Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1035/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 iyun 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azalıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09 yanvar 2007-ci ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 dekabr 2006- cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən 07 ay 07 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 238.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 886/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımış və yaşadığı evdə narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməklə saxlamışdır. Belə ki, o, 23 aprel 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» kimi tanınan ərazidən naməlum mənbədən 20 manat müqabilində qanunsuz olaraq satış məqsədilə bir ədəd bükümdə təmiz çəkisi 3,068 qram, qəhvəyi rəngli tozşəkilli maddə olan, narkotik vasitə hesab edilən külli miqdarda heroini əldə edib üzərində saxlamaqla daşımış, 23 aprel 2022-ci il tarixdə saat 18:10 dəqiqədə narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermədə şübhəli bilindiyi üçün Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ev 22X ünvanın qarşısında saxlanılmış, həmin evə baxış zamanı narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün evində narkotik vasitə və psixotrop maddə qəbul etmələrinə icazə verərək toplanmış tanışları xx.xx.2000-ci il təvəllüdlü Şahid1 və xx.xx.1997-ci il təvəllüdlü Şahid2 müəyyən edilmiş, eləcə də sonuncuların qarşısındakı masanın üzərindən Şahid1 aid bir ədəd bükümdə təmiz çəkisi 2,320 qram, külli miqdarda narkotik vasitə heroin, daxilində narkotik vasitə heroinə məxsus izləri olan 3 ədəd birdəfəlik boş şprislər aşkar edilərək götürüldüyü üçün o,sonuncularla birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmiş və orada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 3,068 qram qəhvəyi rəngli tozşəkilli maddə olan, narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-886/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 238.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdən 17 yanvar 2023-cü il tarixədək həbsdə olduğu 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətin nəzərə alınməsı və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 09 (doqquz) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbsə alınması Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin hökm elan edildiyi, yəni, 10 mart 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmdə həmçinin sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-886/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçiləri apellyasiya şikayəti vermişlər. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tərəflərin İzahatları: Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və müdafiəçisi A.Şahverdi hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə əməlin 234.1-1-ci maddəyə tövsif edilməsini və 238.1-ci maddə ilə ona bəraət verilməsini xahiş etdilər. Kollegiya qeyd edir ki, digər Müdafiəçi1 işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman prosesdə iştirak etməmiş və order təqdim etməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-886/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid1 ilə tanış olmuş və İlahə ilə onun qeyri-rəsmi münasibəti var. İlahə iki il bundan qabaq Goranboy rayonundan Bakı şəhərinə gəlmiş, qalmağa yeri yox imiş. Buna görə əvvəllər market kimi istifadə etdiyi hazırda işləməyən 15-20 kvadrat metr ərazisi olan yeri İlahəyə qalmaq üçün vermişdir. Ceyhun İlahənin qonşusudur, Ceyhun da onun yanına gəlirmiş. Onlar narkotik vasitə istifadə etmişlər, lakin o, Ceyhungilə heç bir vaxt nə narkotik vasitə vermiş, nə də ki satmış, həmçinin, İlahə və Ceyhuna narkotik vasitə istifadə etmək üçün yer təşkil etməmişdir. O, əvvəllər narkotik vasitənin kakos növündən istifadə etmiş və hərdənbir onlarla birlikdə narkotikdən istifadə etmişlər. 3 aprel 2022-ci il tarixdə saat 18:10-da yaşadığı ünvan 2 ünvanının qarşısında olan zaman 5 nəfər tanımadığı şəxs ona yaxınlaşıb vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin saxlanılmasında şübhəli olmağını bildirmişlər. O, polis əməkdaşlarına bildirmişdir ki, bu mümkün deyil və onun evinin həyətində olan bir otaqlı tikilidə İlahə və Ceyhun adlı dostları qalır. Polis əməkdaşları onlar yaşadığı obyektə gəlmişlər. Polis əməkdaşları ondan həmin tikilidə mənzilə baxış keçirmə barədə ərizə almışlar və İlahənin qaldığı həmin bir otaqlı tikiliyə baxış keçirmişlər. Lakin, onların üzərindən narkotik vasitə çıxmamışdır. Sadəcə masanın üzərində şprislər var imiş. Saatlarla çəkiliş aparılmış, onlara psixi təsir göstərilmiş və sonda İlahə polis əməkdaşlarının gətirdiyi narkotik vasitəni öz üzərinə götürmüşdür. Polis əməkdaşları onları Yasamal Rayon Pİ-nin 29-cu PŞnə aparmışlar. Yasamal Rayon Pİ-nin 29-cu PŞ-də ona fiziki təsir olmamış, lakin, ona psixi təsirlər olmuşdur. Belə ki, polis əməkdaşları ona AR CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyini bildirib aldatdıqları üçün o, videoçəkiliş zamanı bükümlərin ona məxsus olmasını bildirmişdir. Həmçinin, 23 aprel 2022-ci ildə narkotik vasitəni "Papanin" deyilən ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən aldığını bildirmiş, lakin, faktiki olaraq onda heç bir narkotik vasitə olmamışdır. O, əvvəllər narkotik vasitənin kakos növündən istifadə etmişdir. İlahə və Ceyhunla münaqişəli münasibəti olmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsində Şahid1 hökm oxunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmamış, ona qarşı videoçəkiliş zamanı fiziki təzyiq olmamışdır. O, əvvəllər mağaza kimi istifadə etdiyi yeri İlahəyə qalmaq üçün vermiş, həmin tikili onun adınadır. Həmin tikiliyə başqaları narkotik istifadə etmək üçün gəlməmiş, orada İlahə yaşamışdır. İlahə narkotik vasitə istifadəçisi olmuşdur. İlahə həmin tikilidə başqalarına narktoik vasitə sata, yaxud çəkmələrinə şərait yarada bilməz, ora onun evidir. Cinayət işinin 17-18-ci vərəqələrində olan 23 aprel 2022-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına Təqsirləndirilən şəxs, mənzildə olan Şahid1 və Şahid2 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı mənzildə stulun üzərindən nəlbəkidə 1 (bir) ədəd açıq şəffaf sellofan bükümdə spesifik iyə malik olan “kakos” adlanan narkotik vasitə heroin olması ehtimal edilən kütlə, 3 ədəd şpris aşkar edilmiş, Şahid1 həmin narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Aşkar edilmiş kütlə və 3 ədəd şpris qablaşdırılaraq götürülmüşdür. Baxış və götürmə zamanı “Samsung” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 43-46-cı vərəqələrində olan 23 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı, sonuncunun üzərində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibində saxladığı şəffaf rəngli sellofana bükülmüş, öz dediyinə görə içərisində kakos deyilən heroin aşkarlanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni xx.xx.2022-ci ildə saat 15 radələrində Papanin adlanan ərazidən üzdən tanıdığı, lakin, adını bilmədiyi, əvvəllər də aldığı şəxsdən aldığını bildirmişdir. Aşkar edilmiş büküm qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 55-58-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2022-ci il tarixli, 6/2357 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “... Təqsirləndirilən şəxs (imza) ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,068 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr'in siyahısına (Siyahı 1) daxildir. Cinayət işinin 119-cu vərəqəsində olan 03 iyul 2022-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 23 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman qeydə alınmış videogörüntünü özündə əks etdirən DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, mənzildə olan Şahid1 və Şahid2 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı mənzildə stolun üzərindən nəlbəkidə 1 (bir) ədəd açıq şəffaf sellofan bükümdə kakos adlanan narkotik vasitə heroin olması ehtimal edilən kütlə, 3 ədəd şpris aşkar edilmiş, Şahid1 həmin narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Aşkar edilmiş kütlə və 3 ədəd şpris qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 131-ci vərəqəsində olan 26 aprel 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı, Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid1 ilə birgə yaşadıqları müddətdə İlahə tanışlarından narkotik vasitə heroin alaraq onun yaşadığı evdə narkotik vasitə heroindən istifadə etmişdir. Üzləşdirmə zamanı Şahid1 da Təqsirləndirilən şəxs dediklərini təsdiq etmişdir. Cinayət işinin 132-ci vərəqəsində olan 26 aprel 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid2 bildirmişdir ki, o, mütəmadi olaraq özü ilə narkotik vasitə gətirərək Fəqana məxsus evdə İlahə ilə birlikdə narkotik vasitə qəbul etmişdir. Cinayət işinin 133-cü vərəqəsində olan 26 aprel 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı, Təqsirləndirilən şəxs bildirmişdir ki, Ceyhun mütəmadi olaraq özü ilə narkotik vasitə gətirərək onun yaşadığı evdə qəbul etmişdir. Üzləşdirmə zamanı Şahid2 da Təqsirləndirilən şəxs deidklərini təsdiq etmişdir. Cinayət işinin 17-18-ci vərəqələrində olan mənzilə baxış keçirilməsi və götürmə haqqında protokola, cinayət işinin 43-45-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokollarda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, polis əməkdaşları ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyini bildirdikləri üçün, o, protokolu imza etmişdir. Ona fiziki təsir olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 1(101)-1556/2022 saylı hökmünə əsasən, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, Şahid1 satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib, ünvan 4 ünvanda saxlamaqla daşıdığı üçün məhkum olunmuşdur. Cinayət işinin 17-18-ci vərəqələrində olan mənzilə baxış keçirilməsi və götürmə haqqında protokola, cinayət işinin 43-45-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokollarda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, polis əməkdaşları ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyini bildirdikləri üçün, o, protokolu imza etmişdir. Ona fiziki təsir olmamışdır. Həmin hökmdən görünür ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, “...Təqsirləndirilən şəxs və Şahid2la birlikdə narkotik vasitə istifadə etmək qərarına gəldikləri üçün o və Təqsirləndirilən şəxs birlikdə 10 manat, Şahid2 isə 5 manat pul verərək, ümumilikdə 15 manat pul miqdarında narkotik vasitə özlərinin istifadəsi üçün almaq qərarına gəlmişlər. Ceyhun “Tarqovu” adlanan əraziyə gedərək onun tanımadığı şəxsdən 15 manat pul verərək, 01 ədəd sellofana bükülmüş narkotik vasitə heroini almışdır. Ertəsi günü, yəni 23 aprel 2022- ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olan zaman narkotik vasitə heroini Təqsirləndirilən şəxs evində Şahid2la birlikdə istifadə etdikdən bir qədər sonra polis əməkdaşları onun yaşadığı evə daxil olaraq tanışı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etməyə və saxlamaqda şübhəli olduğunu bildirərək yaşadığı evə baxış keçirilməsini bildirmişdirlər. ...” Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 1(101)- 1556/2022 saylı iş üzrə məhkəmədə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, “...2022-ci il tarixdə saat 18:10-da yaşadığı Yasamal rayonu, 2-ci Alatava ev 22X saylı ünvanın qarşısında olan zaman beş nəfər tanımadığı şəxslər ona yaxınlaşıb vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirərək ona demişlər ki, narkotik vasitələrin saxlamasında və tiryəkxanaların təşkilində şübhəli bilinən hazırda onun evində narkotik vasitə istifadə edən şəxslər vardır. Otaqda olan İlahə və Ceyhun narkotik vasitə istifadə etdikləri üçün saxlanılmış, sonra isə polis əməkdaşları onların hər üçünü Yasamal RPİ-nin 20-cu PŞ-nə aparmışlar. PŞ-nin inzibati otaqlarının birində Yasamal RPİnin 29-cu PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Elçin İsgəndərov tərəfindən onun hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçinin və iştirakçıların iştirakı ilə onun üzərinə baxış keçirilərkən o, əynində olan idman gödəkcəsinin sağ yan cibindən Nəsimi rayonu Papanin adlanan ərazidən özü istifadə etmək məqsədi ilə tanımadığı şəxsdən 20 manata aldığı narkotik vasitə hesab edilən heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. ...” Hökmdə ifadəsi elan edilmiş Şahid2 ifadəsindən görünür ki, ...23 aprel 2022-ci il tarixdə saat 11 radələrində Nəsimi rayonu, Kubinka adlanan əraziyə gedərək üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə 50 manat pul verib kakos deyilən narkotik vasitə hesab edilən heroini alıb əynində olan şalvarın sağ yan cibinə qoyaraq həmin gün saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanda yerləşən evinə getmiş, həmin vaxt evdə Fəqan və onun qeyri-rəsmi ər-arvad kimi yaşadığı Şahid1 olmuşdur. Həmin vaxt o, evdə əyləşib çay içdikdən sonra özü ilə gətirdiyi narkotik vasitə heroini istifadə etmişdir. ...” Bakı Ağır Cinayətlər Məhkəməsindən daxil olmuş 07 mart 2023-cü il tarixli, 1(101)- 1556/2023 saylı məktubdan görünür ki, Şahid1 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 1(101)-1556/2022 saylı hökmü 01 dekabr 2022ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.6-cı maddəsinə görə, birinci və apellyasiya instansiyası məhkəməsi üçün şəxsin əvvəllər məhkum edilməsinə və ya bəraət almasına dair qanuni qüvvəyə minmiş hökm şərtsiz məcburidir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və hazırda verdiyi izahat və ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olmuşdur. Belə ki, cinayət işinin 48-50-ci vərəqələrində olan izahatında, 66-68 və 83-85-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...23 aprel 2022-ci il tarixdə yaşadığım Yasamal rayonu, 2-ci Alatava ev 22X ünvanının qarşısında olan zaman ona tanımadığı polis əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin saxlanılmasında və tiryəkxanların təşkilində şübhəli bilinirəm, hazırda evimdə narkotik vasitə istifadə edən şəxslər var. Mən onların bu sözündən sonra dedim ki, bəli mənim evimin həyətində olan bir otaqlı tikilidə İlahə və Ceyhun adlı tanışlarım var, onlar narkotik vasitə istifadəçisidir. Hadisə yerinə gələn polis əməkdaşı məndən ərizə aldı və mənimlə birlikdə həmin otağa daxil olub baxış keçirdilər. Otaqda olan İlahə və Ceyhunu narkotik vasitə istifadə etdikləri üçün saxladılar. ...Mən 23 aprel 2022-ci il tarixdə Nəsimi rayonu, “Papanin” kimi tanınan ərazidən 20 manat ödəməklə aldığım narkotik vasitəni təqdim etdim. ...» Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirilir. Kollegiya, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətdən yayınmaq xarakteri daşıdığı qənaətinə gəlir. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticələr Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı olmuşdur. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlləri özünün hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına uyğun ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində icraat zamanı verdiyi ifadəsi ilə yanaşı, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs əməlini CM-in 238.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-in 238.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onun həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və CPM-in 44.1-ci maddəsinə uyğun olaraq onun barəsində ittiham hökmü çıxarılması cinayət qanununun tələblərinə uyğun olmuşdur. Cinayət işinin 190-191-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 11 avqust 2022-ci il tarixli tələbnamədən və cinayət işinin 193-196-cı vərəqələrində olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 iyun 2006-cı il tarixli hökmünün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 iyun 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azalıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09 yanvar 2007-ci ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 dekabr 2006-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CMnin 76.3.1ci maddəsinə əsasən 07 ay 07 gün vaxtından əvvəl şərti azad olunmuşdur. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 153-154-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza X5 şəxsinin 08 iyul 2022-ci il tarixli, 1814 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 150-151-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin 08 iyul 2022-ci il tarixli 3732 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kollegiya Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması məqsədəmüvafiq olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun əməlində ağırlaşdırıcı halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, məhkəmə iclasında elan edilərək tədqiq olunan ibtidai araşdırmadakı Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismindəki qismən etirafedici ifadələri, maddi sübutların mövcudluğu, istintaq hərəkətləri protokolları, şahid ifadəsi, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Kollegiya, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hesab edir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 238.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, ona qəti olaraq 05 (beş) il 09 (doqquz) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcının 10 mart 2023-cü il tarixdən hesablanması, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə dair məhkəmənin mövqeyi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair 1(101)-886/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair 1(101)- 886/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Anar Tanrıverdiyev Hakimlər Qədim Babayev İlqar Murquzov
Məhkəmə qərarları › İş №1(103)-1035/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1035/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver