Məhkəmə qərarları › İş №1(103)-1009/2022

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-1009/2022

14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-1009/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Mursaqulov Vaqif Ənvər oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X8, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs2, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, 24 avqust 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 10, mənzil 12-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, ev 2942A, mənzil 126-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1(101)263/2022 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, Müəyyən e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.İ.Əliyev, hakimlər C.İ.Hüseynov və E.H.İsmayılovdan ibarət tərkibdə) Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddələri ilə 5 (beş) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 5 ( beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəza çəkmə müddətinin əvvəli 28 may 2021ci tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 da təqsirli bilinib məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma, satma və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxs, Təqsirləndirilən şəxs1 və başqası ilə əvvəlcədən razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən “Əli” adlı şəxsin və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda - 9,249 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda - 13,971 qram çəkidə narkotik vasitə heroini əldə edib aralarında bölməklə Təqsirləndirilən şəxs2 külli miqdarda - 2,313 qram çəkidə psixotrop maddə metamfetamini, başqası-1,932 qram çəkidə narkotik vasitə heroini üzərilərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsi “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığına, Təqsirləndirilən şəxs1 isə külli miqdarda - 6,936 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda - 12,039 qram çəkidə narkotik vasitə heroini üzərində saxlamaqla ünvan 1 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 may 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və başqası həmin gün saat 16.30-da, Təqsirləndirilən şəxs1 isə həmin gün saat 18.45-də göstərilən ünvanlarda saxlanılaraq ünvan 2 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərilərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 əlindəki əl çantasından bir ədəd bükümdə külli miqdarda - 2,313 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, başqasının əl çantasından üç ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,380 qram, 0,281 qram və 0,271 qram olmaqla ümumilikdə 1,932 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs1 əynindəki şalvarının sol yan cibindən iki ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 4,837 qram və 2,099 qram olmaqla ümumilikdə külli miqdarda 6,936 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, altı ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,680 qram, 0,592 qram, 0,650 qram, 0,051 qram, 7,111 qram və 2,955 qram olmaqla ümumilikdə külli miqdarda 12,039 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin İzləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1 (101 )-263/2022 saylı hökmününün təqsirləndirilən şəxs X12 aid olan hissədə ləğv edilməsi, ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 32.5 və 206.3.2-ci maddələri üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən həmin maddə üzrə bəraət verilməsi və 234.4.1 və 234.4.3-cü maddələri üzrə isə onun əməlini Azəbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddədə nəzərdə tutulan ən aşağı həddə cəzanın verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 guya ifadəsində göstərmişdir ki, X25zadə, həm də Karmakova Vcronika üzərilərində aşkar edilən narkotik vasitəni şəxsi istifadələri üçün Dəryanur adlı şəxsdən aldıqlarını bildirmişlər. Şəxsi axtarış keçirilməsi zamanı X20 könüllü olaraq üzərindəki narkotik vasitəni təqdim etmiş, şəxsi axtarış keçirilməsi zamanı vəkillər iştirak etmişdir. Kamran Cəfərzadə narkotik vasitəni Dəryanur adlı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Lakin məhkəmə iclasında Şahid5 X5 hər hansı bir narkotik vasitəsinin alıb-almaması barədə heç bir ifadə göstərməmiş, ümumiyyətlə cinayət axtarış tədbirlərini Təqsirləndirilən şəxs1 ətrafında aparılmasını qeyd etmişdir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X10 narkotik vasitənin satış məqsədilə olmadan əldə etməklərinə və həmin narkotik vasitələrinin iranlı şəxs tərəfindən göndərilmədiyinə dair ifadələri ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin bir birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinin həmin hissəsinə tənqidi yanaşmış və onların ifadəsini özlərini müdafiə edilməsi kimi qiymətləndirmiş və hesab etmişdir ki, onlar cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edirlər. Kamran Cəfərzadə heç bir izahatlarında narkotik vasitəini İran İslam Respublikasının vətəndaşı "Əli" adlı şəxsdən aldığını bildirməmiş və ümumiyyətlə Təqsirləndirilən şəxs1 tanımırdı. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs1la Kamran Cəfərzadə arasında hər hansı bir telefon danışıqlarının olması, hər hansı bir sms mətnlərinin göndərilməsi aşkar edilməmişdir. X5 narkotik vasitənin satışı ilə məşğul olmasına dair hər hansı bir sübut yoxdur. Məhkəmə Kamran Cəfərzadənin narkotik vasitələrinin satışı ilə məşğul olmasına dair cinayət işinin materiallarında bir sübutun olmadığını sübut kimi qəbul etmiş, lakin onun ifadələrinə tənqidi yanaşaraq özünün müdafiə kimi qiymətləndirmişdir. Bununla əlaqədar olaraq, təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyi üçün həmin hissədə bəraət verilməlidir. Apellyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı Emil Mirzəyev hökmün dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü Təqsirləndirilən şəxs2 münasibətdə qismən ləğv olunmaqla yeni hökm çıxarılmalı, ona Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməli, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə ona həmin maddə ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq, hökmün qanuniliyini apellyasiya şikayətini nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Müdafiəçi apellyasiya tələblərində birinci instansiya məhkəməsinin ittiham hökmünü mübahisələndirərək Təqsirləndirilən şəxs2 barəsində qanuni və ədalətli qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması və daşıması qanunla nəzərdə tutulmuş qaydada toplanılmış, məhkəmədə tədqiq edilmiş və qiymətləndirilmiş (Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq) sübutlarla təsdiq edilir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü təqsirli bilməsə də, məhkəmə iclasnda narkotik vasitə əldə edib saxlamasını və daşımasını, həmin vasitənin onun üzərində aşkar edib götürülməsini birmənalı olaraq etiraf etmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, o, Paşa Holdinqdə çağrı mərkəzinin aparıcı mütəxəssisi işləyirmiş. Veronika da onunla işlədiyi yerdə işə düzəlmək istəyirmiş, tanışları vasitəsilə onunla tanış olmuş və ona işə düzəlməkdə məsləhətlər verirmiş. Onun motosikleti var imiş və Veronika arabir onu bəzi yerlərə aparmağını ondan xahiş edirmiş. 27 may 2021-ci il tarixdə Veronikanı onun xahişi ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən "Neftçilər” metrosunun yaxınlığına aparmış, orada o motosikletin yanında gözləmiş və Veronika harasa gedib, qayıtmışdır. Onlar saxlanıldıqdan sonra ona məlum olmuşdur ki, həmin gün Veronika narkotik vasitə almışdır. Bundan sonra 28 may 2021-ci il tarixində o Veronika ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, R.Rüstəmov küçəsində yerləşən "Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüşərkən polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları onlardan Dəryanur adlı şəxs barəsində soruşduqda, o həmin şəxsi tanımadığını demişdir. Polis əməkdaşları onları müxtəlif avtomobillərdə əyləşdirməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada videoçəkilişlə Veronikanın üzərinə şəxsi axtarış keçirilərkən onun üzərində narkotik vasitələr aşkar edilmişdir. Həmin vaxt polis əməkdaşları videoçəkilişi dayandırmışlar. Polis əməkdaşları Veronika və ona təzyiq göstərmişlər. Veronika xanım olduğu üçün onun üzərində aşkar edilmiş narkotik vasitələrin guya onun olduğunu etiraf etməyə hazır olduğunu polis əməkdaşlarına bildirmişdir. Lakin polis əməkdaşları yükün təkcə onun üzərinə düşməməyi üçün Veronikanın üzərində aşkar edilən narkotik vasitələri bölüşdürməyi təklif etmişlər. Bundan sonra polis əməkdaşları üzərinə 1 büküm yerləşdirmişlər. Bu vaxt Veronika həmin bükümün ona məxsus olmadığını, onun həcminin böyük olduğunu ona demişdir. Bundan sonra videoçəkiliş davam etdirilmiş və şəxsi axtarış zamanı üzərində bir büküm aşkar edilmişdir. Özü də narkotik vasitə istifadəçisidir və Veronika ilə birgə narkotik vasitə qəbul edibmiş. Veronika ilə birgə narkotik vasitə istifadə edərkən hər biri ayrı-ayrılıqda özlərinə məxsus olan narkotik vasitəni istifadə edibmişlər, bir-birlərinə verməmiş, videoçəkiliş zamanı ondan üzərində aşkar edilən bir bükümü kimdən aldığı soruşulmamış, amma Veronikadan soruşmuşlar. Narkotik vasitədən istifadə etdiyi üçün peşmandır. Təqsirləndirilən şəxs2 narkotik vasitə əldə edib saxlaması və daşıması təkcə onun özünün ifadəsi ilə deyil, digər sübutlarla da təsdiq olunur. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o 28 may 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində tanışı Şahid1 ilə birlikdə olduğu zaman üç nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. Bundan sonra onlar onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada üzərinə şəxsi axtarış keçirilmiş və üzərində metamfetamin və heroin aşkar edilmişdir. O özünü ittiham olunduğu maddələrlə təqsirli bilməmişdir. Narkotik vasitəni tanımadığı azərbaycanlı şəxsdən alırmış. Saxlanıldıqdan sonra polis əməkdaşları ona təzyiq göstərmişlər və o da guya narkotik vasitəni iranlı şəxsdən aldığını demişdir. Bundan əlavə o heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları onu Şahid1lə birlikdə 28 may 2021-ci il tarixdə saxlamışlar. O Kamranı tanımırmış, Veronikanı isə tanıyırmış və onun narkotik vasitə istifadəçisi olduğunu bilirmiş. Onunla birgə bir neçə dəfə bir yerdə narkotik vasitə qəbul ediblər, lakin ona heç vaxt narkotik vasitə satmamışdır və ya pay verməmişdir. Şəxsi axtarış zamanı üzərində heroin və metamfetamin aşkar edilmişdir. Kamranla heç vaxt telefon vasitəsilə danışmamışdır, onu tanımırmış. Əli adlı iranlı şəxsi tanımırmış. Əvvəllər adını bilmədiyi iranlı şəxslə narkotik vasitə alqısı barədə telefon vasitəsilə əlaqə saxlayırmış, lakin bu keçmişdə olmuşdur və saxlanıldığı vaxt həmin şəxslə heç bir ünsiyyəti olmamışdır, o heç vaxt İran İslam Respublikasına getməmişdir. Veronika ilə Kamran arasında münasibətin olub-olmamasını bilməmiş, Kamranı ilk dəfə məhkəmə iclas zalında görmüşdür. Narkotik vasitədən istifadə etdiyi üçün peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləyir. 28 may 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs2 və Karmakova Veronikanın qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr saxlaması göstərilmişdir. Əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır və o da həmin əməliyyat qrupunda iştirak edirmiş. Şahid4 qrup rəhbəri olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 28 may 2021-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs2 və Karmakova Veronika tərəflərindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsi, «Lukoil» yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. Orada onların hər ikisinin üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs2 üzərində 1 bükümdə metamfetamin aşkar edilmişdir. Bundan sonra Karmakova Veronikanın üzərinə də şəxsi axtarış keçirilmiş və onun üzərində 01 ədəd qızılı rəngli plasmas qabın içində 3 ədəd büküm və 1 ədəd tərəzi aşkar edilmişdir. Həm Təqsirləndirilən şəxs2, həm də Karmakova Veronika üzərilərində aşkar edilən narkotik vasitəni şəxsi istifadələri üçün Dəryanur adlı şəxsdən aldıqlarını bildirmişlər. Şəxsi axtarışın keçirilməsi zamanı Təqsirləndirilən şəxs2 özü könüllü olaraq üzərindəki narkotik vasitəni təqdim etmiş, şəxsi axtarış keçirilməsi zamanı vəkillər iştirak etmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitəni Dəryanur adlı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləyir. 28 may 2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəcəfov X6 Zeynəb Arif qızı ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ərazisində saxlanılmışdır. Bundan sonra onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. İdarədə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış videoçəkilişdən istifadə olunmaqla keçirilmiş və onun üzərində xatırlamadığı miqdarda narkotik vasitə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitəni anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı "Əli” adlı şəxsdən aldığını bildirmişdir. Şahid1 üzərinə şəxsi axtarış keçirilərkən onda qanunazidd heç bir əşya aşkar edilməmişdir. Bundan sonra müvafiq protokol tərtib edilmişdir və iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat məlumatı qabaqcadan əlbir olan bir qrup şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə imiş. Təqsirləndirilən şəxs1 saxlanılarkən bizə hər hansı müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid2 verdiyi ifadəsinə uyğun ifadə vermişdirlər. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi ilkin ifadəsində bildirmişdir ki, üzərindən aşkr olunan narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs tərəfindən göndərilmişdir və onları Kamran və Veronika adlı şəxslərə vermişdir, Kamran və Veronika da həmin narkotik vasitələrinin iranlı Əli adlı şəxs tərəfindən gönərildiyini bilirdilər. Cinayət işindən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirilmə aparılmış, üzləşdirmədə Kamran narkotik vasitələrini Dəryanura 90 manat pul ödənilməklə alındığını bildirir, Dəryanurda Kamran dediklərini təsdiq edir. Cinayət işində olan sübutların qiymətləndirilməsi haqqında qərardan da görünür ki, “Əli" adlı İran İslam Respublikası vətəndaşının müəyyən edilməsi ilə bağlı cinayət işi ayrılmış və ibtidai istintaqına başlanılmışdır. Məhkəmə iclasından yayındığı üçün məhkəmənin hazırlıq iclasında barəsində axtarış edilərək, həbs qətimkan tədbiri seçilmiş və barəsində ayrıca cinayət işi ayrılmış digər təqsirləndirilən şəxs qismində ibtidai istintaqda dindirilmiş X1 edilmiş Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 təxminən 1 il idi ki, tanıyırdı, onunla sevgili münasibəti var idi. Tutulmamışdan təxminən 3-4 ay olardı ki, narkotik vasitə heroini və “şüşə" adlandırdığı psixotrop maddə metamfetamini çəkmək yolu ilə qəbul edirdi. Kamran da onun kimi narkotik aludəçisi olduğundan sonuncu ilə birlikdə müxtəlif yerlərdən narkotik vasitə və ya psixotrop maddə alıb qəbul edirdilər. Həmin vaxtlar Zığ qəsəbə sakini Dəryanur adlı şəxslə tanış olmuşlar, sonuncudan öz istifadələri üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alıb qəbul edirdilər. 27 may 2021-ci il tarixdə Kamranla birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrosunun yaxınlığına getmişlər, Kamran kənarda durmuş, o isə yaxınlığıda olan uşaq poliklinikasının qarşısında Dəryanurla görüşüb sonuncuya 90 manat verərək 3 ədəd bükümdə narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamin almışdır. Bir büküm metamfetamini Kamrana vermiş, üç büküm narkotik vasitələri isə özündə saxlamışdır. Həmin bükümlərdən bir qismini birlikdə qəbul etmişlər, qalanlarını isə üzərində daşımağı davam etmişdir. 28 may 2021-ci il tarixdə saat 16:30 radələrində Kamranla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, R.Rüstəmov küçəsində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında olarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə dəvət edilmişlər. Orada hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçilərlə təmin olunmuşlar. Həmçinin tərcüməçi ilə də təmin olunmuşdur. Bundan sonra o və Kamran şübhəli şəxs qismində tutulmuşlar. Bundan sonra videoçəkiliş aparılmaqla üzərilərinə şəxsi axtarış aparılacağını bildirmişlər. Daha sonra təklif olunmuşdur ki, üzərilərində qanunsuz əşya, o cümlədən narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etsinlər. Kamran masaya yaxınlaşıb əynindəki şalvarının sol yan cibindən şəxsiyyət vəsiqəsini, bir ədəd alışqanı, əlində olan qara rəngli dəri materiallı əl çantasını açıb işərisindən bir ədəd “İphone X” markalı mobil telefonu və bir ədəd bükümdə psixotrop maddə metamfetamini masanın üzərinə qoymaqla təqdim etmişdir. Sorğu sual zamanı Kamran həmin metamfetamini onunla birlikdə Dəryanur adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Kamrandan aşkar edilmiş psixotrop maddə zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Daha sonra eyni qaydada ona təklif olunmuşdur ki, üzərindəki qanunsuz əşyaları təqdim etsin. O, masaya doğru yaxınlaşıb göy rəngli cins şalvarının Ön sol yan cibindən 01 ədəd üzüyü, şalvarının arxa sağ yan cibindən şəxsiyyət vəsiqəsini masanın üzərinə qoymaqla təqdim etmiş, ardınca açıq çəhrayı rəngli dəri materiallı əl çantasını açıb içərisindən iki ədəd mobil telefonu, pul vəsaitini, 01 ədəd elektron tərəzini, qadın əşyalarını, 01 ədəd qızılı rəngli plastik materiallı qabı masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra ona əynində olan şalvarının ciblərini tam olaraq göstərməsi təklif edilmiş, o, deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Onun təqdim etdiyi tərəziyə baxış keçirildikdə tərəzinin özünə məxsus olduğunu, narkotik vasitə aldığı zaman tərəzidə ölçüb aldığını bildirmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd qızılı rəngli plasmas qabın içindəki 03 ədəd büküm barədə sual olunduqda həmin maddələrin “kakos" kimi bildiyi narkotik vasitə heroin olduğunu və çəkmək yolu ilə istehlak etdiyini, təxminən 1-2 gün əvvəl Kamranla birlikdə Neftçilər metrostansiyası yaxınlığında Dəryanur adlı şəxsdən aldıqlarını bildirmişdir. Törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 29 may 2021-ci il tarixli 6/2148 nömrəli rəyindən görünür ki, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri olan 1 N°-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,313 qram olan ağ rəngli kristalik hissəciklərindən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “...X2 üzərindən...” sözləri olan 2 N-li zərfdəki üç ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,380 qram, 0,281 qram və 0,271 qram olmaqla ümumi təmiz çəkisi 1,932 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzinin üzərində və bir ədəd qızılı rəngli qabın içərisində tərəzidə narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri ilə maddə nümunələri arasında müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Qeyd: 1 N-li zərfdəki metamfetaminin təmiz çəkisi - 2,313 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq - 2,263 qram; 2 N-li zərfdəki heroinin ümumi təmiz çəkisi - 1,932 qram, tədqiqata sərf edildİ-0,090 qram, qalıq - 1,842 qram. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 29 may 2021-ci il tarixli 6/2147 nömrəli rəyindən görünür ki, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs1...” sözləri olan zərfdəki altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,680 qram, 0,592 qram, 0,650 qram, 0,051 qram, 7,111 qram və 2,955 qram ümumi təmiz çəkisi 12,039 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir, İki ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 4,837 qram və 2,099 qram, ümumi təmiz çəkisi 6,936 qram olan ağ rəngli kristalik hissəciklərindən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd elektron tərəzinin üzərində və bir ədəd qızılı rəngli qabın içərisində tərəzidə narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri ilə maddə nümunələri arasında müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 12,039 qram, tədqiqata sərf edildi - 0,120 qram, qalıq - 11,919 qram; metamfetaminin ümumi təmiz çəkisi - 6,936 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 6,836 qram. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 22 iyun 2021 -ci il tarixli 6/2276 nömrəli rəyindən görünür ki, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs1...” sözləri olan zərfdəki altı ədəd bükümdə ümumi təmiz çəkisi 11,919 qram olan narkotik vasitə heroin və üzərində “Şübhəli şəxs X2 üzərindən...’' sözləri olan zərfdəki üç ədəd bükümdə ümumi təmiz çəkisi 1,842 qram olan narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidilər. Üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs1....” sözləri olan zərfdəki 2 ədəd bükümdə ümumi təmiz çəkisi 6,836 qram olan psixotrop maddə metamfetaminlərlə üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,263 qram olan psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidilər. Qeyd: 1 N-li paketdəki metamfetaminin qalığı-6,736 qram,heroinin qalığı 11,799 qram; 2 N-li paketdə 1 N°-li zərfdəki metamfetaminin qalığı 2,213 qram, 2 N°-li zərfdəki heroinin qalığı 1,752 qram. Cinayət işindən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Dəryanur Əliəsgər oğluna məxsus “Samsunq” markalı, Təqsirləndirilən şəxs2 məxsus "İphone X” markalı, X3 məxsus “Samsung A3” və “Samsung A 01” markalı mobil telefon cihazlarına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı, X7 isə 050-86359-28 mobil telefon nömrəsi istifadə etmişlər. Keçirilən baxış zamanı müxtəlif mobil telefon nömrələrindən Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə “lazim olanda da sen tapilmirsan 2 qram kola lazımdi pul elimde acmirsan teli,“Qaqa getirirem telefonu , pulda birazdan olacaq, qozduyurem.7kola 3 daw verirsen qetirim“Ne qeder X23 Yazki,bilirsenda X17 X24 X26,birda Diyir Kola 1-2 Dene Artiq AlinaE,“X18 Hec Olmasa 5 Kola 2-3 X21? sözləri yazılmış SMS mesajları daxil olmuşdur. X2 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsindən əhəmiyyət kəsb edən mesajlar müşahidə edilməmişdir. Cinayət işində olan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı X11 tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması barədə 28 may 2021 -ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 18.45də ünvan 3 ünvanının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki idman şalvarının sol yan cibindən iki ədəd bükümlərdə psixotrop maddə metamfetaminə bənzər və 6 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, sağ cibindən isə elektron tərəzi və narkotik vasitələrin satışından əldə edilən 174 manat pul aşkar edilərək götürülmüşdür. Cinayət işində olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı X15 tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması barədə 28 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və X7 həmin gün saat 16:30-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsi “Lukoil" yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərilərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 əlindəki əl çantasından bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, Veronika Karmakovanın isə əl çantasından üç ədəd bükümlərdə narkotik vasitə heroinə bənzər maddə, elektron tərəzi, bir ədəd qızılı rəngli plasmas qab aşkar edilərək götürülmüşdür. Cinayət işində olan 17 noyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək, həbs qətimkan tədbiri seçilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs X7 məhkəmə iclaslarına gəlmədiyindən, barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmuş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işində olan 23 dekabr 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X7 barəsində hər hansı bir məlumat daxil omadığından, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cinayət işi üzrə icraat təzələnmişdir. X7 barəsində ayrıca cinayət işi ayrılmış, ayrılmış cinayət işinə əlavə nömrə verilmiş və ayrılmış cinayət işi üzrə icraat X7 tapılanadək dayandırılmışdır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 13 sentyabr 2021-ci il tarixli 3409 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 20 sentyabr 2021-ci il tarixli 3526 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması və daşıması məhkəmədə qanunla nəzərdə tutulmuş qaydada tədqiq olunaraq yoxlanılmış sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Təqsirləndirilən şəxs2 narkotik vasitə əldə edib saxlaması və daşımasının təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası iş üzrə sübutlara, onlarda olan məlumatlara, bunların məcmusuna əsaslanaraq qeyd edir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə satması və ya məhz bu məqsədlə narkotik vasitə əldə etməsi sübuta yetirilmir. Bununla əlaqədar qeyd olunmalıdır ki, ibtidai istintaq orqanın və birinci instansiya məhkəməsinin hansı sübutlara və dəlillərə əsaslanaraq onun narkotik vasitəni satmaq məqsədi olması qənaətə gəldikləri müvafiq olaraq ittiham aktında və hökmdə göstərilməmişdir. İş materiallarında olan sübutlarda da belə bir məlumat yoxdur ki, narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi qənətinə gəlməyə əsas versin. Əksinə, Təqsirləndirilən şəxs2 narkotik vasitə onda aşkar edilərkən həmin vasitəni özünün istifadəsi üçün əldə etdiyini bildirmiş, ibtidai istintaq və məhkəmədə də belə ifadə vermişdir (müvafiq protokollardan göründüyü kimi). Birinci instansiya məhkəməsi isə qeyd olunanlara, istifadəsində olan mobil telefonundakı danışıqlarda da onun narkotik vasitə satışı ilə məşqul olduğuna dəlalət edən hər hansı bir məlumatın aşkar edilmədiyinə və Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olduğunu təsdiq edən ekspert rəyinə əhəmiyyət verməmiş və ittihamın məhz tam şəkildə təsdiq olunduğu barədə əsassız nəticəyə gəlmişdir. Həmin məhkəmə belə qənaətə gələrkən hətta “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə istinad etsə də, həmin izahın müddəaları faktiki olaraq nəzərə belə almamışdır. Həmin bənddə izah olunmuşdur ki, “... Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır...”. İş materiallarından görünür ki, Plenum qərarının izahında sadalanan halların mövcudluğu barədə fikir söyləməyə əsas yoxdur. Narkotik vasitənin miqdarı o dərəcədə yuxarı deyildir ki, onun şəxsi istehlak üçün əldə edilməsinə dair ifadələrin inandırıcı olmadığı qənaətinə gəlməyə əsas versin. İstehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın aşkar edilməsi halları ümumiyyətlə mövcud deyildir. Narkotik vasitə ayrı-ayrı kibrit qutularında olmasına gəldikdə, qeyd olunmalıdır ki, bu hal özü – özlüyündə narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini göstərən amil kimi qiymətləndirilə bilməz. Satış məqsədinin mövcudluğunu təsdiq edən hər hansı bir digər hal da müəyyən edilməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs2 narkotik vasitə satmaq niyyətinin (məqsədinin) olması barədə hər hansı bir fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Məhkəmə kollegiyası tədqiq edilmiş sübutların məcmusuna əsaslanaraq həm də qeyd edir ki, K.A.Cəfərzadənin Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bu maddə ilə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. İstintaq materiallarından və hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirliliyi heç bir sübutla təsdiq olunmamışdır. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə tanışları Təqsirləndirilən şəxs1 və X7, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girməsi faktı sübuta yetirilmir. Belə ki, cinayət işi materiallarının tədqiqi onu göstərir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxslə aparılmış danışıqlar ümumiyyətlə müəyyən olunmamış, Təqsirləndirilən şəxs2 ilə narkotik vasitə qəbul etmək üçün X9 görüşüb sonuncuya 90 manat verərək 3 ədəd bükümdə narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamin almış, bir büküm metamfetamini Kamrana vermiş, üç büküm narkotik vasitələri isə özündə saxlamış, həmin bükümlərdən bir qismini birlikdə qəbul etmişlər, qalanlarını isə üzərində daşımağı davam etmişdir. Lakin Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayətində hər hansı formada iştirak etməsi digər sübutlarla da təsdiq edilməmişdir. Məhkəmə kollegiyasının qənətinə görə bütün bunlar Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayətini törətməsinə dair ittihamın sübut edilməsində yaranmış və aradan qaldırılması artıq mümkün olmayan şübhələr kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində isə təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, həmin məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Bu uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Eyni zamanda, məhkəmə kollegiyası bunu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinyətinin törədilməsində köməkçi qismində iştirak etməsi qənaətinə gəlmək üçün də əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsində təsbit olunmuşdur ki, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Lakin Z Təqsirləndirilən şəxs2 digər şəxs və ya şəxslərə CM-nin 32.5-ci maddəsində təsbit olunmuş halların yerinə yetirilməsi üçün yardım etməsi və ya digər hərəkətlərin görüləcəyini vəd etməsi də təsdiq edilmir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə cinayət törətməsinə dair ittiham sübuta yetirilmir, bu səbəbdən ona bu maddə ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən həm də “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 №-li qərarının izahlarını nəzərə alır. Bütün bunlar Təqsirləndirilən şəxs2 aşağıda göstərilən cinayəti törətməsinin təsdiq olunduğu qənaətinə gəlməyə əsas verir: Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan külli miqdarda 2,313 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşımışdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan xüsusatlara və iş üzrə topanmış sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığına, həmin tərkiblə tam əhatə olunduğuna görə Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinin tələblərinə əsasən həmin maddəyə (CM-nin 234.1-ci maddəsinə) tövsif edilməli və ona bu maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası belə nəticəyə Azərbaycan Respublikası CPM-nin 25.3-cü maddəsinin tələblərinə riayət etməklə gəlir. Həmin normada birmənalı olaraq təsbit edilmişdir ki, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alır. Cəzanı ağırlaşdıran halın olmamasına baxmayaraq, məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində sadalanan cəzannın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə kollegiyası azadlıqdan məhrum etmə cəzasının müddətini təyin edərkən isə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, Təqsirləndirilən şəxs2 əməlindən peşiman olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alır (CM-nin 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq). Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkməsinin əvvəli 28 may 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 398.1.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək, yeni hökm çıxarmaq səlahiyyətinə malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353, 356, 397.1, 397.2, 398.1.2 və 42.1.4.-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası HÖKM E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1(101)263/2022 saylı hökmü Təqsirləndirilən şəxs2 aid hissədə qismən ləğv olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli tutulduğu - 28 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmün qalan hissəsi Təqsirləndirilən şəxs2 aid hissədə müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Mizəli Abbasov Hakimlər: Vaqif Mursaqulov Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar