Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1045/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən, məruzəçi hakim), Babayev Zəki Baba oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Məhkəmə iclası katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X2, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və onun nümayəndəsi (vəkili) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun Müdafiəçi3, Məhkum edilmiş şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçisi- Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 1(005)-209/2022 saylı hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 1(005)-209/2022 saylı hökmü ilə (hakim Əsədova Gültəkijn Akif qızının sədrliyi ilə) xx xxxxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, elektrik ustası işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Bünyadzadə küçəsi, keçid 2, ev 4-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsi və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanması, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, azadlığın məhdudlaşdırılması cəzasının icrasının Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə verilmiş mülki iddianın təmin edilməsi, vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 22.000 (iyirmi iki min) manat pul, habelə dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 156 (bir yüz əlli altı) manat tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək üçün tanışı Zərərçəkmiş şəxs etibarından sui istifadə edib ucuz qiymətə elektrik naqilləri alıb baha qiymətə sataraq əldə olunan gəliri böləcəyi adı ilə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs 2021-ci ilin fevral ayının sonlarından həmin ilin mart ayının sonunadək müddət ərzində ünvan 1 ünvanında yerləşən binanın ofisində vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə ümumilikdə 27.000 manatı ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununlada Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 07 aprel 2022-ci il tarixli hökmünü, ona cəzanın həddi ilə bağlı edilən təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilərək dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri qismində göstərilmişdir: aşağıdakı əsaslara görə hesab edirəm ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 07 aprel 2022-ci il tarixli hökmü, ona cəzanın həddi ilə bağlı etdiyim təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməlidir. Belə ki, hökmdən görünür ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs verdiyi mülki iddia ərizəsini müdafiə edərək məhkəmədən təqsirləndirilən şəxs (cavabdeh) Təqsirləndirilən şəxs vurulmuş ziyana görə 22.000 manat məbləğin onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etməklə sonuncuya qarşı şikayətçi olduğunu bildirmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ümumilikdə 27000 manat məbləğində ziyandan 5000 manatını zərərçəkmiş şəxsə məhkəməyədək icraat dövründə ödəmiş, məhkəmə baxışı zamanı isə kifayət qədər vaxtı olduğu halda, ümumiyyətlə vurulmuş maddi ziyandan hər hansı məbləğdə ödəniş etməmiş və ödəniş etməməsinin səbəbləri barədə isə heç bir tutarlı əsas gətirməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ümumi ziyandan az bir hissəsi, yəni cəmi 20%-ə yaxın məbləğdə ödəniş edildiyi halda, məhkəmə tərəfindən təqsirləndirilən şəxsə həmin cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması növündə cəza ləyin olunmaqla ona əsassız olaraq humanist mövqedən yanaşılmış, zərərçəkmiş şəxs (mülki iddiaçı)Zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın ödənilməsində israrlı və təqsirləndirilən şəxsə qarşı şikayətçi olmasını nəzərə almadan ona yüngül cəza təyin etməkdə haqlı olmamış, bununla da zərərçəkmiş şəxsin mənafeyini nəzərə almamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair” 19 aprel 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət prosesində zərərçəkmiş şəxs törədilmiş cinayətə görə ədalətli cəzanın təyin edilməsində maraqlı şəxsdir və zərərçəkmiş şəxsin xüsusi marağı cinayətin törədilməsi nəticəsində pozulmuş hüquqlarının bərpa edilməsindən ibarətdir. Beləliklə də, məhkəmə tərəfindən cəza təyini zamanı mühüm, yəni cinayətin ictimai ləhlükəliliyi və xarakterinə birbaşa təsir edən halın nəzərə alınmaması cəzanın məqsədinə nail olunmasına imkan verməmişdir. Bundan başqa, hökmdən görünür ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Halbuki təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü qeyd olunan maddə ilə təqsirli bilsə də, məhkəmə baxışı zamanı isə onunla zərərçəkmiş şəxs arasında mülki-hüquq münasibətlərinin mövcud olmasını, zərərçəkmiş şəxsin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmədiyini, üzərinə götürdüyü öhdəliyi ondan asılı olmayan səbəbdən yerinə yetirə bilmədiyini və etdiyi əməldən peşman olduğunu bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs törətmiş olduğu əməlini cinayət deyil, mülki-hüquq pozuntusu kimi qiymətləndirməklə qeyri-səmimilik nümayiş etdirmişdir. Belə olan halda məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini və törətmiş olduğu cinayətin mahiyyətini, xarakterini düzgün analiz etməyərək şəxsin səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirmiş, buna görə də onun bu mövqeyi hüquqi nöqteyi nəzərdən anlaşılmazdır. Yuxarıda sadalananları nəzərdən keçirərkən belə qənaətə gəlmək olar ki, məhkəmə yekun aktını qəbul edərkən cinayət qanunvericiliyin əsas prinsipi olan ədalət prinsipinə əməl etmədən, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakterini və işin faktiki hallarını nəzərə almadan Təqsirləndirilən şəxs ədalətsiz və cəzanın məqsədlərini təmin etməyən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etmişdir. Odur ki, məhkəmə tərəfindən təyin edilən cəza şəxsin islah olunması üçün yetərli hesab edilə bilməz. Hökmdən zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 1(005)- 209/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünü təyin olunmuş cəzanın yüngüllüyünə görə dəyişdirilməsi və ona azadlıqdan məhrumetmə ilə əlaqədar olan cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində aşağıdakılar göstərilmişdir: birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs barədə olan hökmü əməlin tövsüfi hissəsində düzgün olsa da, təyini olunan cəza yüngül olmaqla ədalətsizdir. Belə ki, hökmdən göründüyü kimi Təqsirləndirilən şəxs etibarımdan sui-istifadə edərək dələduzluq edərək 27 000 manat pulumu ələ keçirmişdir. Həmin məbləğin 5000 manatını hələ onun barəsində cinayət işi başlanılmamışdan əvvəl müəyyən söhbətlərdən sonra ala bilmişəm. Lakin məhkəm baxışı dövründə 22 000 manat məbləğinə mülki iddiaçı kimi tanınmışam. Məhkəmədən əvvəl Təqsirləndirilən şəxs şikayətimi geri götürməyimi, əvvəlki iş yerindən əmək haqqı kimi ödənilməmiş 6000 manat məbləğdə alacağı olduğunu, torpaq sahəsi və orada olan yarımçıq tikilinin satılaraq mənə ödəcəyinə dair vəd etsə də bu günədək heç bir ödəmə aparmadı və aparmaq fikri də yoxdur. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı dövründə vurulmuş ziyanı ödəmədiyi halda məhkəmənin ona sanksiyaya nəzərdə tutulsa da təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını onun islah olunması üçün yünğül cəza hesab edirəm. Dövlət ittihamçısı vürduğu ziyanı qismən də olsa ödəlilməməsi nəzərə alaraq ona 3 il azadlıqdan məhrum etmə cəzası təyin edilməsini tələb etsə də hakim bu halı nəzərə almadı və Təqsirləndirilən şəxs yüngül cəza təyin etdi. Bu azmış kimi onun hüquqlarınının məhdudlaşdırılmasına qoyulmuş məhdudiyytlər hər bir normal insanının gündəlik yaşam və davranış formasından fərqli deyildir. Belə ki,işə baxan məhkəmə Təqsirləndirilən şəxs üzərində məhdudiyyət tədbiri kimi yaşayış yerini axşam saat 23:00dan sahər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanması üçün xidmət etmək vəzifəsini qoymuşdur. Məhkəmə hökmdə əsaslandırmamışdır ki, bu kini məhdudlaşdırma təyin olunan cəzanın məqsədinə, yəni məhkumun islah olunmasına nə qədər uyğundur. Onsuz da hər bir normal insan axşam 23:00-dan səhər saat 06:00-dək evində yatır. Məhkəmənin hökmündən belə qənatə gəlini- ki, günün başqa vaxtlarını hara istəsə gedə bilər,yalnız məhkum axşam 23:00-dan səhər saat 06:00-dək evində ayaqlarında elektron nəzarət vasitəsi olmaqla yatmalıdır. Bu formada məhdudiyyət qoyulması hesab etmirəm ki, hakimin tətbiq olunmalı məhdudiyyət formalarını kifayət qədər bilməməsindən irəli gəlmişdir. Ona tətbiq olunmalı məhdudiyət forması - günün daha çox vaxtının, istirahət, bayram günlərinin yaşayış yerindən kənarda keçirməməsi və sair olmalıdır. Hökmdən məhkum edilmiş şəxs apellyasiya şikayəti verməmişdir. Apellyasiya protestinə və apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X3 apellyasiya protestinin dəlillərini müdafiə edərək, apellyasiya protestinin dəlillərinə uyğun çıxış etməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin olunması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs cəzanın həddi ilə bağlı dövlət ittihamçısının etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs, apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış etməklə, ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Nadir oğlunu təxminən 5 ildir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs Nadir oğlu ünvan 1 ünvanında yerləşən binada elektrik vəzifəsində işləmiş, o isə həmin binada komendant vəzifəsində işləyir. 2021-ci ilin təxminən yanvarfevral ayında Səfərəli ona ucuz qiymətə elektrik naqilləri alıb baha qiymətə sataraq pul qazanmaqlarını, lakin əlində nağd vəsaiti olmadığını demişdir. Danışıq zamanı Səfərəli tikinti üçün nəzərdə tutulan elektrik naqillərini birbaşa zavoddan dəyərindən ucuz qiymətə alıb həmin elektrik naqillərini baha qiymətə satmaqla qazanc əldə edəcəklərini, əldə edilən gəliri bərabər şəkildə böləcəklərini ona bildirmişdir. Səfərəli bu işi görmək üçün nağd pul lazım olduğunu, özünün pulu olmadığını, buna görə həmin işi şərikli şəkildə görmələrini, pul verməyini, özü də həmin pulla qeyd edilən işləri görüb ona əsas pulundan başqa, əlavə qazanc verəcəyini söyləmişdir. O, Səfərəlidən elektrik naqillərini haradan əldə edəcəyini soruşsa da, ona ümumi şəkildə elektrik naqili istehsal edən zavoddan alacağını bildirmiş, yəni konkret olaraq hansı zavoddan alacağını bildirməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasından apellyasiya protestinin və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs nümayəndəsi (vəkili) Müdafiəçi3 zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış etmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya protestinin və apellyasiya şikayətinin dəllilləri ilə razılaşmayaraq, ifadəsində göstərmişdir ki, bu cinayətin törədilməsində özünü təqsirli bilmir. Təbriz ona 2021-ci ilin yanvar-fevral aylarında hissə-hissə olmaqla 7000 manat pul vermiş, həmin pulun müqabilində o, tikinti üçün lazım olan naqilləri alıb bina sahibinə təhvil vermişdir. Əldə etdiyi qazancdan əsas puldan başqa Təbrizə 3000 manat gəlir kimi pul ödəyibdir. Bundan sonra Təbrizin ona etibarı artmış və o, Təbrizə təkrar müraciət edərək daha çox naqil almaq və gəlir əldə etmək məqsədi ilə əlavə pul verməsini xahiş etmişdir. Bu minvanla o, Təbrizdən 2021-ci ilin fevral ayının sonlarından həmin ilin mart ayının sonunadək hissəhissə olmaqla ümumilikdə 27000 manat pul almışdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasından apellyasiya protestinin və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2, apellyasiya protestinin və apellyasiya şikayətinin dəllilləri ilə razılaşmayaraq, məhkəmə kollegiyasından apellyasiya protestinin və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşin hüquqi məsələləri: Apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir: mən Təqsirləndirilən şəxs Nadir oğlunu təxminən 5 ildir ki, tanıyıram. Belə ki, Təqsirləndirilən şəxs Nadir oğlu ünvan 1 ünvanında yerləşən binada elektrik vəzifəsində işləmiş, mən isə həmin binada komendant vəzifəsində işləyirəm. 2021-ci ilin təxminən yanvar-fevral ayında Səfərəli mənə ucuz qiymətə elektrik naqilləri alıb baha qiymətə sataraq pul qazanmağımızı, lakin əlində nağd vəsaiti olmadığını demişdir. Danışıq zamanı Səfərəli tikinti üçün nəzərdə tutulan elektrik naqillərini birbaşa zavoddan dəyərindən ucuz qiymətə alıb həmin elektrik naqillərini baha qiymətə satmaqla qazanc əldə edəcəklərini, əldə edilən gəliri bərabər şəkildə böləcəyimizi mənə bildirmişdir. Səfərəli bu işi görmək üçün nağd pul lazım olduğunu, özünün pulu olmadığını, buna görə həmin işi şərikli şəkildə görmələrini, pul verməyini, özü də həmin pulla qeyd edilən işləri görüb mənə əsas pulumdan başqa, əlavə qazanc verəcəyini söyləmişdir. Mən Səfərəlidən elektrik naqillərini haradan əldə edəcəyini soruşsam da, mənə ümumi şəkildə elektrik naqili istehsal edən zavoddan alacağını bildirmiş, yəni konkret olaraq hansı zavoddan alacağını bildirməmişdir. Məhkəmə tərkibinin suallarına cavab olaraq, Zərərçəkmiş şəxs bildirmişdir: Mən Səfərəliyə pulu birgə iş görmək üçün vermişdir, lakin konkret nə qədər gəlir gətirəcəyini öncədən danışmamışdıq. Mən şirkətin rəhbərliyindən Səfərəlinin orada nə işlədiyini maraqlanmamışdım. Səfərəli mənə bildirirdi ki, gələn gəlir şirkətin hesabına köçür, daha sonra ayın sonu götürərək mənə çatacaq hissəni verməli idi. Mən şirkətin mühasibatlığından pulun köçüb-köçmədiyini soruşa bilməzdim, çünki Səfərəli mənə demişdi ki, aramızda olan alış-verişi heç kəs bilməsin. Onun barəsində yüngül cəza təyin edildiyini düşünürəm. Cəzasının ağırlaşdırılmasını istəyirəm. Məndən ümumilikdə 27 000 AZN pul alıb, onun 5 000 AZN-ni qaytarıb, 22 000 AZN borcu qalıbdır. Hər verdiyim məbləğdən mənə nə qədər gəlir qalacağını bilmirdim. Dövlət ittihamçısının suallarına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir: Həmin məbləğləri ona bir aylıq müddətə verirdim. Müdafiəçinin sualına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir: 27 000 AZN-dən öncə Səfərəli ilə aramızda bu şəkildə pul alış-verişi olmamışdır. Pulların verilməsi barədə aramızda qəbz söhbəti olmayıb, mənə malları gətirəndə sən də görəcəksən deyirdi. Onun uşağının xəstə olmasını şirkətdə hər kəs bilirdi. Mən onun pulu hissə-hissə ödəməsinə etiraz etmirəm. Apellyasiya baxışı zamanı dindirilmiş məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Nadir oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir: Təbriz mənə 2021-ci ilin yanvar-fevral aylarında hissə-hissə olmaqla 7000 manat pul vermiş, həmin pulun müqabilində mən tikinti üçün lazım olan naqilləri alıb bina sahibinə təhvil vermişdir. Əldə etdiyi qazancdan əsas puldan başqa Təbrizə 3000 manat gəlir kimi pul ödəmişəm. Bundan sonra Təbrizin mənə etibarı artmış və mən Təbrizə təkrar müraciət edərək daha çox naqil almaq və gəlir əldə etmək məqsədi ilə əlavə pul verməsini xahiş etmişdir. Bu minvanla mən Təbrizdən 2021-ci ilin fevral ayının sonlarından həmin ilin mart ayının sonunadək hissə-hissə olmaqla ümumilikdə 27000 manat pul almışdır. Borcunu hissə-hissə qaytarmağa söz verir. Məhkəmə tərkibinin suallarına cavab olaraq, Təqsirləndirilən şəxs Nadir oğlu bildirmişdir: bazardan malları qaimə ilə alırdım, həmin qaimələri də şirkətə təhvil verirdim. Heç bir nüsxəsi məndə qalmayıb. Həmin pulları uşağımın müalicəsinə xərcləmişəm. Həmin xərclərlə əlaqədar heç bir sübutum yoxdur. İlk razılığımızda 7000 manat pul götürmüşəm və əlavə olaraq ona 3000 manat gəlir kimi pul ödəmişəm. Qaimələrin hamısı mənim adıma olub, mən də öz növbəmdə şirkətə təhvil verişəm. Şirkətin mənə heç bir borcu yox idi. Şirkət qaimələri mənə təqdim etmir, lakin mən özüm həmin qaimələri çıxardaraq məhkəmə kollegiyasına təqdim edəcəm. Müdafiəçinin sualına cavab olaraq Təqsirləndirilən şəxs Nadir oğlu bildirmişdir: Bəli, bir müddət öncə də söhbət etmək üçün oturanda, mənə səninlə heç bir söhbətim yoxdur, məhkəmədə həll edərik. Borc müqaviləsi bağlayıb öz aramızda həll etməyi təklif etdim, lakin razı olmadı. Mənim oğlum da, qızım da xəstədi. Həmin pulları qızımın müalicəsinə xərcləmişəm. Pulu uşağa xərcləyəcəyimi zərərçəkmiş şəxs bilirdi, bununla bağlı əvvəlcədən razılığımız oldu, lakin sonradan boyun götürmədi. Biz iş üçün danışıb razılaşmışdıq. Dövlət ittihamçısının sualına cavab olaraq Təqsirləndirilən şəxs Nadir oğlu bildirmişdir: Belə bir iş ilə məğul olmağı Təbrizə təklif etdim, onun da razılığı, istəyi olduğu üçün belə bir iş ilə məşğul olduq. Həmin malları Dərnəgül bazarından almışam, rəsmiləşdirilməsini təsdiq edə bilərəm. Topa şəkildə deyil, hissə-hissə alıb şirkətə vermişəm. 27 min manatın yarısına mal aldım və gəldi, digər yarısı isə 10-15 gün müddətinə gecikdirildiyi üçün müdiriyyət mənə geri qaytarmağı tapşırdı, mən də qaytardım. Mən malın geri qaytarılması barədə Təbrizə heç bir məlumat vermədim, səbəbini özü bilir. 27 min manat idi, 5 min manatını qaytardım, 22 min manatı qaldı. Rəsmi şəkildə xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində əmək müqaviləsi ilə işləsəm də, faktiki olaraq 2017-ci ildən orada işləyirdim. Apellyasiya baxışı zamanı dindirilmiş şahid "xxxx" MTK-nın səlahiyyətli nümayəndəsi Şahid ifadəsində göstərmişdir: "xxxx" QSC-də hüquqşünas vəzifəsində işləyirəm. Təqsirləndirilən şəxsi şəxsən tanımıram. QSC-də onunla xx.xx.2021-xx.xx.2021ci il tarixlərində əmək müqaviləsi bağlanmışdır. Şirkət kommersiya təşkilatı olduğundan onun tərəfindən əldə edilən naqillər digər şirkətlər vasitəsi ilə əldə edilir. Ola bilməz ki, tikintidə kənardan alınan hər hansısa naqildən istifadə edilsin. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı əldə edilmiş 06/21 №-li əmək müqaviləsinin surətindən görünür ki, "xxxx" MTK ilə Təqsirləndirilən şəxs Nadir oğlu arasında xx.xx.2021-ci il tarixində 01 il müddətinə əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Nadir oğlu ərizə ilə "xxxx" MTK-ya müraciət edərək, xx.xx.2021-ci il tarixdə tutduğu vəzifəsindən azad olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 20/21№-li əmrin surətindən görünür ki, xx.xx.2021-ci il tarixində "xxxx" MTK-da elektrik vəzifəsində çalışan Təqsirləndirilən şəxs Nadir oğlunun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xitam verilmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Nadir oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələri, şahid ifadəsi və digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Bundan əlavə ibtidai istintaq zamanı, birinci instansiya məhkəməsi zamanı, ümumilikdə keçən bu dövr ərzində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Nadir oğlu faktiki azadlıqda qalsa da, sözügedən pul məbləğindən hər hansı ödəniş etməmişdir. Göründüyü kimi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Nadir oğlunun qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı, birinci instansiya məhkəməsində və apellyasiya baxışında işə baxılarkən tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs Nadir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddə ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Nadir oğlunun qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. İbtidai istintaq orqanı tərəfindən toplanmış, birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş, həmçinin apellyasiya baxışı zamanı qismən istintaq keçirtməklə aparılan məhkəmə icraatında əldə edilmiş sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini müzakirə edərək, birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi barədə apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli qismən etiraf etməsini, himayəsində azyaşlı uşaqlarının olmasını, uşaqlarından birinin sağlamlıq imkanları məhdud olmasını cəzasını yüngülləşdirən hal kimi, habelə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təyin edilmiş cəzanın növü ədalətli hesab olunmur, cəzanın məqsədlərini təmin etmir, onun şəxsiyyətinə uyğun deyildir və belə olan halda təyin edilmiş cəza həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasına əsasən isə, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. İcrası isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Konvoy taboruna həvalə edilməlidir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qərarın çıxarıldığı vaxtdan, yəni 20 oktyabr 2022-ci il tarixindən hesablanmalıdır. Məhkəmə azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən edərkən işin yuxarıda qeyd edilən hallarını nəzərə alır və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasının ən aşağı həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və cəzanın məqəsdlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 405.1.4-cü maddəsinə əsasən apellyasiya məhkəməsi hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 399.1.5, 405.1.4 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 1(005)-209/2022 saylı hökmü verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası dəyişdirilərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 20 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 80 (səksən) saat üçün cəmi 480 (dörd yüz səksən) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-1045/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1045/2022
20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver