Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-99/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 f evral 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Oruc Cəlilov (sədrlik edən və məruzəçi), Xamməd Nuriyev və Əli Əliyevdən ibarət tərkibdə) 24 noyabr 2023-cü il tarixli 1(099)-780/2023 nömrəli hökmü ilə xx xxxx 1976-cı ildə Cəlilabad rayonunun Novoqolovka (Uzuntəpə) kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi qaydada tikinti ustası işləmiş, Cəlilabad rayonunun Uzuntəpə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ü mumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 21 iyun 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 14,998 qram psixotrop maddə olan metamfetamin əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 21 iyun 2023-cü il tarixdə, saat 19 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Cəlilabad şəhəri, Babək küçəsində yerləşən mərkəzi stadionun yaxınlığında saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd sellofan bükümdə külli miqdarda - 14,998 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Şirvan Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi), hakimlər Elşad Əliyev və Məhəmməd Bağırov) 20 fevral 2024cü il tarixli 1(106)-196/2024 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli 1(099)-780/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarının cəzaya aid hissədə dəyişdirilməsi və barəsində daha ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarını ədaləts iz hesab edir. Məhkum ilk məhkumluğunun nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli 1(106)-196/2024 nömrəli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya insta nsiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətində onun barəsində ədalətsiz qərar qəbul edilməsi barədə qeyd etsə də, konkret olaraq qərarın ədalətsizliyinin nədə ifadə olunmasını göstərməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materialları araşdırarkən məhkəmələrin sübutların araşdırıl masında, proses iştirakçılarının hüquqlarının riayət edilməsində, cinayət prosesi aparılmasında hər hansı bir qanun pozuntusuna yol verməsini müəyyən etməmişdir. Belə ki, hazırkı cinayət işinə məhkəmələrdə baxılarkən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində onun təqsirliliyi məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir. Cinayət işi üzrə toplanmış sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv yoxlanılmış, sübutların mötəbərliyi və mümkünlüyü yoxlanmışdır. Məhkəmə kollegiyası birinci və apellyasiya məhkəmələrinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yox layaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassator Məhkum məhkəmə iclasında çıxış edərkən onun ailə vəsiyyətini nəzərə alıb ədalətli – daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbi q edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bununla yanaşı Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsin in Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısın ı almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun əməlində cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmiş, məhkumun himayəsində bir azyaşlı və bir onkoloji xəstə olan u şaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmişdir. İşə apellyasiya qaydasında yenidən baxan Şirvan Apellyasiya Məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin məzmununu iş materialları ilə əhatəli şəkildə tədqiq edən kassasiya instansiyası məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, məhkum ona cəza təyin edilərkən ilk dəfə məhkum olunmasını nəzərə alınması xahiş etmişdir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Məhkum əvvəllər məhkum olunmamış, hər hansı növ cinayət məsuliyyətinə cəlb edilməmişdir. Göründüyü kimi Məhkum ilk dəfə məhkum olunmuş, ailəsində yeganə gəlir gətirən şəxsdir, himayəsində azyaşlı və onkoloji xəstə olan uşaqlar vardır. Məhkumun cəzasını ağırlaşdıran heç bir halı müəy yən edilməmişdir. Azərbaycan Respublikası 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən məhkumun şəxsiyyətini və təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri kifayət qədər nəzərə almamış, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarında məhkəmələrə verilmiş Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələb lərindən irəli gələn tövsiyələrə əməl etməmiş, cəza ilə əlaqədar öz mövqeyini əsaslandırmamış, nəticədə ona şəxsiyyətinə və ailə vəziyyətinə uyğun olmayan ağır cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin bu nöqsanı üzrə sükutla keçmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr Məhkum şəxsiyyəti və ailə vəziyyətini nəzərə almadan ona təyin ediləcək cəza həddini müəyyən edərkən Cinayət Məcəlləsinin normasını düzgün tətbiq etməmiş və Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarında məhkəmələrə verilmiş Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərindən irəli gələn tövsiyələrə əməl etməmişlər. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum təyin edilmiş cəzanın dəyişdirilmədən saxlanılması barədə gəldiyi nəticəni qanuni hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Məhkum təqsirli bilindiyi maddənin sanksiyası həddində daha qısa müddətdə azadlıqdan məhrumetmə cəzası təyin etməklə onun islah olunmasını və cəzanın digər məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası Məhkum daha aşağı həddə cəza təyin edilməklə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-c ü il tarixli qərarının dəyişməsini qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin 20 fevral 2024-cü il tarixli qərarı dəyişdirilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il müddətinə endirilsin. Hökm və qərar qalan hissədə dəyişdirilməsin.
Məhkəmə qərarları › İş №1(102)-99/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-99/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver