki, Təqsirləndirilən şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən çıxarılan hökm 10 noyabr 2021-ci il tarixdə, yəni “8 N oyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul edildikdən sonra çıxarılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi amnistiya qərarının 14-cü bəndinə istinad edərək, həmin amnistiya aktının 2.3-cü bəndini tətbiq etməklə Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəzadan azad etmişdir.

20. Amnistiya qərarının 2.3-cü bəndinin də daxil olduğu 1-7-ci hissələri həmin qərarın 14-cü bəndi üzrə deyil, amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş, həmçinin həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərarları əsasında cəza təyin edilmiş və ya şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzaçəkmə müəssisəsinin növü dəyişdirilmiş şəxslər, habelə bu Qərar qüvvəyə mindiyi gün ədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın 13-cü bəndinə əsasən tətbiq edilir.

21. Hazırki halda birinci instansiya məhkəməsinin hökmü 10 noyabr 2021-ci il tarixdə, yəni “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı qüvvəyə mindiyi gündən sonra çıxarıldığından, Təqsirləndirilən şəxs barəsində amnistiya aktının 13-cü bəndi üzrə müəyyən edilmiş 2.3-cü bəndinin tətbiq edilməsi mümkün deyildir.

22. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi amnistiya qərarının 14-cü bəndinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin bən d amnistiya qərarının yalnız 8 və 9-cu hissələri üzrə müəyyən edilmiş amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilə bilər.

23. Amnistiya qərarının 9.1-ci bəndinə görə məhkəmələr icraatında olan həmin qərarın qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla).

24. Nəticə etibarilə, birinci instansiya məhkəməsinin hökmü 10 noyabr 2021-ci il tarixdə, yəni “8 Noyabr - Zəfər G ünü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı qüvvəyə mindiyi gündən sonra çıxarılsa da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263-1.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab edildiyindən, yəni böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilmədiyindən, eləcə də Təqsirləndirilən şəxs amnistiya qərarının 1.1–1.16-cı bəndlərində göstərilən şəxslərin dairəsinə aid şəxs olmadığından, bu şəxs barəsində amnistiyanın tətbiqi istənilən halda qeyrimümkündür.

25. Təsvir edilənlər kassasiya protestinin əsaslı olduğunu, apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası CPM-nin 416.1.16-cı maddəsində nəzərdə tutulan, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən pozuntuya yol verdiyini göstərir.

26. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 06 yanvar 2022-ci il tarixli, 1(105)-88/2022 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 yanvar 2022-ci il tarixli, 1(105)-88/2022 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar