Məhkəmə qərarları › İş №1(103)-1044/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1044/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1044/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 oğlunun, Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Dəvəçi şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin UmBakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 1(101)-68/2024 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Azər Tağıyev (sədrlik edən), Elnur Nuriyev və Kamran Muxtarov) 14 mart 2024-cü il tarixli, 1(101)-68/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 24 yanvar 2022-ci il tarixdən hesablanması, narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi, ərazi narkoloji dispanserində qeydiyyata alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməməsi müəyyən edilmiş, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 13:30-da Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən oğurluq törətməkdə şübhəli bilindiyi üçün ünvan 3 ünvanın qarşısında saxlanılaraq Suraxanı RPİnin 30-cu PŞ-nə aparılmış, üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ cibindən 01 ədəd bükümdə təmiz çəkisi 10,737 qram tünd qəhvəyi rəngli qətrənabənzər spesifik iyə malik maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüş və əməliyyataxtarış tədbirinin davamı olaraq həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı evin qonaq otağında yerləşən divanın saxlanc hissəsindən 01 ədəd bükümdə təmiz çəkisi 301,7 qram tünd qəhvəyi rəngli qətrənabənzər spesifik iyə malik maddə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə tiryəklə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 1(101)-68/2024 nömrəli hökmünün ləğv olunmasını, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilib həmin maddənin sanksiyası həddində ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırmışdır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, maddi sübutları və sair sənədlərlə kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, məhkəmə qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirməyərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən yalnız təqsirləndirilən şəxsin özünümüdafiə xarakteri daşıyan, hadisənin obyektiv səhnəsinə və sağlam məntiqə uyğun olmayan mövqeyinə əsaslanmışdır. Birinci instansiya məhkəməsi hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb edən və toplanmış kompleks halları nəzərə almadan, yalnız ümumi ifadələrdən istifadə etməklə ittihamın təsdiq olunmadığı qənaətinə gəlmişdir ki, bu da cinayət prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir və məhkəmənin həmin hallara əsaslanmaqla gəldiyi qənaət qanunsuzdur. Belə ki, CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilinəsi cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik vasitə tiryəkin bükümlərdə olması, sayı, miqdarı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasını göstərir. Məhkəmənin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir. Belə ki, narkotik vasitənin şəxsi istehlak miqdarı həmin narkotik vasitənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırki cinayət işində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tiryəkin çəkisi onun gündəlik ehtiyacının yuxarı həddindən təxminən 624,874 dəfə, külli miqdarının aşağı həddindən isə təxminən 6 dəfədən çox olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 234.1 -ci maddəsinə tövsif edərkən, onun tərəfindən törədilən CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığı olmasını, həmin maddədə nəzərdə tutulan cinayətin ağır cinayətlər kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayət olmasını, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilən narkotik vasitənin külli miqdarda olmasım, bükümlərdə olmasını, bu halın öz-özlüyündə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla onun şəxsiyyətini xarakterizə etməsini, tiryəkin həmin narkotik vasitə üçün müəyyən edilmiş külli miqdarının minimal miqdarından təxminən 624,874, şəxsi istehlak miqdarından isə 6 dəfədən çox olmasını, aşkar olunmayacağı təqdirdə ondan istifadə edəcək böyük əksəriyyəti gənc olmaqla onlarla Azərbaycan vətəndaşının həyatını və sağlamlığım təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, Təqsirləndirilən şəxs tərəfindən törədilən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsindən ibarət cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olmasını, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının tövsiyələrini nəzərə almayaraq təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsinin səbəblərini hökmdə əsaslandırmamışdır. Məhkəmə 14 mart 2022-ci il tarixli hökmündə hansı səbəbdən təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsini təsdiq edən özünün ibtidai istintaq zamanı, habelə şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələrini, müvafiq istintaq hərəkəti protokollarım, əldə edilmiş maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul etməməsini hökmündə əsaslandırmadan işin faktiki hallarına uyğun olmayan nəticələrə gəlmişdir, məhkəmə baxış zamanı iş üzrə toplanmış sübutlara obyektiv qiymət verməyərək, müəyyən etdiyi hallar sübutlara deyil, yalnız mülahizəyə əsaslanmaqla işin faktiki hallarına uyğun olmamış, heç bir əsaslandırma aparmadan, hər-hansı sübutlara əsaslanmadan və cinayət işinin materiallarında olan sənədləri təkzib edən dəlillləri gətirmədən təqsirləndirilən şəxsin əməllərini əsassız və qanunsuz olaraq tövsif etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı verilmiş apellyasiya protestinin məzmununa uyğun çıxış edərək protestin təmin edilməsini, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilib həmin maddənin sanksiyası həddində ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, təqsirləndirilən şəxs və onun müdafiəçisi isə apellyasiya protestinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 1(101)-68/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Apellyasiya protestində Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələrin əldə etməsi, onların qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilsə də, məhkəmə kollegiyası dövlət ittihamçısının bu mövqe ilə razılaşmayaraq verilmiş apellyasiya protestində qeyd edilən dəlillərlə bağlı aşağıdakı qaydada şərh verməyi zəruri hesab edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Özlüyündə narkotik vasitələrin külli miqdarda olması digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə etməsi, saxlaması və daşıması ilə bağlı ittiham verilsə də, narkotik vasitələrin satışına dəlalət edən heç bir mötəbər sübut müəyyən olunmamışdır. İstintaq materiallarına nəzər yetirdikdə görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş tiryəkin əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamış, ibtidai istintaqın ilkin mərhələsində Təqsirləndirilən şəxs onun üzərindən və evindən aşkar edilmiş narkotik vasitə olan tiryəki mübahisələndirməyib, narkotik vasitələri öz şəxsi istifadəsi üçün saxladığını bildirməklə, onların qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını etiraf etmiş, etirafları zamanı ardıcıl olaraq əldə etməsinin məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirib satışla bağlı ittihamı qəbul etməmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin narkotik vasitələrin əldə edilməsi, aşkar edilib götürülməsi üçün müvafiq əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşları Şahid1 və Şahid2 da ifadələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üzərindən və evindən aşkar edilmiş tiryəkin satış məqsədilə əldə etməsi və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmadığını, narkotik vasitələrinin qanunsuz satışı ilə bağlı hər hansı məlumata malik olmadıqlarını göstərmişlər. Həmçinin məhkəmə kollegiyası qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərdən sonra Cinayət Məcəlləsinin "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər”ə dair XXVİ fəslinə daxil edilmiş satış məqsədi olmadan belə əməl törədilməsi ilə bağlı yeni cinayət tərkibində məhz "külli miqdar” dispozitiv əlamət kimi müəyyənləşdirilməsi, bu səbəbdən təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş tiryəkin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatının Təqsirləndirilən şəxs ittiham edildiyi CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul olunmasının əsassız olması, eləcə də cinayət əməlinin xx.xx.2022-ci il tarixdə törədilməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsin əməlinin 20 may 2022-ci il tarixədək qüvvədə olan CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə birinci instansiya məhkəməsinin nəticəyə gəlməsi ilə razılaşıb əsaslı hesab edir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, istər məhkəməyədək araşdırma zamanı, istərsə birinci instansiya məhkəməsində məhkəmə istintaqında, istərsə də apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitələri əldə etməsinə və yaymasına, həmin maddəni əldə etməmişdən öncə başqa şəxslə (şəxslərlə) sövdələşməsinə dair hər hansı mötəbər sübut əldə etmək mümkün olmamışdır ki, belə olan halda işə baxan birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-in 234.1-ci maddəsi ilə tövsif etməkdə tam haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış və bu sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş, onun əməlini CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin hökmündən göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halının müəyyən edilməsini və cəzanı ağırlaşdıran halların olmamasını qeyd etməklə, sonuncuya təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, əvvəla bu məsələlər üzrə məhkəmə qənaəti CM-nin 59 və 61-ci maddələrinin müddəaları ilə uzlaşsın, ikincisi də CM-nin 58.3-cü maddəsində göstərilən digər məsələlər nəzərdən qaçırılmasın, yəni təyin olunan cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Sadalanmış hallar eyni zamanda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarın 25-ci bəndində öz əksini tapmışdır. Belə ki, müvafiq Plenum qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, həmçinin Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunmuş onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən halların olmasını əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 1(101)- 68/2024 nömrəli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair 14 mart 2024-cü il tarixli, 1(101)-68/2024 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X3 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar