Məhkəmə qərarları › İş №1(102)-983/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-983/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-983/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili Quliyev Mahir Xəlil oğlunun iştirakları ilə x xxxx 1964-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir yetkinli yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 259.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2024-cü il tarixli 1(106)-959/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili Quliyev Mahir Xəlil oğlu tərəfindən verilmiş kassasiya Şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli 1(017)-9/2024 nömrəli hökmü ilə (hakim: Ləzimov Sulduz Paşa oğlu) Məhkum - Azərbaycan Respublikası CM-in 259.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (i ki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.3cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Məhkəmənin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2024-cü il tarixli 1(106)-959/2024 nömrəli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), Y.X.Həşimov və İ.H.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli 1(017)-9/2024 saylı hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkum X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 10 avqust 2022-ci il tarixdə saat 11 radələrində “Yaşıllıqların mühafizəsi haqqında” 02 ma y 2014-cü il tarixli 957-İVQ saylı Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən yaşıllıqların götürülməsinə yol verilən qanuni əsaslar olmadan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərini pozmaqla, qəsdən və qanunsuz olaraq özünə məxsus Ağcabədi şəhəri, K.Nəsibov küçəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan və meşə fonduna daxil olmayan torpaq sahəsində yerləşən 1200 manat dəyərində 4 ədəd 30 sm diametrli, 1600 manat dəyərində dörd ədəd 40 sm diametrli, 700 manat dəyərində iki ədəd 36 sm diametrli, 350 manat dəyərində bir ədəd 35 sm diametrli, 350 manat dəyərində bir ədəd 33 sm diametrli, 300 manat dəyərində bir ədəd 32 sm diametrli, 25 0 manat dəyərində bir ədəd 28 sm diametrli, 250 manat dəyərində bir ədəd 25 sm diametrli və 400 manat dəyərində bir ədəd 37 sm diametrli yaş kök üstə olan 16 ədəd qovaq ağaclarını qəsdən kök boğazından qanunsuz olaraq kəsib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda, yəni 5400 (beş min dörd yüz) manat, yəni xeyli miqdarda ziyan vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul olunması xahiş olunur. Şikayət müəllifi hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi Məhkum barəsində olan ittiham hökmünün qüvvədə saxlanmasına dair qərar qəbul edərkən ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları tədqiq etmədiyindən, işdəki sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən həmin qərar ləğv edilməlidir. Belə ki, işin mübahisəz halı ondan ibarətdir ki, kəsilmiş 16 ağac Məhkum mülkiyyətində olan torpaq sahəsində olmuşdur. Belə ki, kəsilmiş ağaçların yerləşdiyi yerin müəyyən edilməsinə dair Ağcabədi Rayon Məhkəməsi tərəfindən mühəndis-texniki ekspetiza təyin edilmiş və 30 iyul 2024-cü il tarixli ekspert rəyinə əsasən həmin 16 ədəd ağacın Məhkum mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi təsdiq edilmişdir. İş materiallarınd an görünür ki, 2022-ci ilin avqust ayında Məhkum öz torpağında əkdiyi ağacları kəsdiyi Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilmiş, bununla əlaqədar araşdırılma aparılmış və həmin ağacların onun mülkiyyətində olan pay torpağında kəsilməsi müəyyən edildikdən sonra 20 avqust 2022-ci ildə “cinayət işi başlanmasının rədd edilməsi" barədə qərar qəbul edilmişdir. Yəni o təqsirli olmadığı üçün cinayət işi başlanmamışdır. Həmin qərardan maraqlı tərəflər şikayət verməmişdir. Bundan bir il 2 ay sonra yəni 30 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar Ağcabədi rayon prokurorluğu tərəfindən ləğv edilmiş və iş üzrə cinayət işi başlanmışdır. Həmin cinayət işinin başlanmasının əsas səbəbi isə Azərbaycan Respunlikası Baş Prokurorluğunun sorğusu na əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli Plenumu tərəfindən Azərbaycan Respublikası CM-in 259-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndinə dair şərh verilməsinə dair qərarın qəbul edilməsi olmuşdur. Bununla bağlı müdafiəçi bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli Plenum qərarında həmin qərarın dərc edildiyi gündən qüvvəyə minməsi göstərilmişdir. Eyni zamanda bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli Plenum qərarında həmin qərardan əvvəlki dövrə tətbiq edilməsi kimi hal göstərilməmişdir. Bu isə o, deməkdir ki, həmin qərar 29 noyabr 2023-cü il tarixdən sonra yəni qərar dərc edildikdən sonra hüquq münasibətlərinə tətbiq oluna bilər. Hüquqi məsələ lər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi M.Quliyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Şikayətdə qeyd edilir ki, Məhkum əməlində hər hansı bir cinayətin tərkibi olmamasına baxmayaraq məhkəmə həmin sübutları k ifayət qədər araşdırıb təhlil etmədən onun barəsində ittiham hökmü çıxarmışdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsinə əsasən: “Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda“ cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 259.3-cü maddəsinə əsasən: “Bu Məcəllənin 259.1ci və ya 259.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlb ir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd:

1. Bu Məcəllənin 259-cu və 260-cı maddələrinin müddəaları kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların kəsilməsi (götürülməsi) hallarına şamil edilmir.

2. Bu Məcəllənin 259.1-ci və 260.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatd an yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, 259.4-cü, 260.1-2-ci və 260.4-cü maddələrində isə “xüsusilə külli miqdar” dedikdə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələri digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz b u sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 259.3-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törəd ilməsində özünü təqsirli bilməsə də, Məhkum özünün ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı və digər Təqsirləndirilən şəxs ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahidlər Şahid2 və Şahid1 ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 15 avqust 2022-ci il tarixli 68329 nömrəli akt, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional ekologiya və təbii sərvətlər idarəsi tərəfindən aparılmış 16 avqust 2022-ci il tarixli hesabat, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 22 avqust 2023-cü il tarixli, 9/6115 nömrəli rəyi və digər istintaq materialları ilə onun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 259-cu maddəsinin qeydinə əsasən «Bu maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir. İş materiallarından görünür ki, Məhkum kəsdiyi 16 ədəd qovaq ağacları kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar olmamış, həmin 16 ədəd qovaq ağacı kənd təsürrüfatı məhsullarının istehsalı üçün deyil, Məhkum ifadəsində göstərdiyi kimi anbar və çardaq tikmək üçün kəsilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun ilk dəfə olaraq az ağır cinayət törətməsini və məcburi köçkün olmasını cəzasını yüngülləşdirən hallar kimi, əməlində cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərildiyinin əksinə olar aq hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və ya dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilən lərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddələrinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2024-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar