Məhkəmə qərarları › İş №1(103)-103/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-103/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-103/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, Osmanov Vahab Bəhram oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 2000-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143 və 267.1-1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 sentyabr 2022ci il tarixli, 1(005)-417/2022 saylı hökmündən zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Vüsal Qurbanovun sədrliyi ilə) 05 sentyabr 2022-ci il tarixli, 1(005)-417/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143 və 267.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası, Cinayət Məcəlləsinin 267.1-1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1ci maddəsinə əsasən islah işlərinin iki günü azadlığın məhdudlaşdırılmasının bir gününə bərabər tutulub 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, mülki iddianın qismən təmin edilməsi, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 2766,83 (iki min yeddi yüz altmış altı manat səksən üç qəpik) manat maddi ziyan, 2.000 (iki min) manat mənəvi ziyan, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 210 (iki yüz on) manat xidmət haqqının əvəzi və dövlət rüsumunun ödənilməsinə görə 120 (yüz iyirmi) manat tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs ödənilməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə maddi sübut olan 01 ədəd “Nama” markalı moped sahibi Təqsirləndirilən şəxs qaytarılması, iş üzrə maddi sübut olan – 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilməsi hökm edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdə saat 06:40-da ünvan 2 ünvanda mexaniki nəqliyyat vasitəsi hesab olunmayan “Nama” markalı, iş həcmi 49 sm3 olan mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi mopedi Təbriz küçəsi istiqamətində saatda 30 km/saat sürətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü olaraq hərəkət üçün təhlükə yarandığını gördükdə tormozlama əməliyyatı aparıb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə mopedi dayandırmağa texniki imkanı olduğu halda, cinayətkarcasına etinasızlıq edib göstərilən yol hərəkəti qaydasını pozaraq mopedin qabaq tərəfi ilə nəqliyyat vasitəsinin hərəkət istiqaməti üzrə yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq Zərərçəkmiş şəxs sağ bazu sümüyünün cərrahi boynunun və diafizinin qapalı qəlpəli, yerinidəyişmiş sınığı, sağ mil sümüyünün diafizinin qapalı, qəlpəli, yerinidəyişmiş sınığı, sağ bud sümüyünün boynunun süni oynaq başı ilə dəyişdirilməsi (endoprotez) ilə müşayət olunan qapalı yerinidəyişmiş sınığı (sag bazu sümüyünün boynunun və sağ bud çanaq oynağının osteosintezi və artropiastika əməliyyatından sonrakı vəziyyət) kimi dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox itirilməsinə səbəb olan sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş, bundan sonra onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduğu və zərərçəkmiş şəxsə kömək göstərmə imkanı olduğu halda bunu etməyib hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxsı təhlükədə qoymuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 1(005)- 417/2022 saylı hökmündən zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi1 apellyasiya şikayəti verərək, hökmün dəyişdirilərək Təqsirləndirilən şəxs 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin tam şəkildə, yəni 5.000 (beş min) manat məbləğində təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs cinayəti törətdikdən dərhal sonra hadisə yerindən qaçmış, barəsində açılmış axtarış nəticəsində istintaqa cəlb edilmişdir. Lakin buna baxmayaraq onun azadlığı məhdudlaşdırılmamış, yəni bərəsində həbs və ya ev dustaqlığı və ya onun azadlığını hər hansı formada məhdudlaşdıracaq digər qətimkan tədbiri seçilməmişdir. Belə bir vəziyyət (azadlıqda olması) törətmiş olduğu hadisənin ağır fəsadlarını aradan qaldırmaq üçün lazım olan imkanı yaratmış olsa da, o, bu imkandan yalnız öz məqsədləri üçün sui-istifadə etmiş, ağır xəsarət yetirmiş olduğu şəxsə qarşı barəsində cəza təyin edilərkən “cəmiyyətdən təcrid olunmadan da islah olunması” qənaətinə gəlməyə əsas verən davranış nümayiş etdirməmişdir. Təqsirləndirilən şəxs onun vəziyyətini yüngülləşdirəcək könüllü heç bir hərəkət etməmişdir. Barəsində aparılan axtarış nəticəsində məcburi qaydada istintaqa cəlb edilmiş, sonuncu məhkəmə iclasında ona yüngül cəza verilməsi üçün məcburiyyət qarşısında qalaraq qismən ödəniş etmişdir. Bu gündən sonra onun azadlıqda qalması onu islah etmək əvəzinə sadəcə arxayınlaşdıra bilər, əksini gözləmək isə sadəcə absurddur. Hesab edir ki, təqsirkara təyin edilmiş cəza öz məqsədinə xidmət etmir, hazırki cəza ilə onun islah olunması qeyri-mümkündür. Təyin edilən cəza nə cinayətin xarakterinə, nə ictimai təhlükəlilik dərəcəsinə, nə onun törədilməsi halına, nə də cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğundur. Təqsirləndirilən şəxs subay, işsiz, heç bir qazanc yeri olmayan, cəmiyyətdə özünə yer tapa bilməyən, cəmiyyətə, dövlətə faydalılıq əmsalı sıfır olan, zərrə qədər məsuliyyət hissi olmayan biridir. Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarından qəti xəbəri olmaya-olmaya, sürücülük vəsiqəsi olmaya-olmaya, yüksək təhlükə mənbəyindən istifadə etmiş, idarə etdiyi mopedlə hava tam işıqlanmamış yola çıxmış, həm özünün, həm digər şəxslərin sağlamlığıni təhlükə altına almışdır. Hələ bütün bunlar azmış kimi, qəza törətdikdən sonra zərərçəkmişi elə hadisənin baş verdiyi yerdə atib getmiş, onu köməksiz vəziyyətdə qoyaraq ölümü üçün real şərait yaratmışdır. Üstündən xeyli vaxt keçməsinə baxmayaraq nə zərərçəkmişlə maraqlanmış, nə də polisə təslim olmuşdur. Təqsirləndirilən şəxs keçən müddət ərzində zərərçəkmişin nə müalicəsində, nə müayinəsində, nə əməliyyatında, nə də yenidən həyata adaptasiya olmasında iştirak etmişdir. Məhkəmənin cəza təyin edərkən rəzərə aldığı yüngülləşdirici hallara diqqət yetirək: təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsi, gənc olması, vurulmuş ziyanın qismən ödənilməsi. “Təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsi”... Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi” yüngülləşdirici hal kimi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs əməllərində isə sadalananlardan heç birinə rast gəlinmir. Artıq qeyd etdiyi kimi, o, könüllü deyil, polisin məcburi səyi nəticəsində istintaqa cəlb edilmişdir. Yəni, barəsində axtarış aparılmadığı təqdirdə onun təslim olmaq, zərərçəkmişə yardım etmək kimi niyyəti olmayacaqdır. Əməlindən peşmançılıq çəkməsi nədə ifadə olunur? Məhkəmə bunu necə müəyyən etmişdir? Şəxsin şifahi sözləri ilə? Təqsirkar hadisənin törədildiyi andan etibarən bir dəfə də olsun zərərçəkmişlə maraqlanmamış, maddi və mənəvi dəstək olmamışdır. “Şəxsin gənc olması” hazırki cinayət işi üzrə hansı səbəbə görə yüngül hal kimi nəzərə alınmalıdır? Bu məsələni qanunverici fərqli formada tənzimləyir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal kəmi nəzərə alınmalıdır. Göründüyü kimi, qanunverici şəxsin “gənc” olmasını deyil, “yetkinlik yaşına çatmayan” statusunda olmasına önəm vermişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə istinad etmişdirsə, yəni qanunda birbaşa nəzərdə tutulmayan halı yüngül hal kimi nəzərə almışdırsa, bunu hökmdə lazımi qaydada əsaslandırmalıydı. “Vurulmuş ziyanın qismən ödənilməsi”...Yuxarıda qeyd etdiyim kimi, təqsirkar yalnız məcburiyyət qarşısında qalaraq ona yüngül cəzanın təyin edilməsi məqsədi ilə sonuncu məhkəmə iclasında ödəniş etmişdir. Digər tərəfdən isə həmin ödəniş şəxsən ona deyil, qohumuna (bibisinə) aiddir. Yəni, bu hal da bir daha sübut edir ki, təqsirkar maddi ziyanın ödənilməsində, zərərçəkmişə yardım edilməsində maraqlı deyil. Onun bundan sonra könüllü olaraq ödəniş edib-etməməsi özü də real deyil. Belə ki, hadisənin törədildiyi andan etibarən maddi və mənəvi dəstək üçün kifayət qədər imkan, vaxt olsa da, təqsirkar könüllü surətdə heç bir ödəniş etməmiş və nəticə etibarı ilə zərərçəkmişlə barışıq əldə edilməmişdir. “Mənəvi ziyanın qismən təmin edilməsi” ilə bağlı: Mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı qaldırılmış mülki iddianın bir hissəsini mülki iddiaçının 5.000,00 (beş min) manat məbləğində mənəvi ziyan tələbi təşkil edir. Məhkəmə çıxartmış olduğu hökmdə (9-cu səhifə, 3-cü abzas) mülki iddiaçının mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olduğunu qeyd etmiş və tələbi həmin həmin hissədə qismən, yəni 2000 manat hissəsində təmin etmişdir. Hesab edir ki, 2.000 manat məbləğində mənəvi təzminat məbləği cinayət hadisəsi törədilərkən və ondan sonrakı müddətdə çəkdiyi fiziki ağrının, iztirabın, stressin, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün yetərli deyil və bu məbləğ artırılmalıdır. Sağlamlığına ağır xəsarət yetirilmişdir. Bu isə necə şiddətli fiziki ağrılar yaşadığını təsəvvür etməyə imkan verir. Sözsüz ki, müalicə və əməliyyat nəticəsində onun tam sağalmağını, əvvəlki vəziyyətə qayıtmağı qeyri-mümkündür. Bu da bir daha fiziki ağrıların hələ davam etməsi, ona narahatlıq yaşatması deməkdir. Qeyd olunanlar özünü təkcə fiziki ağrılarda deyil, eyni zamanda psixoloji vəziyyətinin pozulmasında, şüurunda mənfi psixi reaksiyanın yaranmasında da göstərir. Mülki cavabdeh hadisəni törətdikdən sonra onu elə o cür köməksiz vəziyyətdə qoyaraq, hadisə yerindən qaçmış, daha sonra isə bu qeyri-insani davranışını qorxması ilə ört-basdır etməyə çalışmışdır. Halbuki, onun yardım etmək, dəstək olmaq imkanı olmuşdur. Onun bu hərəkəti ona qarşı ədalətsizlik, insanlığa yad olmaqla, cəmiyyətimizdə təşəkkül tapan normal davranış qaydalarına ziddir. Həmin anda özünü alçaldılmış, təhqir edilmiş formada hiss etdi. Hələ bu azmış kimi, o, bu günədək nə maddi, nə də mənəvi yardım etmişdir. Bütün bunlar onun hansı dərəcədə stress, iztirab, mənəvi sarsıntı yaşadığını təsəvvür etməyə imkan verir. Mülki cavabdeh qanunazidd əməli ilə onu faktiki olaraq əlil vəziyyətinə salmışdır. 63 yaşının olmasına baxmayaraq o 80-90 yaşlarında olan insanların fiziki durumundan da pis vəziyyətdədir. Belə ki, artıq əlləri, ayaqları normal işləmir, gündəlik həyatında etdiyi və etməli olduğu hərəkətlərin əksəriyyətini təkbaşına edə bilmir, bir sözlə fəal ictimai həyat tərzindən məhrum olub. Hadisə baş verən zaman işə gedirdi, bu isə onun kifayət qədər normal əmək qabiliyyətli olmağını sübut etmiş olur. Baş vermiş hadisə nəticəsində əmək qabiliyyətini itirdiyi üçün daha işləmir. Əmək kitabçasından da göründüyü kimi, işəgötürən "xxxx" QSC "Zığ" Gəmi Təmiri Zavodu onunla olan əmək münasibətlərinə xx.xx.2022-ci il tarixdə 84/k saylı Əmri ilə xitam vermişdir. Qeyd olunan hallarla yanaşı, iş yerini itirməyinin, uzunmüddət çalışdığı kollektivdən bu cür ayrılmağının ona yaşatmış olduğu mənəvi sarsıntını sözlə ifadə etmək mümkün deyil. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və müdafiə tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi1 apellyasiya şikayətinin təmin edilərək, şikayətin məzmununa uyğun çıxış edərək, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəzasının ağırlaşdırılmasını və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, eləcə də mülki iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş şəxs və müdafiəçisi verilmiş apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısının cəza təklifinə uyğun olaraq zərər çəkmiş şəxsin apellyasiya şikayətinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 1(005)-417/2022 saylı hökmü qanuni və əsaslı olduğundan zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət.Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi, zərərçəkmiş şəxs tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifi mübahisələndirilməmiş, təyin edilən cəzanın yüngül olmasına israr etmişdir. Həmçinin mənəvi zərərin əsassız şəkildə az məbləğdə təyin edilməsi bildirilmişdir. Cinayət işinin materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək törətdiyi cinayətin halları haqda hökmün təsviri hissəsinə uyğun ifadə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143 və 267.1-1-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkumun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, məhkum edilmiş şəxsə təyin olunmuş cəzanın ağırlaşdırılmasını, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən sonuncunun törətdiyi əməlindən peşmançılıq çəkməsini, gənc olmasını, vurulmuş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hal kimi və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, sonuncuya təqsirli bilindiyi maddələrin sanksiyası daxilində qəti cəza olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən cəza təyini zamanı əsas götürülən halların məcmusu, yəni təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, eləcə də zərərçəkmiş şəxsin məhkəmə hökmündən cəzanın növü ilə bağlı narazı olması nəzərə alındıqda, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Eyni zamanda məhkəmə kollegiyası zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan cəzanı yüngülləşdirən və cəza təyin zamanı nəzərə alınan digər halların məcmusu baxımından məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın növünün ağırlaşdırılması üçün əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların isə olmamasını əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətlərin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Bundan əlavə, kollegiya apellyasiya şikayətinin mənəvi zərərlə bağlı dəlilinə münasibətdə qeyd edir ki, tutulmuş mənəvi zərərin əvəzinin həcminin artırılması üçün əsas görmür. Belə ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143 və 267.1-1-ci maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 1(005)-417/2022 saylı hökmü qanuni və əsaslı olduğundan zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143 və 267.1-1ci maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 1(005)-417/2022 saylı hökmü zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elbəy Allahverdiyev Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar