Məhkəmə qərarları › İş №1(102)-959/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-959/2021

25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-959/2021 25.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxx 1992-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.2 v ə 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 yanvar 2021-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər: A.Ə.Musayev (sədrlik edən), X.A.Nuriyev və N.F.Quliyev) Məhkum Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın çəkilməsinin əvvəlinin 10 yanvar 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 yanvar 2021-ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), K.S.Bəşirov və E.İ.Əliyev) apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli hökmü dəyiş dirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum ittiham elan olunmuşdur ona görə ki, o, 10 yanvar 2020-ci il tarixdə İran İslam Respublikasının (bundan sonra – İran İR) Biləsuvar şəhərində müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 11,532 qram təşkil edən narkotik vasitə olan heroini (bundan sonra - heroin) şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, düz bağırsağında yerləşdirib saxlamaqla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunun (bundan sonra – Biləsuvar GP) piyada keçid xəttinə daşımış və oradan malların aşkar edilməsini çətinləşdirən göstərilən üsuldan istifadə etməklə Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən göm rük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirmişdir. 11 yanvar 2020-ci il tarixdə Məhkum Biləsuvar GP-də barəsində keçirilmiş gömrük nəzarəti üzrə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında (bundan sonra – Biləsuvar RMX) rentgenoloji müayinə edilərkən göstərilən heroin düz bağırsağından aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 yanvar 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, təq sirləndirilən şəxs Məhkum törətmiş olduğu cinayət əməlinin tövsifində səhvə yol verildiyindən həmin qərar qanunsuz və əsassızdır. Dövlət ittihamçısı hesab edir ki, Məhkum CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Protest müəllifinin fikrincə, Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan 11,532 qram çəkidə heroinin şəxsi istehlak miqdarından 76 dəfədən, külli miqdarından isə 5,5 dəfədən çox olması onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edir. Lakin bu hal məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasi ya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin tövsifi mübahisə edilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-nin 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; CM-nin 234.4.3-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz satılması miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkot ik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikas ı CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin fa ktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum ibtidai araşdırma orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməlini CM-in 234.1-ci maddəsinə tövsif etmiş və həmin maddə ilə təqsirli bilərək məhkum etmiş, apellyasiya instansiya məhkəməsi isə əsaslı olaraq gəlinən nəticəni qüvvəsində saxlamışdır. Belə ki, protestdə Məhkum üzərində aşkar edilən narkotik vasitələrin satış məqsədi ilə əldə etməsini təsdiq edən əsas sübutlar kimi Məhkum tutulması ilə əlaqədar əməliyyatı keçirmiş gömrük əməkdaşların ın ifadələri, habelə Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından 76 dəfə, həmin narkotik vasitənin qanunvericilikdə nəzərdə tutulmuş külli miqdarından isə 5,5 dəfə çox olması göstərilir. Məhkəmə kollegiyası protestdə göstərilən həmin dəlilləri əsassız hesab edir. Belə ki, iş materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 11 yanvar 2020-ci il tarixli, 589 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 11,532 qram təşkil edən maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir (İ cild, səh. 38, 39). İş materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Cənub Ərazi Baş Gömrük İdarəsinin 25 fevral 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, iş üzrə verilmiş əməliyyat tapşırığı üzrə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı Məhkum üzərindən aşkar edilmiş heroini əldə etdiyi mənbə, Azərbaycan Respublikasında satmaq məqsədilə kiminləsə sövdələşməsi, eləcə də hər hansı şəxsə təhvil verəcəyini müəyyən etmək mümkün olmamışdır (İ cild, səh. 159). İş materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş, ibtidai istintaq orqanının Salyan Rayon Polis Şöbəsinə ünvanladığı 14 yanvar 2020-ci il tarixli məktub və bununla bağlı Salyan RPŞ-nin 31 yanvar 2020-ci il tarixli məktubundan görünür ki, ibtidai istintaq orqanı Məhkum yaşadığı yer üzrə Salyan RPŞ-dən sonuncunun narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşsa, bu barədə məlumat verilməsini xahiş etmiş, Salyan RPŞ-nin cavab məktubunda Məhkum barəsində hər hansı halla bağlı araşdırma aparılmadığı göstərilmiş, narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olması göstərilməmişdir (İ cild, səh. 94, 127). İş materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş məhkəmə-narkoloji ekspertizasının 26 fevral 2020-ci il tarixli, 511 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 202, 203). “Şəxsin cinayət məsuliyyətinə c əlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvə lcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası CM-inn 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, 10 yanvar 2020-ci il tarixdə İran İR-in Biləsuvar şəhərində məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 11,532 qram heroini əldə etmiş, üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı tərəfindən qəbul edilmiş qərarlardan və kassasiya protestinin dəlillərindən görünür ki, həmin ittihamın irəli sürülməsinin əsasında Məhkum aşkar edilmiş heroinin təmiz çəkisinin külli miqdarından artıq olması durur. Azərbaycan CPM-in: - 139.0.3- cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. -146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. -351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət prosessual qanunvericiliyin göstərilən müddəalarının tələbinə əsasən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətini n “satış məqsədi ilə” əlaməti ehtimalla deyil, yalnız sübutlara əsasən müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, narkotik vasitənin çəkisinin külli miqdardan çox olması, digər sübutlar olmadan özlüyündə şəxsin narkotik vasitəni satış məqsədi ilə üzərində gəzdirməsi anlamına gələ bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitələri məhz satmaq məqsədi ilə əldə etmiş olduğu barədə heç bir mötəbər sübut əldə edilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmən in nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq,yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-416.1.15-ci maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kolle giyasının 29 yanvar 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 yanvar 2021-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar