Məhkəmə qərarları › İş №1(102)-958/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-958/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-958/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2694/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Bayramov Orxan Nizami oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq Bakı şəhəri, ünvan 3 ünvanında yaşamışdır.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1630/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ü mumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 yanvar 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

3. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Məhkum 23 sentyabr 2024cü il tarixdə verdiyi apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti 07 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1630/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qərarı ilə Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatəti təmin edilməmişdir.

5. Həmin qərardan Məhkum apellyasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsini, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2694/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1630/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından Məhkum müdafiəçisi Bayramov Orxan Nizami oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

8. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, saxlanıldığı istintaq təcridxanasında məhkuma apellyasiya şikayətinin vaxtında hazırlanması və göndərilməsi üçün heç bir şərait yaradılmamışdır. Bu hüquqların pozulması ilə yanaşı, prosessual müddətin buraxılmas ının obyektiv səbəbi kimi dəyəndirilməli idi. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2694/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qərarının ləğv olunması, buraxılmış prosessual müddətin bərpa edilməsi və məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilib mahiyyəti üzrə baxılmasının təmin edilməsi üçün qərar qəbul edilməsi xahiş edilmişdir.

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

10. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində ittiham hökmü çıxarıldıqda verilir.

11. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.

12. Baxılan cinayət işinin materiallarından müəyyən edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1630/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli hökmü Məhkum və müdafiəçilərinin iştirakı ilə apellyasiya şikayəti vermək hüququ və qaydası da izah edilməklə elan edilmiş, hökmün surəti 19 iyul 2024-cü il tarixdə məhkumun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmiş və 22 iyul 2024-cü il tarixdə onun tərəfindən qəbzə imza edilməklə qəbul edilmişdir. Apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyindən, hökm 14 avqust 2024-cü il tarixdə qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir.

13. Bununla belə, Məhkum birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti müddətinin bərpa edilməsinə dair vəsatətini 23 sentyabr 2024-cü il tarixdə vermiş, müvafiq məktub 27 sentyabr 2024-cü il tarixdə cəza çəkdiyi Azərbaycan Respublikası Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və 07 oktyabr 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur.

14. Nəticədə hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət Məhkum tərəfindən buraxılmışdır.

15. Kassasiya şikayətində hökmdən müəyyən edilmiş apellyasiya şikayəti verilməsi müddətinin ötürülməsi məhkumun saxlanıldığı istintaq təcridxanası tərəfindən ona şərait yaradılmadığı ilə əsaslandırılsa da, lakin cinayət işinin materiallarından müəyyən edilir ki, o, məhkəmə icraatı zamanı dövlət hesabına müdafiəçilərlə təmin edilmiş, hökm onun və müdafiəçilərinin iştirakı ilə apellyasiya şikayəti vermək hüququ və qaydası da izah edilməklə elan edilmiş, həmin izahın da əks olunduğu hökmün surəti 22 iyul 2024-cü il tarixdə məhkuma şəxsən təqdim edilmişdir. Apellyasiya şikayətinin vaxtında hazırlanması və göndərilməsi məqsədi ilə məhkum üçün hansı xüsusi şəraitin yaradılmasının tələb edildiyini isə kassasiya şikayətinin müəllifi müraciətində göstərməmişdir.

16. Göründüyü kimi, baxılan kassasiya şikayətində üzrlü səbəb olaraq göstərilmiş hallar heç bir izah və sübuta əsaslanmayan mülahizələrdən ibarət olmaqla, apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün əsas hesab edilə bilməz.

17. Beləliklə, təsvir olunanlardan müəyyən edilir ki, Məhkum birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir obyektiv və ya subyektiv əsas mövcud olmamış, yəni birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq 23 oktyabr 2024-cü il və 10 dekabr 2024-cü il tarixli qərarlarında müəyyən etdikləri kimi, onun Azərbaycan Respublikası CPM-nin 384.2-ci maddəsinin tələb etdiyi prosessual müddət daxilində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1630/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli hökmünü apellyasiya qaydasında mübahisələndirməməsi üzrlü hall ardan baş verməmişdir.

18. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi Bayramov Orxan Nizami oğlunun verdiyi kassasiya şikayəti heç bir dəlilə əsaslanmayan müraciətdən ibarət olmaqla, apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün əsas kimi qəbul edilə bilməz.

19. Belə qənaətə gələn məhkəmə kollegiyası müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyini də nəzərə alır. Həmin mövqeyə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan - işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə yanaşı, hüquqi müəyyənliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınması daxi ldir. Bu qayda, eyni zamanda, gələcək şikayətçiyə məhkəməyə müraciət edib etməməsi barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar verməsinə vaxt imkanı verir. Müddət məhdudiyyətinin qoyulması, eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Belə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ərzində davam edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olması, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbul etdiyi qərarlarının davamlı o laraq şübhə altında saxlanmasının qarşısının alınması arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (X4rşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).

20. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası cinayət işinin məhkəmə baxışı mərhələsində maddi və prosessual cinayət-hüquqi normaların, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması hallarının müəyyən edilmədiyini də nəzərə alır.

21. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, baxılan işdə Azərbaycan Respublikası CPM-nin 416.1.20-ci maddəsində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsas müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2694/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Bayramov Orxan Nizami oğlu tərəfindən verilmiş kassasiy a şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2694/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar